Maraqlı Faktlar: Atatürk Naxçıvanla Sərhədi Öz Pulu İlə Alıb? – ARAŞDIRMA
Sənan Qılıncarslan Qacar/Kırımınsesi/Azerbaycan
Mustafa Kamal Atatürk Naxçıvanı “Türk Qapısı”, Kazım Paşa Karabekir isə “Şərq Qapısı” adlandırıb. Türkiyə ilə fiziki əlaqə yaradan bu ərazinin mövcudluğu istər Türk dünyası, istərsə də Azərbaycan üçün çox önəmlidir.
Türkiyə ilə ən qısa (13km) quru sərhəddə malik olan Naxçıvan bölgəsi Ermənistan və İran arasında yerləşib, İğdıra bitişikdir. Belə bir iddia var ki, Naxçıvanın Azərbaycana aid olması Atatürkün torpaq siyasəti ilə bağlıdır. Bu haqda Türk tarix araşdırmacısı Adnan Güllü məqaləsində yazır ki, “Moskva Sazişindən (1921) əvvəl Yusuf Kamal bəy Atatürk ilə görüşüb və narahatlığını dilə gətirib: “Paşa ruslar Naxçıvanı təkidlə istəsə nə edək?” O, isə cavab olaraq öz mövqeyini ortaya qoyaraq, Naxçıvanın qırmızı xətləri olduğunu bildirib.
Atatürk dövründə Naxçıvanla aramızda bir sərhəd qurmaq üçün İranla torpaq mübadiləsi edilib. Atatürk “Türk qapısı” adlandırdığı 13 kilometrlik Naxçıvan sərhəddini İrandan aldı.”Atatürk ilk olaraq Naxçıvanı SSRİ-ə ayrıca bir cümhuriyyət olaraq qəbul etdirib. O, deyib ki, “Yuxarıda ermənilər, aşağıda İran var. Naxçıvan əhalisi öz bölgələrində yaşamalıdırlar. Bizim isə bura ilə birbaşa əlaqəmiz olmalıdır. Gələcəkdə həm ermənilər, həm də İranla münasibətlər pozularsa türk dövlətləri və Orta Asiya ilə əlaqələrimiz itməsin. Eyni zamanda da bu sərhəd sayəsində burdakı insanları qoruya bilək”. Deyilənə görə, həmin dövrdə münasibətlərin yaxşı olduğu İranla görüş keçirilir. Və İranla razılığa gəlinərək pul ödənilir. Bir çox mənbələrdə hətta bu pulun Mustafa Kamal Atatürkün öz cibindən ödənildiyi qeyd olunur. Nəticədə Türkiyə Azərbaycan arasındakı 13 km-lik sərhəd torpağı alınır.
Bildiyimiz kimi, 1990-cı illərin sonunda SSRİ dağılır. Və vəziyyət gərginləşir. Bu zaman ermənilər əvvəlcədən ruslardan aldığı texnika ilə Naxçıvana hücum edir. Hərbi texnikası olmayan Naxçıvan əhalisi öz imkanları çərçivəsində vuruşmağa çalışırlar. Vəziyyətin gərginləşdiyini və Naxçıvanın məğlub olduğunu görən türk höküməti Naxçıvana silah, ərzaq və tibii yardım göstərir. Bundan sonra isə Naxçıvan əhalisi güclənir və öz torpaqlarını müdafiə edirlər.
Qeyd edəki ki, 1918-ci ildə də ermənilər Naxçıvana hücum edəndə Türk ordusu Kazım Paşa Karabekirin başçılığı altında köməyə gəliblər.
Yazıçı professor Ahmet Özgiray o dövrlərdə Türkiyə ilə İran arasında dostluq münasibətləri olduğunu qeyd edir. İranın bir qonşu kimi daha çox Türkiyədən asılılığını vurğulayır. Bu da öz növbəsində yuxarıda qeyd olunan fikirləri müəyyən dərəcədə sübuta yetirir.
Atatürk İranla ərazi mübadiləsinə getdi
Bəs bu deyilənlər nə dərəcədə doğrudur? Həqiqətənmi, Atatürkün sayəsində bu gün Naxçıvana sahibik? Atatürkün adına iddia edilən bu siyasət əfsanədir yoxsa reallıq?
Bu suallarımıza cavab almaq üçün tarixçilərimizə müraciət etdik.
Tarix tədqiqatçısı Elmar Həsənli bu barədə konkret fikir söyləməyin mümkünsüz olduğunu deyib: “Bu haqda ortada rəsmi bir sənəd yoxdur. Bu iddianın təsdiqi yoxdur. Amma Naxçıvanın Azərbaycanın tərkibində qalmasının əsas qarantı Türkiyə oldu. 1921-ci i ldə Sovetlərlə Türkiyə arasında “Qars” müqaviləsi imzalanıb. Bu müqaviləsinə əsasən, Naxçıvan 3-cü bir dövlətə güzəştə gedilə bilməz. Yəni Azərbaycanın tərkibində saxlanılır”.
Bakı Dövlət Universitetinin dosenti Sevinc Ruintən Atatürkün Naxçıvana xüsusi dəyər verdiyini bildirib:
“Ümumiyyətlə Türkiyə-Azərbaycan münasibətlərindən danışanda bütün eşitdiklərimizi dəqiqləşdirməyə çalışsaq, məncə daha düz etmiş olarıq. Millətçi və emosional yanaşmalar nəticəsində o qədər doğru olmayan fikirlər atılır ki, onlardan hansının doğru, hansının yanlış olduğunu müəyyənləşdirmək bəzən həddən artıq vaxt aparır.
Naxçıvanın Azərbaycan ərazisi olması, onun statusu ilə bağlı hər kəsə məlum olan məsələlərdən xüsusi danışmağa ehtiyac görmürəm. Sadəcə onu qeyd edim ki, Atatürk həqiqətən Naxçıvana çox böyük dəyər verirdi ki, bunu onun Türkiyə ilə RSFSR arasında Moskva müqaviləsinin (1921) imzalanması ərəfəsində dediklərindən də aydın görmək mümkündür: “Naxçıvan “Türk qapısı”dır. Bu xüsusu nəzərə alaraq əlinizdən gələni edin”, “Qapımız mövcudiyyətini mühafizə edir, bizim üçün mühüm olan budur” və s.
Sərhəd məsələsi ilə bağlı ən çox yayılan fikir Atatürkün “öz vəsaiti hesabına torpaq aldığı” məsələsidir. Bu yanaşma mənə elə ilk eşitdiyimdə çox da inandırıcı görünməmişdi və həqiqəti öyrənmək üçün axtarış etmişdim. Haradan oxuduğum yadıma gəlmir, amma belə bir fikir yadımda qalmışdı ki, Atatürk Türkiyənin ümumilikdə Türk dünyası ilə ərazi baxımından əlaqəsinin kəsilməməsi məqsədilə İranla ərazi mübadiləsi, yəni torpaq dəyişikliyi edib. Bu zaman da ortaya başqa bir sual çıxır ki, bəs onda necə olub ki, İran bununla razılaşıb? Türk dünyasının maraqları naminə? Mümkün deyil. İranın özünün də hansısa strateji marağının olduğu daha məntiqli görünür. Bu yerdə bir məqamı qeyd etmək istərdim: istənilən hadisəni ümumi konteksdən çıxararaq dəyərləndirməyə çalışmaq, bütün hallarda səhv nəticələrə gətirib çıxarır. Bu baxımdan haqqında danışdığımız məsələyə də baş verdiyi dövrün kontekstində baxmaqda fayda var.
Sərhəd məsələsini də bir qədər dərindən araşdırdıqda məlum oldu ki, əslində həqiqətən sırf “Türkiyə Azərbaycanla sərhəddi olmasını istədi və İran da bu ərazini ona verdi” yanaşması doğru deyil. Bunu elə Türkiyə tarixçilərinin də əsərlərində görmək mümkündür. Maraqlananlar müəyyən qədər məlumat əldə etmək üçün yazıçı professor Ahmet Özgiray, Uşak Universitetinin dosenti Barış Mətin və digər Türkiyə alimlərinin araşdırmalarına baxa bilərlər. Bu araşdırmaları internetdə çox rahatlıqla tapmaq mümkündür. Hətta daha çox axtarış etsələr, bir çox digər məlumatlar da əldə bilərlər.
Qısa formada desək, XX əsrin əvvəllərindən Osmanlı ilə İran arasında sərhəd problemi mövcud idi. Birinci dünya müharibəsindən sonra 20-30-cu illərdə Türkiyə ilə İran arasında bir sıra müqavilələr imzalandı və onlara əsasən iki dövlət arasında sərhədlər dəqiqləşdirildi. Ağrı dağının şərq ətəkləri və ya Kiçik Ağrı dağı Türkiyəyə verildi (Böyük Ağrı dağı, yaxud Ağrı dağının qərb ətəkləri Türkiyənin ərazisində idi). Əvəzində Türkiyə Vanın cənub-şərq hissəsində Bazırqan və Kotur məntəqəərinin bir hissəsini İrana verir. Bu ərazi dəyişiklikliyinin əsas səbəbi isə, həmin dövrdə Antanda dövlətlərinin, xüsusən də İngiltərənin siyasətinin nəticəsi olaraq Yaxın Orta Şərqdə baş verən kürd üsyanları idi ki, bu məsələ özü özlüyündə xüsusi bir müzakirə mövzusudur. Türkiyə ərazisində üsyan edən kürdlər çox rahatlıqla İran ərazisi olan Kiçik Ağrı tərəfə keçərək gizlənir, ara sakitləşən kimi, yenidən geri qayıdaraq fəaliyyətlərinə davam edə bilirdilər. Türkiyə əsgərləri İran sərhəddini pozmamaq üçün geri dönməyə məcbur qalırdılar. İran özü isə bu əraziyə nəzarət edə bilmirdi. Nəticədə iki dövlət arasında münasibətlərdə heç bir tərəfə lazım olmayan arzuolunmaz gərginlik yaşanırdı.
Deyilənləri ümumiləşdirsək, “I Dünya müharibəsindən sonra Türkiyə ilə İran sərhədləri dəqiqləşdirilərkən torpaq mübadiləsi olub” desək, daha doğru olar. Amma bu da ümumilikdə Türkiyə-Azərbaycan münasibətlərini şübhə altına alırıq demək deyil. Kimin münasibətinin necə olmasından asılı olmayaraq, XX-XXI əsrlər Türkiyə-Azərbaycan münasibətləri gerçəkdən də özəl münasibətlər hesab oluna bilər. Bu münasibətləri xüsusilə dəyərli edən cəhət odur ki, münasibətlər yalnız dövlət maraqlarına əsaslanan münasibətlər deyil, ondan daha artığı – xalqlar arasında dostluğa dayanan münasibətlərdir. Hətta nə zamansa olur da, təsadüfən dövlətlərimiz arasında müəyyən anlaşmazlıq olarsa, xalqlar arasındakı münasibət az sonra hər şeyi əvvəlki axarına qaytara biləcək gücə, qüvvəyə malikdir.
Azərbaycanla bağlı Atatürk konkret öz mövqeyini ortaya qoyub
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Qasımova da Türkiyə ilə Rusiya arasındakı müqavilələrə diqqət çəkib:
“Mustafa Kamal Atatürkün Türkiyə və Rusiya arasında danışıqları aparan nümayəndə heyətləri ilə olan münasibətlərini bir daha xatırlatmaq yerinə düşər. Azərbaycanla bağlı Atatürk konkret mövqeyini ortalığa qoyub. Mustafa Kamal Atatürk bir liderdir və o istənilən vəziyyətdə öz ölkəsini düşünməlidir. Öz ölkəsi deyəndə isə bütün türk dövlətlərini nəzərdə tuturam. Bu gün türk tarixşünasları və Azərbaycan tarixçiləri arasında birmənalı olmayan fərqli fikirlər var. Düşünürəm ki, dəqiq olmayan bir məlumata görə tarixi şəxsiyyət haqqında fikir yürütmək olmaz. Əgər biz hər hansısa tarixi hadisə və yaxud da tarixi şəxsiyyət haqqında fikir yürütmək istəyiriksə, o dövrün konteksindən yanaşmalıyıq. 1917-ci il Bolşevik istilası( Oktyabr çevrilişi), Ərzincan müqaviləsi, daha sonra isə Zəngəzur, Qarabağ və Naxçıvan məsələlərinin ortaya qoyulması, sonra Moskva konfransı, xüsusilə də 1921-ci ildə Rusiya Federasiyası ilə Türkiyə arasında bağlanmış 16 maddədən və 3 əlavədən müqaviləyə nəzər yetirməliyik. Burada əsas məsələ Azərbaycan məsələsi idi. Daha əsas isə Naxçıvan mövzusu idi. Ona görədə hər iki tərəfin nümayəndə heyətinin öz fikirləri var idi. Burada da Türkiyənin öz mövqeyi var idi. Türkiyə sonda öz məqsədini ortaya qoydu və 14 may 1921-ci ildə artıq Naxçıvanın status məsələsi müəyyənləşdirildi. Belə ki, Naxçıvan Azərbaycanın tarixi torpağıdır. Əlbəttə bu Azərbaycan torpağı olaraq da dəqiqləşdirilməli idi. Bununla bağlı bir fikridə xüsusi qeyd etmək istəyirəm ki, Atatürkün bir Azərbaycan sevdalısı idi və onun bu məsələlərlə bağlı çoxlu şifrəli teleqramları olub. Çox istəyərdim ki, o dövrün tədqiqatçılarından biri bunu araşdırsın. Atatürkün həm Naxçıvanla və yaxud da Nərimanovun Naxçıvanla bağlı fikirlərini gündəmə gətirməklə, dövlətlər arasında münasibətləri pozmağa çalışan , onlara kölgə salan insanlar var. Mən hesab edirəm ki, tarixindən asılı olmayarq hər zaman Azərbaycan Türkiyə münasibətlərinə diqqətlə yanaşılmalıdır. Atatürk və milli mücadülə dövründə Azərbaycanın Türkiyəyə etdiyi yardımların yada salsaq, görərik ki, onlar torpaqları üçün necə mübarizə apardılar. Torpaqları deyəndə, tək Anadolunu nəzərdə tutmuram. Naxçıvan məsələsinin həll edilməsində də Atatürkün böyük rolu var. Və eyni zamanda Mustafa Kamal Atatürk Azərbaycan türklərinin mövqeyini qoruyub saxladı. Azərbaycanın “sevinci sevincimiz, kədəri kədərimizdir” deyən bir şəxsiyyət heç bir zaman Azərbaycana xəyanət edə bilməzdi. Atatürk çox uzaq görən lider olub məhz bunun üçün də Naxçıvanla bağlı bu cür mövqe ortaya qoyub”. (bilgisel az)
Kaynak Babək Cəfərov