İsmayıl bəy Qaspralının əqidə və məslək dostu Hacı Səid Əfəndi Ünsizadə
Türk dünyasının fazillərindən biri-
İsmayıl bəy Qaspralının əqidə və məslək dostu Hacı Səid Əfəndi Ünsizadə (1842,Şamaxı-1903,İstanbul)
Azərbayanın məktəb və maarifçilik tarixində özünə şərəfli yer tutan, türk dünyası aydınları ilə geniş yaradıcılıq əlaqələri olan Azərbaycan ziyalılarından biri də əslən şamaxılı olan Səid Əfəndi Əbdürrəhman Əfəndi oğlu Ünsizadədir.
Ünsizadələr üç qardaş olmuşlar: Səid, Cəlaləddin və Kamal. Hər üç qardaş Azərbaycanın ədəbi fikir, pedaqoji və jurnalistika tarixində əhəmiyyətli və yadda qalan işlər görmüşlər . Ünsizadə qardaşları mükəmməl təhsil görmüş XIX əsr ziyalılarındandır. Onların atası Əbdürrəhman Əfəndi Şamaxının adlı-sanlı müdərrislərindən biri olmuşdur. O, XIX əsrin birinci yarısında qədim Şirvanın ədəbi məclislərində öz dəsti-xəti ilə seçilmiş, “Ünsi ” təxəllüsü ilə şeir yazmışdır. Sonralar Əbdürrəhman Əfəndinin oğlanları atasının takma adı ilə – “Ünsizadə” soyadı ilə tanınmışlar.
Böyük qardaş Səid Ünsizadə 1825-ci ildə Şamaxıda anadan olmuşdur. Burada atasından və şəhərin adlı-sanlı müəllim və müdərrislərindən yaxşı təhsil alan Səid elm dalınca dünya elminə dərindən yiyələnmək üçün Şərqin yüksək ali dini məktəblərində oxumağa gedir. Bəzi mənbələrdə onun Misirdə oxuduğu iddia edilsə də, bunu təsdiq edən heç bir sənəd yoxdur .
S.Ünsizadə təhsilini başa vurub, Şamaxıya qayıdır. O, burada məktəbdarlıq etməyi qərara alır, tezliklə savadlı müdərris və yaxşı təşkilatçı müəllim olduğunu öz fəaliyyəti ilə sübut etmişdir.
S.Ünsizadə 1873- cü ilin əvvəllərində , o vaxtın ölkə paytaxtı Bakıya köçəndən sonra , hələ də Şamaxıda fəaliyyət göstərən Bakı Quberniya Əhli-Təsənni İdarəsinə üzv seçilir. S.Ünsizadə bir neçə aydan sonra – 1873-cü ilin dekabrında Bakı qubernatoru D.S.Staroselskinin əmri ilə ruhani idarəsinin sədri vəzifəsinə təyin olunur. Bu vəzifədə bir sıra maarifçilik işləri görür: ruhani məclisinin himayədarlığı ilə Azərbaycan məktəbi tarixində “Məclis məktəbi” adı ilə məşhur olan ibtidai təhsil ocağı yaradır, müəllimlərin elmi və metodiki hazırlığını yüksəlmək üçün əməli yollar arayır. Nə qədər təəccüblü olsa da, bəzi tədqiqatçılar bir-birinin yazdıqlarını təkrar edərək hələ də “Məclis məktəbi”nin yaradıcısı kimi S.Ə.Şirvaninin adını hallandırırlar.Halbuki S.Ə.Şirvani “Ziya” qəzetinə göndərdiyi məktublarda Səid Əfəndini oxuculara “Məclis məktəbi”nin yaradıcısı kimi tanıdırdı. Məktəbin adı da bu fikrə rəvac verir: məclis məktəbi , yəni şəhərdəki ruhani məclislərinin himayə etdikləri məktəb.
S.Ünsizadə 1876-cı ildə mühüm dövlət işi ilə əlaqədar olaraq , Zaqafqaziya dini idarələrinin fəaliyyətini yoxlayan komissiyanın üzvü kimi , Şamaxıdan Tiflisə ezam olunur. Yeri gəlmişkən qeyd edək ki, o zamanlar Zaqafqaziyanın şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə idi. Onların hər ikisi XIX əsrin ən tanınmış ziyalıları idi: dini vəzifə ilə yanaşı, məktəb və maarif məsələləri ilə də ciddi məşğul olur, yeni məktəb və mədrəsələrin açılması yolunda əhəmiyyətli işlər görürdü. Ə.Hüseynzadə məktəb şagirdləri üçün fars dilində bir neçə dərslik yazmış, Ə.Əfəndizadə isə məşhur rus leksikoqrafı V.Dalın izahlı lüğəti əsasında ikidilli lüğət – rusca-türkcə lüğət hazırlamışdır. Əlbəttə, belə işıqlı adamların məsul olduğu sahənin iş fəaliyyətini yoxlamaq – S.Ünsizadəyə göstərilən böyük etimad idi. Yeri gəlmişkən onu da deyək ki, həm şeyxülislamın , həm də müftinin M.F.Axundzadə ilə səmimi dostluq münasibətləri və əqidə dostluğu var idi. M.F.Axundzadə hər dəfə oğluna yazdığı məktublarında şeyxülislam və müftidən söz açırdı.
