Kırım şeirləri – Sabir Rüstəmxanlı
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Kırım şeirləri
Yetim adlar
Göylərə sancılan minarələrdən
Gecələr qapqara bayraqlar kimi
asılır ruhların səssiz fəryadı.
Bu lal harayların intiqamından
xəbərsiz şəhərlər, qorxusuz kəndlər
Bir yadlıq içində qıvrılıb yatır…
***
Qıvrılıb qovrulur öz axarında
dağların qəzəbli uçan suları.
Qayalar köksünü verib qaytarır
Dəniz taleyindən qaçan suları.
***
Uçuq Qız Qalası xəlvətə salıb
Sudağ* qalasından atılmaq istər.
Yaş tökər daşları boş qalaların,
Əriyib bu dərddən qurtulmaq istər…
***
Adına qısılıb dincələr bir az
Burda Qaradağlar, Soyuqbulaqlar,*
Burda Göytəpələr, Bağçasaraylar,*…
Kimsəsiz məzarlar üzü göylərə
Çöllərdən bir dəstə çiçək haraylar…
***
Mənə tanış kimi baxdı bu bulaq,
Hələ göz yaşları sellənəcəkdir.
Ağaclar boynumu qucaqlayacaq,
Qəlbi yarpaq-yarpaq tellənəcəkdir.
***
Saralmış otların ətrindən huşsuz
Mənəm,
ulduzların altında yatan.
Torpaq da üzünü sürtür üzümə,
Məst olub uyuyur bu doğmalıqdan!
***
Başımın üstündə ağlar buludlar,
Başımın üstündə səssiz fəryadlar…
Gecələr yuxuma girib dəstəylə
Köməyə çağırır bu yetim adlar.
***
Mən hansı qayaya sıxım köksümü,
Mən hansı işığı yandıracağam?!
Darağdaş altında bir cır armudun
Titrək barmağında sarı yarpağam…
***
Ya qara bayrağam elə özüm də,
O boş minarədən asılıb qalan,
Ruhlartək,
qəmini duyan olmayan,
Nə soruşa bilən, nə cavab alan…
10 sentyabr, 1980. Kırım, Göytəpə
Mənə toxunma
Bu qürub çağında mənə toxunma,
Qayıt get,
Getdiyin yollar tanışdı.
Qayıt get, qoy görüm saralmış otlar,
Qurumuş çiçəklər nədən danışır.
***
Bir də bu ümidə umsunma, tamam,
Get, ayrı əllərdən nəvaziş ara.
Bu torpaq üstündə sənə sarılsam,
Torpaq da od tutub məni yandırar…
***
Baş vursam köksünün cüt dalğasına,
Dalğalı dənizə mən yad olaram.
İsti nəfəsinə uyuyaramsa,
İsti ocağımda unudularam!
***
Üstümdən bir axşam küləyi əsə,
Yalan pıçıltılar olmasa, nə qəm.
Üzümü üzünə söykəməkdənsə,
Bu qara daşlara sürtmək istərəm.
***
Doğmadı meşədən dalğalanan səs,
Quşlar da bir tanış havayla dinir.
Sənintək yüz gözəl danışa bilməz
Bir tənha cığırın qəm tarixini…
***
Köksümə sıxılıb bir mamırlı daş,
Üzümə saçıntək toxunur duman.
Dağ çayı dinirsə, sən dinmə, yavaş,
Yüz sirrə yol açır danışığından.
***
Günün batan çağı bir ağlar neyəm,
Özümü özümə göstəribdi gün.
Torpaqdan bozarmaq öyrənməliyəm,
Sinəmdə yad güllər bitirməməkçün…
18 sentyabr, 1980
Göytəpə,
Krımda yemşan ağacı
Meyvələrin damla-damla qızıl qan,
Yarpaqların tökülübdür qızıldan.
Bu çöllərdə səni qəmli görəndə
Mənim qəlbim gizli-gizli sızıldar.
***
Görkəmindən qüssə yağır, qəm yağır,
Kölgən doğma bir yolçuyçün darıxır.
Xəyalımı zirvələrdən aşırdı
Məchulluğa varıb gedən o cığır…
***
Başım üstə bulud idi hər tağın,
Doğma dildə danışırdı yarpağın.
Mən də elə yalqız ağac kimiyəm,
Biz ikimiz bir kədərə ortağıq…
21 sentyabr, 1980
Göytəpə
Kəsilməz laylalar
Qəmli vadilərin ağ dümanları
Bir ana həsrəti pıçıldar mənə.
Pıçıldar gözümdən yaş gələnədək,
Qəlbim tel-tel olub nazilənədək…
***
O duman altında tənha bir ocaq,
Laylası keçmişə calanan beşik.
O layla min ildir yaşayır, ancaq
Vida kəlməsini eşitməmişik…
***
O cavan anamın ağappaq saçı,
Ağappaq laylası, ağappaq südü.
O ağ laylaların ağ qanadından
Qopan bir lələyin işığı kimi
Taledən gəlibdi mənim öyüdüm…
22 sentyabr, 1980
Göytəpə
Dənizdən ayrılan qızın mahnısı
Bir də səni görərəmmi.
Sularına girərəmmi?
Sahildəki tək qayanı
Qu balıncım bilərəmmi?
Gözündəki maviliyi
Yığarammı gözlərimə?
Ağ köpüklü dalğaların
Sıxılarmı ağ sinəmə?
Yurdum dənizlərdən uzaq,
Öpdüm duzlu dodağını.
Səhər axşam yanağına
Çox söykədim yanağımı.
Günəşindən qaralmışam,
Sənsə üzü ağlıqla qal.
Sağlıqla qal, gözüm dəniz,
Sağlıqla qal!
***
Nə qumuna qızırğandın,
Nə «sırğalıq» daşlarına.
Mənə mahnı oxutdurdun –
Qonaqsevər quşlarına.
Mavi körfəz, Zümrüd körfəz,
Şah körfəzi, tənha körfəz,
İzlərimi sahilindən
Necə yığıb aparım bəs?
Gecə-gündüz oyundasan,
Daim belə şuxluqla qal.
Sağlıqla qal, gözüm dəniz,
Sağlıqla qal!
***
Bundan sonra sinən kimi
Genişlənər yuxularım.
Bundan sonra rəngin kimi
Maviləşər duyğularım.
İki damlan gözlərimdə,
İki dalğan sinəmdədir.
Bir oğluna könül verib,
Atəşimi sən əm! – dedim.
Görkəmindən gözüm doymaz,
Sənsə gözü toxluqla qal.
Sağlıqla qal, gözüm dəniz,
Sağlıqla qal!
22 sentyabr, 1980
Göytəpə
Səsini itirmiş dəniz
Yuxuda gördüm ki,
nəhəng bir dənizəm,
gündoğandan günbatana sərili.
Əsəblərim üfüqdə gərilib.
Bozarmış qayaların
qabarıram üzünə.
Ütü çəkirəm
Gəmilərin izinə.
Dalğalarım kükrəyir
dağların yaxasına
Yetişməyir əllərim.
Qəzəbimdən titrəyir
qəfəsim – sahillərim.
Hayqırıram, hayqırıram,
çıxmır ki, çıxmır səsim.
İçimə düşüb qalır
eşidilmək həvəsim!
Gözü alacalanıb
heyrətli balıqların.
Yaş tökür səssiz-səssiz
yosunlardan toxunmuş
yamyaşıl «bayraqlarım».
Qəmli buludlar axır,
axıb gedir göyümdən,
Özüm də heyrətdəyəm
belə səssizliyimdən.
…Yuxuda gördüm ki,
qayalar uçulub töküləcək,
Sahillər geri çəkiləcək –
Səsimi çıxarantək!
Hər şey bir himə bənddi.
Dünyanın taleyi də
mənim səsimə bənddi!
Bir inam gecə-gündüz
körükləyir köksümü.
Gəzirəm yer üzündə
itirdiyim səsimi!..
23 sentyabr, 1980