Genel

lhamə Cəlalqızı (Qəsəbova) AŞIQ ŞƏMŞİR YARADICILIĞININ QAZAX AŞIQ MÜHİTİNDƏ YERİ

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

lhamə Cəlalqızı (Qəsəbova)

AŞIQ ŞƏMŞİR YARADICILIĞININ

QAZAX AŞIQ MÜHİTİNDƏ YERİ

XX əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış və məşhur simalarından biri Aşıq Şəmşirdi. XVI əsrdə Dirili Qurbani, XVII əsrdə Tufarqanlı Abbas, XVII-XVIII əsrlərdə Xəstə Qasım, XVIII əsrdə Abdalgülablı Valeh, XIX əsrdə Aşıq Ələsgər aşıq poeziyasında sənətin zirvəsində hansı mərhələdə dayanırdılarsa, XX əsrdə Aşıq Şəmşir bu məqama çatmışdır. XX əsrdə Azərbaycanda daha çox aşıqların və el şairlərinin, eləcə də şairlərin yetişdiyi bir dövrdür.Bü qədər şairlərin sırasında Aşıq Şəmşir özünəməxsus zirvəyə yüksəlmişdir. Aşıq Şəmşir XX əsrin aşıq sənətində tədqiqat obyektinə çevrilmiş, elmi araşdırmalarda daha çox yer tutmuş və yaradıcılığı ilə alimlərin diqqətini cəlb etmiş aşıqdır. Aşıq Şəmşir Azərbaycanın ən ucqar və dilbər güşələrindən olan, Kəlbəcərin Dəmirçidam kəndində dünyaya göz açmış (1893-1980), sonra atası aşıq-şair Qurban təbiətin ən səfalı güşəsi olan Ağdaban kəndinə köçmüşdür. Nəsil bu yerdə, Çayqovuşanda əbədi binə salmşdır. Şəmşir gözünü dünyaya açandanDəlidağı, Məndili, Qoşqarı, Qonuru, Lülparı kimi möhtəşəm dağlardan ilham almışdır. Şəmşirin həyatını, ədəbi irsini, həyat fəlsəfəsini daha dərindən öyrənmək üçün onun mühitini, yaşam tərzini dərindən öyrənmək lazımdır. Onun ilk bəhrələndiyi qaynaq, yaradıcılıq qaynağı, nəsil səcərəsidir. Aşıq Şəmşir atası Ağdabanlı Qurban dövrünün azman sənətkarı idi. Ustad oğlundan şəyird olmaz deyib  ustadlarımız. Aşıq Şəmşirin də ilk ustadı atası olmuşdur. Aşıq Şəmşirin ana laylası Ağdabanlı Qurbanın sazı, sözü olmuşdur.  Onun qulaq yaddaşında ulu babası, atası Qurbanın və özünün kövrək misralarla dünyaya gətirdiyi dağlar şeirləri qalmışdır. Aşıq Şəmşirin aşıq-şairlik səcərəsi uzun əsrlərdən qaynaqlanıb gəlir. Onun ulu babası Miskin Abdal olmuşdur.   Qeyd edək ki, Aşıq Şəmşirin atası Aşıq Ələsgərlə dost olmuşdur.

Ustad aşığın şeirləri Yurdumuzun bütün bölgələrində dildən-dilə, eldən-elə yayılırdı. Aşıqlar sinələrndə sazları ilə bərabər Aşıq Şəmşirin şeirlərini də daşıyırdılar.

Qazax aşıq mühitində eləcə də türk dünyasında Aşıq Şəmşirlə Səməd Vurğun dostluğu dillərdə əzbərdir. Aşıq Şəmşir dövrünün sayılıb-seçilmiş ustad sənətkarı olmaqla yanaşı el arasında dostluğa sadiq, qonaqpərvər insan kimi də tanınırdı.

Səməd Vurğun xalqın yaddaşında böyük ürək sahibi, xalqın hər bir ağrısına ürəkdən yanan vətənpərvər bir insan kimi yaddaşlarda əbədiləşib. Azərbaycan ədəbiyyatında Səməd Vurğunun Kəlbəcər ədəbi mühitinin inkişafında da xüsusi təsiri olduğu haqqında kifayət qədər məlumatlar vardır. Səməd Vurğunun ötən əsrin 50-ci illərində Kəlbəcərə-İstisuya məşhur səfəri və buranın saz-söz adamları ilə unudulmaz görüşləri bölgənin ədəbi mühitində yeni bir səhifə açmışdır. Qısa zaman çərçivəsində bu görüş dildən-dilə keçərək bütün ellərdə aşıqların dilində dastana dönüşdü və məclislərdə söylənildi. Saza-sözə həddən artıq vurğunu olan Vurğunun bütün məclislərində ustad aşıqların ifasında saz çalınar, dastan söylənilərdi.

Kəlbəcərdə raykom katibi işləyən Səfər Verdiyev böyük şairi yüksək qonaqpərvərliklə qarşılayaraq, onu rayonun görməli yerləri və tanınmış saz-söz adamları ilə yaxından tanış edib. Səməd Vurğunun Kəlbəcərə gəlişini duyan hər kəs onunla görüşmək arzusunda olublar. Onun Kəlbəcərə gəlişi insanlarının xatirəsində tarixi hadisəyə çevrilmişdi. Kəlbəcər ədəbi mühiti ilə yaxından tanış olan Vurğun səs-sorağını duyduğu Aşıq Şəmşirlə də görüşür. Bu görüş əsl tarixi görüşə çevirilir. İki ustad aşığın adı Səməd Vurğunla yanaşı çəkilərək tarixiləşib. Biri Aşıq Söyün (Sarıyev Hüseyn)- bu aşığa Qazaxda el arasında “Səməd Vurğun aşığı” deyilir, biri isə Aşıq Şəmşir olub. 

Şeirlərini, sazının sehrini eşitsə dəVurğunhəyatda ilk dəfə idi ki, Aşıq Şəmşirlə qarşılaşırdı.  Ustad Aşıq Şəmşir böyük şairi ustadyana belə  salamlayır:


Elimin, günümün böyük şairi,
Gətirib dağlara səfa, xoş gəlib!
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib!

Aşıq Şəmşirin bu qədər isti və səmimi müraciəti şairi duyğulandırıb və sonralar onların dillər əzbəri olan deyişmələri də elə bu ilk görüşün təsiri altında yaranıb. Bu görüşə qədər Aşıq Şəmşirin haqqında çox eşitsə də onunla yaxın tanışlığı olmayan Səməd Vurğun qarşısında ustad bir sənətkarın, ilhamlı şairin dayandığını hiss edərək «Kazbek» qutusunun üzərinə yazıb ona ünvanladığı şeirlə dünyagörmüş aşığı həm də bir növ sənət imtahanına çəkir:


Aşıq Şəmşir Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub yada sal məni.

1950-ci illərdə Qazax mahalının Daşsalahlı Kəndində anadan olmuş Paşa Salahlı  Kəlbəcərdə Prokuror köçəkçisi vəzifəsində çalışırdı. Səməd Vurğunun Kəlbəcərə gəldiyini duyub görüşdə o da iştirak edir. Deyilənə görə Aşıq Şəmşirin üzərinə şeir yazdığı “Kazbek” qutusu Paşa Salahlının olub. Paşa Salahlı həm də şair ruhlu insan olub. Çoxsaylı şeirləri vardır.

Bəzən tədqiqatçılar yazır ki “Aşıq Şəmşir böyük həyat və sənət yolu keçməsinə baxmayaraq Azərbaycan xalqının belə bir istedad sahibindən qədərincə xəbəri olmayıb ta Səməd Vurğunla görüşənədək”. Bir az fərfli yanaşsaq yanılmarıq. Ustad ailəsində, sazın-sözün beşiyində dünyaya göz açan, aşıq sənətinin bütün sirlərini dərindən yiyələnən, 72 saz havasını mükəmməl çalan, dastanlarımızı bilən, məclislərdə söyləyən, özü şəyirdlik yolu keçmiş və şəyird hazırlayan, məclislərdə ağır sınaqlardan keçən bir aşıq haqqında ola bilməzdi ki,  Azərbaycan xalqı xəbərsiz olsun. Səməd Vurğunla Aşıq Şəmşirin görüşü dildən-dilə, ağızdan-ağıza keçərək dastanlaşdı, aşığın hörmətini, sambalını daha da artırdı desək daha məqsədəuyğun olar. Səməd Vurğunun qayğısı və təşəbbüsü ilə Aşıq Şəmşirin şeirləri çap olunmaq üçün nəşriyyatın planına salınıb,  şairin ölümündən sonra aşığın ilk şeirlər kitabı işıq üzü görüb. Səməd Vurğunun bu məşhur səfərindən sonra yaradıcı adamlar arasında da Kəlbəcərə çox dərin maraq yaranıb və böyük bir yazarlar ordusu Kəlbəcərə yol alıb. Sonralar tanınmış şair və yazıçılardan Osman Sarıvəlli, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Hüseyn Kürdoğlu, Məmməd Araz, Məmməd İsmayıl, Zəlimxan Yaqub və başqaları Kəlbəcərə, İstisuya, Dəlidağa, Ceyran bulağına silsilə şeirlər, hekayələr, povestlər həsr ediblər.

Aşıq Şəmşirlə Səməd Vurğunundillər əzbəri olub, dastana dönüşən deyişməsini təqdim edirik:

Səməd Vurğun


Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub, yada sal məni.

Aşıq Şəmşir


Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.

Səməd Vurğun


Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara,
Mənim bu dərdimi de oylaqlara,
Sinəmdən oxladı bir maral məni.

Aşıq Şəmşir


Əzəldən başında cəm olub kamal,
Səni oğul kimi sevir el, mahal,
Azad ölkəmizdə hər zaman ucal,
İstəyir könlümüz bu sayaq səni.

Səməd Vurğun


O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan,
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-hal məni.

Aşıq Şəmşir


Sən kamil sərrafsan, göz ustadısan!
Fəhmin, fərasətin öz ustadısan!
Qabil sənətkarsan, söz ustadısan:
Dəryasan, arzular min bulaq səni.

Səməd Vurğun


Gəlmişəm, gəzməyə sizin dağları,
Baxım bu yaylaqlara doyunca barı,
Şairin bu yerə düşdü güzarı,
Gözəl qarşıladı xoş iqbal məni.

Aşıq Şəmşir


Günbəgün gül açır Vaqifin bağı,
Bir çox şairlərin ana torpağı,
Səmədin məskəni, şeirin ocağı,
Kamala yetirib o Qazax səni.

Səməd Vurğun


Bəxt məni bu yerə qonaq göndərdi.
Gedirəm, yamandı ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.

Aşıq Şəmşir


Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbədiyar –
Gəzirəm əlimdə şam-çıraq səni.

Vurğunun ölümündən sonra Aşıq Şəmşir bir müddət şairin yoxluğuna inana bilmir, bunu şeirlərindən də görmək mümkündür.

Səndən söhbət açdı cavan bir şair,

Ahı-naləm asimana toxundu.

Könül sənsiz səbri-qərar tutmayır,

Cismim oda yana-yana toxundu.

Digər misrasında ustad aşıq şairin ölümündən sonra şöhrətinin hədər olduğunu vurğulayaraq yazır:

Şəmşirin şöhrəti sənsiz hədərdi,

Sənsizlik hər dərddən daha betərdi,

Sən mənə vermisən dağ boyda dərdi,

Qəmli kipriklərim qana toxundu (Aşıq Şəmşir. Seçilmiş əsərləri. azərnəşr 1973. səh 131).

Aşıq Şəmşirin Osman Sarıvəlliyə həsr etdiyi şeirdə də yanğı ilə Səməd Vurğuna işarə etdiyi misranı görürük.

Sal yadına, məni barı unutma,

Söz tapşıran sənətkarı unutma,

Meylin olsun bizə sarı, unutma,

Dəryalar adadan bulanmaz, şair (Aşıq Şəmşir. Seçilmiş əsərləri. azərnəşr 1973. səh 227).

Burada ustad aşıq ” Söz tapşıran sənətkarı unutma” deyəndə Səməd Vurğuna işarə edir, digər misrada da “Silinib yaddaşdan qalammaz ” deyəndə də Səməd Vurğun yaddan çıxmaz deyə işarə edib. Ustad aşıqla Osman Sarıvəlli dostluğuna S. Vurğun vəsilə olub.  Və təsadüfi deyil ki, ustadın 80 illik yubileyi ərəfəsində ərsəyə gələn “Seçilmiş əsərləri” kitabının ön sözünü Osman Sarıvəlli yazıb. 

Səməd Vurğunla Aşıq Şəmşir dostluğu Qazax-Kəlbəcər ədəbi və aşıq mühitinə bir  körpü saldı. Hər iki böyük sənətkar özlərindən sonra sənətə gələn sənətkarlara əsl məktəb oldular.

Paşa Salahlının yazdıqlarından oxuyuruq: Mən, 1955-ci il iyul ayında Aşıq Şəmşır və böyük şairimiz Səməd Vurğunla görüşdüm. 1957-ci ildə Ucar-Zərdab, 1962-ci ildə Zaqatala-Balakən-Qax birləşmiş rayonlarına göndərildim. 13 il sonra Kəlbəcərə “İsti su” sanatoriyasına getdim və Aşıq Şəmşirə aşağıdakı şeiri yazdım:

Bir xəbər yetirin Aşıq Şəmşirə,

Çıxıb Ağdabandan bu yana gəlsin.

Gül-çiçək səpərəm o gələn yola,

Qəlbi pərvaz edib cövlana gəlsin.

Axtarıb taparam olsa da harda,

Tufanlı dağlarda, çovğunlu qarda.

Dostlar məclisində, toyda mağarda,

Sazı sinəsində dövrana gəlsin.

Bir vaxtlar mehmanın Vurğun olubdur,

Qəmdən yanıb sinə, sözlə dolubdur,

Nə edək dünyanın vəfası budur,

İstərəm o keçən zamana gəlsin.

Gəlib “İsti-suya” köhnə sirdaşın,

Əsiri olmuşam hər parça daşın,

Dost-düşmən yanında sağ olsun başın,

Sənin hər azarın zamana gəlsin.

Gəlsən xəbər eylə, qoy çıxım yola,

 Qorxuram sevincdən gözlərim dola,

Görüşüb -öpüşək, girək qol-qola,

Salahlı bu haldan imana gəlsin

(P. Salahlı. Salahlı sözünü qanana söylə. Bakı Nurlan nəş.,2006, s119-120 ).

Salahlı Paşa Aşıq Şəmşirlə dostluq edib. Onun həm sazına, həm yaradıcılığına, həm də şəxsiyyətinə böyük hörmətlə yanaşıb. Şeirlərində tez-tez Aşıq Şəmşirin adına rast gəlirik.

“Ağdaban” kəndinə baş çəkib birdən,

Hal-əhval tutaram Aşıq Şəmşirdən..( P. Salahlı. Salahlı sözünü qanana söylə. Bakı Nurlan nəş.,2006, s119-120)

-deyən şair Kəlbəcərə hər gəlişində Ustadla mütləq görüşüb, onun ifalarını dinləyərmiş.

 Azərbaycan aşıq sənətinin dolğun mən­zə­rəsinin təsviri üçün aşıq şeri şəkillərində bəzi yeniliklərə imza atan, özünəməxsus havacatlar yaradıb neçə-neçə nağıl-dastan qoşan, XX yüzil Qazax-Ağstafa aşıq mühiti mədəni sistemin dəyərlərini mümkün ölçüdə qoruyub saxlamağa çalışmaqla və saza-sözə yüksək ehti­ram göstərməklə Azərbaycan el yaradıcılığının zənginliyini əks etdirən, eləcə də özünəməxsusluğu ilə sayılıb seçilən bölgədir. Azərbaycanın aşıq mühitlərində olduğu kimi Qazax aşıq mühitində də gənc aşıqlar Aşıq Şəmşirin şeirləri ilə sınağa çəkilərdilər. El şairləri və yaradıcı aşıqlar Aşıq Şəmşir yaradıcılığına biganə qalmadılar. Bir çoxları ustadla dostluq əlaqələri qurdular və bu zaman deyişmələr yarandı ki, bu gün də öz mahiyyətini qoruyub saxlayıb. Mustafa Vəliyevin (1923-1987) həyat yaradıcılığını araşdırarkən Aşıq Şəmşirlə olan deyişmələri və Kəlbəcərə həsr etdiyi şeir diqqətçəkici idi.

      Uşaq yaşlarından, Mustafanın saza-sözə böyük həvəsi olmuşdur. Dayısı onu daim aşıq məclislərinə apararmış, aşıqlardan ilk dərsini alarmış. Saza olan böyük həvəs onu 1960-cı ildə özünə  saz bağlatmaq üçün ustad sazbənd Məhəmmədəlinin yanına aparır. Saza-sözə olan rəğbəti onu sazbəndlik sənətinə sövq edir. Ustadın yanına gedib-gəldikcə ondan sazbəndliyin sirlərini öyrənir və boş vaxtlarında  ona kömək edərmış. Beləliklə bir müddət Məhəmmədəli kişiyə şəyirdlik edir. Musta­fanın gözəl saz düzəltmək qabiliyyətinə, ədəb-ərkanına qiymət verən ustad Məhəm­mədəli hətta onu övladlığa da götürmək istəyir. Mustafa müəllim ömrünün sonuna qədər müəllim işləsə belə, el arasında ona şair, sazbənd, həvəskar saz ifaçısı deyirlərmiş. Gənc yaşlarından şeir yazmağa başlayan Mustafa müəllimin  çoxsaylı ustadnamələri, qoşmaları, gəraylıları, təcnisləri var. Ustad  aşıq Şəmşirlə deyişmələri və Kəlbəcərə həsr etdiyi şeir xüsusiylə maraqlıdır. Şeir 1960-cı illərdə Kəlbəcərdə yazılıb.

Əzəldən məftunam mən bu yerlərə,

Nə gözəl yaraşır dağa Kəlbəcər.

Baxdıqca  yenə də baxmaq istərəm,

Qərq olubdu çıl-çırağa Kəlbəcər.

Gəzmişəm hər yeri, deyiləm naşı,

Dümana qərq olmuş dağların başı.

Səməd Vurğun, Şəmşir gəzmiş yanaşı,

Mehman olmuş buz bulağa, Kəlbəcər.

Halala halaldır duzu, çörəyi,

Qayalar dağların  olub dirəyi.

Sənsən Mustafanın nəbzi, ürəyi,

Əhsən olsun bu növrağa, Kəlbəcər.

Yuxarıda da qeyd etdiyimiz kimi Aşıq Şəmşir Səməd Vurğunla görüşdən sonra səsi sorağı Azərbaycanın bütün bölgələrinə yayılmışdı. Elşairləri və yaradıcı aşıqlar Aşıq Şəmşirə şeirlər yazar, onunla deyişmələr edərdilər. Şair Mustafanın da yaradıcılığında Aşıq Şəmşirə həsr edilmiş şeirlər vardır.

Dağlarda yarandın, dağlar oğlusan,

Qüdrətli dağların, baharı Şəmşir!

O dağlar vermişdi sənə ilhamı,

Elin əzəməti, vüqarı Şəmşir!

Əzizdir Kəlbəcər, şanlı-şöhrətli,

Yetiribdir səni məğrur, qüdrətli.

Bir qartal baxışlı, ölməz sənətli,

Bütün şeriyyatın memarı Şəmşir!

Böyükdür sənətin, böyükdür adın,

Aşıq Ələsgərdir ölməz ustadın.

Pərvazlansın daim qolun, qanadın,

Seyr etsin Kəpəzi, Qoşqarı, Şəmşir!

Mustafa azaddır deyər dilimiz,

Ötür gül üstündə şən bülbülümüz,

Səni alqışlayır Qazax elimiz,

Şairlər məskəni, diyarı, Şəmşir!

Mustafa Vəliyevin yaradıcılığından o da məlumdur ki,  Aşıq Şəmşirlə məktublaşıb. Deyişmələr bilirik ki, həm də məktublaşma yolu ilə yaranıb. Aşıq Şəmşirlə şair Mustafa da məktublaşma yolu ilə deyişiblər. Şeir 1974-cü ildə Aşıq Şəmşirin məktubuna cavab olaraq Qazax rayonunun Aşağı Əskipara kəndində yazılıb. Çox təəssüf edirik ki, Aşıq Şəmşirin yazmış olduğu şeiri əldə edə bilmədik. Şair Mustafanın yaradıcılığında olan şeirləri isə nəşrə hazırladığımız “XX əsr Qazax aşıqları və el şairləri” kitabının II hissəsindən əldə etmişik.

Aldım məktubunu, ey  böyük ustad,

Şadyan oldu dərdi-dillərim mənim.

Baharın üstündən bir bao har gəldi,

Açdı gülşənimdə güllərim mənim.

Sığınmışam mən də, o böyük ada,

Yoxdur intizarım daha dünyada.

Şəmşir əmi bizi salıbdı yada,

Laləzara döndü  çöllərim mənim.

Mustafa, baxma sən, mənalı dalğın,

Gecələr zülmətdi, karvansa yorğun.

Qayıtsa dünyaya Ələsgər,Vurğun,

Xoş keçər aylarım, illərim mənim.

Aşıq Şəmşirin  ikinci məktubuna cavabolaraq şair Mustafa yazır:

Könül havalanıb ərşi-əlaya,

Qanad çalır sizin ellərə sarı.

Çaxan şimşəklərə, yağan leysana,

Dağlarda çağlayan sellərə sarı.

Vurğun gəzən yerdə yenə də, gəzin,

“Saz tutub söz qoşun” siz, həzin -həzin,

Çıxam mən də zirvəsinə Kəpəzin,

Baxam oylaqlara-çöllərə sarı.

Mustafayam, siz olun mənə ata,

Çırpınır ürəyim az qala yata.

Çapır köhlənim də mənzilə çata,

Hey can atır şirin dillərə sarı.

1980-ci ildə 87 yaşında dünyasını dəyişən ustad aşıq Şəmşirin ölümü saz-söz adamlarını sarsıtdı. Təkcə Kəlbəcərlilər deyil, Qazax bölgəsində də ustadın ölümü məyusluqla qarşılandı. Ustadın ölüm xəbərini duyan şair Mustafa Vəliyev  1980-ci il 2 mart tarixində “ağladı”  şairini yazır:

Köçdü ustad aşıq, böyük sənətkar,

Qəlblərə od  düşdü, dillər ağladı.

Matəm libasını geyindi dağlar,

Çağladı dəryalar, sellər ağladı.

Könlüm quşu çaşıb arana düşdü,

Xəzan dəydi bağlar viranə düşdü.

Dağlar qan ağladı, borana düşdü,

Saraldı bağçalar, güllər ağladı.

Mustafayam, qaldım qəm otağında,

Namə, dil aç, danış, dost sorağında.

Pərişan qəlbimin viran çağında,

İnlədi sazımda tellər ağladı.

Təsadüfi deyil ki, bu gün Qazax rayonunun mərkəzində Ustad aşıq Dədə Şəmşirin büstü ucalıb. Aşıq Şəmşir yaradıcılığı müasir dövrdə də öz aktuallığını qoruyub saxlamışdır. Onun obrazlı şeir dili sadə, zəngin, canlı xalq dili olmaqla yanaşı həm də yaddaqalan və sadədir.   Yetişməkdə olan gənc aşıqlar Avdı Musayev, Samir Cəlaloğlu, İlqar Qələmçəli, Yaşar Gülümcanov, Aşıq İsmayıl İncəli, Əsgər Osmanov, Şahin Qazaxlı, Aşıq Ruslan və.s məclislərdə və el şənliklərində Aşıq Şəmşir yaradıcılığına müraciət edirlər.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest