İrəvanın qəbul edilən gerbinin mənası…

Sənan Qılıncarslan Qacar/Kırımınsesi/Azerbaycan

Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının bayrağının ardınca gerbini də qəbul etdik. Gerbimizin dosta güvən, düşmənə qorxu saçacağına əminik.

Bu sözləri açıqlamasında Türkiyənin Ərciyəz Universitetinin professoru, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının təsisçisi Qafar Çaxmaqlı Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının gerbinin qəbul edilməsi haqqında danışarkən deyib.

O bildirib ki, bu təşəbbüsün uğurlu olacağını düşünür:

“Xatırlayırsınızsa, biz 4 iyul tarixində bir videokonfrans təşkil etmişdik. Bizim Millət Şurasının üzvləri uzun çəkən müzakirələrdən sonra Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının bayrağını qəbul etmişdi. Bayraq qəbul olunarkən biz qısa müddətdə gerbin də hazır olacağını qeyd etmişdik. Bu gün isə qürurla Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının gerbini sizlərə təqdim edirik. Vətənə, millətə xeyirli, uğurlu olsun”.

Q.Çaxmaqlı Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının gerbinin özündə əks etdirdiyi mənalar haqqında danışıb:

“Təqdim olunan gerb girdə qalxan formasındadır. Gerb qartal qanadlarının üzərindədir. Qartal qanadlarının seçilməsi iki səbəbdən irəli gəlir: 1. Ən qədim və böyük türk dövlətlərinin, o cümlədən Azərbaycan ərazisində yerləşmiş Mada (Midiya) və Səlcuq imperiyalarının bayraqlarında qartal təsvir olunub; 2. Qartal canlılar içərisində yüksəkdə yaşayandır. Eyni zamanda gücün rəmzi hesab olunur. Bu gerb qartal qanadları üzərində, yüksəklərdə, düşmənlər üçün əlçatmaz zirvələrdədir.

Gerb dairəsinin özü bayrağımıza bənzər şəkildə tərtib olunub. Mərkəz və əsas hissəsi qırmızı rəngdədir, kənarlarında, bayraqda olduğu kimi, mavi və yaşıl xətlərlə əhatələnib. Mavi xətt sol tərəfdə aşağıdan yuxarıya doğru, yaşıl xətt isə sağ tərəfdə aşağdan yuxarıya doğru hərəkət edir. Hər üç rəngin yuxarı hissədə birləşmə yeri İrəvan xanlığına aid qədim bayraqlarda mövcud olmuş, hakimiyyət rəmzi olan ROMB fiquru ilə, ümumi taca bənzər şəkildə birləşdirilib. Bu konfiqurasiya İrəvan xanlığının əsas, fərqli, özünəməxsus elementini ehtiva edir.

Dairənin ortasında, qırmızı sahənin tam mərkəzində, aşağıdan yuxarıya doğru qədim türk-oğuz boylarının ümumi mental rəmzləri olmaqla yanaşı, müasir Azərbaycan Respublikasının və Qərbi Azərbaycan İrəvan Respublikasının bayrağında əks olunmuş aypara və səkkizguşəli ulduz təsvir olunub. Bu ay, ulduz sönmüş qızıl rəngindədir. Əsas ulduzun ətrafında, qırmızı fonda, ağ rəngdə hər guşənin qarşısında biri olmaqla, səkkiz xırda səkkizguşəli ulduz sıralanıb. Bu kiçik ulduzlar əsas böyük ulduzun cazibəsində, ətrafında dolanır. Bu kompozisiya bütöv Azərbaycanın səkkiz böyük hissəyə bölünməsini və birləşməyi hədəflədiyini simvolizə edir.

Gerbin tam mərkəzində, ay, ulduzun ortasında, qırmızı fonda ağ rəngdə, çarpazlaşmış şəkildə, şimal, cənub, qərb və şərq tərəfə istiqamətlənmiş oxlar təsvir olunub. Bu təsvirin aşağıdakı mənaları var:

  1. İrəvan, Zəngəzur, Göyçə, Qarabağ və digər ətraf ərazilər qədim Assur mənbələrində İşquz, yunan mənbələrində İskit dövləti kimi tanınan qədim Oğuz dövlətinin mərkəzi əraziləridir. Təsvir olunan oxlar dünya tarixşünaslığında İskitlər kimi məşhur olan, atlı oxatanlar hərb sənətini yaratmış və dünyaya yaymış, bütün Avrasiyaya yayılmış, hərbdə və mədəniyyətdə xüsusi era olan “İskit üslubu”nun yaradıcısı olan Oğuz boylarına xas şəkildə icra olunub və sözügedən sivilizasiyaya aidiyyətin, mənəvi varisliyin simgəsidir;
  2. Hazırda mövcud olan Azərbaycan Respublikasının bütün sərhədləri boyu öz tarixi əraziləri ilə həmsərhəd olduğundan, parçalanmış halının aradan qaldırılması, vətən torpaqlarının yenidən birləşdirilməsi məqsədilə aparılan mübarizədə, hər istiqamətdə “Ox yaydan çıxdı” mənasını ehtiva edir. Gerbin aşağısı qırmızı lentlə əhatələnib və lentin üzərində aid olduğu dövlətin adı yazılıb”./axar az Kaynak : Babək Cəfərov

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest