GenelGüncel

Kənddə bir gün

Nazim Əhmədli /Kırımın sesi qazetesi – Azərbaycan təmsilcisi

Elçin Hüseynbəyli

               Kənddə bir gün

                        (hekayə)

…Onda hiss elədi ki, ürəyi şiddətlə döyünməyə başladı…

-Günbatar!? –deyə çopursifət sürücü kəndin adını eşidəndə təəccübləndi, – indi orda heç kim yoxdu. Ora heç maşın da getmir.

-Necə yəni? – Bu dəfə təəccüb növbəsi ona çatdı. –  Dağlıq yer olsa da, kənd məşhurdu, 300-dən çox təsərrüfatı vardı. Ola bilməz ki, yerində heç nə qalmasın.

-Mən bildiyimə görə orda heç kim yaşamır, -sürücü təkrar elədi, – su yoxdu.

-Bəs Əyriçay?

-Deyirlər ki, çay da quruyub. Hansısa bir məmur, yekələrdən dağın başında – kənddən yuxarı yekə bir ev tikib, çayın ağzını kəsib, həyətində özünə baseyn (hovuz) quraşdırıb, suyu ora vurur, qalan su isə dağın o üzünə, onun təsərrüfatına axıdılır. Çoxlu qoyun sürüsü var.

-Təəccübdən gözləri bərəldi:

-Necə yəni!? Bəs adamlar, bəs hökümət!?

-Adamlar neyləsin, hökümət neyləsin, gərək adamın özündə, üzündə həya ola.

Az qala arvadlar kimi deyindi:

– Necə yəni neyləsin!? Allah sən saxla! O yekəlikdə kənd…

***

…Bakıya səhər tezdən çatdı. Qatarla iki sutka yarım yol gəlmişdi. Qatarları xoşlayırdı. Dolanbac yollarda, qatar təkərlərinin taqqıltısında qəribə ritm vardı, ürək kimi döyünürdü. Doğma yurddan iyirmi doqquz il əvvəl çıxmışdı. Yeni hökumətin üzünə ağ olduğuna görə. Özü də elə belə çıxmamışdı, başını götürüb qaçmışdı.

Şəhərə düşən kimi bir doğmalıq hiss elədi, vətənin qoxusu onu vurdu, sakitləşdi. Bir azdan bu hiss şəhərin öz hisində, hay-küyündə, asfaltın iyində yoxa çıxdı. Onun doğma yurdu ordaydı,  ölkənin düz çıxışında, sərhəddə, meşələrin arasında, dağın ətəyində. Ürəyi uçundu, ora tələsdi. Yaşıl ormanlar onu çağırırdı.

Ona görə də paytaxtda ləngimədi. Avtovağzala gəldi və qarşısına çıxan taksiyə oturub rayon mərkəzinə gəldi.

-Hara gedəcəksiniz? –sürücü soruşdu.

-Evə.

-Hm, -taksi sürücüsü evi tanıyırmış kimi mızıldandı.

-Bəs ev hardadı? -deyə handan-hana xəbər aldı.

-Günbatarda.

Bayaqkı dialoq da o zaman başladı.

Günbatar kəndlərinin adıydı. O yaxşı bilirdi ki, indi zəmanə dəyişib. İnsanlar rahat həyata can atırlar. Susuzluqdan və yolsuzluqdan əziyyət çəkən kənddə kim qalmaq istəyər ki. Hər yerdə beləydi: uzun illərlə yaşadığı Rusiyada da, elə Amerikanın özündə də…

Taksi sürücüsü onu da dedi ki,  sonuncu dəfə ora iki il öncə gedib. Kənddə qalan bir qarının oğlunu aparıb.

-Camaatın əksəriyyəti rayon mərkəzinə, yol qırağına köçüb, babat imkanı olanlar isə Bakıdadır. Mənim özümün də Bakıda evim var. Oğlum alıb, – deyə sürücü əlavə elədi.

O, yaxınlarının öldüyünü çoxdan blirdi, Rusiyaya gələn dost-tanışdan öyrənmişdi, amma hökumətin qorxusundan kəndə qayıda bilməmişdi. Qorxmuşdu ki, kohnə əməllərinə görə ondan haqq-hesab soruşalar. Amma indi sakitlik idi. Qiyamçılar da, onları məğlub edən hökumət də əl-ələ verib işləyirdilər. Umu-küsülər, elə onun özü də yaddan çıxmışdı. Hamı kimi onu da bağışlamışdılar…

Telefon da yoxuydu ki, kəndə zəng edə. Kim idi dağ kəndinə telefon çəkən. Bununla belə vətən həsrəti onu dartırdı. O, doğma sifətlər, doğma danışıqlar və söhbətlər üçün darıxırdı.

Həyat yoldaşı tatarkaydı. Uşaqları böyüyəndən sonra hərəsi bir tərəfə getmişdi. Arvadı da bu dərdə dözməyib ölmüşdü. Həkim elə belə də demişdi: “Bağrı çatlayıb.” İndi uzaq bir məmləkətdə onu saxlayan heç nə yox idi. Ətraf da, qəlbi də bomboşuydu. Ona elə gəlirdi ki, bu boşluğu yalnız doğma yurdu doldura bilər.

Rayona çatanda taksi sürücüsü dedi ki, indi axşamdı, istəsə onlara qonaq olar, istəməsə, yaxınlıqdakı istirahət mərkəzləzindən birinə aparar:

-Yeri də yaxşıdı: dağətəyi, sərin, qiyməti də münasib. Mənim müştərilərimin çoxu ora düşür.

Taksi sürücüsü onu da əlavə elədi ki, onu kəndə kimi yox, ora beş-altı kilometr qalmışa kimi apara bilər. “Niva”da. Amma sabah tezdən çıxmaq lazımdı. Yollar bərbad gündədi. Azı beş saat yol gedəcəklər. Qayıdanbaş gecəyə düşə bilər. Ancaq onu qoyub geri qayıtsa, qaranlıq düşənə kimi mərkəzə çatar.

-Sizə də məsləhət görmürəm ki, ora gedəsiniz. Tək-tənha orda neyləyəcəksiz…

-Bircə günlüyə də olsa, getməliyəm. Oraları görməsəm, rahat ölə bilmərəm.

-Qorxuram ki, oraları görəndən sonra nəinki rahat, əksinə narahat öləsiniz, məəllim, -sürücü zarafata salıb belə dedi. Amma o, heç bir cavab vermədi. Sürücü də susdu.

…Taksi sürücüsü haqlıydı. Yollar, doğrudan da pis gündəydi. Yolun bir neçə yerini sel yumuşdu. Ona görə də sürücü düşüb çalaları doldururdu ki, maşın keçə bilsin. Bir yerə çatanda maşın dayandı.

-Çatdıq, -sürücü dedi, burdan o tərəfə yolu tut get. Yol özü səni aparar. Beş-altı kilometr ola-olmaya.

-Mən bu yolları yaxşı tanıyıram. Sən heç narahat olma. Deyilən vaxt gəlib məni apararsan.

Taksi uzaqlaşandan sonra Vələs ağacından bir budaq qopardı, yarpaqlarını təmizlədi, çantasını çiyninə atıb yola düzəldi. Ağacı bərayi – ehtiyat götürdü. Nə bilmək olardı: ətraf meşə və kimsəsiz. Ağac həm də onun yol yoldaşı olacaqdı. Elə axıra qədər də ona dayana-dayana getdi.

Meşə tamam səssiz idi. Sanki burdakı canlılar ölmüşdülər. Amma bir azdan sakitliyin içindən dolaşaların, zağcaların, kol quşlarının səsi eşidilməyə başladı. Meşə adamın hənirtisini duyanda susmuş, amma gələn qonaqdan heç bir təhlükə olmadığını görüb danışmağa başlamışdı.

Bir az yol getmişdi ki, ot basmış cığırda mal təzəyi gördü. Deməli, buralarda mal-heyvan dolaşır, ona görə də çətin ki, qurd-quş olsun. Rahatlandı…

Bir talaya çıxdı. Talada çiyələk bitmişdi. Xırda olsalar da, şirin idilər. Dadmasa da bilirdi ki, belədi. Bununla belə, yemiş tamı verən çiyələkdən dənləyib ovcuna yığdı, yığa-yığa bir-ikisini də ağzına atdı. O, ləngimək istəmirdi. Tezliklə kəndə çatmaq, həyətlərində dincini almaq istəyirdi.

Talanın üstündən o tərəfdə geniş və aydın səma görünürdü. Göy üzündə bir quş süzürdü. Yaxşı ayırd edı bilmədi: ya qartal idi, ya da ley. Leydən zəhləsi gedirdi. Uşaqlıqda onları o qədər daşlamışdı ki: cücələri apardıqlarına görə. Harda gördü bu iri gözlü, sarı rəngli quşları daşlayırdı. Onlar nədənsə işıq dirəklərinə, elektrik qüllələrinə qonmağı və ətrafı süzməyi sevirdilər. Canlılara yuxarıdan aşağı baxmaq onların xislətindəydi. O isə atdığı daşlarla bu iyrənc quşların rahatlığına haram qatırdı. Hətta civirdən yay, cildən ox düzəltmiş, oxun ucuna iynə taxmışdı. Ona elə gəlirdi ki, atdığı oxla həmin quşları vura bilər. Ay vurdu ha, oxlar beş-altı metr göyə qalxandan sonra yerə düşürdü…

Uşaqlıq ixtiralarına gülümsündü. Hətta araba təkərlərindən velosiped, taxtadan və çəpər simindən tar düzəltmək istəyi də ona əl çatmaz və gülməli göründü…

Bir azdan meşədən çıxdı. Qarşısında kolluqlar, kolluğun o üzündə isə kəndləriydi. Ürəyi atlandı. Kəndin havasını ciyərlərinə çəkdi, sinəsi açıldı. 

Yolun üstündəki ziyarətgaha çatdı. Bir tərəfi uçmuşdu. Bir zamanlar insanların pənah apardığı türbənin özünün adamların pənahına ehtiyacı vardı. İstədi içəri girsin, amma qorxdu. İlandan qorxdu…

Kəndin girəcəyində iri qoz ağacı vardı və olduğu kimi də dururdu. Yalnız bir-iki budağı qurumuşdu. Onun kölgəsində oturub, dincini aldı, özüylə götürdüyü sudan bir az içib yanğısını söndürdü. Amma su isinmişdi deyə, lığ tamı verirdi. “Bulaq görən durur?” ürəyində fikirləşdi. “Çay quruyub, aydındı, bəs bulaq?”

Bir zamanlar o da başqa uşaqlar kimi ağacların başına öz adını yazırdı. Amma qoz ağacına adını yazıb-yazmadığını bilmirdi. Yazmışdısa da, yəqin, yeri itmişdi.

Aşağıdakı dərədən  bir zamanlar Əyriçay axırdı. Orda o qədər çimmişdi ki…Daşların arasından o qədər balıq tutmuşdu ki. Amma başına gələn bir hadisə əllə balıq tutmağı ona tərgitdi, daşın altından balıq əvəzinə, yekə qara ilan çıxartdı. Bir müddət əlində bərk-bərk  tutduğu ilana key kimi baxdı. İlan sanki yuxuluydu. Başı o tərəf-bu tərəfə əyilirdi. Uşaqların çığırtısı hər ikisini ayıltdı. İlan qıvrıldı və o, ilanı dəli kimi uşaqların üstünə atdı və elə o sürətlə də sudan çıxdı. Odu-budu əlini daşın altına salmaz.

