Genel

Molla Nəsrəddin jurnalının attestatlı ilk molla müxbiri – İstanbul “Darüşşəfəqə” məktəbinin məzunu Ömər Faiq Nemanzadə

“Darüşşəfəqə” türk təhsil sistemində öz zəmanəsinin yeni məktəb tiplərindən biridir. Haqqında bəhs edəcəyimiz Ömər ağa Naaman oğlu işıqlı dünyaya gələndən bir neçə ay sonra – 28 haziran (iyun) 1873-cü ildə İstanbulda yaradılıb. 

Məccani (pulsuz-parasız) karma (oğlan və qızların bir yerdə oxuduqları-N.N.) təhsil qurumudur. 

“Darüşşəfəqə” sözü “şəfqət yuvası” mənasındadır. Ata və anası həyatdan köçən, ağır şəraitdə yaşayan uşaqların təhsilə cəlb olunmaları, yaxşı vətəndaş kimi yetişmələri üçün təsis edilib. Məktəbin ilk buraxılışı 1881-ci ildə olub. İlk məzunların çoxu Teleqraf və Poçt Nazirliyində işləyib. Sonralar bu təhsil ocağının bölümlərinin sayı artırılıb, tədris işinin ingilis dilində aparılmasına üstünlük verilib.

“Darüşşəfəqə”nin ilk illərdəki məzunlarından biri də Azərbaycan oxucularının orta məktəb dərsliklərindən, “Molla Nəsrəddin” jurnalından yaxşı tanıdıqları Ömər Faiq Nemanzadədir.

Ömər ağa Naaman ağa oğlu milliyyətcə məshəti türküdür. O, 1872-ci ildə Gürcüstanın Axalsiq uyezdinin Azqur kəndində anadan olub.

Ömər ağa ilk təhsilini kəndlərindəki mollaxanada kənd mollasından alıb, sonralar bir müddət rusdilli məktəbdə oxuyub. Anası oğlunu molla görmək istəyirdi, ata isə buna razı olmurdu. Ömər ağanın anası bir gün ərinin səfərdə olmağından istifadə edərək, oğlunun molla olmasına rəğmən onu öz qardaşı Osman əfəndi ilə birlikdə İstanbula – mədrəsə təhsili almağa göndərib.

Ömər Faiq Nemanzadə sonralar bu səfər haqqında yazırdı:

“Anam atamdan xəbərsiz məni İstanbula hazırlayırdı.Atam isə əsla razı olmurdu.Ona görə evimizdə uzun-uzadı durğunluq, soyuqluq yaranmışdı, anam atamdan, atam isə hamımızdan küsmüşdü. Axırda anamın bəxti gətirdi. Atam azarlı bacısını görmək üçün Qoki kəndinə getdi. Anam daha fürsəti əldən qaçırmadı. Məni tez hazırlayıb, qardaşı Qsman əfəndi ilə İstanbula yola saldı”.

Ömər, Azqurdan Batuma, Batumdan Avstriya gəmisilə İstanbula gəlir. O, 3-4 gündən sonra -15 avqust 1882-ci ildə İstanbuldan anasına məktub göndərir:

“Anacan, İstanbul çox böyük və gözəl şəhər… Hələ ulu cameləri görsən, nə qədər xoş və nə qədər bəzəkli… Cameyə namaz qılmağa gedəndə sən hər gün yadıma gəlirsən. Dayım hər gün cameyə dərsə gedir. O gedəndə mən odada yalqız qalıram. Sənə, bacıma, qardaşlarıma, qohumlarıma çox həsrətləndim. Gələndə atamla görüşməməyim , hələ ondan iznsiz gəlməyim heç ürəyimdən çıxmır.

Oğlun Ömər.
İstanbul,15 avqust 1882″.

Ömər İstanbulda bir müddət Fateh mədrəsəsinin tələbəsi olan dayısı Osmandan dərs alır, lakin dayının ərəb dilində dediyi dərslər çətinliyinə görə bacı  oğlunu darıxdırır.

Qonşuluqda yerləşən “Darüşşəfəqə” məktəbinin tələbələrinin təhsil həyatı əyalətdən gələn gənci özünə daha çox cəlb edir. Məktəb müdirinin təkidi ilə Ömər “Darüşşəfəqə”də oxumaq arzusunu dayısı Ocman əfəndiyə bildirir. Dayı məktəb müdirinin yanına gedir. Müdir Ömərin marağını alqışlayaraq deyir:

“…Əfəndi, yegeniniz ( bacı oğlunuz-N.N.) burada oxumaq istəyir, razı olsanız, qafqazlı və yetim olmasına görə (Ömər əslində hələ yetim deyildi,atasınin ölümünə hələ bir neçə il qalırdı-N.N.) qəbul edəriz”.

Dayısı bir qədər tərəddüddən sonra razılaşır:

“Bəy əfəndim, yegənim İstanbulda mədrəsədə oxumaq, molla olmaq üçün göndərilmişdir. Amma mədrəsədə oxumağa heç həvəsi yox… Buyurursunuz burada oxusun, mən də əhvalatı məmləkətə yazaram”.

Beləliklə, atanın da arzusu baş tutur: oğlu molla yox, dövlət qulluqçusu olacaqdı. Ata 1887-ci ildə vəfat edir. Ömər atasının ölüm xəbərini alandan sonra anasına yazır:

“Atamın ölümü məni ölü halına qoydu. Gözlərim qaralmış,ürəyim sönmüş, beynim donmuş kimidir”.

Ömər ağa 1891-ci ildə “Darüşşəfəqə”ni bitirib “Avropa ilə doğrudan doğruya əlaqədə bulunan Qalata poçt və teleqrafxanasının “Mövrid” şöbəsinə məmur vəzifəsinə təyin edilir. Burada əsas vəzifəsi Avropadan gələn poçt və teleqrafları qəbul etmək idi. Ömər Faiq burada Avropadan gələn qəzet və jurnalları da oxumaq səadətinə nəsib olur. Sonralar onun bu marağına qadağa qoyulur, o, “mətbuatdan bir neçəsini hər iş gününün sonunda qoynunda gizlədir, gecə evdə oxuyur, səhər gedib yeni gəlmiş kimi müdirə verir”.

Qalatada xidmət etdiyi ilin axırında bayram tədbirlərinin birində Nazir Paşaya yaxşı təzim etmədiyinə görə Ömərin işini dəyişirlər; o, Avropa mətbuatı ilə tanışlıqdan uzaq düşür, xəfiyyələrin nəzarəti altına alındığını hiss edir.

Ömər ağa tədricən inqilabi fəaliyyətini gücləndirir, Avropadakı gənc türklərlə əlaqə yaratmağa can atır, tutulmaq qorxusu hiss edəndə çətinliklə də olsa, 1893-cü ilin mayında vətənə qayıtmağa nail olur.

Ömər ağa Tiflisdə müəllimlik etmək fikrinə düşür. Lakin prixod mollası və müəllimlik attestatı olmadığı üçün bu iş gözlədiyindən çətin olur. Yaxşı tanıdığı şəkili alverçilərin məsləhəti ilə Şəkiyə gedib, orada müəllimlik etmək qərarına gəlir. Görünür, “attestat məsələsi” burada da nəzərə alınırmış. Kənd məktəbində belə, müəllim işləmək istəyən hər bir iddiaçının Zaqafqaziya Ruhani İdarələrinin birindən imtahan yolu ilə “prixod mollası və müəllim kağızı” – attestat almaq lazım bilinir.

Molla olmaq istəməyən Ömər ağa Naaman oğlu 1895-ci il sentyabrın 4-də Tiflis – Kutaisi Quberniyası Sünni Məclisi İdarəsinə ərizə ilə müraciət edir. Tiflis-Kutaisi Sünni Məclisi İdarəsində 9 sentyabr 1895-ci ildə verdiyi imtahanın protokolundan məlum olur ki, o, prixod mollası və müəllimlik rütbəsi üçün verdiyi ərizəsinə doğum şəhadətnaməsi (N 170) , əxlaq və mənsəb şəhadətnaməsi (N 1913) əlavə etmiş, bir neçə fənn üzrə sınaqdan keçmişdir. Ömər ağa sünni məzhəbinin ehkamının əsaslarından “çox yaxşı”, meyit namazı – telfin (dəfn-N.N.) və təlqindən “yaxşı” qiymət almışdır.

Maraqlıdır ki, Ömər ağa “müəllimlikdən, yəni türk və fars dilini bilməkdə və bu dillərdə oxuduğunu təqrif (başa salmaq) və bəyan etməyə qadir olmaqdan” “əla” qiymətə layiq görülmüşdür. Ona metodikadan da “əla” qiymət verilmişdir.

Ömər ağanın QURANI qayda ilə oxuması,”məscid mollalığı”, yəni “bilümum”(ümumiyyətlə-N.N.) namaz və duanın hər bir üsul və qəvaidini bilməkdə “göstərdiyi biliklər “yaxşı” qiymətləndirilir. O təkcə nikah və təlaq, süd və qan qohumluğunu qiymətləndirmək bacarığından “kafi” qiymət alır.

Ömər ağa siyahı üzrə ən axırıncı fəndən – “prixoda dair hesab və kitabı türk dilində tutmaqdan və yazmaqdan da “əla” qiymət alır.

9 nəfərlik imtahan komissiyası Ömər ağa Naaman oğlunun sınaqdan uğurla keçdiyini əsas tutaraq, onun imtahan sənədlərini baxılmaq və təsdiq üçün Tiflisə-Zaqafqaziya müftisi və Zaqafqaziya Əhli-Təsənni İdarəsinin sədri Hüseyn Əfəndi Qayıbova göndərir.

1895-ci il sentyabrın 30-da H.Ə.Qayıbov və idarə üzvlərindən Əbdülrəşid Əfəndi Həsənzadə və Əluəddin Əfəndi Sübhanqulovun, katib Abbas ağa Qayıbovun imzası ilə Ömər afa Naaman oğluna prixod mollası və müəllimlik rütbəsinə aid 1154 nömrəli ATTESTAT verilir.

Ömər ağa məhz bundan sonra, yəni 1895-ci ilin payızından müəllimliyə başlayır. Onun 1936-cı ildə yazdığı “Xatirələr”indəki “müəllimlik fəaliyyətinə 1894-cü ilin payızında başlaması” qoca vaxtında yazılmış xatirələrin səhvi kimi başa düşülməlidir.

***

Ömər ağanın Ömər Faiq Nemanzadə olmasına – “Şərqi-Rus”(1903,Tiflis-1905,Tiflis) qəzetindəki fəaliyyətinə hələ 8 il qalırdı. O ki qaldı mollalığa, Ömər Faiq Əfəndi  mollalığıa “Molla Nəsrəddin”dən başlamışdır : Ömər Faiq Nemanzadə “Molla Nəsrəddin” jurnalının attestatlı ilk mollası idi.

“Molla Nəsrəddin” jurnalının ilk nömrəsi 1906-cı il aorelin 7-də(yeni təqvimlıə 20-də) Tiflisdə çap olunmuşdur.

Məlumat üçün qeyd edək ki, “Molla Nəsrəddin” jurnalının  digər molla müxbiri Şamaxılı Ələkbər Məşədi Zeynal oğlu Tahirzadə idi. Ədəbi ictimaiyyət onu daha çox Mirzə Ələkbər Sabir kimi tanıyırdı.

Ö.F.Nemanzadə “Molla Nəsrəddin”in rus attestatlı redaktoru Cəlil Məmmədquliyev və bu jurnalın müsəlman attestatlı mollaları ilə – Ə.Haqverdiyev, M.Ə.Sabir Tahirzadə ilə bir neçə il səmərəli fəaliyyət göstərmiş, səmimi dostluq və qardaşlıq münasibətində olmuşdu.

Türk dünyasının işıqlı adamlarından biri olan Ömər Faiq Nemanzadə kimi tanıdığımız türk ziyalısının Azərbaycan dilində yazdığı bütün  bədii və publisistik əsərlərini toplayıb çap etdirmək, onları müasir oxucuların mütaliəsinə yönəltmək türkdilli ədəbi və ictimai fikir tariximizin öyrənilməsi yolunda şərəfli vəzifələrdən biridir.

Ö.F.Nemanzadənin mətbuat və təhsil tariximizdəki rolu diqqətlə, ətraflı öyrənilməlidir.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllim, türkoloq

02.04.2021

Pin It on Pinterest