GenelGüncelTürk Dünyası

İranın uğursuz diplomatik addımları regionda münasibətlərin gərginləşməsinə xidmət edir

İranın uğursuz diplomatik addımları regionda münasibətlərin gərginləşməsinə xidmət edir

Azərbaycan Respublikasının müstəqil daxili və xarici siyasət yürütməsi, beynəlxalq əlaqələrini gündən-günə daha da genişləndirməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda maraqlı olması, regional layihələr həyata keçirməsi, xüsusilə də tarixi torpağımız olan Qarabağın təcavüzkar Ermənistanın işğalından azad edilməsi, Azərbaycan ordusunun güclənməsi, sərhədlərimizin möhkəmləndirilməsi bir sıra dövlətlər kimi, İranı da narahat etdi. Cənub qonşumuz İran İslam Respublikasının anti-Azərbaycan xarakterli hərəkətləri, ölkəmizə qarşı ikili münasibət nümayiş etdirməsi ictimaiyyət arasında da birmənalı qarşılanmadı. İranda azərbaycanlıların üstünlük təşkil etməsinə, qarşılıqlı münasibətlərdə bu əhalinin başlıca amil kimi mühüm rol oynamasına, ölkəmizin əlverişli geosiyasi mövqeyə və zəngin resurslara malik olmasına, Transqafqaz yolunun Azərbaycandan keçməsinə, onun iqtisadi və siyasi təsir gücünün artmasına və respublikamızın hər zaman mehriban qonşuluq münasibətlərinə üstünlük verməsinə baxmayaraq, İranın rəsmi şəkildə “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”, – deməsi bu ölkənin anti-Azərbaycan mövqeyinin nümayişidir.

İran-Azərbaycan əlaqələrinə və İranın regional məsələlərdə Azərbaycana qarşı tutduğu mövqeyə geniş oxucu auditoriyasının marağını nəzərə alaraq AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının bu mövzuda olan məqaləsini təqdim edirik.

Siyasi-diplomatik münasibətlər

İran İslam Respublikası qonşu dövlətlərlə münasibətlərini milli mənafeyi, sərhədlərinin təhlükəsizliyi və ərazi bütövlüyünün təminatı, eləcə də daxili sabitliyinin qorunması, etnik məsələyə həssaslıqla yanaşma və s. prinsiplər əsasında qurur. Bu baxımdan, ərazisində 35 milyondan çox azərbaycanlının yaşadığı İran bu gün Cənubi Qafqazda söz sahibi olan Azərbaycan Respublikası ilə münasibətlərinə həssaslıqla, ehtiyatla yanaşır.

Sovet sisteminin dağılması ərəfəsində SSRİ-yə daxil olan respublikaların bir qismi xarici ölkələrlə ikitərəfli əlaqələri inkişaf etdirməyə və genişləndirməyə can atırdılar. Qeyd edilməlidir ki, İranın hələ sovet dövründə Bakıda konsulluğu fəaliyyət göstərirdi və SSRİ daxilində olan Azərbaycanın bu ölkə ilə bəzi əlaqələri mövcud idi. SSRİ-nin süqutu Azərbaycan-İran münasibətlərinin yaxşılaşmasına kömək etdi. 1991-ci ilin 18 oktyabrında Azərbaycan “Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nı qəbul etdi və həmin qanunda özünün müstəqil dövlət olduğunu bütün dünyaya bildirdi. Həmin il dekabrın 25-də İran İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı, 1992-ci il martın 12-də iki dövlət arasında diplomatik münasibətlər quruldu.

8 dekabr 1992-ci il tarixində müstəqil Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin edilmiş səfiri Nəsib Nəsibzadənin başçılığı ilə ilk diplomatik heyət Tehrana gəldi. 12 dekabr 1992-ci ildə səfir öz etimadnaməsinin surətini İranın xarici işlər naziri Əli Əkbər Vilayətiyə təqdim etdi. Artıq iki qonşu ölkə arasında siyasi-diplomatik əlaqələr genişlənərək səfirlik səviyyəsinə çatmışdı. Növbəti gün, 1992-ci il dekabr ayının 13-də Azərbaycan Respublikasının ilk səfiri etimadnaməsini İran Prezidenti Haşimi Rəfsəncaniyə təqdim etdi. Görüş zamanı İran Prezidenti bildirmişdir ki, İran ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılması iki ölkə arasında əməkdaşlığın genişlənməsinə səbəb olmuşdur.

Qeyd edək ki, hər iki ölkənin səfirlikləri, İranın Bakıdakı Mədəniyyət Mərkəzi və Naxçıvan MR-də Baş Konsulluğu, eləcə də Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu fəaliyyət göstərir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikası Vyana Konvensiyasının müddəalarına riayət edərək İran səfirliyinin və diplomatik nümayəndəliyinin ölkəmizdə həm ərazi baxımından, həm də geniş ştat tərkibində fəaliyyətinə şərait yaratmışdır. İran səfirliyinin binalarının həm Bakının mərkəzində, həm də Yasamal rayonu ərazisində, səfirliyin Mədəniyyət Mərkəzinin isə Nizami metrosunun arxasında yerləşməsini, Naxçıvanda baş konsulluğunun binasını, İranın Bakı Ticarət nümayəndəliyini və s. buna misal göstərmək olar. Lakin Azərbaycan Respublikasının 1992-ci ildən Tehranda fəaliyyət göstərən səfirliyi və 2005-ci ildən Təbrizdə Baş Konsulluğunun binası üçün bu günə qədər torpaq sahəsi verilməmişdir. Bundan əlavə, İranda Azərbaycan Respublikasının Səfirliyinin həm Mədəniyyət Mərkəzi yoxdur, həm də səfirliyin işçi ştatı İranın Azərbaycandakı Səfirliyinin əməkdaşlarının sayından 5 dəfədən də azdır.

Fikrimizcə, iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rolu olmuşdur. Belə ki, bu səfərlər zamanı iki ölkə arasındakı münasibətlər nəzərdən keçirilmiş, ikitərəfli əlaqələrin inkişafına mane olan problemlərin həlli üçün tədbirlər nəzərdə tutulmuş və iki dövlət arasında mehriban qonşuluq münasibətlərinin inkişafına hüquqi zəmin yaratmaq məqsədilə sənədlər imzalanmışdır. Bütün bunlara rəğmən, İranın siyasi rəhbərliyi Azərbaycanla imzaladığı sənədlərə, rəsmi görüşlərdə dediyi fikirlərə, qərarlara hörmət etməli, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətə, beynəlxalq hüquq nöqteyi-nəzərdən hörmət etməlidir.

İkinci Qarabağ müharibəsində İranın mövqeyi

Birinci Qarabağ müharibəsində Azərbaycan xalqının ümid etməsinə baxmayaraq, İranın vasitəçiliyinin uğursuz olması, münaqişə dövründə ölkəmizə hərtərəfli dəstək göstərməməsi, Azərbaycana müharibənin ilk dövrlərində humanitar yardım etsə də, Ermənistana enerji, neft məhsulları, iqtisadi yardımlar etməsi, işğal olunmuş Azərbaycan ərazilərinə sərmayə qoyuluşu, ermənilərin İranda Azərbaycan əleyhinə fəaliyyəti, İranın Ermənistanı rəsmi şəkildə təcavüzkar dövlət adlandırmaması və s. Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir.

İkinci Qarabağ müharibəsində də Birinci Qarabağ müharibəsində olduğu kimi, İran siyasi rəhbərliyinin susqunluğu, gözləmə mövqeyində durması, yalnız Azərbaycan Prezidentinin hərbi diplomatiyasının uğur qazanmasına yaxın ölkəmizi “müdafiə etməsi” İranın Azərbaycana qarşı ikitərəfli münasibətlərinin göstəricisi idi. Hətta İkinci Qarabağ savaşında Şərqi Azərbaycan əyalətinin kəndi – Culfa şəhərinin Siyahrud (Qaraçay) bölgəsindəki Dizəl kəndi yaxınlığında yerləşən, 1995-ci ilin sentyabrında İranla Ermənistan arasında açılmış Nurdüz sərhəd körpüsündə Ermənistana gedən yük maşınlarının artması, qida, tikinti, energetika ilə yanaşı, hərbi ləvazimatların daşınması da cənubi azərbaycanlılarda ciddi narazılığa səbəb olmuşdur. Bu, İranın Ermənistana növbəti dəstəyi, təcavüzkar, terrorçu ölkəyə açıq-aşkar yardımı idi. Halbuki, bütün sənəd, fakt, mənbə, elmi ədəbiyyat və arxiv sənədlərinə istinad edəndə bütün dünyaya bəlli olduğu kimi, müsəlman İran İslam Respublikasına da məlumdur ki, bir çox dövlətlərin də dəstəklədiyi uydurma “qondarma erməni soyqırımı”, “erməni problemi”, “erməni məsələsi” Osmanlı dövlətinə, Türkiyə Respublikasına, Azərbaycan Respublikasına, eləcə də türk-müsəlman xalqlarına qarşı hazırlanmış bir plandır. İran İslam Respublikasının isə təcavüzkar Ermənistana dəstəyi, İran Konstitusiyasına, eyni zamanda İslam prinsiplərinə tamamilə ziddir.

Beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq

Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq və regional təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq mühüm yer tutur. İranla Azərbaycan arasında münasibətlər İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində də davam etdirilmişdir.

Azərbaycan Respublikasının xarici siyasətində İƏT-lə əməkdaşlıq xüsusi yer tutur. 1997-ci ilin dekabr ayında Tehranda keçirilən İƏT-in Zirvə toplantısında Azərbaycanın haqq işini dəstəkləyən və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən bəyanatın qəbul edilməsinin Azərbaycan Respublikası üçün mühüm siyasi-diplomatik əhəmiyyəti olmuşdur. 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunmuş və Bakıda “İslam Həmrəyliyi Oyunları” keçirilmişdir.

1994-cü il yanvarın sonlarında Tehranda ECO-nun Xarici İşlər Nazirləri Şurasının IX sessiyası keçirilmiş, Azərbaycan Respublikası xarici işlər naziri Həsən Həsənov ECO-ya üzv olan dövlətləri Azərbaycanın haqq işini müdafiə etməyə və təcavüzkar Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar qəbul etməyə çağırmışdır. İƏT-in Qəzvin-Astara Dəmiryolu Dəhlizi üzrə Yüksək Səviyyəli İşçi Qrupu təsis edilmiş və 2013-cü ildə Bakıda Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilmişdir.

Qeyd edək ki, Ermənistanın Azərbaycana təcavüzünü İran İslam Respublikası beynəlxalq və regional təşkilatlar çərçivəsində dəstəkləmişdir. Lakin İran rəsmi olaraq Ermənistanı təcavüzkar adlandırmamış, Parlamentində Xocalı soyqırımını tanımamışdır.

İranın coğrafi mövqeyindən asılı olaraq Tehran Azərbaycan Respublikası ilə nəqliyyatın müxtəlif sahələrindən istifadə etməklə iqtisadi əlaqələr yaratmaq imkanlarına malikdir. Azərbaycan Respublikasının İranla dəniz nəqliyyatı, Bakı-Təbriz-Tehran dəmir yolu, Bakı-Astara-İran avtomobil yolu mövcuddur.

Bu gün iqtisadi münasibətlər Azərbaycan-İran əməkdaslığının mühüm istiqamətlərindən biridir. Ölkələrimiz arasında iqtisadi-texniki və ticarət əlaqələrinin inkişafına təkan verən amillərdən biri də əlverişli kommunikasiya xətləri vasitəsilə neft emalı, birgə neft daşınması sahəsində əməkdaşlığın olmasıdır. Eyni zamanda, hər iki ölkənin əlverişli nəqliyyat sisteminə malik olması, iqtisadi əlaqələrin formalaşmasına təkan verə bilən müxtəlif istehsal sahələrinin mövcudluğu mühüm iqtisadi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası 2005-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş”ə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. 2014-cü ilin dekabrından isə Bolaşakdan keçərək Qazaxıstandan birbaşa Türkmənistana, Etrek-Qorqan (Akayla) keçidi ilə isə İran dəmir yoluna birləşən yeni dəmir yolu xətti istifadəyə verilib.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Qərb marşrutu (Həştərxan-Mahaçqala (Rusiya)-Samur-Astara (Azərbaycan)-Astara-Rəşt-Qəzvin (İran) bu dəhlizin strateji hədəfi, məqsədləri baxımından ən optimal olanıdır. Amma ən ucuz və daha tez başa gələn, daha az resurs tələb edən Qərb marşrutunun tam gücü ilə işləməsi 14 ildir ki, ləngiyir. Halbuki, bu marşrutla dəmir yol daşımaları Şərq marşrutu ilə müqayisəyəgəlməz dərəcədə üstünlüklərə malikdir. Dəhlizin Qərb marşrutu ilə Cənub-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasında 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatdırılacaqdır.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçən Qərb marşrutunun reallaşmasının zəruriliyi İran Prezidenti Həsən Ruhaninin 2014-cü ildə Azərbaycana səfəri zamanı bir daha gündəliyə gəldi. Prezident İlham Əliyev və Həsən Ruhani Bakıda iki il əvvəl birgə bəyanatla çıxış etdilər. Dövlət başçıları Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının hər iki tərəfin marağında olmasını, nəqliyyat dəhlizinin bütün bölgə üçün əhəmiyyətini, İranın Qara dənizə və Avropaya, Rusiyaya çıxışını təmin edəcəyini açıqladılar. Bu bəyanatın Bakıda verilməsi də mühüm mesaj idi və Azərbaycanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işləməsi üçün uzun illərdən bəri göstərdiyi səylərin ilk bəhrəsi sayıla bilərdi.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir. Azərbaycan Rusiyanın Cənuba, İranın isə Şimala önünü açmaqla region üçün geosiyasi sabitliyin təmin edilməsi və risklərin aradan qaldırılmasında mühüm rol oynayır.

Azərbaycan İranla nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığı müsbət qarşılamış, bunları imzaladığı sənədlərdə, əməli fəaliyyətdə də sübut etmişdir. Lakin digər sahələrdə olduğu kimi, nəqliyyat və kommunikasiya sahəsində də İran tərəfi yenə də ambisiya nümayiş etdirmiş, münasibətlərin üstündən xətt çəkərək Azərbaycanın regional güc mənbəyi rolu oynamasını həzm edə bilməmişdir. Demək ki, İran tərəfi üçün imzalanmış müqavilələrin hüquqi tərəfi və etibarlılığı yoxdur. Təbii ki, regiondan təcrid olunan İran üçün Azərbaycanla əməkdaşlıq daha vacibdir. Çünki Azərbaycan Respublikası İranla münasibətlərə hər hansı ideoloji, irqçi, təzyiq və s. amildən deyil, regional əməkdaşlıq, mehriban qonşuluq prizmasından yanaşmışdır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest