GenelGüncelKültür Sanat

Miray və Zaman – Sema Muğanna

Miray və Zaman

Qatar.. Nağıl kimi qatarda qaçmaq istəyirəm..  Ruhumun məni dərin dalğalarda incitməyəcəyi, boğmayacağı dalğalarda. Yorğunam. Çiçəyin doğmayan günəşi kimi, Bənövşənin gecikdiyi qatarının çəkdiyi ağrıları qədər yorğunam. Bu sadaladıqlarım mənim obrazlarımdır. Bilirsiniz? Mən bir qataram, insanam,  kiməm axı? Ruhumda doğulan Günəşin adıyam? Mən qəhrəmanlarımı yaratdığımda belə onlarla həyat hekayələrimizin necə bənzədiyini görürəm. Çox bənzərliyimiz var. Bu nədəndir? Kainatdan işarədirmi? Nədir axı? Baxın, bir neçə saatdan sonra qatar yenə gələcək. Bu gecə illər öncə gördüyüm kabuslarımı yazıb dənizə atacam. Mənim planetimdə dəniz göy üzü, qatar isə kabuslardır, çünki qatarın son mənzili ayrılıq, dənizsə fırtınanın sonsuzluğudur. Bu sonsuz fırtınanın içində doğulan qızı incitmək haqqım olsaydı, qələmim dilə gəlib, özün incit və sonra qorxaq kimi qaç deyərdi. Mən qaçmıram, insanlarla da danışıram, lakin göylərə sığınıram. İnsanlarla sadəcə danışıram, sirrimi, sözümü , duyğularımı bölüşmürəm. Kimi gözləyirəm, kim üçün duyğulanıb, sevinib, yaxud uşaq kimi kimi gözlədiyimi danışmıram. Mən qatarı qovalamıram, dənizin dalğalarını insanlar kimi kirlətmirəm. Mən qatarın son mənzildəki evinə xəyanətini, kabusun isə gecəyə etdiyi zülmkarlığı etmirəm. Yalnızca duyğularımı və dənizin yanında qalıb saçlarıma sığal çəkən dəli-dolu küləyi sevirəm.

  Qatar Mirayı son mənzildə qoyub getdi. Havanın soyuqluğu bir yandan Mirayın qəlbini üşüdürdü. Bu soyuqluq bir isti palto geyinmək, ya da isti çay, kofe içməklə keçməyəcək. Miray bütünlüklə tənhadır.

   İnsan zamanın qısa olduğunu görüb qaçır, amma düşünmür ki, qısa olan zaman deyil. İnsan ömrünün parçalarını puzzle kimi itirir. Puzzle-dan bir parça olmadığında görürsünüzmü necə yarım  görünür? Bu da onun tənhalığıdır. Bəs bu vəziyyətdə Zaman nə edə bilər? Zamanı həmişə günahlandırmayın. O bəzən insanları sizdən alır, amma xəyallarını deyil.

  Mirayın hal-hazırda 25 yaşı var. 10 il bundan öncəki, yəni 15 yaşlı Mirayın yaşı qədər də qatarın yaşı var. Qatar insanlar olduğunda danışmır. Ancaq bundan bir neçə gün qabaq dəlicəsinə insanlara qatarın dil açıb danışdığını dedi. İnsanlar isə ona lağ edir, hətta onun psixologiyasının pozulduğunu deyirlər. O gün nə baş vermişdi?

  18 tarixli günlərə təsadüf edən mart ayıdır. Mənim adım Zamandır, lakin heç kəs mənim yaşadığımı bilmir. Bəli. Bayaq Mirayın dediyi dil açıb danışan qatar. Necə? Demək hər şey həyatda mümkündür.

   Mən illər öncə taleyindən vaz keçmiş bir insanın ruhuyam. Əslində, ruhunu tərk edən  insan göylərə ucalar, lakin mənim əlimə keçən bir kağız parçasından sonra mən tamamilə insan olmaqdan vaz keçdim. İnsanın ruhu onun görünməyən işığıdır. Mən Mirayın 15 yaşında onunla tanış oldum və o işıqla onun kölgəsini daima izlədim. O hara getsə, mən də onunla gedirdim, lakin bir fərqimiz vardı. O duyğusal olsa da, qəddarlığı da vardı. Mən isə insanlara qəddar görünə bilərdim, amma qəlbim balaca uşaq kimi yumşaq və kövrək idi. O gün Mirayı görməyə gedəcəkdim. Onunla üz-üzə gəlməyi heç vaxt cəsarət etmirdim. Ancaq o gün hadisə baş verdi. Mənə dəniz Mirayla görüşməyimə icazə vermirdi. Məni seçim qarşısında qoydu. Ya dəniz, ya da qatar. Dənizi seçsəm, onun saçları ləpələrə toxunduqca məni incidəcəkdi. İnsan alovun içində yanarkən ağrı hiss edirmi? Yox. Ona görə də qatarı seçdim. Qatara minib qürbət ellərə gedəcəkdim. Ancaq o gün bir yaşlı adam mənim üstümdəki  bütün əşyaları oğurlayıb məni qırıq-sökük bir körpüdə baş-başa qoydu. Burdan atlasaydım mən dənizi seçəcəkdim. Elə Dənizin də fikri bu idi. İntiqam almaq istəyirdi. Mən ona xəyanət etmişdim. Əslində, təkcə ona deyil , Miraya da ən böyük xəyanəti etmişdim…  Mən isə qatar olmağı seçdim. Qatar qürbət ellərə getdiyində də insanları yola saldığında da sevdalısını buraxmayacaqdı…

  Miray qatardan düşüb gözlədi. Hamı getdikdən sonra mənzilinin harada olduğunu axtarırırdı. Hara gedəcəyini də unutmuşdu? Miray bu uzun yolda çox tənha idi. Çantasını götürüb getmək istədiyində qatardan səs gəldi. İçəri keçməyə qorxdu. Kənardan “kim var orda?” deyə səsləndi. Qatardan ətrafı kor edən bir duman çıxdı. Miray bu dumanı görüb qaçmaq istədi, amma qaça bilməyib içəri keçdi. O andan etibarən qatarın dumanı yox oldu. Zaman duyğularını bu cür ifadə edirmiş demək..

  Miray ətrafa xeyli baxdığında əvvəlcə heç nə görmədi. Sonra isə qatarın küncündə tozlanmış bir məktubla rastlaşdı. Məktub həm saralmış, həm də yanmış vəziyyətdə idi.  Bəs bu necə ola bilərdi?

  Mirayı o gün görmüşdüm. 2019-20-ci illərə təsadüf edirdi. Mirayın çantasına məktubu atmaq istədiyimdə qorxub çəkindim və buna görə məktub mənimlə qaldı. İndi isə Miray məktubla baş-başadır.

  Miray məktubdan qorxub yerə atdı. Xatırladı ki, çantası küçədə qalıb. Qaçıb onu götürmək istədiyində qatarın girişində olduğunu gördü. Bu necə ola bilərdi? Yox.. Miray dəli ola bilməzdi. Ancaq qatarda da ondan başqa heç kəs yox idi. Bəli.. Zamanın ruhu onu təqib edirdi…

  Miray göz yaşlarını saxlaya bilmədi və diziüstə çöküb ağlamağa başladı. Bu yalnız ağlamaq deyildi, göylərdə fəryad edən şimşəyin uğultulu səsinə bənzəyirdi..

  İnsan həyatında iki dəfə ağlayır. Bir dünyaya gəldiyində, bir də tənhalığıyla barışa bilmədiyində. Bu itgi deyil. Sevdiklərini itirdiyində ağlamaq və üsyan bir araya gəlsə də, bir-birinə düşməndir. Yalnız tənhalığıyla barışa bilməyən insan ruhunu öldürənə kimi içdən hönkürtü çəkər…

  Miray məktubu oxumasa da, əl yazısı ona çox yaxın bir insanı xatırladırdı. O qışqırmağa çalışırdı, lakin bacarmırdı. Qatarda onu duyan heç kəs yox idi, yalnız Zamandan başqa.

   Bu saralmış məktubda illər öncə çəkilən Mirayın uşaqlıq rəsmi vardı. Rəsmin alt hissəsində də bu sözlər yazılmışdı: “Qatar son mənzildir, Mirayım və o sənə bir gün xəyanət edəcək..”

  Miray bu məktuba xeyli baxdı, amma heç nə anlamırdı. Maraqlıdır, bu kim ola bilərdi axı? Kim idi? Tanımaq istəyirdi kimliyini. Qatardan düşdü. Bir xeyli baxdıqdan sonra arxaya  dönməyib getdiyində qatar yenə dumanı ilə fışqırıb elə bil fəryad etdi. Miray qaçmağa çalışdı, qatar da onu bərabər addımladı. Miray sürətlə qaçdıqca, qatar da sürətlə gedirdi. Sonunda Mirayın nəfəsi tükəndi və ayağı yanlışlıqla qatarın dəmiryoluna düşdü. Qatar isə sürətlə gəlirdi. Miray qatarın onun üstünə gəldiyini görüb qorxmuşdu, amma qalxa bilmirdi. Son dəfə əlindəki məktuba baxıb bunu dedi:

 Zaman, elə sən özün də adına bənzəyirsən. Tez qaçıb getdin və indi mən də gedirəm. Əlvida!

  Gözlərini qapadıb qışqırdığında sürətlə gələn qatar Miraya çatmamış partlayıb kül oldu. Miray gözlərini açdığında ətraf toz-torpaq içində idi. Bu zaman arxadan ağlayaraq bir oğlanın gəldiyini gördü və ondan yardım istəmək üçün qışqırdı. Oğlan sürətlə gəlməyə çalışırdı, amma gücü yetmirdi. Üstü toz-torpaq içində idi.

  Mirayın ayağı zədələdiyindən qaça bilmirdi. Balaca körpə kimi gözlərini qapadıb hönkürtü çəkirdi. Oğlan gəlib yaxınlaşdığında Miraya qəfildən sarıldı.  Miray isə bu vəziyyətdən qorxub geri çəkildi. Gözlərini açdığında isə şok oldu. Bu Zaman idi..

 Mən Mirayı yenidən tapdım, amma bu dəfə həmişəlik. O qatar məhv olmalı idi. Axı qatar sonuncu mənzilə aparır. M.ən sonuncu mənzilimi tapdım.

  • Sən o ola bilməzsən.
  • Miray, istəyirsənsə çantadan bir qələm və kağız parçası çıxart. Əlyazmayla  eyni olmasa, yenidən düşünərsən.
  • Mən gözlərimə inana bilmirəm. Sən…
  • Mən uzun illər öncə səndən qaçdım. Əslində, mənim adım Zaman olsa da, insanlar qədər qəddar deyiləm. Məni bu qürbət ellərə gətirən insanlar oldu. O da insan cildində deyil, sənin dünyandakı insanlar illər və aylara çevrildi..

Miray Zamanı yenidən tapmışdı. Axı Mirayın dünyasında insanlar çox az idi? İnsan cildində olan obrazlar yalnızca fəsillər və illər idi…

     Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Səma Muğanna

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest