Mirzə Şıxəli oğlu Rəhimov (1929-2015
Görkəmli türkoloq və şərqşünas alim Mirzə Şıxəli oğlu Rəhimov (1929-2015)
Mirzə müəllim, mənim unudulmaz müəllimlərimdəndir. Əsas iş yeri Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutu idi.Bacarıqlı dil mütəxəssisi kimi bizə saat hesabı ilə Azərbaycan dili tarixindən dərs deyirdi. Mühazirələri elə maraqlı keçirdi ki, tələbələrin böyük əksəriyyəti yuxarı kurslarda dil ixtisası seçiminə üstünlük verməyi qərqra almışdı.Mühazirələrinin seminarlarını onun gənc aspirantları Əvəz Sadıqov və Şaməddin Xəlilov aparırdı. Biz bu iki gənc elm araşdırıcılarını da həmişə maraqla dinləyir,onların hər gün Mirzə müəllimdən dərs aldıqlarına həsəd aparırdıq. Mirzə Şıxəli oğlu Rəhimov 1929-cu il dekabrın 15-də Astarada anadan olub. Astaranın o vaxt şəhər, yoxsa qəsəbə olduğunu deyə bilmirəm, amma bircə onu deyə bilərəm ki, tanınmış məkan olub, bir sıra sakinlərinin adı tarixin səhifələrinə düşüb.
Mirzə Rəhimov 1937-1947-ci illərdə Astaradakı Sabir adına məktıəbdə oxuyub.Deməli, 10 yaşından görkəmli Azərbaycan şairi M.Ə.Sabiri (1862-1911) tanıyıb. Məktəbə M.Ə.Sabirin adı nə vaxt verilib, bax onu müəyyənləşdirə bilmədim. Hər halda 28 yaşında elmlər namizədi olan Astaralı Mirzə Rəhimov Sabiri də, onun müəllimi Seyid Əzim Şirvanini (1835-1888)də, onların hər ikisinin müəllimi olan Nizami Gəncəvini də (XII əsr), Məhəmməd Füzulini (XVI əsr) də yaxşı tanıyıb.
Mirzə Rəhimov Azərbaycan Dövlət Universitetinin filolofiya məktəbinin məzunudur.-şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib,Moskvada aspirantura təhsili alıb. Elmi yaradıcılığa Azərbaycan dilinin tarixinə müraciətlə başlayıb: “Azərbaycan dilinin XIV-XVIII əsrlərə aid yazlı abidələrində felin indiki və gələcək zamanlarının ifadə formaları” mövzusunda maraqlı elmi iş yazıb. O da maraqlıdır ki elmi mövzunun təsdiqi zamanı nə üçün felin keçmiş zamanını digər zamanlardan ayırıblar? Bunu 2014-cü ilin dekabrında Mirzə müəllim haqqında ilk dəfə iri həcmli yazlı hazırlayanda telefonla müəllimimdən soruşmaq istədim, ancaq nədənsə ehtiyat etdim. İstədim ki, Mirzə müəllimin digər aspirantlarından soruşum, buna da ehtiyat etdim, sürpriz hazırlamaq istəyim bu sorğuya üstün gəldi.
Mirzə müəllimin həm namizıədlik, həm də doktorluq dissertasiyaları ədəbiyyatla ilgilidir. Burada Həsənoğlu da var, ” Dastani-Əhməd Hərami ” də, Xətayi də, Füzuli də,Vidadi də, Vaqif də.
Məncə, bütün dövrlərdə ədəbiyyata dil baxımından baxılmalıdır, zorla hər bir bədii əsərdə ideya axtarmaq düzgün deyil. Əslində, ideya müəllifinin özü ideyasız,cəmiyyətə ziyanlı adam ola bilər. “Dastai-Əhməd Hərami ” poemasının (məsnəvisinin) qəhrəmanı həramidir,quldurdur,yolkəsəndir, deməli,dələduzun biridir, bəlkə də lap yekəsidir, amma Əhməd ağıllı müsahibdir, bağlı qapıları aça bilir, hətta ağlı və kamalı ilə ətrafındakılardan çox-çox fərqlənən sultanın belə saqqızını oğurlaya bilir:
Bağdad sultanı yeganə qızı Güləndamı ona ərə verməyə özü elçi düşür…
Mirzə müəllim hər bir dil faktını mənalandıra bilir, ədəbiyyatı dilin quluna çevirməyi bacarırdı. Onun istifadə etdiyi dil nümunələrinin əksəriyyəti şeirdir,nəzmdir,nizamlı misralardır.
Biz hələ ” Kitabi-Dədə Qorqud “un janrını müəyyənləşdirə bilməmişik. Nəsrdir bu, bilmirik, nəzmdir bu, yenə də bilmirik.Amma vəziyyətdən çıxa bilirik:
“Dədə Qorqud “un dili qafiyəli nəsrdir. Onda bəs bu şeirlərin janrı,biçimi nədir? Bax bunu bilmirik, bəlkə də heç vaxt bilməyəcəyik.
Mirzə müəllm “Dədə Qorqud”dan nümunə gətirir:“Baban dedi, keyikləri qovsun gətirsün,oğlumun at səgirdişin,qılınc çalışın, ox atışın görəyim,sevinəyim, qıvanayım,güvənəyim”.
Bax bu, dildir-Azərbaycan dilidir. Qoy başqa türk qardaşlarımız öz babalarının qoşduqlarını tapsın. Dədə Qorquddan gətirilən bu sözləri hər bir azərbaycanlı başa düşür,anlayır,qavrayır. Özbək,qazax,qırğız, tatar bunları çətin ki qavrasın.
Mirzə müəllim ən çox Nəsimidən misal gətirir:
” Qulağ tutgil sənə edim hekayət ;
Dədimin dərmanı sənsən, çarə kimdən istəyim?;
Güzgüsü ari degildir, çarə qılsın başınə;
Nəsiminin kəlamından eşidin;
Surəti,hüsni-camalı cümlə zibadır anın,
Hüsnünə qurban olayım belin sər ta pasinə”...Mən Azərbaycan SSR Elmlər Akademyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına qəbul olunanda Mirzə müəllim İnstitutun direktor müavini idi.Mirzə müəllim mənim elmi rəhbərim oldu.
Elmi mövzumun adı “Ziya” (“Ziyayi-Qafqasiyyə”) (1879-1884) qəzetinin dili” idi.
İlk tapşırığı Nəsiminin 1926-cı ildə Bakıda nəşr olunan kitabından istifadə etmək şərti ilə “Nəsiminin dilində sözlərin məna qrupları” mövzusunda referat hazırlamaq tapşırığı oldu. Referatın bu mənbədən istifadəsi əski yazımızı-ərəbdilli əlifbamızı yaxşı öyrənmək məqsədi daşıyırmış. Mirzə müəllimin tapşırığı ilə onun şərqşünas dostu -Əlyazmalar İnstitutunun ovaxrkı direktoru nəsimişünas dilçi alim Cahangir Qəhrəmanovdan (1927-1995) Nəsiminin 1926-cı nəşrini aldım. Kitabxana qaydasına görə pasportumu cibimdən çıxaranda Cahangir müəllim mənə tərs-tərs baxıb,başını yellədi. Sonralar məlum oldu ki, onların hər ikisi- Cahangir müəllim də,Mirzə müəllim də SSRİ EA Dilçilik İnstitutunun aspiranturasında bir vaxtlarda oxuyublarmış.
Mirzə müəllim mənə kitablarla işləməyi öyrətdi. Mənə bir torba kartoçka ( qeydlər üçün qalın vərəq ) verdi, bədii əsərlərdən, qəzet və jurnallardan materrial toplamağın yolunu,üsulunu öyrətdi.
1975-ci ildə Mirzə müəllim iş yerini dəyişdi;Akademiydan yuxarıda yerləşən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə təyinat aldı. Bu qərarla görə Mirzə müəllimin tədqiqat sahəsi də dəyişildi, Azərbaycan dilinin tarixçisi tələbə vaxtı universitetdə aldığı ixtisas üzrə-fars dilinin tədrisi ilə məşğul olmaa başladı.O vaxtın yeganə universiteti də Mirzə müəllim üçün doğma idi.O,Akademiyada işləyəndə də burada – o vaxtkı ADU-da saat hesabı böyük maraq və həvəslə dərs deyirdi. Mirzə müəllim universitetdə bizə dil tarixcisi olsa da,dərslərində müqayisəli qrammatika məsələlərindən ustalıqla istifadə edir,yeri düşdükcə həm ərəb,həm ingilis,hən də fars dillərindən maraqlı nümunələr gətirirdi.Onun bu xüsusiyyətləri savadlı aspirantları olan Şaməddinə də,, Sevilə də, , Əvəzə də keçmişdi. Mirzə müəllimin hər dərsi öyrədici idi, mövzular Azərbaycan dilinə vurğunluqla tədrs edilirdi. Mən ADU-da oxuyanda zaçotlarda iki müəllimdən “iki” almışam.Bu ikilərin səbəbkarlarından biri biri Azərbaycan dili tədrisinin metodikası kafedrasının dosenti Kənan Mikayılov, digəri isə dil tarixi mütəxəssisi,professor Mirzə Rəhimov idi.Hər iki texniki səhv ucbatından yaranmışdı.Kənan müəllimin bu “iki”si hələ də mənə aydın deyil. Dekana şikayətdən sonra Kənan müəllim bu “iki”ni mənə nəyə görə verdiyini özü də başa düşmədi. Mirzə müəllimin “iki”si isə dekanlığın əməkdaşı Paplı xanımın texniki səhvi imiş. Mirzə müəllim tələbələrini yaxşı tanıyırdı.Mən kəsiri düzəltməkdən ötrü bir tələbə dostumla-səhv etmirəmsə,Ələkbər Əliyevlə Mirzə müəllimin əsas iş yerinə- Nəsimi adına Dilçilik İnstitutuna gedəndə Mirzə müəllim bu “iki”yə təəccübləndi, heç nə soruşmadan halalca məqbulumu yazdı və bizi təbəssümlə yola saldı.
Mirzə müəllimi ensiklopedik nəşrlərdə şərqşünas alim kimi tanıdırlar. Bu, onun son 40 ildəki elmi və elmi pedaqoji fəaliyyəti ilə ilgilidir.Mirzə müəllimin elmi tədqiqat sahəsini də fars dilçiliyi, fars dilinin nəzəri qrammatikası, fars dilinin leksikologiyası, fars dialektologiyası, fars dilinin tarixi morfologiyası adı ilə tanıdırlar. Bəli, bunlar faktdır. Bu da faktdır ki, onun 1965-ci ildə Bakıda çap olunmuş “Azərbaycan dilində fel ( 2013-cü ildən “fel” sözü yeni orfoqrafiya lüğətinə görə “feil” şəklində yazılır-N.N.) şəkillərinin formalaşması tarixi “monoqrafiyası dünya türkologiyasının ən sanballı nümunələrindəndir. Bu, birnəfəsə oxunan elmi əsərlərdəndir.268 səhifəlik monoqrafiyada çapdan sonra aşkar olunan 4 səhv də düzəldilmiş və bu düzəliş oxucuya hörmət əlaməti kimi kitabın son qabığının içərisinə yapışdırılmışdır. (səh.42,102,233,266). Bəlkə də,bu düzəliş indiki müəlliflərə qəribə gələcəkdir.Amma bu,Türkiyədə təhsil almış şair və dramaturq Hüseyn Caviudin 1913-cü ildə “Keçmiş günlər” kitabındakı bir neçə texniki səhvə gərə etirafının nümunəsi idi:adi texniki səhv də elmi əsərə nözsandır. Stolüstü kitablarla yanaşı, mənim stolüstü jurnallarım da var. (Yəqin ki iş stolumun səliqəsini hiss edirsiniz). Bunlardan biri “Sovetskaya türkologiya” jurnalıdır.Mən bu jurnalın ilk nömrələrini oxuyanda zavodda tokar işləyirdim.Universitetdə qiyabi oxuyurdum. Jurnalın 1972-ci ildəki 2-ci nömrəsi Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk “(Türk dilləri lüğətinin divanı) əsərinin 900 illik tarixinə həsr olunmuşdur. Nömrədəki yazılar 7-9 oktyabr 1971-ci ildə Fərqanədə keçirilmiş Ümumittifaq Türkologiya Konfransında səslənən materiallarıdır. Bu nömrədə Mirzə Rəhimovun “Дивану лугат–ит -тюрк” Махмуда Кашкари и древнетюркские элементы в диалектах и говорах Азербайджанского языка” məqaləsi elmi meyarlarına, dilçiliktəfəkkürünə görə ən dəyərli yazılardan biridir. Məqalədə dil faktlarının elmi müqayisəsi göstərir ki, Kaşğarinin əsəri təkcə bir türk dilinə aid deyil. M.Rəhimovun proqram xarakterli bu məqaləsi,məncə, pedaqoji təmayüllü bütün ali məktəblərdə öyrənilməlidir.
Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Mirzə Şıxəli oğlu Rəhimova Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı verilmişdir.O vaxt M.Rəhimovun 80 yaşının tamamına bir neçə ay qalırdı. Mən o vaxt bu münasibətlə telefonla Mirzə müəllimi təbrik etmişdim. Mirzə müəllim təbrikimə çox sevindi . Mən qocaman alimin sevincini telefon dəstəyində aydın-açıq hiss eirdim.
Mirzə müəllim 2015-ci ilin oktyabr ayında dünyasını dəyişmişdir.Azərbaycan – 86 yaşlı professor oğlu Mirzə Rəhimovla hörmət və ehtiramla vidalaşdı.Allah sənə rəhmət eləsin,Mirzə müəllim…
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,Azərvaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilmiş ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,Azərbaycan Jurnalistlər Birliyinin üzvü, türkoloq
Bakı,15.12.2019