Tiflisə ezamiyyətə gələn S.Ünsizadə ezamiyyə müddəti qurtarandan sonra burada dövlət nəzarətində olan işlə təmin olunur: müəyyən sınaq müddətindən sonra Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü təyin olunur və vəzifə səlahiyyətləri çərçivəsində geniş və hərtərəfli maarifçilik fəaliyyətinə başlayır. S.Ünsizadə 1878 -ci ildə Tiflisdə Azərbaycan dilində çap məhsulları ilə məşğul olan basmaxana (litoqrafiya ) yaradır. Basmaxananın avadanlıqları İstanbuldan gətirilir. S.Ünsizadə mətbəədə işləmək üçün bir neçə gənc qohum-əqrəbasını mətbəə peşələrini öyrənmək üçün İstanbula göndərir. S.Ünsisadənin Türkiyə ilə işgüzar münasibətləri sistemli şəkildə məhz bu dövrdən başlanır.
S.Ünsizadə 1878-ci ilin dekabrında Tiflisdə -xristian şəhərində Azərbaycan dilində “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır. Qəzetin ilk nömrəsi 1879-cu il yanvarin 25-də ( islam tarixi ilə səfər ayının onunda-N.N) çıxır.
(bax- “Ziya” qəzeti,1879,N 44).
“Ziya”nın ilk iki nömrəsi tədqiqatçılara məlum deyil. Türkiyə arxivlərində ciddi axtarışlar ararılsa, bəlkə onları burada tapmaq olar. ”Ziya”nın Türkiyədə onlarla oxucusu var idi. Türkiyədə gedən ictimai –siyasi hadisələr qəzetdə həm birbaşa, həm də üstüörtülü şəkildə – ezop manerası ilə işıqlandırılırdı.
S.Ünsizadə Tiflisdə böyük və çox uğurlu nəşriyyat fəaliyyətinə başlayır. İbtidai məktəb şagirdləri üçün iki dərslik yazır, qələminin gücünə və əqidəsinə inandığı dostlarının kitab , jurnal və risalələrini öz şəxsi mətbəəsində çap edərək türk dünyasının ziyalıları arasında yayır.
“Ziya” mətbəəsində İsmayıl bəy Qaspralının “Tərcüman”ın nəşrindən xeyli əvvəl bir neçə jurnalı çap edilir.Əminliklə demək olar ki, İsmayıl bəy Qaspralının türkdilli jurnalistikası tarixindəki ilk fəaliyyəti “Ziya” dan başlanmışdır.
İsmayıl bəy Qaspralı “Ziya”nın ilk müxbirlərindən biri olmuşdur. İ.Qaspralı S.Ünsizadəyə yazdığı məktublarının birində
“Biz sizin kimi üstü örtük yaza bilməyiriz” deyə əqidə dostunu çox yüksək qiymətləndi
1879-cu ildə Mirzə Rza xan Danişin (1853-1937) hazırladığı əlifba layihəsinə aid təqrizlərin (RƏYLƏRİN) bəzisinin İstanbulda fars dilində çıxan “Əxtər” (“Ulduz” –N.N.) qəzetindən götürülərək cəmi bir həftədən sonra ”Ziya”da çap olunması elmi əlaqələrimizin öyrənilməsi baxımından diqqəti cəlb edir. Mənə elə gəlir ki, Azərbaycan alimlərinin bu istiqamətdə tədqiqatlarını xeyli genişləndirməlidirlər.
“Ziya”da “Ey bülbül” rədifli qəzəl mövzusunda nəzirə müsabiqəsinin açılması və burada Münif Paşanın iştirakı da maraq doğurur. Əslində bu, şeir müsabiqəsi deyildi: söz içində söz demək idi. Münif Paşa Türkiyədə bu mövzuda keçilrilən müsabiqənin mükafatçılarından birı kimi Səid Ünsizadənin maarif məsələlərinə həsr olunmuş layihələrinin birinə qoşularaq, “Ziya” qəzetinin düşdüyü çətinliklərdə ona kömək etmək istəyirdi.
Səid Ünsizadənin Türkiyə aydınları ilə əlaqələri haqqında Türkiyənin arxiv və kitabxanalarında qatı açılmamış çoxlu materialların olduğu güman edilir. Uzun illər iki ölkə arasında mövcud olan siyasi yasaqlar qaranlıq məsələlərin işıqlandırılmasına ciddi maneələr yaratmışdır.
Nə yaxşı ki,gənc dostumuz Zaur Səmədov ( O,son vaxtlar Səid Ünsizadə irsinə hörmət əlaməti olaraq Ünsizadə təxəllüsündən də istifadə edir-N.N.) Səid Ünsizadə irsinin İstanbul axtarışına çıxmış,bir sıra uğurlu işlər görmüşdür.Zaurun bu xidmətləri mütləq çox yüksək qiymətiləndirilməli,ona daha düzgün filoloji axtarışlar yolu gğstərilməlidir (Zaur Səmədov ixtisasca ,səhv etmirəmsə,
iqtisadçıdır,Azərbaycan Biznes Universitetinin magistridir- N.N.).
1879-cu ildə “Ziya” qəzetinə Türkiyədən məktub göndərənlərdən biri əslən Şəki şəhərindən olan Şahin Əfəndi idi. Təəssüf ki , onun haqqıda ətraflı məlumatımız yoxdur. Adı təkcə bir yerdə – “Ziya”ya kömək edənlərin sırasında verilmişdir.
Mən bu məsələlər haqqında Türkiyədə “Halduncezayirlioğlu kolleksiyonu”nda və Bakıda nəşr olunan “Təhsil problemləri” qəzetinin
01-07 avqust 2010-cu il tarixli nömrəsində ayrıca iki yazı çap etdirmişəm.
Təəssüf ki, elmi ictimaiyyətimiz bu yazılara öz münasibətlərini bildirməmişdir.
1880-ci ilin dekabr ayından başlayaraq, bir neçə aylıq fasilədən sonra “Ziya” “Ziyayi-Qafqasiyyə” adı ilə çıxmışdır. Bu fasilə Türkiyədə yeni mətbəə şriftlərinin axtarışı ilə əlaqədar idi. Belə ki əvvəlki mətbəə şriftləri narın və rizə (xirda- N.N.) olduğu üçün oxucuları qane etmirdi: S.Ünsisadə onların narazılığını başa düşərək öz əməkdaşlarını mətbəə şrifti almaq üçün İstanbula göndərmişdi.
1883- cü ilin sonlarında Tiflisdə Əhli –Təsənni İdarəsində yaranan intiriqalardan uzaqlaşmaq qərarına gəlir. O, müftilik vəzifəsi uğrunda gedən mübarizədən uzaqlaşdırılır. S.Ünsizadə Şamaxıya qazı təyin olunduğuna görə Tiflisı tərk edib, doğma şəhərinə-Şamaxıya qayıtmalı olur. Halbuki Tiflis yaradıcılıq imkanlarına yaxşı şərait baxımından S.Ünsizadə üçün daha önəmli idi.
S.Ünsizadə ”Ziyayi- Qafqasiyyə”nin nəşrininin Tiflislə bağlı məsələlərini damadı -kürəkəni hüquqşünas Şilyanskiyə həvalə edir. Şamaxıda redaktə olunaraq Tiflisdə çap olunan qəzetin 1884-cü ildə cəmi 11 nömrəsi çıxır. Görünür, sonuncu nömrədəki məqalələrin birində
” SƏİD ÜNSİZADƏNİN MƏQSƏDİ MƏTBUAT VASİTƏSİLƏ RUS MÜSƏLMANLARINI YUXUDAN OYATMAQDIR”
fikri rus məmurlarından kiminsə xoşuna gəlməmişdi.
Səid Ünsizadədən sonra rus müsəlmanlarını mətbuat vasitəsilə yuxudan oyarmaq fikrinə İsmayəl bəy Qaspralı düşdü.O, bu işi ilk vaxtlarda rus dilində yazdığı silsilə məqalələri ilə həyata keçirmişdir.
1881-ci ilin əvvəllərində, Tiflisdə rus dilində nəşr olunan “Kavkaz” qəzetində “Ziya”nın 5 nömrəsi haqqında geniş mübahisə başlayanda,S.Ünsizadəni müdafiə edən türklərdən birincisi Kırım tatarı İsmayıl bəy Qaspalı oldu.
İ.Qaspralı “Ziya” mətbəəsində çap etdirdiyi “Tonğuc” jurnalında baş məqaləni S.Ünsizadənin pedaqoji və publisistik fəaliyyətinə həsr etmişdir.
Məşhur Azərbaycan şairi S.Ə Şirvaninin Səid Əfəndiyə həsr etdiyi qəsidədən öyrənirik ki, quberniyanın dini rəhbəri kimi S.Ünsizadə Şamaxıda universitet açmaq, məktəb şəbəkəsini genişləndirmək, mətbəə yaradaraq burada kitab çapı məsələlərini canlandırmaq istəyirmiş. Təəssüf ki, onun bu məqsədi kimlərdəsə paxıllıq, bədxahlıq hisləri yaradırdı. S.Ünsizadə haqqında haqqında dövlət orqanlarına yalan məlumatlar verilir, o, rüşvətxorluqda, dini vəzifədən sui-istifadə etməkdə təqsirləndirilirdi. Lakin bunların heç biri təsdiq olunmur.
Geniş maarifçıilik fəaliyyəti üçün Azərbaycanda yer tapmayan Səid Ünsizadə 1889-cu ilin fevral ayının 20-də öz ərizəsi ilə işdən çıxır, türk dünyasının baş şəhərinə – İstanbula üz tutur. Burada maarif sistemində işləyir , “Quran “ın türk dilində təfsirini yazır, Azərbaycandan Türkiyəyə iş dalınca gedənlərə qayğı göstərir.
Səid Əfəndinin kiçik qardaşı, 1884-cü ildə Tiflisdə Azərbaycan dilində yazılmış ilk “Hesab” dərsliyimizin müəllifi Cəlaləddin Əfəndi Ünsizadə də 1883-cü ildən redaktorluq etdiyi “Kəşkül ” qəzeti 1891-ci ildə bağlanandan bir müddət sonra İstanbula gəlir. Ailənin kiçik övladı Kəmaləddin Əfəndi Bakıda qalası olur. O, burada çoxdan başladığı fəaliyyətini davam etdirir, sonralar isə (1908-1917-ci illərdə) ayda-ildə bir dəfə “Məzhər” adlı qəzet çıxararaq, nəşriyyat fəaliyyətini davam etdirir.
“Molla Nəsrəddin” jurnalının 1907 -ci ildəki 43-cü nömrəsindəki bir yazıdan Cəlal Əfəndinin Türkiyə sultanı Əbdülhəmidin sarayında kitabxana müdiri işlədiyini öyrənirik. Cəlal Əfəndi Ünsizadənin 1920- ci illərdə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyində tərcüməçi işləməsi də güman edilir.
Əslən azərbaycanlı oıan türk yazıçısı Səməd Ağaoğlu “Babamın dostları” kitabında Cəlal Əfəndi haqqında maraqlı mülahizələr söyləmişdir.Bu kitabı Azərbaycan dilinə hörmətli dostumuz professor Vilayət Quliyev tərcümə edib,oxuculara çatdırməşdır.
Bakıda nəşr olunan “Həyat” qəzetinin 1905 -ci ilin iyun aynın 5-də çıxan 21-ci nömrəsindəki nekroloqdan öyrənirik ki , “türk dünyasının fazil şəxslərindən biri olan Səid Əfəndi Ünsizadə ömrünün 80 sinnində İstanbulda vəfat etmişdir”.
( Sonrakı tədqiqatlardan məlum oldu ki, “Həyat” qəzetidə Səid Ünsizadə haqqında verilən tərcümeyi-hal məlumattı həqiqəti əks etdirməmişdir.
S.Ünsizadənib qəbri İstabulda Fatih Camii hazirəsindədir.
Səid Ünsizadənin İstanbulda hansı qəbirstanlıqda dəfn olunduğu uzun müddət idi ki, məlum deyildi. Bu xəbəri Azərbaycan oxucularına 2017-ci ildə gənc dostumuz Zaur Səmədov çatdırmışdır.
Qəbirüstü abidəsindəiki yazıdan məlum olur ki, S.Ünsizadə 1903-cü ildə 61 yaçında vəfat etmişdir)
“Həyat” qəzeti S.Ünsizadə haqqında yazı yazmaq istəyənlərin yazısını məmnuniyyətlə dərc edəcəyini söyləyir.Qəzetin redaksiya heyəti maarif tariximizdə böyük xidmətləri olan bu işıqlı fikir adamını haqqında yazı yazmaq istəyənlərə öz səhifələrində səxavətlə yer verəcəyini bəyan edir.
Səid Ünsizadənin İstanbul həyatı haqqında daha ətraflı xəbəri olanlardan bu barədə elmi ictimaiyyətə məlumat vermələri xahiş olunur. İstanbulun Şirvanlılar məhəlləcində yaşayan azərbaycanlılar bu məsələnin işıqlandırılmasında daha çox işlər görə bilərlər. Unutmayaq ki, Səid Ünsizadə onlarla publisistik yazının, bir neçə dərsliyin, elmi-pedaqoji risalələrin, Quranın ana dilimizə təfsirinin müəllifidir. Onun rəhbərlik etdiyi və əsas yazarı olduğu “Ziya” qəzeti XIX əsr ictimai-siyasi fikrimizin və ədəbi dilimizin istiqamətverici qüvvəsi olmuşdur.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Türk dünyasının Şeref Yarlıqlı tədqiqatçısı,
Türkoloq
Bakı,
28.02.2021