GenelGüncelKırım Tarihi

Kişilərə mesaj – İmir Məmmədli

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

İmir MƏMMƏDLİ

Kişilərə mesaj

  Hekayə

Mən Vəfayam, Vəfa Vəlisoy. Arvadımın adı da Vəfadır, O da mənim kimi Vəlisoydur. Etiraf edirəm, biz evlənməmişdən Vəfa xeyli xoşuma gəlsə də qətiyyən onunla ailə qurmaq fikrində deyildim, çünki adımız eyni idi. Bir qazanda iki qoçun başı qaynamadığı kimi, bir ailədə də iki Vəfanın olması, o zamankı fikrimcə, düz deyildi.

Amma tale elə gətirdi ki, evləndik. Bu barədə bir az aşağıda danışacağam.

Evlənməyinə evləndik, lakin bir müddət keçmiş Vəfa iki ayağını qoydu bir başmağa ki, mən ərimin soyadına keçirəm, yəni oluram Vəlisoy. Onun qızlıq soyadı Əlisoy idi. Beləcə qalsaydı, xeyli fərqli olardı. Olduğu kimi qalmasını tövsiyə edənlər olsa da, inadlaşdı, olmaz-olacaq, keçirəm ərimin familiyasına. Bu minvalla qızlıq pasportunu dəyişib Əlisoy əvəzinə Vəlisoy yazdırdı. Bununla da aramızdakı, fərq izsiz-tozsuz itdi. İkimiz də olduq Vəfa Vəlisoy.

Gördüm olmur, dedim, heç olmasa sənin adını dəyişək, Sədaqət qoyaq, heç nə itirmirsən, zahirən dəyişsə də həmin mənanı verir. Dedi, ad dəyişmək elə yaxşıdırsa, sən ol Sədaqət. Dedim, kişi adını dəyişməz. Dedi, arvadın da kişi kimi iki əli, iki ayağı var. Kişidən nəyi əskikdir ki!? Daha höcətləşib nəyi əskik olduğunu demədim.

Biz cəhənnəm. Mən gələcək uşağımızın dərdini çəkirəm. Onun doğum haqqında şəhadətnaməsinə yazılacaq: ata – Vəfa Vəlisoy, ana – Vəfa Vəlisoy. Uşaq kimə sübut edə bilər ki, söhbət iki adamdan gedir, özü də müxtəlif cinslərdən olan iki adamdan.

Gələcək övladımın müxtəlif yerlərə sənəd təqdim edərkən, necə əngəllərlə üz-üzə qalacağını gözümün qabağına gətirdikcə haldan-hala düşürəm.

O günləri evdə tək idim, vəfa anasıgilə getmişdi. Birdən qapının zəngi çaldı. Durub açdım. Qapı arxasında qəşəng bir xanım durmuşdu, əsl mənim babım idi. Sözün düzü, onu görən kimi quşum qondu, üzümə gülümsünüb dedi:

– Vəfanı olarmı?

Düşündüm, deyəsən, tale mənim də üzümə güldü… o mənada…

– Vəfayam, – dedim.

– Vəfa Vəlisoyu istəyirəm, – xanım əlavə edib üzümə mənalı-mənalı baxdı.

Fikirləşdim, Allah gətirdi, dərə xəlvət, tülkü bəy.

– Vəfa Vəlisoy hüzurunuzda müntəzir dayanıb, – dedim, astanada durmayın, içəri keçin.

Astanada duran xanım ikibaşlı gülümsəyib:

– Mən dişi tayını nəzərdə tuturam, – dedi.

Necə deyirlər, sındı qol-qanadım yanıma düşdü. Həm də gözəlin son kəlməsi ilə bəndənizi dolaması məni lap sındırdı.

Xanım dönüb pilləkənlərlə üzü aşağı enəndə, daldan atılan daş kimi arxasınca tolamazladım:

– Vəfanın dişisi erkəyə çatmaz!..

Bilmirəm, azca yubanmış hazırcavablığıma dəlalət edən sözümü eşitdimi, eşitmədimi, nə bir cavab verdi, nə də dönüb geri baxdı.

Bir həftə olar, gədanın biri evə zəng vurub soruşur:

– Vəfa Vəlisoygildəndir?

Deyirəm: Bəli.

Deyir: Elə isə, zəhmət olmasa Vəfanı telefona çağırın.

Deyirəm: Hansı Vəfanı?

Deyir: Vəfa Vəlisoyu.

Deyirəm: Xanımı, ya bəyi?

Deyir: Fərq etməz, hansı olur-olsun, birini çağır.

Deyirəm: Necə yəni fərq etməz?

Deyir: Aslanın erkəyi-dişisi olmaz. Bu sözün ardınca arsızcasına hırıldayıb dəstəyi asdı, asmasa, elə dolmuşdum, ağzıma gələni deyəcəkdim. Bax bu cür halları əvvəlcədən nəzərə aldığımdan, Vəfa ilə evlənməyi ağlıma belə gətirməzdim.

Amma sən saydığını say, gör, o gözünə döndüyüm gözə görünməz kişi nə sayır.

Vəfa o zaman televiziyada aparıcı işləyirdi. özü də xeyli məşhur idi. Mən isə televiziyanın bufetində gündəlik ruzimi qazanırdım. Elə Vəfa ilə də orda, qız səhər çayını içəndə tanış olmuşduq, nömrə alıb, nömrə vermişdik. Nömrə deyəndə həm mobil telefonu, həm ev telefonunu nəzərdə tuturam.

Ona çox nadir hallarda zəng edərdim, o mənə heç zəng etməzdi. Bir axşam evdə, birotaqlı xudmani mənzilimdə oturub televizora baxırdım.

Əlimdəki pultun düymələrini laqeydcəsinə sıxa-sıxa kanalların birində bədii filmə tuş oldum. Bir az baxmışdım, gördüm, filimin baş qəhrəmanı Vəfa kimi televiziya aparıcısıdır.

Fikirləşdim (bu sözün önündə “xatalı kimi” desəm, lap yerinə düşərdi), əcnəbi həmkarlardan bəhs edən film Vəfanı çox maraqlandırar. Tez telefonun dəstəyini götürüb Vəfaya zəng çaldım. Xəttin o başında kişi səsi eşidildi. Bilmədim, qızın atası idi, ya qardaşı.

Vəfanı istədiyimi deyəndə, kişi boğuq səslə mırıldadı:

– Kimdir soruşan?

– Mənim də adım Vəfadır, – dedim.

Telefon xəttinə gərgin sükut çökdü.

– Adın nədir? – hiss olunurdu ki, kişinin səsinə şübhə sızmışdı. – Vəfa, – səsim həmin an qeyri-ixtiyari incəldi.

– Vəfa? – xəttin o başındakı boğuq səs yenə soruşdu.

Etiraf edim ki, zəng etdiyimə artıq peşman olmuşdum. Ancaq geriyə də yol yox idi, adımı demişdim, bir də dedim:

– Bəli, mənim də adım Vəfadır…

– Sən dolamağa adam tapmadın, – xəttin o başındakı boğuq səs bunu deyəndə, içimə qaynar su axdı.

– Vallah, adım Vəfadır, Vəfa Vəlisoy.

– Əlisoy? – Səs lap tündləşdi.

Vəfanın Əlisoy olduğunu bildiyimdən məsələyə aydınlıq gətirməyə tələsdim.

– Əlisoy yox, Vəlisoy. Vəfa xanımdan soruşun, o məni tanıyır.

– Vəfa məşğuldu! – boğuq səs mırıldadı.

– Yaxşı, onda onu narahat etməyin, – gərgin söhbətimizi yekunlaşdırmağa əlimə fürsət düşdüyünü duydum. Tez əlavə etdim, – filan kanalda xarici film gedir, belə düşünürəm, Vəfa xanımı çox maraqlandırar, demək istəyirdim, televizoru açıb baxsın.

– Yaxşı, deyərəm, baxar… – Kişi boğazında xırıldadı.

– Sağ olun, – dedim, amma o bu sözü eşitmədi, çünki dəstəyi artıq asmışdı.

Əməlimdən məyus halda televizorun qabağına qayıtdım.

Taleyin tərsliyinə bax ki, kəsiləndə ağ çıxan qarpız kimi, film erotik çıxdı. Filmin baş qəhrəmanı aparıcı xanım ağına-bozuna baxmadan qarşısına çıxan kişilərlə yorğan altına girir, bəzən də heç yorğana ehtiyac duymadan, əks cinsdən olanların ağuşunda şirnikdirici tərzdə inildəyə-inildəyə min bir oyundan çıxırdı.

Film gedə-gedə, daha dəqiq filmdəki məsələlər dərinləşdikcə, adaşım xanıma zəng etdiyimə görə itdən peşman oldum.

Bir istədim durum dübarə telefon açım, deyim ki, televizoru bağlayın, ən azından, düyməni basıb bu həyasız kanalı abırlı bir kanala dəyişin, yalvarıram, qoymayın ekranda baş verən əxlaqsızlığa Vəfa xanım baxsın!.. İsmətli bir qızın belə şeylərə baxması rəva deyil!..

Sonra fikrimdən daşındım, düşündüm, Vəfanın boğuq səsli atasımı, qardaşımı onsuz da məndən şübhələnir. Bir də zəng edib özümü qızın əxlaqının qeydinə qalan kimi göstərsəm, şübhə üstünə şübhə artıraram.

Film bitdi. Televizoru söndürüb yatağıma girdim. Düzünü deyim filmin təsiri tənhalıq hissimi bir az da qabartmışdı.

Gecədən xeyli keçmiş mobil telefonuma SMS gəldi. Açdım, baxdım. Vəfadan idi: “Nahaq zəng etdin. Atam da, qardaşlarım da baxdılar. Erotik film üçün mənə zəng etdiyinə görə üzüm bərk danlandı. Vəfa”.

Üç kəlməlik bu məktub məni bərk silkələdi.

“Bağışla məni. Vəfa” – cavabında bunuca yazdım.

Cavabımın cavabı yubanmadı: “Mən səni bağışladım. Görək. onlar da bağışlayacaqmı? Vəfa”.

Ayaq üstdə durmasam da, dizlərimin əsdiyini yataqdaca hiss etdim.

Səhərə qədər səksəkəli yatdım, qırıq-qırıq əndişəli yuxular gördüm.

Səhərin gözü açılan kimi telefonuma zəng gəldi. Həmin boğuq səsə bənzər bir səs idi. Vəfanın adını dilinə gətirmədi. Dedi: mən sənin qız adaşının qardaşıyam, daha dəqiq yeddi qardaşından biriyəm. Adım Cavanşirdi…

Ünvanımı soruşdu. Dilim topuq vura-vura dedim.

Dedi: evdə ol, indicə gəlirik, səninlə ciddi söhbətimiz var.

Dilim tutar-tutmaz dedim: İşə tələsirəm, bufeti açmalıyam.

Dedi: Vaxtını çox alan deyilik. Bufetə görə də narahat olma, səhər çayını sizdə içərik.

Var bədənim titrəyə-titrəyə dedim: baş üstə, gəlin, gözüm üstə yeriniz var.

Oturub gözlədim. Allah kəssin elə gözləməyi. Həmin dəqiqələrdə adam lazım idi, halıma ağlasın. Özüm ağlayırdım, amma göz yaşlarım içimə axırdı.

Nəhayət, qapının zəngi çalındı. Dizlərimdə taqət tapıb birtəhər durub açdım.

Qapı arxasında üç nəfər zırpı kişi durmuşdu. Üçünün də lopa bığı, qalın çatma qaşları, qara qaynar gözləri vardı.

Adam vahimənin üzünü görəndə qorxu azalır, bəlkə də bu, onun öz aqibəti ilə daxilən barışmağındandır. Mən də belə oldum. İlk dəfə təyyarədə uçanda, uçaq yerdən qopanda da belə olmuşdum.

Onlar icazə istəmədən evə girdilər. Artıq otağa keçmişdilər, mən arxalarınca “buyurun” dedim.

Üçlükdən biri “sən buyur” deyib divanda əyləşdi. Sonra sözünə əlavə etdi: buyur, de görək, Vəfanı haradan tanıyırsan və aranızdakı bu yaxınlıq çoxdanmı baş verib?

Mən ağzımı açıb fikrimi kəkələmək istədim, sözümü həmin qardaş kəsdi: sözün kəsəsi!..

Sözün kəsəsi, məlum oldu ki, Vəfa yeddi qardaşın tək bacısıdır. Qardaşlardan dördü Rusiyadadır. (Bu ara öz-özümə düşündüm, yaxşı ki, dördü Rusiyadadır, bu faktın özü də az imtiyaz deyil). Üçüsə budur, sacayaq durublar yeganə bacılarının keşiyində. Məlum oldu ki, otuz bir ildi göz bəbəyi kimi qoruduqları tək bacını mənə qısqanırlar. Artıq yəqinləşmiş gümanlarına görə, aramızda həddindən artıq yaxınlıq olmasa, gecəyarı subay qıza telefon açıb, onu erotik filmə baxmağa çağırmazdım…

Sözün lap kəsəsi, qızın adı mənimlə çıxıb, canı da mənimlə çıxmalıdır. Vəfanı almalıyam. Vəssalam! Yoxsa məni kəsərlər! Kəsərlər yox e, tikə-tikə doğrayarlar, saysam, düz yetmiş yeddi tikə çıxar. Hələ ki bütövəm, əməlimdə də bütöv olmalıyam, təcili elçilərimi göndərməli, toy tədarükünü görməli, nikah məsələlərini həll etməliyəm.

Bütün bunlar üçün mənə nə az, nə çox düz yeddi gün, yeddi gecə vaxt verildi.

– Səkkizinci gün bax burada, bu mənzildə ya iki Vəfa olacaq, ya da heç biri olmayacaq!

Dedilər. Getdilər.

Neynəməli! Necə deyərlər, insan öz başının üstündən atıla bilməz. Düşdüm hay-həşirə.

Rayona zəng edib təcili evlənmək qərarına gəldiyimi bildirəndə, bir az atam narazılıq etdi, bu nə qaçaqaçdı? – deyə soruşdu. Dedim, qaçaqaç da sözdürmü!? Qızın yüz istəyəni var, bir də gördün, biri qapdı, apardı. Sonra bunu ömrümdə özümə bağışlaya bilmərəm. Kişi bilmədi nə desin, söz xətrinə də olsa, bunuca dedi: qızı yüzü istər, biri alar. Dedim, həmin bir nəfər mən olmalıyam, həm də təcili olmalıyam, yaşamağımı istəyirsənsə, bu həftənin sonuna qədər olmalıyam! Kişinin bu yerdə sözü qurtardı, dedi, nə deyirəm, olmalısan, ol!

Təvazökarlıqdan uzaq olsa da, deməliyəm, altı günə bütün nikahqabağı işlərimi bitirdim, elçilərimi göndərdim. Vəfanın valideynlərinin və qardaşlarının razılığını aldım, toy gününü və məkanını təyin etdim, çağırılanı çağırdım… Bu minvalla altı günün tamamında səadət toyumuzu çaldırdım. Vəfanı verilən vədədən bir gün tez mənzilimə gətirdim.

İndi mənzilimizin qapısına yazmışıq “Vəfa Vəlisoy”. Bilmirəm, həmin ad və soyadın mənə aid olduğunu izah etməyə ehtiyac varmı?

Bu mesajı yazdım ki, yaxşı-yaxşı götür-qoy etmədən, xeyirxah niyyətlə olsa belə, heç kəsə zəng eləməyin. Ələlxüsus da, telefon açdığınız xanım adaşınızdırsa, belə işlərdə ehtiyatlı olun.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest