Malik Atilay – Şeirler
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Malik Atilay
Şeirlər
Tanrının demək istədikləri və alzaymer peyğəmbər
Alzaymer peyğəmbərəm,
Tanrının pıçıldadığı sirləri unutdum deyə ,
Bir günahkarı belə çəkə bilmədim
Haqq yoluna…
Günahın nə olduğundan danışmadım insanlara
Nə onlar bildi
Nə mənim yadımda qaldı ruhun ən dərində qaynayan çayı
İnsan ruhunun ən dərin , ən çirkablı yerini
Bilmədilər, görmədilər…
Sevməyi və bağışlamağı öyrətdim ayə kimi
Yadıma gəlmir amma
Tanrı da bunları danışmağımı istəyərdi insanlara
Sevin dedim,
Sizin hər sabah doğan günəşi,
Bağışlayın dedim,
Çəkmənizə dolan yağışı.
Sevin dedim,
Özünüzü yandırıb şüşə qaba qoyanları,
Bağışlayın dedim,
Sizi yandıranları.
Alzaymer peyğəmbərəm,
Tanrının dediklərini unutdum
Uydurdum “sevmək və bağışlamaq” kitabını
İnanmadı insan,
İnanmadı ki,
Sevmək və bağışlamaq olardı
Tanrının bizə deyəcəyi ilk sözü.
Qərib dustağın gecəsi
Kimsə düşə gecə yarı ağlına,
Oturub keçmişi varaqlayasan,
Nə adı tapıla,
Nə də səsi gələ qulaqlarına,
Yadına düşməyən dosta ağlayasan,
Qucaqlayasan ölən günlərini
Unutduğun adamlarını
Ölən balasını qucan ana misalı
Sarasan səndən gendə,
Bir yerlərdə işıqları közərib, sönən günlərini
Bir qaşıq qəm salasan,
Çifir qarası gecənə
Başlaya səfərin
Dumanında yaddaşının
Silinməyə üz tutan böyüdüyün küçənə
Yıxılıb dizini qanatdığın məhəllənin
Sinəsinə bir ovuc mismar kimi vurulan binaları görəsən
Gözlərinlə tapmasan da əllərinlə daşlara toxuna-toxuna
Tapasan dağılmış evinizin
Hələ də gözyaşından nəmli qalan divarlarını
Uşaqlığını görəsən orda,
Udub-uduzub doymayan
Elə hey top-top oynayan uşaqlığını
Anan çağıra getməyəsən,
Atan çağıra getməyəsən,
Və birdən
Bir güllə açıla evinizin içindən
Divardakı şəklinizi gəlib qanlı görəsən
Gəlib görəsən ki,
Şəkildə ananın güllə dəyib üzündən
Gəlib görəsən ki,
Atanın bir gözündən qəzəb
Bir gözündən kədər yağır
Qışqırığına oyana hər kəs
Deyələr
“Allah bilir yenə nə görüb yuxusunda fağır”…
Habildən bəri oxunmayan şeirlər.
Gözəl şeirlər yazıldı,
Tanrıdan gələrcəsinə.
Bir kimsə oxumadı sevgilisinə…
Gözəl talelər quruldu,
Usta tamaşa işi kimi
Heç kim yaxşı oynamadı…
Gözəl adamlar yaşadı,
Ən çirkin həyatları ,
Nə bir uşağın təbəssümü,
Nə bir pişiyin şıltaq oyunu,
Gözəllik qata bilmədi həyatlarına…
Gözəl ümidlər qırıldı,
Top dəymiş şüşə misalı.
Və oxunmayan şeirlər qaldı
Habildən bəri ,
Adəm övladına…
Qara qarlar
Sənə deyə bilmədim
Qara qarlar yağdı üstümə
O gündən
Beli sınmış atlar kimi güllələdim arzularımı
Sahilə düşdüm
Siqaretlər yandırdım
Şərablar içdim
Qağayıları inandırdım
İnandılar
Dənizin onları yox balıqları sevdiyinə…
3 kadrda həyat
Dərsdən evə qaçaraq gəlib
Qapıda iki cüt ayaqqabı görən uşağın
Ürəyini sarırdı ailə istiliyi
Küçədən gəlib
Çoxlu ayaqqabı görənə qədər bilməmişdi
Günlər sonra özünü aynada görəndən sonra öyrəndi
Anasının gözyaşlarında böyüdüyünü
Bir sabah
Xəstəxanada tər içində oyandı
Yorğanının ayaq ucunun bir tərəfində boşluq
Qapının ağzında qutu
İçində bir tək ayaqqabı.
Biz qocalarıq…
Zaman hər gün bir daş qoyub
Divar hörər aramıza
Divar həsrətimizlə eyni yaşa çatar
Divar böyüyüb boya-başa çatar
Biz qocalarıq
Yaşadığımız hər nə varsa
Ötüb keçən günlər kimi
Tərk edər bizi qatar-qatar…
Bəyaz boşluq
Əsgərlikdən gəlməsini
Atasının son sözlərini
İlk addımlarını oğlunun
Arvadının ona sonuncu dəfə baxan nəmli gözlərini
Çıxardıb qol saatıyla birgə satdı
Biləyində qaldı
Neçə-neçə dəqiqələrin bəyaz boşluğu
Donmuş əqrəblərdə yaşandı saatlar
Ovcunda
Həyatı kimi əzik-üzük manatlar…
İkinci mərtəbədəki işıqlı pəncərə
Pəncərədən
Bayıra süzülür işıqla qol-qola nə varsa evdə…
İkinci mərtəbədən səkiyə tuşlanan bir həyat axır indi
Sap-sarı işıqlarla
Uşaqların gülüşü tökülür əvvəlcə
Evin sakitliyini oyuncaqları kimi bir küncə gizlətdikləri günlər görünür sonra
Sonra göz yaşları da axır boz asfalta
Sındırılan qablar kimi
Qırılmış ürəklər də təkrar-təkrar çırpılır yerə
Yenidən qırıq-qırıq olur.
Bayram süfrələri,
Üfürülən ad günü şamları
Şamların qulağına pıçıldanan arzular da
Ard-arda
Qovuşur asfaltla
Yaşanmayan günlər astaca intihar edir pəncərədən yerə atılaraq
İllərdi məhbusu olduğu dodaqları tərk edir təbəssümlər
Acı bir boşluq qalır işıq boyu süzülən şəkillərdə
Kimsəsiz qəhqəhələr yayılır bəyaz örtüyə düşən ləkətək
Səssizliyində şəhərin
Sevgilər
əli-qolu bağlı , yaxşı-yaxşı gizlədilmiş məktublarda
Gözə görünmədən aradan çıxır
Pəncərədən həyat yağır
İşıq yağır
Qaranlığın üst-başına…
Həyat axır
İkinci mərtəbəki işıqlı pəncərədən…
Öyrədir sevməyi, öyrədir ayrılığı…
Həyat sınaqlardan keçirir bizi
Öyrədir sevməyi
Öyrədir ayrılığı
Payızın soyundurduğu ağacda sonuncu yarpaq kimi
Gedənlərin yoxluğunda darıxmağı öyrədir
Öyrənib əzablara dözməyi
Hər gecə ağrılarının bir azını azdırmaq ümidiylə
Səssiz-səmirsiz
Dayanarsan,
Sevdiyin qadınların ürəyinin önündə
Və
Gedəcək yerin qalmaz bir axşam
Uzaqda,
Lap uzaqda ümid kimi közərən şam
Qəfildən sönər
Dünya yenidən batar qaranlığa
Ağrıların belə bezib uzaqlaşar səndən
Yarıqaranlıq barın o başından
Səslənən gülüşlərdə qəlpələnib ələnər
üstünə yalnızlığın.