İradə SARIYEVA : Dövlətçilik tariximiz milli adət-ənənələrimizdən qaynaqlanır Qədim toy adətlərimiz-toya qədərki mərhələ…

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

İradə SARIYEVA
Dövlətçilik tariximiz milli adət-ənənələrimizdən qaynaqlanır
 
Qədim toy adətlərimiz-toya qədərki mərhələ…
 
Adət və ənənələrimizi keçmişdəki kimi saxlamaq, qorumaq bir qədər çətinliklə
üzləşsə də, qədirbilən insanlar onu ölməyə qoymur. Bir müddət milli adət və
ənənələrimiz sönük görsənsə də, meydanı daraldılsa da, son vaxtlar dövlətin uğurlu
mədəniyyət, mənəviyyat siyasəti sayəsində geniş şəkildə təbliğ olunur. Azərbaycan
xalqının milli adət-ənənələrindən danışarkən onun çoxşaxəli olduğunu
unutmamalıyıq.
Adətlər sistemimizə çox dəyərlər daxildir və vaxtaşırı olaraq biz onlardan bəhs
edəcəyik.
Toy adətləri Azərbaycan türkünün ən əski ənənələrindən biridir ki, bu müqəddəs
dəyər əsrlərin süzgəcindən, sınağından keçərək günümüzə qədər yaşayır. Bura
edilən bəzi uğursuz dəyişikliklərə baxmayaraq, toy adətimiz öz mayasına, ana
axarına sadiqdir. Toy yeni ailə ittifaqının yaranması, təzə qohumluq
münasibətlərinin formalaşmasıdır. Yüz illərdi insanlar bu qudsal adətə bağlıdır.
Toylarımıza ayaq açan yad təsirlər…
Məlumdur ki, Azərbaycanda toy adətləri xalqımızın mədəniyyətinin tərkib hissəsi
olaraq özünü doğruldub. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində
inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilib. Toy rəsmi nikah
mərasimi olmaqla yanaşı, bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik,
nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində
Azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapıb.
Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir edib, həm də
özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürüb. Toy adətlərinə
zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq
xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk
libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün
vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, “bal ayı”nın
(deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülüb)
keçirilməsi də bu qəbildəndir.
Tarixdən miras qalan ənənələr…
Qeyd etdiyimiz kimi, toy Azərbaycan xalqının mədəniyyətində mühüm yerlərdən
birini tutur. Bölgələrdən asılı olaraq müəyyən fərqliliklər olsa da, ümumi toy
prinsipləri çoxdur və bir çox elementlərdən ibarətdir. Azərbaycan milli toy adətləri
bir-biri ilə bağlı olan mütəşəkkil sistemdir.
Qədim el adətlərinə görə, qızı ilk dəfə görən və evlənmək yaşında olan oğlan qızı
bəyənirsə, yaxın adamlarına bunu xəbər edir. Qızın yerini-yurdunu öyrənib xəbər
tuturlar. Ailəsinin, atasının, anasının, bacı və qardaşlarının kimliyini öyrənirlər.
Ailəsi-kökü oğlan tərəfi razı salırsa, oğlan qızla danışmağa və özü haqqında onda
müsbət rəy yaratmağa çalışır. Sonra qızın valideynlərinin fikri öyrənilir. Bunun

üçün qızın yaxın adamlarına-xalasına, bibisinə, anasına xəbər göndərilir. Onların
fikri öyrənilir. Ümumiyyətlə, “ara düzəltmə” işində vasitəçilərin böyük rolu olur.
Bu şəxslər oğlan və qız tərəfə geniş məlumatlar verir, razılığa gəlmə prosesində
mühüm rol oynayır. Qədim dövrlərdən kənd yerlərində qızlar bulaq başında
görülər, bəyənilərdi. Şəhərlərdə oğlan anaları gələcək gəlinlərini həftə hamamında
seçər, gözü tutanı oğluna məsləhət görərdi. Oğlan da toyda-mağarda məsləhət
bilinəni görər, öz fikrini bildirərdi. Əksər hallarda onun fikri ilə ananın fikri üst-
üstə düşərdi. Sonra xəbər göndərmə mərhələsi başlayardı.Həmçinin o dövrdə
gələcək gəlinin sağlamlığına, iş görmək qabiliyyətinə mühüm üstünlük verilərdi.
Tarixi ənənəmizin ən mühüm məsələlərindən biri də qızgördü mərasimidir. Oğlan
bəyənib-seçdiyi qızla evlənmək fikrinə düşdüyünü ata-anasına bildirdikdən sonra,
oğlan evində qızın ailəsi haqda kifayət qədər məlumat yoxdursa, oğlan anasının,
yaxud onun böyük bacısının (bir yaxın qohumu və ya bundan ötrü dəvət edilmiş
ara arvadının iştirakı ilə) keçirdiyi elçilikqabağı qızgördüsünə gedirdilər.
Bu mərhələni həyata keçirən evin qadınları olsalar da, prosesdə görünməz şəkildə
kişilər də iştirak edirdilər. Oğlan atası oğlanın anasına qız və onun yaxın qohum-
qardaşı haqda lazımi məlumat toplamağı tapşırırdı. Bu tapşırıqdan sonra oğlanın
yaxın qohumları müxtəlif yol və vasitələrlə qızın özü, valideynləri, nəsli-nəcabəti
barədə müəyyən məlumat əldə etməyə çalışırdılar. Bundan sonra oğlan evi
qadınları qızın ailə üzvləri ilə yaxından təmas qurmaq üçün onlara gedirdilər.
Xoşməramlı qəfil qonaqlar…
Bu “görüşə”, bir adət olaraq, səhər tezdən və qəfildən gedilirdi ki, qız yuxudan
oyanandan sonra üz-gözünə bəzək-düzək vurmasın. Oğlan evi qadınları qız
qapısını döyüb yoldan keçən bir insan tək bəhanə ilə həyətə və evə daxil olurdular.
İçəriyə daxil olan “qonaqlar” heç bir şeyi üzə vurmur, mətləbə dəxli olmayan
müxtəlif söhbətlər edir, hər vasitə ilə əsas məqsədlərini gizlədirdilər. Söhbətarası
ev sahiblərindən qızına su gətizdirməyi xahiş edirdilər. Bu zaman gözaltı qızın əl-
ayağı, oturub durmağı, yerişi və zahiri görkəminə xüsusi diqqət yetirir, onu mütləq
danışdırmağa çalışır, fürsət tapıb başına sığal çəkərək hörüyünün təbii, yoxsa süni
olduğunu yoxlayır, bəzən isə bir bəhanə ilə qızın dodağından öpüb ağzında qoxu
olub-olmadığını müəyyən edirdilər. Uzaq keçmişdə görücülər bunlarla
kifayətlənməyib qızın qulağının yaxşı eşidib-eşitməməsinə, gözünün nə dərəcədə
görməsinə, əsəblərinin yerində olub-olmamasına fikir verirdilər. Qızın ev işlərini
necə bildiyini öyrənməkdən ötrü qəsdən mətbəx işlərindən söz açırdılar.
Axırda qız evini tərk edən “Allah qonaqları” geyinən zaman qəfildən qızın ayağı
altına kəlağayını salırdılar. Əgər bu kəlağayıya qədəm basmış qızın dabanları
çatlaq, çirkli olurdusa, kəlağayının zərif ipək sapları mütləq büzülərdi. Bu da qızın
özünə qulluq etməməsinə işarə idi.
Sonra görücülər bəyənilmiş qızın anasına eyhamla: “Allah sizə bir yaxşı yerdən
qapı açsın ” deyib sağollaşır və oğlangilə qayıdaraq bütün gördüklərini və
öyrəndiklərini evdəkilərə danışırdılar. Məsləhətləşib qızı almaq qərarına gəldikdə,
ağbirçək bir qadın tapıb onu ağızaramaya göndərirdilər.
Bir vaxtlar qız evində böyümüş qızı ərə vermək niyyəti ilə onu evlənmə dəllalına
(yengəyə) göstərmək adəti də bu adı daşıyıb. Evlənmək sahəsində peşəkar
vasitəçiliklə məşğul olan bu qadınlar, adətən, hansı qıza hansı oğlanın uyğun

olduğunu yaxşı bilirdi. Ayrı-ayrı bölgələrdə bu elçilikqabağı tədbirə “qızabaxdı,
qızsaraflama”, “qızgörümü, qızgörümcəyi”, “görümcək, görəli”, “görücügetmə,
görücügəzmə”, “didar”, “bəlləmə” və s. də deyirdilər.
Oğlan evi arayıb-axtarıb qız evinə kim tərəfdən elçi gəldiyini qız evinə xəbər
verməsi üçün münasib bir adam göndərirdi. Bəzən qız evi gələcək qohumluğa
razılıq vermirdi. Onda elin-obanın ən mötəbər, hörmətli insanı qız evini razılığa
gətirməyə çalışırdı.
Kiçik elçilik – səmimi hisslər nişanı…
Adətə görə, əvvəl iki qadın- oğul anası və onun qohumlarından bir qadın ilk
elçiliyə gedirlər. Qadınlar məsələni əvvəlcədən müzakirə etməyə və hazırlamağa
çalışırlar. Onlar qızın, onun anasının qohumluğa razı olub-olmamasını öyrənər, bu
məsələyə ailə başçısının da (atanın) fikrini öyrənməyi qız evindən xahiş edirlər.
Ümumi razılıq əldə olunduqdan sonra nişan mərasiminin məsələləri həll edilir və
böyük elçiliyə hazırlıq başlanır. Qadınlar razılığa gəldikdən sonra oğlan və qız
evinin ailə başçıları görüşürlər. Əgər oğlanın atası olmasa, onu oğlan tərəfin
hörmətli kişi qohumu əvəz edir. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə
gedir və elçi gedənlər öz hərəkətləri, davranışları ilə qız evinə elçiliyə gəldiklərini
bildirirlər. Qız evinə gələn elçilər ilk dəfə hər şeyə dərindən fikir verirlər. Bu
zaman elçilər qız anasının bacarığına, qonaqlara açılan süfrənin nizamına, evin
səliqə-sahmanına göz qoyurlar, eyni zamanda özləri haqqında da həmin ailədə
müsbət fikir yaratmağa çalışırlar.
“Qız ağacı qoz ağacı”
İnanclara və adətlərə görə, elçiliyə gecə getməzlər. Baxmayaraq ki, müasir
şəhərlərdə bu adət unudulub.
Elçilərin qarşısına qoyulan çay razılıq alınmamış içilməz.
Elçilikdə deyirlər: “Qız ağacı qoz ağacı, hər gələn bir daş atar”, “Qız yükü duz
yükü”. Qız atası elə birinci elçilikdən razılığa gəlmir. O deməlidir: “Qız qapısı şah
qapısı”. “Bir qızla, anası ilə, yaxın qohum-əqrəba ilə məsləhətləşim, sonra qəti
fikrimizi sizə bildirərik”. Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq
əlamətidir deyərlər. Ancaq yenə qəti söz deməzdi. Çünki əsas sözü böyüklər,
ağsaqqallar deməli idi.
Əgər kiçik elçilikdə ilkin razılıq artıq alınmışsa elçilər müsbət söz eşitməyə təkid
etməlidirlər.Bu zaman ata qızın anasını çağıraraq hamının yanında bir də ucadan
onun və qızın fikrini soruşar. Qadın isə, adətə görə, ata fikrinin əsas olduğunu
deyərək susar. Ananın rəyi soruşularkən elçilər olan otağa qadınlar da daxil olurlar.
Ananın sözündən sonra ata hamının yanında “Allah xoşbəxt eləsin ” deməlidir.
Bundan sonra şirin çay içilər və ortaya yemək gələr.
“Subaydım sultandım, nişanlandım xan oldum”
Elçilikdən bir müddət sonra hər iki tərəfin təyin etdiyi vaxtda qız evinə nişan gəlir.
Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün lazım olan paltarlar,
kosmetik vasitələr, zinət əşyaları, şirniyyat və meyvə xonçaları gətirirlər. Şirniyyat
xonçalarına paxlava, şəkərbura və ən yaxşı konfetlər daxildir.
Bir neçə xonça isə çərəz və quru meyvələrdən düzəldilir. Nişan Novruz bayramı
ərəfəsində olarsa, o zaman qız evinə xüsusi bəzədilmiş səməni də aparılır. Nişanda
təkcə ayaqqabı gətirilmir, hesab edilir ki, ayaqqabı darlıqdır. Onu da ara günlərdə

qayınana gəlinin yanına gələndə gətirir. Qıza nişanda alınan paltarlar adətən
qırmızı rəngdə olur. Qara rəngdə heç nə alınmır.
Nişanda qız üçün zərif naxışlı qırmızı yaylıq gətirilir. Bu nişan mərasiminin ən
önəmli atributlarından biridir. Nişanda bütün xərci çox vaxt oğlan evi çəkir. Süfrə
üçün soğandan başqa bütün ərzaq göndərilir. Soğan acılıq hesab edilir, ona görə də
qız evinə soğan göndərilmir.
Oğlan evindən nişan qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda
gətirilir. Yemək süfrəsindən sonra ortaya oğlan evindən gətirilmiş tort
verilir. Yeməkdən sonra süfrə yığılır və qızı yuxarı başda oturdurlar. Qabağına
güzgü qoyurlar və şam yandırırlar. Xonçaları dövrəsinə düzürlər. Bundan sonra
oğlan yengəsi (qardaşı arvadı) xonçanın üstünə nemət, noğul atır. Qız yengəsi də
gəlib nemət, şirinlik atır. Daha sonra oğlanın bacısı (bacısı olmazsa, yaxın qız
qohumu) gətirilən xonçalardakı əşyaları nümayiş etdirməyə başlayır. Oturanlar da
bir ağızdan “mübarəkdir” söyləyirlər. Sonra nişana gətirilmiş ətirlərdən birini
götürüb oturanlara verirlər və hamı onunla ətirlənir.
Sədaqət üzüyü – nişan üzüyü…
Etnoqraflarımızın yazdığına görə, hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi
olub. Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə
edir.
Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə, Misirdə, digər mənbələrə görə, qədim
Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyü adsız barmağa taxılır. Bu da
ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir. Qədim
Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi
olduğunu, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır
olmadığını, şəhadət barmağında olan üzük sahibinin özünə yar gəzdiyini, orta
barmaqdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə
olduğunu göstərirdi. Bu “Üzük dili” XIX əsrin sonlarına qədər davam edib. Qədim
Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. İndi də Şərq ölkələrində nişan üzüyü
sol əldə gəzdirilir. Avropanın əksər ölkələrində isə nişan üzüyü əvvəlcə sol ələ,
toyda və toydan sonra isə sağ ələ taxılır. Hindistanda nişan əlaməti olaraq böyük
barmaq da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvolik daşlarla
bəzədilmiş qızıl üzüklər taxılır. Hindistanda brilliant daşın mənfi enerji daşıdığına
inanırlar və hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu mənfi
xüsusiyyətini itirir… Böyük nişan mərasimi-nişantaxdı zamanı oğlan evindən
gətirilib ərə veriləcək qızın sol əlinin adsız barmağına nişan üzüyü taxılır.
Bəxt güzgüsü – günün aydın, ay gözəl…
Güzgü qədim türklərdə bəxt, iqbal nişanəsi sayılıb. Güzgüyə həmişə böyük önəm
verilib. Qədim adətlərimizə görə, böyük nişan mərasimində oğlan evindən qızgilə
bəxt güzgüsü adlanan güzgü gətirilir. O sonra gəlinapardı toyunda gəlin çırağı ilə
yanaşı yolboyu qızın qabağında və ya sol tərəfində oğlan yengəsi, yaxud qız
soldışının əlində gəzdirilir. Onun ətrafı qırmızı parça ilə haşiyələnir, hündürlüyü
60-65 sm., eni təqribən 40-45 sm.-ə çatır. Güzgü əsas etibarilə paltarkəsdi,
xınayaxdı toyları və kəbinkəsdi mərasimində nişanlı qızın qarşısına qoyulur və hər
tərəfində bir şam yandırılır. Ona baxan gəlin guya gözdolusu “gələcək ağ
günlərini” görür, güzgü onun önündə aparıldıqda isə “cəmi xəta-bəladan,

bədnəzərdən” qorunur. El-oba inamına görə, suda və güzgüdə əks olunanlar
insanın oxşarı sayılır. Odur ki, bir vaxtlar bu “can və tale güzgüsü”nə baxdıqdan
sonra hökmən onu öpmüşlər. İndiki toylarda da ər evinə yollanan gəlin bəxt
güzgüsünü öpüb onu oğlan yengəsinə tapşırır.
Gərdək gecəsi adət üzrə bəy ilə gəlin bu güzgüyə eyni vaxtda baxmalıdırlar. Bəy
ilə gəlinin güzgüyə birgə baxması onların həm bu güzgüdə, həm də gerçəkdə can-
ruhlarının bir-birinə qovuşması, birləşməsi deməkdir. Bu ənənə, təəssüf ki, heç də
bölgələrimizi hamısında qoruna bilməyib. Ancaq bəzi regionlarda
qalmaqdadır. İnanclara görə toy günü güzgü sınarsa, evlənənlər tez bir zamanda
ayrılar, ya da evlənənlərdən biri tezliklə ölər. Ona görə də bütün toylarda gəlin
güzgüsü göz bəbəyi tək, ciddi-cəhdlə qorunur.
Bu güzgü ayrı-ayrı yerlərdə “bəxt aynası”, “gəlinlik güzgüsü”, “nişan güzgüsü”,
“tale güzgüsü” də adlanır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest