İslam Türkay – ŞEİRLƏR
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
İslam Türkay
ŞEİRLƏR
UZAQDAN-UZAĞA…
Uzaqdan-uzağa qoy sevim səni,
Uzaqdan-uzağa əlim çatmasın…
Uzaqdan-uzağa qoy sevim səni,
Sənə söz deməyə dilim çatmasın…
***
Uzaqdan-uzağa çəkim şəklini,
Qarqar sahilində bitən bənövşə.
Xəyaldan yıxılıb, boylanıb baxsam
Dumanda röya tək itən bənövşə…
***
…Dinmə, boynubükük bənövşə kimi,
Bircə “yox” – sözünlə durma qəsdimə.
Qəlbimdə doğulan körpə eşqimi
Hicrana bələyib atma üstümə…
***
Uzaqdan-uzağa qoy sevim səni,
Başımın üstündə Ay kimi dolan…
Soyuq şəfəqlərin elə bəsimdi,
Təki sən göyümdə belə alış, yan…
***
Mən sənə yaraşmam, gözəlsən, gülüm,
Yazdığım şeirlər yaraşa, bəlkə…
Varsansa ölmərəm, yoxsansa ölləm,
Cismim torpağına qarışa, bəlkə…
***
Sən məni Allaha əmanət etmə,
Sən məni özünə əmanət eylə.
Yandır həsrətinlə yandır qəlbimi,
Öldür bir şairi – cinayət eylə…
***
Fikrimdən, duyğumdan getmirsən, niyə?
Həyatda mən varam – sən varsan deyə…
Allahdan aşağı – böyük sevgiyə
Mənimlə bərabər ibadət eylə…
***
Əbədi bu eşqə sürgünəm, gözəl,
Qəlbimdə yurd saldı daha qəm, gözəl,
Könlümün-gözümün səni kəm, gözəl,
İnsaf et, sən mənə inayət eylə…
***
Danıb dediyini – pisləmə məni
Bənzətmə… bənzətmə heç kimə məni.
Allah bağışlayar eşqimə məni,
Sənsə ürəyinə xəyanət eylə…
ALQIŞLAR…
İstilər boğurdu dağı, aranı,
Göylər itirmişdi çəni-dumanı.
Başladı, başladı bahar leysanı-
Yarpaqlar əl çaldı…
***
Bayırda qar idi, qarda bir qarı,
Qar qarını sevməz, qarı da qarı.
Yıxıldı… güldürdü, bax, uşaqları,-
Bu necə yığnaqdı, necə mahaldı –
Uşaqlar əl çaldı…
***
Bu da bir taledi, bəxtdi – nədisə,
O gözəl sındırdı könül tarımı…
Üzdə ağız büzüb bəyənmədisə,
Oğrun oxuduqca yazdıqlarımı
Dodaqlar əl çaldı…
***
Kərpic-kərpic sökdüm ömrümü elə,
Payladım könlümü hər əhli-dilə.
Ürək tonqalımda bişdi sözlərim
Alovum saçımda çevrildi külə.
Ağzına su alıb susdu yaxınlar,
Uzaqlar əl çaldı…
***
Ruhum qarşında körpüydü,
Məni ayaqlayıb keçdin…
Duydun – qoymaram düşəsən, –
Sağ ol! Məni sayıb keçdin…
***
Qəlbimdədir ləpirlərin,
Silinməzdir, izlər dərin…
Ürəyimdən yox xəbərin
Yana-yana qoyub keçdin…
***
Sən gəlmişdin iman kimi,
Çıxıb getdin bir can kimi.
Göydən gəldin leysan kimi
Varlığımı oyub keçdin…
***
Ölmərəm – canım səndədi,
Vaxtım-zamanım səndədi.
Gör taleyim nə gündədi,
Sən qarğayıb, öyüb keçdin…
BİLMƏDİN…
…Mən ki od götürdüm kirpiklərimlə,
Goru gözüm ilə gördüm, bilmədin…
Sənin həsrətinə, sənin eşqinə
Ömrümü-günümü verdim, bilmədin…
***
Bülbül tək hər bağa uçub ötmədim,
Bu dərdlə, həsrətlə ölüb-itmədim…
Sən vardın heç kəsə meyil etmədim,
Çoxunun qəlbini qırdım, bilmədin…
***
Söküb varlığımı hey talayırsan,
Soyuqdu içində… dərd qalayırsan..
Xatirə bişirib, hicran yeyirsən,
Mən şirin xəyallar qurdum… bilmədin…
***
Ümidim, inamım, sən – gücüm, heyim,
Sənsiz bu aləmdə yoxdu heç nəyim…
Hayanda olsam da son dönəcəyim
Sən evim-eşiyim, yurdum, bilmədin…
GÖZLƏYƏNİN OLA…
Gözləyəni ola adamın, Allah,
Biləsən yoluna kim isə baxır…
Biləsən geciksən, bir az ləngisən
Kimisə xiffətin yandırıb-yaxır…
***
Biləsən vurnuxur kimsə səninçün,
Biləsən kim isə intizardadır…
Yoxluğun qəlbində ola dağ-düyün,
Hey girə… hey çıxa…: – ” Görən hardadır?”
***
Sən də ki uçasan yol gözləyənə,
Çatıb sarılasan yanmış, ac kimi…
Öpüb oxşayasan, könlün alasan…
Sən tamarzı kimi, sən möhtac kimi…
***
O da gülümsəyə – güllər açıla,
Batıb barınasan gül dənizində…
Hər yana nur yağa, ətir saçıla,
Bir hüzur tapasan ceyran izində…
***
Ovcunda döyünə ilahi narlar,
Pəmbə yanaqlardan alma dərəsən…
Ürəyində – bahar, saçında – qarlar,
Bəxtəvər olasan… bir gün görəsən…
***
Uyuyub yatasan qara gözlərdə,
Baxışı üstündə yorğanın ola…
Orda yer qalmaya kədərə, dərdə,
Sən – onun ruhu, o – canın ola …
***
Ömrünü-gününü sovurma yelə,
Nə çıxar dərdlərə hey sinə gər sən…
Səadət – deyirlər, budur, bax belə,
Gözləyənin varsa, sən bəxtəvərsən.
***
Gözləyəni ola adamın, Allah,
Biləsən yoluna kim isə baxır…
Biləsən geciksən, bir az ləngisən
Kimisə xiffətin yandırıb-yaxır…
Bu ağac yıxılıbdı
Bu ağac yıxılıbdı
Böyrü üstdə torpağa,
Sınmış şiv budaqları
Həsrətdi bir yarpağa…
***
Bu ağac yıxılıbdı
Yarpaqları içində,
Çiçəkləri içində,
Ləçəkləri içində…
Nə gələnin umrunda
Nə gedənin vecində…
***
…bir azdan yaz gələcək,
Min bir avaz gələcək…
Bulaqlar eynəyini,
Çaylar səbrin atacaq…
Hər yan gül dənizində
Xumarlanıb batacaq…
Bu ağac böyrü üstdə –
Çiçəkləri içində
Yarpaqları içində…
İniltisinə hələ
Bənövşə oyanacaq…
Sınıq budaqlar altda
O küskün dayanacaq…
***
Bir az aralıdasa
Bir cökə boylanacaq
Çiçəkləri əlində,
Yarpaqlari telində…
Uzanacaq göylərə
Boylanacaq yerlərə
Önündə ac gen dərə…
Yıxılandan xəbərsiz….
Eh… bu yandan xəbərsiz…
KEÇƏRƏM QIRMIZI İŞIQDA BİR GÜN
Sən qırmızı donda – alov dilimi,
Aləmi yandırıb-yaxarsan, gözəl.
Qaynar baxışların günəş selimi? –
Dünyama günəştək baxarsan, gözəl.
***
Sən qırmızı donda – qəzəbli sultan,
Baxaram həsrətlə, qara qul kimi.
Bir anda edərsən qanıma-qəltan
Yağar göz yaşlarım gümüş pul kimi.
***
Sən qırmızı donda – qırmızı bayraq,
Qaşların, gözlərin – Ayım, ulduzum.
Sən qırmızı donda-qızıl bir çıraq,
Əriyər nurunda qəm-kədər buzum.
***
Sən qırmızı donda – qırmızı işıq,
Yolumda yanarsan, keçə bilmərəm.
Hər yan çən-dumandı, hər yan-qarışıq,
Bir özgə boyanı seçə bilmərəm…
***
…Bir gün şairliyim vurar başıma,
Yığıb yollarından gümüş pulları,
Çağırıb bir yerə qara qulları;
Götürüb gedərəm qızıl çırağı.
***
O aylı-ulduzlu qızıl bayrağı;
Əndərib başıma günəş selini,
Dərib qoxlayaram alov gülünü,
Keçərəm qırmızı işıqda bir gün!..
Sizin evin önündə
Sizin evin önündə bitmişdim ağac kimi
Küləklər yelləyirdi məni belədən-belə…
Boylanırdım yuxarı, Ay üzə möhtac kimi,
Bir baxış da qıymadın mən fəqirə sən elə…
***
Bir təbəssüm ataydın burda geyəm əynimə,
Bir intizar baxışla od düşəydi canıma..
Bakının xəzriləri heç gəlməzdi eynimə
Gülər baxışlarını göndərsəydin yanıma…
***
Sizin evin önündə durmuşdum ağac kimi,
Boylanırdım-hardadır, görən neynir bayaqdan…
İşığınız yanırdı, bir ac-yalavac kimi
Sizin işığınıza qızınırdım uzaqdan…