Bu da məscid, köhnə məktəb. Hamısı uçmuşdu. Məscidin qabağındakı yekə tut ağacı qurumuşdu.

Kərpic hasarın dibində çömbəltmə oturan qocaları xatırladı. Qocalar saatlarla burda oturub çubuqlarını tüsdülədərdilər. Yorulanda isə ayağa qalxıb çomaqlarına söykənərdilər. Onlar o qədər qocaydlar ki, nə dişləri vardı, nə də qulaqları. Qulaqları tutulmuşdu. Külək əsəndə əski parçası kimi yellənirdilər. Qocalar eşitməsələr də, bir-birilərini anlayırdılar. Nə demək istədiklərini dodaqlarının tərpənişindən duyurdular. Bəlkə də hərəsi öz dərdini, arzusunu pıçıldayırdı, özü üçün danışırdı, keçmişi ələk-vələk eləyirdi. “Hanı mənim uşaqlığım?” deyə öz-özünə suallar verirdi…

Amma ona öz evləri lazım idi. Dağın döşündə bir zamanlar qonaq-qaralı olan aynabəndli evləri. Aşağıdan baxanda evləri yaxşı görünmürdü. Ona görə də ot basmış cığırla tövşüyə-tövşüyə yuxarı qalxırdı. Evlərinin qoxusunu almaq istəyirdi, amma vağanımış otun ətrindən başqa heç nə hiss eləmirdi. Ürəyi çırpındı. Deməli, evləri ölüb. Ölməsəydi, mütləq onun qoxusunu alar və özləri də ona cavab verərdilər…

Nəhayət, bu da o: şüşələri qırıq-qırıq olmuş ev. Görkəmi miskin və ürək ağrıdan. Amma bu, onun vecinə deyildi. Əsas oydu ki, evlərindəydi. Həyətində oynadığı, eyvanında iməklədiyi doğma evlərində. Ev hələ tam ölməmişdi.

Evin taxtadan olan pilləkəni və eyvanı çürümüşdü. Eyvan uçmasın deyə altına dirək vurmuşdular. Amma dirək də çürümüşdü. İstədi ayağını pilləkənə qoysun, pilləkənin taxtası batdı. Pillələr qovaqdan yığılmışdı. O, zaman meşəyə girməyə, ağac kəsməyə icazə vermirdilər. Ona görə də atası məcbur olub həyətlərini dövrələyən qovaq ağaclarını kəsib, “piloramaya” doğranmağa vermişdi. Qovaq ağacı da tez çürüyən şeydi.

Evin birinci mərtəbəsinə girdi. Hər tərəf nəm qoxuyurdu. Hörümçəklər burda balıqçılar kimi, öz torlarını qurmuşdular.

Eyvana arxa tərəfdən qalxdı. Ev öz arxasını yamaca söykəmişdi. Ayağını qaldırıb laxlayan məhəccərin üstündən bir təhər adladı və uzaqlara göz gəzdirdi, xarabalığa çevrilmiş kəndə baxdı, ürəyi döyündü. Bir az aralıda futbol meydançasıydı. Orda o qədər top qovalamışdı ki… Amma meydan nə gəzirdi? Əyriçay hardaydı? Çayın yerində çaylaq qaralırdı. Bəzi yerləri nəm idi. Yəqin selin iziydi. Hər yer boş idi. Bir zamanlar adamlarla, mal-qarayla dolu, səs-küylü kənd indi yoxuydu. Onun təsəvvüründəki kənd itmişdi, yer üzündən silinmişdi. Bəlkə yer üzü də bir zaman yoxa çıxacaq? Əvvəlcə üşəndi, canından gizilti keçdi. Deməli, bir zaman gələcək o da olmayaca. Ümumən, heç nə olmayacaq. Özü də hiss eləmədən ağlamağa başladı, için-için. Ağladığını özü də bilmirdi, yalnız burnunun suyu dodaqlarından süzüləndə bunu anladı və gözlərini sildi. Amma göz yaşları öz-özünə axırdı. Sanki o ağlamırdı, amma göz yaşları süzülürdü.

Bir azdan sakitləşdi. Çünki niyə ağladığını bilmirdi. Daha, doğrusu dəqiqləşdirə bilmirdi: öz gününəmi ağlayırdı, kəndinəmi, taleyin acığınamı, itmiş keçmişəmi, qorxusundanmı? Həm də ona görə sakitləşdi ki, bəzi suallara elə ağlaya-ağlaya cavab tapmışdı. Heç nə əbədi deyil…Amma bu da tam həqiqət deyildi. Deməli, onu aldatmışdılar…Gələcək-filan yoxdu. Həyat da yoxdu. Əbədilik var…

Həyatında ilk dəfəydi ki, siqaret çəkmək istədi. Ömründə siqaret çəkməyən adam təmasa ehtiyac duydu, özü də siqaretlə…

Ağlına gəldi ki,  dərəyə enib, ağaclardan kəssin, heç olmasa pilləkənləri və eyvanı bərkitsin.

Birinci mərtəbəyə düşdü, Buradan heç zaman ev kimi istifadə eləməmişdilər. Əl damı kimi yararlanmışdılar. Ağzı pas atmış balta da, ondan da betər günə düşmüş yiyə də öz yerindəydi – taxçanın üstündə.

Ağac kəsmək fikrindən vaz keçdi, çünki buralara əl gəzdirməyin mənası yoxuydu. Bayquş deyil ki, tək-tənha burda yaşaya. Ömrünün axırına kimi yaşayardı, amma necə? O, təsəvvüründəki kəndə gəlmişdi. Təsəvvürü diri olsa da, gerçəklik ölüydü. Təzədən yuxarı qayıtdı. Oturub uzun-uzadı, sonuncu dəfə kəndə baxdı. Ürəyi yenə də sıxıldı. Sakitlikdən üşəndi. Yaxşı ki, hərdən cırcıramaların və qopub düşən quru budaqların, yarpaqların səsi gəlirdi. Ağlından keçdi ki, birdən ürəyi dözməz, elə buradaca yiyəsiz, tək-tənha ölər. Qorxdu. Halbuki, özü demişdi ki, kəndi bircə dəfə görsə, rahat ölə bilər…

Birdən gözlərində sevinc parladı. Bəlkə də bu sevinc hissindən çox, ümid idi. Aralıda böyürtkən kollqularının arasında nəsə tərpəndi. Gözlərini o səmtə zilləyib diqqətlə baxdı, amma heç nə görmədi. Gözlərini ovuşdurub təzədən baxdı. Bir azdan yenə də kollar tərpəndi. Fikrindən keçdi ki, yəqin küləkdir. Burda hiss olunmasa da, dərədə veyllənir. Amma yox, nəsə ağ-zolaqlı heyvandı. Diqqətlə baxanda gördü ki, bu, keçidir. Keçi talaya çıxdı, yanında da balası, sonra özü boyda biri. Güman ki, biri erkək, o birilərsə ana-balaydılar.  Ağ-qara keçilər əllərini kola qoyur və xırdaca dillərilə yarpaqları qoparırdılar. O, bunu dəqiq görməsə də, bilirdi… Deməli, yaşamağa dəyərdi. Həyat o fikirləşdiyi qədər də deyilmiş. Heç nə ölmür. Həyatı yaşadanlar var. Bəlkə elə bəşəriyyət öz ibtidailiyilə gözəldi. Öz qurd-quşuyla, ağacıyla, küləyiylə maraqlıdı. Qoy, o da olsun ibtidai adam…Sən demə, ən sədaqətli adamlar elə onlar imiş – ilklər. Bəşəriyyətin ilkləri. Milyon illər ərzində dünyanı ölməyə qoymayıblar, onu yaşadıblar. Amma Tanrının sirlərini bilməyə can atan adamlar öz əcdadlarının milyon illərlə qurduğu mətəni dağıdıblar…

Dərəyə düşdü. Bulaq yamacda, yaşıl kolların içərisindəydi. Bura xırdaca bir vadiydi. Bulağın gözü tutulmuşdu. Vən ağacından xırda bir budaq qoparıb, bulağın gözünü qurdaladı, sonra su çıxan yeri əlləriylə açdı, balaca çala düzəltdi. Bulanıq bulaq suyu çalaya dolduqdan sonra yamacdan dərəyə tərəf süzülməyə başladı. Bir azdan dupduru, sədəf kimi suya çevrildi. Çaladakı sudan ovuclayıb içdi. Buz kimi, sərin suydu. Çantasındakı suyu yerə boşaltdı və bulaqdan ovuc-ovuc doldurdu. Bulağı gözünü açandan görmüşdü. Babası demişdi ki, elə o da bulağı uşaqlıqdan xatırlayır. “Bəlkə də min ilin bulağıdı. Kim bilir…” Babası belə demişdi. Yamacda oturdu. Birdən ağlına gəldi ki, keçilərin yanına getsin. Onlar da canlıdılar, hənirlərini alar.

Keçilər onu görəndə hürkdülər. Görünür, onlar yad adamdan qorxmuşdular. Hürkəndə keçilərdən birinin boynundakı zınqırov cingildədi. Bu, ana keçiydi, əmcəkləri doluydu…

Keçilər, bəlkə də azmışdılar. Zınqırovundan bəlliydi ki, onun sahibi var. Amma kənd kimsəz idi. Bəlkə keçilər sürücü deyən qarının idi. Amma hardadı o qarı? Yuxarı qalxıb həyətləri bir-bir gəzdi…

Bura Dəmirçi Həsənin eviydi. Atları nallayardı, arabaların oxlarını yağlayardı, balta, dəhrə düzəldərdi. Onun qonşusunda bənna Mürvət idi. Bu evlərin çoxunu o tikmişdi.

Bura isə… Nə qədər fikirləşdisə ev sahibinin adını yadına sala bilmədi. O, qəbir qazan idi…Bəlkə qorxusundan xatırlamadı…

Kəndin ortasına çatdı. Bura Bağban Qəzənfərin eviydi. Həm qoruqçuydu, həm də bağban. Ağaclara o calaq vurardı. Evin həyətində odun qalağı vardı. Görünür, onu kimsə qış tədarükü üçün yığmışdı, amma çoxdandı ki, əl dəyilməmişdi. Üstünü toz-torpaq örtmüşdü. Evə göz gəzdirdi. Evin divarlarından keçi buynuzu asılmışdı, qapısı azca aralıydı. Başqa evlərə nisbətən bu ev tam sökülüb-dağılmamışdı. Ehtiyatla evə girdi, bir-iki dəfə öskürdü. Sonra “ehey, kmisə var?” deyə boşluğa səsləndi. Səs-səmir gəlmədi.

Arxa otağa keçdi. Yarıqaranlığa nəzər saldı. Və birdən… Gözlərinə inanmadı. Evin küncündəki çarpayıda kimsə uzanmışdı. Əti ürpəşdi. İstədi evdən çıxıb qaçsın, amma çarpayıdakı adam tərpəndi. “Lənət şeytana! Bismillah!” deyə öz-özünə pıçıldadı. Özünü ələ alıb yaxına gəldi. Bu həmən qarıydı, sürücünün dediyi. Qarının ağappaq saçları balışa yayılmışdı. Ona elə gəldi ki, qarı ölüb. Amma… bayaq tərpəndi axı. Burnuna kəsif qoxusu gəldi. Ürəyi bulandı. Pərdəni aralayıb, pəncərəni açdı. Pəncərə çərçivədən qopdu, rəzəli-zadlı yerə düşdü. İçəri işıqlandı. Bir az özünə gəldi.

Qarıya diqqətlə baxdı.

Qarının gözləri açıq və bulanıq idi. Özü isə xırıldayırdı. Başının üstündə kiminsə dayandığını hiss edən qarı boğula-boğula nəsə dedi. Qulağını yaxınlaşdırdı.

-Gəlmisən? –deyə qarı zəif səslə soruşdu.

Qarı, bəlkə bildir bura gələn oğlunu gözləyirmiş, ya bəlkə onu Əzraillə dəyişik salırmış.

-Gəlmişəm, -dedi və birdən ağlına gəldi ki, qarıya su versin. Stolun üstündəki bulanıq stəkanı götürüb yaxaladı, suyla doldurub qarıya verdi.

Qarı suyu qurtum-qurtum, həvəssiz içdi. Sanki onun heç nəyə ehtiyacı yoxuydu…Bəlkə də yeyib-içməyi tərgitmişdi, bəlkə də yaddaşı ölmüşdü. Suyun nə olduğunu bilmirdi. Sonra quru, qaxac əlləriylə onun su verən əllərinə toxundu, bir az özünə gələn kimi oldu.

O, qarını tanımırdı. Çünki belə bir insan görməmişdi. Gözləri də o qədər bulanıq idi ki, nə illah elədisə, tanıya bilmədi. Qəzənfər kişinin arvadı çoxdan ölmüşdü. Bəs bu kimiydi!? Bəlkə onun anasıydı? Qəzənfər kişinin anası vardı ki!? Yadına sala bilmədi… Bəlkə o bəşəriyyətin ilkinliyiylə sonu arasında bir körpüydü. Niyə belə fikirləşdiyini anlamadı, bu fikir qəfil ağlına gəldi…

Qarı barmaqlarını onun əllərində gəzdirdi. Sanki dirildi. Barmaqlar hərəkət etdikcə qarının istisi də artırdı. O bunu hiss edirdi, elə bil qanı durulurdu, damarlarından çay axırdı. 

-Sən Dünyamalısan, elə? –Qarı pıçıltıyla soruşdu.

Əvvəlcə nə cavab verəcəyini bilmədi. Çünki bu ad onun babasının adıydı. Görünür, qarı onu qanından, iyindən tanımışdı.

-Hə, Dünyamalıyam, – dedi.

Bir müddət sakitcə durdular. Bəlkə qarıya yeməyə nəsə versin. Özüylə götürdüyü çörəkdən, kolbasadan. Amma qarı onu yeyə bilməzdi. Bəs neyləsin? Ağlına gəldi ki, keçiləri tapıb, ana keçinin südünü sağsın. Bilirdi ki, bu elə də asan məsələ deyil. Amma başqa yolu da qalmamışdı. Qarıya heç nə demədən çölə çıxdı. Bayaqkı talaya gəldi. Hər yeri ələk-vələk elədi, amma onları tapmadı. Kor-peşman geri qayıtdı. Evə girəndə gözlərinə inanmadı. Keçilər qarının çarpayısının böyründə dayanmışdılar. Ana keçi nəm burnuyla qarını qoxulayırdı… Yad adamı görən kimi hər üçü özünü çölə atdı.

Onların dalınca qaçmağın mənası yoxuydu. Qarının yanına gəldi. Qarı yatmışdı.

Eyvana çıxıb qaralmaqda olan səmaya baxdı. Hardasa, lap uzaqlarda göy guruldayır, ildırım çaxırdı. Eyvandakı köhnə divana uzanıb keçmiş və gələcək haqda xeyli düşündü, aranı dağa, dağı arana daşıdı. Uşaqlarını fikirləşdi. İndi allah bilir hardaydılar. Uşaqlar onlara xəyanətləriylə birgə sevgilərini də aparmışdılar. “Ana övladlarını sevir, ata övladlarına rəhm edir.” Bu fikri hardasa oxumuşdu. Ona görə də uşaqların anası öldü. Sevgisizliyə tab gətrimədi. Çünki ana, yəni onun arvadı Fatimə sevgisini verməyə adam tapmadı. O isə uşaqlarını çoxdan bağışlamışdı. Çox düşünüb-daşındı. Hardasa uzaq məmləkətlərdə çırağı yananlara, bütöv ailələrə həsəd apardı. Onun yuvası dağılmışdı: həm orda, həm də burda. Sanki bunu indi dərk elədi. Tamam ümidsizləşdi. Filosofların həyat, insan və kainat barədə fikirlərini xatırladı, düşdüyü vəziyyətə haqq qazandırmaq istədi. Amma fikirləri o qədər qarışıq idi ki, yadında heç nə qalmırdı. Bir an əvvəl fikirləşdiyi bir an sonra yadından çıxırdı.

Mürgülədi və özü də bilmədən yuxuya getdi. Yuxuda uzun-uzadı dolanbaclar gördü. Sonu bilinməyən tunellə harasa qaçırdı. Deyəsən, lap sonda işıq vardı, amma yaxınlaşanda dalana dirənirdi…

Yuxudan öz səsinə oyandı. Yəqin sayıqlayırmış. Gün çoxdan çıxmışdı…

İlk ağlına gələn qarı oldu. O, yatan otağa keçdi. Qəribəydi, qarı qalxıb çarpayıda oturmuşdu. Bir dəri, bir sümük idi…

Nə edəcəyini bilmədi. İndi qarını qoyub gedə bilməzdi. Amma getməliydi axı. Sürücüylə danışdıqları vədə yaxınlaşırdı. Ora kimi azı bir saatlıq yol vardı.

Qarıya su verdi və dünənkindən fərqli olaraq, qarı suyu həvəslə içdi. Sonra gözlərini ona zillədi. 

…Qarı ona elə baxırdı ki, sanki getmə deyirdi və o, gedə bilmirdi. İstəyirdi desin ki, mənə elə baxma, sən elə baxanda gedə bilmirəm, amma deyə bilmirdi. Getməliydi axı. Burda qalmağın nə mənası? Bəlkə qarını da özüylə aparsın? Ancaq hara? Qarı getsəydi, iki il qabaq oğluyla gedərdi. Hətta aparsaydı da, qarı yolda ölərdi.

Qarı:

-Gedirsən?- deyə öləzimiş və ümidsizləşmiş gözlərilə, səssizcə  xəbər aldı.

O da səssizcə başını tərpətdi.

Qarı zəif bir hərəkətlə quru, qaxac  əlini çarpayıya dirədi, o biri əlini isə balışının altına salıb bir bükülü çıxartdı və ona uzatdı.

O, bükülünü açdı. Bu, iri sapfir qaşlı qızıl üzük idi.

– Məni orda, həyətdə, tut ağacının dibində basdırarsan…

Doğrudanmı qarı bu sözləri dedi? Bəlkə qulağına gəldi? Bəlkə kimsə kənardan pıçıldadı. Bəlkə bu, ölməkdə olan bəşəriyyətin səsiydi…Anlaya bilmədi…

Bəs ağac? Ağac hardaydı və indiyə kimi onu niyə görməyib?

Çölə çıxdı. Həyətdə, doğrudan da nəhəng, qollu-budaqlı tut ağacı vardı. Başını yuxarı qaldırıb, uzun-uzadı ona baxdı. Ağac çox möhtəşəm idi. Yarpaqları, elə bil kimisə çağırırdı. Ömründə belə əzəmətli və yaşıl ağac görməmişdi…

Telefonu çıxarıb, taksi sürücüsünün nömrəsini yığdı…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest