GenelGüncel

Müğənninin səsi Məşəbilənin canına yağ kimi yayılırdı – QAFAR CƏFƏRLİ

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

QAFAR CƏFƏRLİ
AYB Lənkəran Bölməsinin sədri, yazıçı-publisist

Müğənninin səsi Məşəbilənin canına yağ kimi yayılırdı

“Bağa girdim üzümə,
tikan batdı dizimə.
Əyildim çıxarmağa,
yar sataşdı gözümə”.

Musiqinin ahənginə uyğun olsa da, Məşəbilənin yaşına uyuşmayan əl-qol hərəkətləri, çiyin oynatması, arada ayaqlarını çarpazlayıb sürətli dönüşü həmişə olduğu kimi yenə də məclis əhlinin gur alqışları ilə müşayiət olundu. Gülgəzin onun üzünə zillənib əynindəki uzunqol paltarın biləyinə kimi örtdüyü əllərini havada oynatması, gözlərini nazla süzüb, ilıq bir təbəssümlə gülməsi, arada başından açılıb boynuna tərəf sürüşən örpəyini ani bir hərəkətlə alnına kimi dartması və yenidən əda ilə rəqsinə davam etməsi də hamının ürəyinə yatırdı. Bu zaman alqışların Məşəbiləyə və ya Gülgəzə aid olmasını ayırd etmək çətin idi.

Məşəbilənin centlmensayağı Gülgəzin əlindən tutub oturduğu stula kimi müşayiət etməsi də hər dəfə olduğu kimi yenə məclisdəkilərin gülüşü və alqışına səbəb oldu.

Gülgəz gözlərinin ədası ilə tərəfmüqabilinə minnətdarlıq edib, yerində oturdu. Məşəbilə isə masa başına keçən kimi artıq stakana süzülmüş növbəti yüz qram arağı başına çəkdi, özündən razı halda məclisdəkiləri seyr etməyə başladı…

Məşəbilənin əsil adının Qüdrət olduğunu öz yaşıdlarından başqa kənddə çox az adam bilirdi. Hələ məktəb illərində dostlarının əzizləmə formasında “bilə”-deyə onu çağırmaları Qüdrətin də ürəyinə yatırdı. Toy mağarında böyük kişilərin olduğu həmin vaxtlarda Qüdrət kimi uşaqlar çadırın kənarında, qaranlıq bir yerdə sümüklərinə düşən havalara o ki var oynamağa adət etmişdilər. Çox sayda kənd uşaqları rəqs etməyi elə bu sayaq oynamaqla öyrənmişdilər. Onların arasında Qüdrət xüsusi olaraq seçilirdi. Qüdrəti başqalarından fərqləndirən bir qəribə cəhəti də elə uşaq yaşlarından “Gülgəzi” havasına daha şövqlə oynaması idi. Tay-tuşları bu rəqsin qocafəndi olduğunu ona dəfələrlə başa salmağa çalışmışdılar. Amma xeyiri yox idi, Qüdrət deyilənləri qəbul etmir, üstəlik bu havaya olan sevgidən hər dəfə öz rəqsinə yeni əlavələr edirdi.

Qüdrət cavan yaşlarında, hətta qohumu Xədicə ilə evlənib, ailə quranda da, tək övladı olan Sonanı gəlin köçürəndə də elə bu havaya oynamışdı. Qızının toyunda rəqs etməyinin digərlərindən fərqi həmin vaxtı qeyri-iradi kövrəlməsi, bir neçə damcı göz yaşının çənəsinə doğru üzü aşağı axması oldu. Amma bunun sevinc göz yaşı olduğunu qızının qulağına pıçıldaması ilə həm özü, həm də qızı məmnun qalmışdı.

Sövet hökumətinin dağılması hamı kimi Qüdrətin də həyatında izsiz keçmədi. Sovxoz torpaqları pay kimi kənd camaatına paylandıqdan sonra orta-ixtisas təhsilli aqronom olan Qüdrət də işsiz qaldı. O vaxtlar yaşı qırx beşi haqlamışdı. Ən azından yaşamaq üçün Qüdrət bir yol axtarmağa məcbur idi. Çıxış yolunu bir neçə il əvvəl aldığı “07” markalı “Jiquli” avtomobili ilə adam daşımaqda ğördü. O zamanlar bu avtomobilə “Sovetin Mersedesi” deyilirdi. Qüdrətin gündəlik işi hər gün bir-iki reys edib kimlərisə kənddən şəhərə aparmaq oldu. Bu cür çətin həyata bir təhər öyrəşməyə çalışırdı. Və öyrəşdi də. Öyrəşdiyi həm də adı kimi çağrılan “Bilə”yə “Məşə” sözünün əlavə olması idi. Bu söz dostlarının təkidi ilə gəzməyə getdiyi İranın Məşhəd şəhərindən geri dönəndən sonra adının üstündə qaldı.

Artıq toy məclislərində Məşəbilənin “Gülgəzi” havasına oynamasını bilməyən az musiqiçi tapılardı.
Məşəbiləni kənddə hamı xoşrəftar, həm də tamahsız, gözü-könlü tox biri kimi tanıyırdı. Son günə kimi heç kimə zəhmət haqqı olaraq veriləcək pulun məbləğini dilinə gətirməmişdi. Kişilər qız-gəlini, arvad-uşağı ona etibar edirdilər. Hamı bilirdi ki, Məşəbilə maşını səliqə ilə sürüb, adamı sağ-salamat mənzil başına çatdıracaq. Amma…

Onun bir gün bu işdən birdəfəlik uzaqlaşması çox gözlənilməz oldu. Adamlar həm kədərləndilər, üzüldülər, həm də çox təəssüf etdilər. Kənd sakinləri onu və düşdüyü vəziyyəti uzun müddət kədərlə, yaxınları isə göz yaşı ilə xatırladılar. Həmin dəhşətli gündə Məşəbilə avtomobil qəzasına düşmüşdü. Qəzada öz Xədicəsi və qonşu arvad dünya ilə vidalaşdı. Faciə, dərd, kədər, itki,…üstəlik də buna görə Məşəbilə ömrünün beş ilini dörd divar arasında keçirməli oldu.

Azadlığa qovuşanda Məşəbilənin yaşı keçmiş, təqaüdə bir neçə ili qalmışdı. Daha əvvəlki halı, əvvəlki şuxluğu yox idi. Amma oynamaq – rəqs etmək vərdişindən də əl çəkə bilmirdi. Heç getdiyi məclisdəkilər də onu rahat qoymurdular. Ondan xəbərsiz “Gülgəzi”ni çaldırır, durub gözləyirdilər. Məşəbilə qeyri-ixtiyarı yerindən dikəlirdi. Oynamağa başlayanda yüz, oturanda isə ikinci yüzü vurub, rumkanı kənara itələyirdi. Və bunu da hər kəs yaxşı bilir, daha bir “yüz” vurmasını heç kəs təkid etmirdi.

Türmə həyatından sonra Məşəbilənin əhvalından, əyin-başından, tör-töküntüsündən, səliqəsizliyindən,…ən azı ütüsüz şalvar-köynəyindən, bulaşıq boyunluğundan onun çətinliklər içində yaşadığını görmək, bilmək, hiss etmək mümkün idi. Və artıq bunu kənddə onu tanıyan hər kəs bilir və danışırdı. Qızı və bir-iki yaxın dostu Məşəbilənin evlənməsinə təkid edib çətinliklə olsa da, onu razı sala bildilər. Amma eşidib sevinənlər “gəlin”in adını biləndən sonra bir o qədər təəccübləndilər. Məşəbilənin namizədi qonşu kənddə yaşayan Gülgəz adlı qarımış qız idi. Gülgəz onun sinif yoldaşı, həm də gənclik dostu Xəlilin bacısı idi. Xəlil Birinci Qarabağ müharibəsində şəhid olandan sonra Gülgəz uzun illər yorğan-döşəyə möhtac qalan anasının qulluğunu tutduğundan ərə getməmişdi. Yəqin ki, bu barədə heç düşünməyə vaxtı belə olmamışdı.

Məşəbilə ildə bir neçə dəfə dostunun ailəsinə baş çəkər, hər gedişi və apardığı pay-puşla onları yad edərdi. Gülgəzin adını eşidənlər Məşəbilənin ömrü boyu bu adda rəqs havasına olan sonsuz sevgisinə başqa bir səbəb tapmağa belə cəhd etmədilər. Hamı Gülgəzin onun gənclik segisi olduğunu sübut etməyə çalışırdı. Məşəbilənin özü də arada bu deyilənlərə gülümsəyir, həqiqət kimi qəbul etmək istəyirdi. Amma Gülgəzə olan sevgisinin belə tez, özü də bu cür olacağına isə heç özü də inana bilmirdi. Sonralar aylar ötdü, il dolandı, Gülgəz ona nəinki yeni həyat yoldaşı, çox çətinliklə dünyaya gətirdiyi tək oğlunun da anası oldu. Üstəlik də o həm də “Gülgəzi” havasına da əsl sahib çıxdı. Məşəbilənin məclisdə qollarını açması ilə Gülgəzi öz qarşısında görməsi bir olardı və onların ətrafa sevgi saçan gözlərlə, bir-birinə məhrəm baxışlarla rəqs etmələri məclisin ən yadda qalan və günlərlə bitib-tükənməyən sözü-söhbəti olardı.

…Hər şey hamı üçün gözlənilməz oldu.

Məşəbilənin ilk həkim müayinəsinə getməsi, bir müddət xəstəxanada yatması, sonra öz xahişi ilə illərin xatirələrini özündə yaşadan doğma ocağına dönməsi və günlərin birində isə bir əli atasının adını yaşadan oğlu Məmmədin, o biri əli onu bütün varlığı ilə sevən, on dörd il onu öz “uşağı” kimi əzizləyən Gülgəzin əlində bu dünyaya əlvida deməsi heç bir ay çəkmədi.

…Bütün məclis həyacan içində idi. Uşaqlı-böyülü hər kəs yerindən dikəlib müsiqiçilərin oturduğu yuxarı başa boylanırdılar. “Gülgəzi” havası çalınırdı. Son il yarım ərzində kənd əhlinin eşitmədiyi bu hava hamını təsirləndirmişdi. Tədricən hamı ayağa qalxmağa başladı. Amma kimsə rəqs etməyə cürət etmirdi. Məşəbilənin yoxluğunu bilsələr də, sanki hər kəs möcüzə gözləyirdi.
Gənc müğənninin səsi isə Şadlıq sarayını başına götürmüşdü:

“Bağa girdim üzümə,
tikan batdı dizimə.
Əyildim çıxarmağa,
yar sataşdı gözümə.”

Sonra baş verənləri məclis əhli heyrət içində izlədi.

Əri Məşəbilənin ölümündən keçən il yarım ərzində ilk dəfə baldızı nəvəsinin toyuna gələn Gülgəz arvad birdən irəli çıxdı, qol götürüb rəqs etməyə başladı. Elə gözəl rəqs etdi ki, hamı biixtiyar əl çalmağa, onu alqışlamağa məcbur oldu. Bir azdan məclis büsbütün alqışlara qərq oldu. Gülgəz əvvəlki tək ədalı baxışlarla biləyinə kimi örtülü əllərini xüsusi bir zərifliklə çiyinləri bərabərində oynadır, gözlərini qırpmadan qarşısındakı məchul nöqtəyə baxır, sanki qarşısındakı “Məşəbiləni” süzür, arada isə boynuna düşən örpəyi cəld hərəkətlə alnına kimi dartıb nazlana-nazlana dövrə vururdu. Əvvəlki vaxtlarda heç olmayan isə örpəyin tam örtə bilmədiyi ağ saçları və yanaqlarında şırım açan göz yaşları idi.

Məclis əhlinin yenidən və daha gur alqışları isə doqquz yaşlı Məmmədin eynən atası kimi oynamağına ünvanlanmışdı.

Lənkəran.
01 may 2023-cü il.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest