Mətanət Ulu Şirvanlı – Şeirlər
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Mətanət Ulu Şirvanlı
Şeirlər
Yalan
İçimdə böyüyən qorxu
sümüklərimi sızıldadır.
Qürurum, hissim dözüm,
Düşüncələrimi ağladır.
İndi məni ovutma,
Yox, yox!
Ayrılığın vəbalı boynuna!
Yalanlarınla yuvamızı yıxma.
Və bir də mənə
Lütfən, yalan danışma.
Sevirəm
Sevirəm…
Atılmış sarı çiçəyi,
Üstündəki ləçəyi.
Bapbalaca düyməcik
Xallı-xallı böcəyi.
Sevirəm…
Günəşi, Ayı,
Gözü nəmli buludları.
Axşamın sükutunu,
Çırpınan xəyalları.
Sevirəm…
Dağlardakı yovşanı,
Bağlardakı ağ şanı.
Pabuk kimi ağ olan
Sevimli bala dovşanı.
Sevirəm…
Kainatı, dövranı,
Gül-çiçəkdi hər yanı.
Mən sevirəm ay ana,
Məni sevən oğlanı.
O qızı çağır gəlsin
O zamanlar ki,
mən sənə sığınmışdım.
Gözəl idi onda günlər.
O zamanlar ki?
Açmışdı bağçamda güllər,
O uzaq günlər…
Zamanın tozunu
silkələ ətəyindən.
Dön geri bax,
kölgədə qalan, sarsılan
qadına bax.
Günahdı, günah.
***
Ümid işığı itən gözlərimdən
yaş süzülür oymaq-oymaq.
Zamanın gərdişinə bax,
Allah, qaytar məni keçmişimə.
Ya da, o keçmişindən
çağır o, qızı gəlsin,
Köksü üstə daş alsın,
Dolu qəlbi boşalsın,
Həyata yenidən başlasın!
O zamanlar ki,
Mən sənə sığınmışdım.
Gəl
Bu payız kövrək, elə mənim tək.
Əsir, titrəşir külək,
Mənimlə birlikdə
üşüyür ağ, balaca kəpənək.
Sevdiyim, Tanrı eşqinə
Bu payız yenə görüşək.
Qaranlığın bağrını dəl,
Gəl əzizim, bu gecə gəl.
***
O payız qapımı çaldığın kimi,
O gecə yanımda qaldığın kimi…
Bir il yaddaşımda olduğun kimi
Köç bu gecə yaddaşıma.
Qaranlığın bağrını dəl,
Gəl əzizim, bu gecə gəl.
Halallıq istə
Səninçün döyünən ürəyi sıxıb,
Büküb-bürmələyib atıb gedirsən.
Özün öz əlinlə yuvanı yıxıb
Düşüb burulğana batıb gedirsən.
***
Gedəndə eşqini məndən al, apar,
Apar qoy o, qızın köksünün üstə.
Yolüstü mənim də sevdamı qaytar,
Amma ki, gedəndə hallalıq istə.
***
İstə ki, işlərin avanda düşə,
Qarışıb kələfə dolaşmayasan.
Arada nəzər sal ötən keşmişə
Bəlkə mənli günlər yadına düşə.
Mənə qədəh verin
Mənə qədəh verin, bir az da şərab,
Mən içmək istəyirəm.
Ölüm şərabını süz, mən ölmək istəyirəm.
Al məni ağuşuna,
Məmməd Rahimin şeirini de,
Bələndim göz yaşına, de, əzizim de.
***
Məni günahkar bilirsən?
Bu sən, bu mən, bu baş,
biç başımı, biç.
Yox, yox, dayan!
Budur, son sözüm qalıb,
Sünbül saçım, ağarıb.
Mənə əzab verə-verə,
Allah özü qocalıb.
***
Ah, bağlanır bəbəklərim,
Gözdən süzən yağışla,
Əgər sevmək günahdırsa,
Sun onda məni bağışla.
Dağlar
A dağlar, uca dağlar,
Ətəyi yonca dağlar.
Ayllar ötər, il keçər,
Qocalmaz uca dağlar.
***
Durub üz-üzə dağlar,
Üstündən sellər çağlar.
Sizdə böyük qürur var,
Gəlməyin gözə dağlar.
***
Mən aşiqəm dağlara,
Sünbül-süsən dağlara.
Məndən salam aparın
Məndən küsən dağlara.
İçimdə bir ölən var
İnciyən, küsən qürurum
Bilmir hara tutsun yolun.
Bu küçələr indi dar,
İçimdə bir ölən var.
Qəlbimə yığılan kədər,
Bizim ki, də bura qədər.
Yan külün qalana qədər,
Çəkən bilər nə dərd var.
Bir qapı belə bağlanır,
Üstündə kilid sallanır.
Ay qınayan, sənə nə var.
Qəlbim param, diddik-didik,
Biz artıq o biz deyilik.
Bağçamda gülüm incik,
Darmadağın olan bizik.
Yas düşübdü bağrıma
Yığılın başsağlığına.
Ayrılığdan yaram var,
İçimdə bir ölən var.
Ya da…
Bağçamda oturacaq kimsəsiz,
Hər yan sükunət-səssiz.
Ağacdan yarpaqlar hərdən
Tökülür yerə dən-dən.
Bu narıncı payızdan,
Yağış gələr bir azdan.
***
Mədəd uman çöl pişiyi,
Hər gün qapımı kəsdirir.
Payız isə öz işində
Soyuğun, küləyin əsdirir.
***
Həyətdəki daş heykəllər,
Necə də məğrurrdular!
Pəncərə qarşısından
Bağçama baxmaqdan yoruldum,
Heykəllər isə yorulmurlar.
***
Daş heykəl kimi soyuqqanlı olmaq,
Sükunətin bağrıma girmək istədim.
Hər kəsdən gizlənib bağın içində
Təbiət sirrini bilmək istədim.
Sənsən, ya mən
Açdığın qapı bağlanır,
Sevdamın qəlbi dağlanır.
Axı yollar haçalanır,
Günahkar sənsən, ya mən?
***
Min sual var içimdə,
Parçalanır içim də.
Bu ayrılıq köçündə
Günahkar sənsən, ya mən?
***
Harayda batan səsəm,
Minib gəmiyə getsəm.
Getsəm, geri dönməsəm…
Günahkar sənsən, ya mən?
***
Lala dönən ay adam,
İndi mən sənə yadam.
Gəlsin desin bir adam
Günahkar sənsən, ya mən?


