İrəvan Türk Cümhuriyyəti: Naxçıvana getmək üçün dəhliz istəyəcəyik
Sənan Qılıncarslan Qacar – Kırımınsesi – Azerbaycan
İrəvan Türk Cümhuriyyətinin təşəbbüs qrupunun sədri Qafar Çaxmaqlı Modern. az-a açıqlamasında bur qurumun gələcək fəaliyyətindən danışıb:
“İrəvan Türk Cümhuriyyəti 6 aya yaxındır fəaliyyətdədir. Biz Cümhuriyyətin strukturlarını formalaşdırmışıq. Parlamenti əvəz edəcək Millət Şurası fəaliyyət göstərir. Bundan başqa, 14 departament yaradılıb. Bu departamentləri birləşdirən Dövlət Şurası var, bu Şura gələcəkdə Nazirlər Kabineti rolunu oynayacaq. İrəvan Türk Cümhuriyyətinin hədəflərinə çatmaq üçün Parlament seçkilərində yeni strukturlar yaranacaq. Təmsilcilər Məclisi də müəyyən səlahiyyətləri olan orqandır ki, buraya qoşulacaq üzvlər xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılar olacaq.
Artıq 10 ölkədə və 15 şəhərdə təmsilcilərimiz fəaliyyət göstərir. Qarşımıza qoyduğumuz məqsəd tarixi torpaqlarımızda, indiki Ermənistan ərzisində Türk Cümhuriyyəti qurmaqdır. İddialar ortaya qoyulanda da bəyan etmişik ki, bu torpaqlar bizə aiddir. Vaxtilə İrəvan Xanlığının varlığı da bunun sübutudur. Sonradan 1918-in 29 mayında İrəvan şəhəri ermənilərə güzəşt edilmişdi. Sovet hakimiyyəti illərində Zəngəzur, Dərələyəz və Göyçə mahalları Ermənistana birləşdirilib. Bizlər bu torpaqların sahibləriyik, öz tarixi yerlərimizə iddialıyıq. O ərazilərdə yaşayanların hüquqları qorunmalıdır və Azərbaycan türklərinin doğma yurda dönüşünü təmin eləmək üçün fəaliyyətimizi geniş şəkildə, beynəlxalq aləmdə davam etdiririk. Hədəflərimizdən biri də ondan ibarət idi ki, Qarabağ məsələsində Azərbaycan və Türkiyə dövlətinin yürütdüyü siyasətə dəstək verək.