GenelGüncelKültür Sanat

Kırımın Sesi Qazetesi tanınmış Azərbaycan şairi  Fəxri Müslüm – 75 illik yubileyi münasıbəti ilə təbrik edir

Fəxri Müslüm – 75

Kırımın Sesi Qazetesi tanınmış Azərbaycan şairi  Fəxri Müslümü 75 illik yubileyi münasıbəti ilə təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edir!

Fəxri Müslüm
Fəxri Müslüm

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Tanrıya əl açmış ağac

Ayaqüstü ölmüş adamların
ayaqüstü,
ölüm ayağına kimi gəldiyi
sonuncu yollarına oxşar,
və bir də,
hələ qanı soyumamış,
əllərinə, qollarına oxşar,
əllərini, qollarını göyə tərəf,
salavat əvəzi Tanrıya açmış ağac.
Sanki hirsindən, qəzəbindən
yer üzündə baş verənlərə acımış,
acımış ağac.
Elə bil bilir,
bilir ki, adamlar,
biri-birinə, əl tutmağın yox,
əl açmağın vərdişində,
bekarçılıq gərdişində.
Qaçdılar, uzaqlaşdılar
Tanrıya dua etməkdən.
Və qaçdılar
Tanrı dağlarına tərəf getməkdən.
Bir də
salavat üstə
əl açmaqdan yol azdılar, vaz keçdilər.
gözləməyib qədərini, birdən-birə,
əllini-əlli, yüzü-yüz keçdilər.
Onu da bilir,
bilir ki, nankor adamlar, bədxah adamlar
Allahın inancını əllərində silaha çevirib,
məsum adamların başını, bədənini,
təkcə gülləylə yox,
dünya çarxında səhnələşdirilmiş
dəhrəağız qəmələrlə doğradılar, biçdilər.
Sən bu qədər gunahı
təmizə çıxarmağımı düşündün
əllərini, qollarını Tanrıya açmış ağac?!
Neçə illərin dərdinə,
qəminə acımış, acımış ağac.
Ayı ovundan, dönmək bilməyən,
ancaq bığları şübhə içində,
başı kəsik adam kimi,
başı kəsik,
başı kəsik ağac.
Böyründə-başında
ağaclar boy verib neçə arşın ucaldı göyə,
sən bu günahları
başsız çiynində daşıya-daşıya,
əllərini, qollarını sipər etdin göyə tərəf
biz başa düşmədiyimiz ağac dilində
Allah deyə-deyə, Tanrı deyə-deyə.
Nə yaxşı ki,
Bu Tanrının gecəsi var, gündüzü var
və bir də,
sarışın qızların sarışın saçlarına bənzər
qoluna, budağına dolaşan
və Ayın ay üzünə,
Günəşin günəş üzünə uzanan xəyalımın
Min illik, milyon illik yolları var.
Nə yaxşı ki…

Günün gün döyəni

Günün gün döyəni, gündən çatdayır,
Kölgələr tikanlı qanqala qalıb.
Min ildi od-ocaq çata-çat yanır,
İndi dörd ayaqlı manqala qalıb.

            ***

Elə, yalan olub palıd meşəsi,
Arxacda göbələk papaq oynadır.
Hələ bərkiməmiş calaq rişəsi,
Bijənək pöhrələr yarpaq oynadır.

            ***

Öləsən a boz qurd, öləsən səni,
Indi meydanında çaqqal ulaşır.
Didir bu milləti, didir vətəni,
Özü bilə-bilə,
Dırnağa dolaşır, dişə dolaşır.

            ***

Gülə bax, gözündə şehi güllənir,
Adam var görməz ki, zəhər axtarır.
Basarat bassa da, hərdən yellənir,
Kiminsə, yüyənni,
tutub, yarımağa, kəhər axtarır.

            ***

Zaman da sümük tək dirənc, boğaza,
Fürsət ara bağlı, umuda bağlı.
Harda güc çatmırsa, dilə, ağıza,
Biçimi qamçıya, əmuda bağlı.

            ***

Meh də əvvəlki döy, dəyişib biraz,
Gicirtkən adamtək, dalayıb keçir.
Əllərim səbrimə ilişib biraz,
Odun tək dərdimi qalayıb keçir.

            ***

Günün gün döyəni, gündən çatdayır,
Kölgələr tikanlı qanqala qalıb.
Min ildi od-ocaq çata-çat yanır,
Indi dörd ayaqlı manqala qalıb.

Dağlar incik düşüb

Dağlar incik düşüb, bulud yan keçir,
Solub güneylərin ağ-ağ çiçəyi.
Yaylaq qərib kimi, canımdan keçir,
Nə alaçıq çatmır, nə ağbirçəyi.

            ***

Dağın daldasında, çay qırağında,
Adna1 qazanları, qaynamır daha.
Əriyən qızların al yanağında,
Od-ocaq tüstüsü oynamır daha.

            ***

Dərələr sükuta qərq olub burda,
Çayların zümzümə, şərqi səsindən.
Qarğalar şəhərə daşınıb burdan,
Atılan top səsi, mərmi səsindən.

            ***

Alsına tutulub binə yerləri,
Arxacın, ahılın daşı göyərir.
Nə özü bəllidi, nə də sirləri,
Heykəl qayaların, qaşı göyərir.

            ***

Yollar da yoxuşa dirənib qalıb,
Cığırlar dolaşıq köçümdən belə.
Ümidlər içimdə girlənib qalıb,
Qarabağdan belə, Göyçəmdən belə.

            ***

Əsən meh sərhədsiz, duman sərhədsiz.
Danüzündən keçir, yaylımdan keçir.
Dünya alt-üst kimi, zaman sərhədsiz,
Quru arx yeri tək, alnımdan keçir.

            ***

Dərd oğuz ölüsü, məzar yeri dar,
Içimdə, çölümdə qazıya bildim.
Bu qəmin-sovun da, bazar yeri dar,
Gəlir-çıxarını,
Bir qara qələmə, yazıya bildim.

            ***

Dağlar incik düşüb, bulud yan keçir,
Solub güneylərin ağ-ağ çiçəyi.
Yaylaq qərib kimi, canımdan keçir,
Nə alaçıq çatmır, nə ağbirçəyi.

Göynədim

Gumul-gumul gumuldanan türkümün,
Fəryadına, naləsinə göynədim.
İt-bat olmuş, qərib qalmış elatın,
Daşı düşmüş qalasına göynədim.

            ***

Dərd canlı döy, çıxıb gedə, köç edə,
Ayaq bağlı, zaman bağlı köçə də,
Düyün düşüb, zəncirlənib iç-içə,
Acısına, bəlasına göynədim.

            ***

Məni məndən ora-bura salan kim,
Haqlısı kim, haqsızı kim, yalan kim,
Birim şəhid, birim qazi, yalan kim,
Təkayağın, yallısına göynədim.

            ***

Sinirlərim oyum-oyum, oylanar,
Şeşpər kimi, bir ox kimi, yaylanar,
Qurdağızlı qayalarda qıylanar,
Qövsvari haləsinə göynədim.

            ***

Dağlara bax, zirvəyə bax, lal düşüb,
Yamacların yaxasına xal düşüb,
Üzübəri, cığır sınıb, yol, düşüb,
Meşəsinin talasına göynədim

            ***

Gumul-gumul gumuldanan türkümün,
Fəryadına, naləsinə göynədim.
İt-bat olmuş, qərib qalmış elatın,
Daşı düşmüş qalasına göynədim.

Sıxılır

Torbalanıb, qarınlanıb buludlar,
Yerlə göyün yörəsində sıxılır.
Gün döydükcə, şeh utanır, allanır,
Gül-çiçəyin şirəsində sıxılır.

            ***

Bir-birinə kürəklənən, dağa bax,
Zirvəsində çalmasına, ağa bax,
Göy hamilə, göy yetişib, yağa, bax,
Çeşmə-çeşmə, dərəsində sıxılır.

            ***

Kür daşdıqca, qıraq-bucaq əriyir,
Elə bil ki, dərd-azarı kürüyür,
Günaltında,
Çuxur-çuxur, suyun gözü səyriyir,
Balıq torda, bərəsində sıxılır.

            ***

Hərdən külək üz çevirir, yan qaçır,
Andır qalmış, bər-bənizdən qan qaçır,
Gecə susur, şər aldadır, dan, qaçır,
Nəfəs çaşıb, kürəsində sıxılır.

            ***

Eləsi var, söz oynadır, söz tutur,
Onun-bunun şöhrətinə göz tutur,
Yan-yörə də, işıq tutur, köz tutur,
Qonum-qonşu, namazında, surəsində sıxılır.

            ***

Torbalanıb, qarınlanıb buludlar,
Yerlə göyün yörəsində sıxılır.
Gün döydükcə, şeh utanır, allanır,
Gül-çiçəyin şirəsində sıxılır.

  
Gəzər

Ayın ay altında kölgəsi gəzər,
Ayın ay altında mələyi gəzər.
Ağaclar bir qarış boy verər göyə,
Yarpağı meh tutar, küləyi gəzər.

            ***

Ayın ay altında güllələr sarı,
Mərmidən dağılmış pillələr sarı,
Bir uşaq yayınar, güllədən sarı,
İçində umudu, diləyi gəzər.

            ***

Beləcə Ay doğar, gecəsi keçər,
Beləcə şər vaxtı, şər səni biçər,
Gecədən-gecəyə,
Daşınar fikirlər, xəyallar köçər,
Səni öz içində ələyib, gəzər.

            ***

Zaman yamaq-yamaq nimdaş kimidi,
Sənə dəyib keçən bir daş kimidi,
İçində başqa bir, yaddaş kimi di,
Səni bükələyib, bələyib, gəzər.

            ***

Hələ bu dünyanın Ayı tərsinə,
Baharı tərsinə, yayı tərsinə,
Oylanar oy boyu, oyu, tərsinə,
Türkü burunlayıb, dil əyib gəzər.

            ***

Ayın ay altında kölgəsi gəzər,
Ayın ay altında mələyi gəzər.
Ağaclar bir qarış boy verər göyə,
Yarpağı meh tutar, küləyi gəzər.

On beş temmuz gecəsi

On beş temmuz gecəsi
qara atlı buludlar,
qara kəlağayı buludlar,
Ulu Türkün başının üstünü almışdı
qanlar, qadalar qaralmışdı.
Şəhər evlərinin divarları çat vermişdi
qara xaçın cizgilərindən, haşiyələrindən.
Dünya biganəydi,
dünya susmuşdu, lal idi,
sinirlər tarım çəkilmişdi, ürəklər xal-xal idi
On beş temmuz gecəsi.
Yayın cırhacırında,
bumbuz qan axırdı insanların sinəsindən,
İçəcəkləri
bir bardaq su yerinə.
Soy kökü bilinməyən qara məliklər,
köpək səlahəddinlər soxulmuşdu
Türk ordusunun içinə.
Fırlatmışdı
Özü kimi yaramazları öz nəfinə, öz girinə.
Sonra da,
xaincəsinə çıxmışdılar
ulu bir xalqı güllə-boran biçininə, tank biçininə
on beş temmuz gecəsi.
O gecə əllərim üzümdə çat verib, çatılmışdı,
yaylaq nehrəsinin çatıl ağacları kimi,
gözlərim televizor ekranında gecənin acısını,
ciyərim damağımdakı siqarın tüstüsünü sökürdü.
Kəsilmişdi,
al bayraq boyunca uzanan,
Türkün için-için oxuduğu şərqi səsi,
on beş temmuz gecəsi.
Türk xalqı ayağa qalxmışdı evbəev,
hayqırırdı, dirilik üçün, birlik üçün
nə mutluyam türkəm deyənə.
İşə bax, o gecə,
dönmüşdü yer tərsinə, göy tərsinə.
Tanrı da çəkilmişdi
Tanrı dağlarının arxasına,
səmanın dərinliyinə, səmanın yaxasına
on beş temmuz gecəsi.
Petiqulu da
əməllərini seyr edirdi, bittə-bittə,
həzz alırdı qitədən-qitəyə,
özü gəlmirdi yedəyə.
Ancaq, arzuları,
səksən milyonluq
Türk xalqına hesablanmadığından
gözündə qaldı, çin olammadı.
Yelkənsiz gəmi kimi
qələbəsənin sahillərinə lövbər salıb,
yön alammadı,
onbeş temmuz gecəsi.
Bosniya, bayırbucaq, kərkük, mosul
Türklərinin müdafiəsi əvəzinə
gəncinə, qocasına, qadınına, kişisinə
və yaşına baxmadan
Göydən güllə yağırdı türk xalqının başına,
on beş temmuz gecəsi.
Hələ bir köpəkoğlu batıra bilməyib,
Batırmağa qeyrəti yox bu səsi, türküm mənim.
Sən yenidən var oldun,
yenidən doğuldun türküm mənim
xaqanlığın,
dalğalanan al bayrağının qanadlarında
on beş temmuz gecəsi.
Canımızda
diriliyin də, birliyin də,
Göy Tanrıya inancların, andların da
qan yaddaşmızı təzələdi, yenilədi birər-birər,
ulum mənim, türküm mənim
on beş,
on beş temmuz gecəsi.

Aşıq Ədalət Nəsibova

Yaman kövtək idi vurduğun güllər,
Andır ovqatımın, axarı çəkdi.
Ovdu məni məndə, o beçə tellər,
Bir canın canımdan çıxarı, çəkdi.

            ***

Yamacın şehinə bələnib öldüm,
Ruhum göy qurşağı, Göy işığıydı.
Özüm öz içimdə ələnib öldüm,
Danüzüm qibləsi, Ay, işığıydı.

            ***

“Yanıq Kərəmi”yə verdiyin giriş,
Sənin öz ömürün, öz dünyan idi.
Sökdün, köşə-köşə, lap kiriş-kiriş,
Mənim kürəyimdə iz qoyan idi.

            ***

Dərdi, xırda-xırda elə, dərirdin,
Adam gül bilirdi, çiçək bilirdi.
Xatirələr yun tək, çözüb, sərirdin,
Önündə, kipriyi nəm tutmuş Çiçək, bilirdi.

            ***

Göydə ağ buludlar ağdan keçirdi,
Sinəmdə çal-çarpaz ağrılar ağ-ağ.
Hər ayaq keçidin, dağdan keçirdi,
Hər ayaq keçidin, içimdə dağ-dağ.

            ***

Bu dəfə başqaydı günün havası,
Bu dəfə yer göyün, elçi daşıydı.
Bu dəfə hər için, ahı, naləsi,
Dəyirman daşıydı, ölçü daşıydı.

            ***

Bu qan da, yaddaş da, tutiyə kimi,
Çəkirdi uzağa, yaxına bizi.
Barmaqlar gəzdikcə, hər teli, simi,
Salırdı kəməndə, oxuna bizi.

            ***

Hərdən orta simdə, çaşırtdın bizi,
Yaddaş təzələndi, söz təzələndi.
Neçə aşacaqdan aşırtdın bizi,
Küləkdən, mehindən üz təzələndi.

            ***

Yaman kövtək idi vurduğun güllər,
Andır ovqatımın, axarı çəkdi.
Ovdu məni məndə, o beçə tellər,
Bir canın canımdan çıxarı, çəkdi.

Bu da, bir ovqatdı

Üzbəüz bir evdən səsə bezmişəm,
Sanki toy evidi, haylı-haraylı.
Yazı-pozudan da, əli üzmüşəm,
Nə qoşma alınır, nə də gəraylı.

            ***

Zalımın gecəsi, gündüzü birdi,
Hər ütük mahnılar sinənə tirdi,
Yada-yaddaşına bəla gətirdi,
Çalınar beynində dəfi, qavalı.

            ***

Başının üstündə duman yallıda,
Tutulub küləyə, saman, yallıda,
Bilmir ki, içimdə zaman, yallıda,
Qaytarar, fırladar, bir qırıq valı.

            ***

Hər ritmin işığı göz qırpa-qırpa,
Divardan-divara iz çırpa-çırpa,
Özü də, arada yüz çırpa-çırpa,
Həzz alar, boynunda şəri, bavalı.

            ***

Dan üzü gözlərdə diri hallanar,
Süzülər, süstləşər, kiprik sallanar,
Sənə elə gələr, yuxu, ballanar,
Dolaşar canın da, halı-əhvalı.

            ***

Meydi-meyxanadı, gecən kor qalar,
O boyda meyindən bircə yar qalar,
Beləcə, ovqatın dərbədər qalar,
Gəzərsən dəli tək, başın havalı.

            ***

Üzbəüz bir evdən səsə bezmişəm,
Sanki toy evidi, haylı-haraylı.
Yazı-pozudan da, əli üzmüşəm,
Nə qoşma alınır, nə də gəraylı.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest