GenelGüncelKültür SanatTürk Dünyası

Mətbuat gününə həsr olunmuş “Milli Mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib

İyulun 22-də Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Milli mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib.


Konfransı giriş sözü ilə açan nazir Adil Kərimli ölkəmizdə fəaliyyət göstərən mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mətbuatımızın rolu və xidmətləri misilsizdir. “Əkinçi” qəzetindən başlayan söz və ifadə azadlığı bizə “Füyuzat”la dəyərlərimizə hörməti, “Molla Nəsrəddin”lə sağlam tənqidi öyrətdi. Bu mənada milli mətbuatın yaranması milli kimliyimizin formalaşmasında xüsusi rola malikdir. Söz və ifadə azadlığının tərənnümü olan mətbuat bu gün fundamental dəyərlərin təbliğində yaxından iştirak etməlidir.
Konfransda çıxış edən Milli Məclisin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyev vurğulayıb ki, böyük mütəfəkkirimiz Mirzə Fətəlinin milli varlıq ideologiyası XIX əsrin II yarısında bütün Şərq cəmiyyətlərində olduğu kimi, Azərbaycanda da reformator-maarifçilərin get-gedə artan və güclənən pleyadasını yetişdirdi. Axundzadənin milli düşüncələrini dərindən əxz etmiş Həsən bəy Zərdabi fədakar fəaliyyəti ilə milli ideologiyanın təməl cığırlarını açmağa başladı. Milli özünüdərkin ilk faktlarından biri və bəlkə də ilk təsdiqi 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi”si ilə cücərdi və daha geniş ziyalılar zümrəsini millətin gələcəyini hazırlamaq istiqamətində səfərbər edərək milli ideologiyanın geniş və labüd yoluna çıxardı. “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və digər yazıları dərc olunurdu. Cəmi 56 sayı işıq üzü görmüş “Əkinçi” mövcud olduğu iki il ərzində milli dünyagörüşü anlayışının millətin şüuruna gətirilməsi kimi vacib bir işin başlanğıcını qoya bildi.

Cavanşir Feyziyev bildirib ki, “Əkinçi”nin səpdiyi toxumlar, inşa etdiyi sağlam təməllər üzərində bərqərar olan bu günkü çağdaş Azərbaycan mətbuatı çətin və keşməkeşli bir inkişaf yolu keçmiş olsa da, bu gün Azərbaycan mediası çağdaş dünya mediasının ənənələrindən bəhrələnərək, demokratik baxışların, müxtəlif ictimai-siyasi mövqelərin ifadə edilməsinin azad meydanına çevrilmişdir. Bu çox şey deməkdir. Sözü, fikri, düşüncəsi azad olmayan insan Azad İnsan ola bilməz. Söz azadlığı, fikir azadlığı elə insan ruhunun, insan təxəyyülünün özünün azadlığı deməkdir. Məhz Azad Ruhun hakim olduğu mətbuat Millətin və Xalqın milli mətbuatı ola bilər. Bu da günümüzün ən parlaq reallığıdır. Mətbuatımızla birgə şüurumuz, zövqümüz, dünyagörüşümüz, həyata baxışımız da cilalanır və qidalanır. Cəmiyyətimizin güzgüsü olaraq mətbuatımız cəmiyyətimizi bizə tanıtdırır, dünyanı bizə, bizi isə dünyaya qovuşdurur. Milli mətbuatımız milli sərvətimizə, milli qürurumuza çevrilir.”- deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.


Azərbaycan yazılı və şifahi mətbuatının – televiziya və jurnalistikanın aparıcı simalarından olan professor Qulu Məhərrəmli çıxışında bildirib ki, milli mətbuat tarix boyu cəmiyyətin maariflənməsində, milli düşüncənin formalaşmasında mühüm rol oynayıb. XX əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında növbəti mərhələnin əsasını qoyub.
Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində yeni keyfiyyət mərhələsi başlayıb. Və bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib” – deyə professor fikirlərini yekunlaşdırıb.
Sonda Azərbaycan Milli Mətbuatının tarixi inkişaf yolundan bəhs edən video-çarx nümayiş etdirilib.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest