GenelGüncelKültür SanatTürk Dünyası

İndi yeni dövr başlayır – Umud Mirzəyev

Umud Mirzəyev

Beynəlxalq Avriasiya Mətbuat Fondunun prezidenti, Şair-publisist, Əməkdar mədəniyyət işçisi

İndi yeni dövr başlayır

“Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nəaliyyətləri olacaq, mən buna şübhə etmirəm”.

İlham Əliyev

Azərbaycan Respublikasının prezidenti

1. Masamın üzərində olduqca mühüm bir sənəd var: orada ifadə edilən məna təbii bir cazibə qüvvəsinin təsiri ilə yaşadığımız tarixi günlərin, daha doğrusu, dövrümüzün simasını göz önünə gətirir, orada səslənən faktlar, müddəalar və yanaşmalar sanki zamanın nəbzi kimi döyünür…

Bu sənəd, həqiqətən də, taleyüklüdür, yəni ən yüksək dəyərə, dövlət, xalq, millət maştablı aktuallığa malikdir. Çünki bu sənəddə irəlidəki yeddi illik zaman aralığında gediləcək tarixi yolun, heç şübhəsiz ki, mühüm nailiyyətlə əbədiləşəcəyinə bəribaşdan əmin olduğumuz sülh, sabitlik, quruculuq, bir sözlə – böyük inkişaf və tərəqqi magistralının konturları aydın şəkildə təqdim edilmişdir.

Əlbəttə, söhbət ölkəmizin ən böyük siyasi marafonunda qələbə çalaraq dövlət başçısı seçilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2024-cü ildə növbədənkənar seçkidən bir həftə sonra düzənlənən inaqurasiya mərasimindəki çıxışının mətnindən gedir. Məhz bu nitqdə müstəqil Azərbaycanın indiki günlərimizə qədər keçib gəldiyi enişli-yoxuşlu, kifayət qədər mürəkkəb, eyni zamanda ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi həyatımızda mühüm rol oynamış nailiyyətlər ilə zəngin 30 illik bir dövrünə dolğun şəkildə nəzər yetirilir, ən əsası isə önümüzdə dayanan strateji, eləcə də, bu və digər ən mühüm vəzifələr, məqsədlər ifadə olunur, zamanın yeni çağırışları dilə gətirilir.

Mən 2024-cü il növbədənkənar prezident seçkilərində BMT statuslu, beynəlxalq səviyyədə fəaliyyət göstərən, heç bir siyasi mövqeyi olmayan bir təşkilatın rəhbəri olaraq müşahidəçilik missiyamı yerinə yetirdim. Ancaq bu yazını isə bir Azərbaycanlı, 30 il bu ağrı-acını yaşamış, həyatının hər anında hiss etmiş bir Qarabağlı və Zəngəzurlu kimi yazıram.

Yəqin, razılaşırsınız, ən azı son üç-dörd ildə, hətta, demək olar, ekstremal ictimai-siyasi şəraitdə İlham Əliyev tərəfindən edilən çıxışlar, dövlət başçısının beynəlxalq və yerli mediaya heç bir yazılı mətnə istinad etmədən verdiyi ekspromt müsahibələri, xalqa müraciətləri məntiqli, kəskin, təsirli rəsmi nitqin ən yaxşı nümunələri, praktik natiqlik örnəkləridir (həm də onların bir çoxu doğma dilimizlə yanaşı, dünyanın ən geniş yayılmış əcnəbi dillərində, böyük siyasətlərin öz dilində, yəni ingilis və rus dillərində olmuşdu, əlbəttə, türk və azərbaycanca da daxil olmaq şərti ilə).

Tarixən qələm və qılıncın, söz və gücün vəhdəti barədə çox deyilib.  Yəqin, hər kəs xatırlayır, elə də uzaq tarix deyil, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan uğurlu cəbhə əməliyatları ilə yanaşı, o, qılınc qədər kəsərli informasiya savaşında diplomatik təcrübənin misilsiz örnəyini yaratmışdı. Dediyim kimi, həmin tarixi çıxışlar çox kəsərli və təsirli idi, çünki onlar həqiqətə, doğru olanasöykənirdi. Hər bir cümlə səfərbərlik gücünə malik idi. İlham Əliyev danışarkən xalqın ruhu oyanırdı. O, nitqləri ilə xalqına, hər birimizə mərdliyi, heç bir xarici qüvvədən qorxmamağıtəlqin edirdi. Həmin çıxışların əlahiddə dəyəri onda idi ki, onlar ədalətə əsaslanır, xalqın haqqını tələb edirdi!

Davam edək. Həm fövqəladə əhəmiyyət daşıdığına görə, eyni zamanda növbədənkənar seçki ilə ilgili bölüşəcəyim mülahizələrin xronoloji ardıcıllığını qorumaq zərurətini nəzərə alaraq, hələ də zəngin təəssüratının təsiri altında olduğumuz siyasi marafonda ədalətli, aşkar, dürüst və həm də bütün vətənimizin dəstəyi, ümumxalq coşqusu ilə möhtəşəm qələbə qazanan İlham Əliyevin andiçmə mərasimindəki, həqiqətən də, parlaq nitqi barədə sözümüzün davamında ətarflı danışacağıq.

2. Masamın üzərində dünya çapında tanınan bir təşkilatın timsalında növbədənkənar prezident seçkiləri prosesinin müşahidəçilik missiyası ilə əlaqədar ayrı bir sənəd də var. Hadisələrin xronologiyası baxımında öncə mən Beynəlxalq Avrasiya Mətbuat Fondunun 7 fevral 2024-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində müşahidəçilik fəaliyyətinə dair hesabatına əsaslanmaqla bir sıra mülahizələrimi bildirmək niyyətindəyəm.

Verilən rəsmi məlumatlardan bəlli olur ki, növbədənkənar seçki marafonunu (125 Dairə Seçki Kommisiyası, 6319 məntəqə seçki komissiyası üzrə) izləmək üçün 65 mindən çox müşahidəçi qeydə alınmış, onların 800-dən çoxu beynəlxalq müşahidəçilər olmuşdur. Müşahidə və monitorinqlər aparmaq üçün QHT-lərin 3 koalisiyasına 50 nəfərlik müşahidəçi komandası ilə qoşulan, yaranmış tarixi-siyasi şəraitdə vətəndaş cəmiyyətinin inkişafına dəstək vermək amalına əsaslanan Beynəlxalq Avrasiya Mətbuat Fondu seçki prosesindəki uğurlu missiyası ilə məmnunluq duya bilər. Bizim bu razılıq hissimizi həqiqətin ifadəsi kimi qəbul etməyinizi istərdik. Təsəvvür edin, ölkə üzrə təqribən 6,5 milyona yaxın seçicinin iştirakı gözlənilən tarixi prosesdə BAMF, baş ofis Bakı şəhərində olmaqla Tərtər, Füzuli və Beyləqanda obyektiv və dolğun müşahidə aparmaq məqsədi ilə regional qərargahlar yaratmışdı. Komandamız 22 fərqli dairədə 38 məntəqənin açılışında iştirak etmiş, üzvlərimizdən on nəfər Xankəndi, Şuşa, Laçın, Xocalı, Ağdərə, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı 7 dairənin 19 məntəqəsində, bununla bərabər, Bakı şəhərində intensiv müşahidələr aparmışdır. Ümumiyyətlə, rəhbəri olduğum Fondun müşahidəçilər heyəti 32 dairə olmaqla, 225 məntəqədə növbədənkənar prezident seçkilərini müşahidə etmişdir.

Seçki günü mən özüm də Xankəndi, Şuşa, Xocalı, Ağdam, Füzuli və Tərtər rayonlarında müşahidəçilik missiyamı yerinə yetirdim. Bu tarixi gündə ümumilikdə 8 məntəqədə seçki prosesini izləmək şansım oldu. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfəki seçkilərdə ən qürurverici an insanlarımızın aktivliyi, maksimum səviyyədə iştirak etmələri idi. Sanki, xalq bu tarixi prosesin bir parçası olmağı özünə borc bilirdi. Sanki, bu tarixi missiya və qarşıya qoyulan vəzifə idi. Bu yanaşma eynilə, prezidentin xalqa göstərdiyi diqqət və onlara qazandırdığı qalib Azərbaycan məfhumunun sinoniminə bənzəyirdi. Gənc və yaşlı nəsil, xanımlar və bəylər, fiziki məhdudiyyətli vətəndaşlar, şəhid anaları… Onların hər birini bu seçkidə görmək mümkün idi.

Rəqəmləri göstərib 7 fevral 2024-cü il tarixdəki fəaliyyətimizin statistikasını verməkdə məqsədim seçkiyə hazırlıq, seçkinin keçirilməsi və yekunlar haqqında BMT-nin İqtisadi Sosisl Şurasının QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü, müstəqil bir təşkilatın – Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəyərləndiməsinin kifayət qədər ciddi bir rəy olduğunu diqqətə çatdırmaqdır. Bu rəy isə ondan ibarətdir ki, sözügedən bəlli təqvimdə doğma vətənimizin, Azərbaycanın tarixində misli olmayan  seçki reallaşmış, xalqımız yeni, daha məsuliyyətli ictimai-siyasi, tarixi mərhələyə keçid etmişdir.

Yeri gəlmişkən, şəxsən mən bir vətəndaş olaraq Azərbaycan öz müstəqilliyinə qovuşduqdan bu günəcən 1990-cı illərin lap əvvəllərinə təsadüf edən iki nakam seçki də hesaba alınarsa, 1993-cü ildən bu yana bütün prezident seçkilərinə qatılmış, xalqımızın həyatında əlahiddə önəm daşıyan mühüm siyasi prosesdən kənarda qalmamışam. 1993 və 1998-ci illərdə birmənalı olaraq Ümummilli Lider Heydər Əliyevi, sonrakı dönəmlərdə isə beş prezident seçkisində İlham Əliyevi ən layiqli namizəd hesab etmiş onlara, əslində isə Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə səs vermişəm.

İndi adı çəkilən siyasi olaylar tarixə qovuşsa da, məhz xalqın etimadının verdiyi bəhrələr Azərbaycan Respublikasının ən qabaqcıl, sürətlə inkişaf edən, nüfuzlu ölkələr sırasına qalxmağına imkan yaratmışdır.

İnkişafın, yüksəlişin bütün parametrləri fərqli mənbələrdən başlanğıc götürərək qüdrətli siyasi liderin – İlham Əliyevin simasında vahid nöqtədə birləşmiş, ümumən, ölkədə keyfiyyət dəyişikliyinə səbəb olmuşdur. Bu keyfiyyət faktorunu bütün siqmentlərə nəzərən izləmək mümkündür. Bu gün Azərbaycanda layiqli dövlətlərə xas siyasi, iqtisadi, intellektual, mədəni platforma mövcuddur. Azərbaycan insanı 30 il bundan əvvəlki fərd deyil, o hər cəhətdən inkişaf etmiş bir vətəndaş cəmiyyətinin üzvüdür. Xüsusilə, düşünülmüş daxili iqtisadi siyasət ölkədə insanların rifah halının yüksəlməsinə təməl olması göz önündədir. Əslində, Azərbaycan dünyanın, eləcə də Qafqazın sosial priorietli ölkəsidir. Bunu təsdiqləmək üçün uzun-uzadı araşdırmalar aparmağa ehtiyac yoxdur; əhalinin maddi rifah halının mövcud durumu, ölkənin, demək olar, hər bir ünvanında, yəni başdan-başa Azərbaycanda reallaşan sosial-infrastruktur layihələrinin yaratdığı mənzərəyə nəzər salmaq yetərlidir (Yeni tikilən səhiyyə, təhsil, mədəniyyət müəssəsələrini, aqrar-sənaye parklarını, sənaye komplekslərini, yol-körpü qovşaqlarını, sürətlə və keyfiyyətlə yeniləşib ecazkar bir gözəlliyə qovuşan Bakı şəhərini, böyük bir səriştə ilə aparılan, modernləşmiş ordu quruculuğunu  və s. yada salaq).

Hər bir uğur düzgün idarə olunmuş əməyə, iş və əməl birliyinə, 20 ildən çox bir müddət ərzində Prezident İlham Əliyevin qətiyyətli qərar və göstərişlərinə, idarəçilik bacarığına, vətəninə sevgisinə, bütün bunlarla bərabər Ulu Öndər Heydər Əliyevin siyasi idarəçilik irsinə sadiqliyinə əsaslanır.

İstər növbədənkənar seçki öncəsi, istər seçkilər günü, istərsə də seçkidən sonra bu siyasi kampaniyanı növbəti  səsvermələrdən əsaslı şəkildə fərqləndirən ekspertlər, təhlilçilər, kütləvi informasiya vasitələrinin təmsilçiləri və sıravi vətəndaşlar heç də səhv etmirlər. Birmənalı olaraq hər kəs bildirir ki, 7 fevral 2024-cü il prezidentliyə növbədənkənar seçkini fərqləndirən məziyyətlərdən biri də onun Azərbaycan Respublikasının istinasız olaraq bütün ərazilərini, şəhər, qəsəbə və kəndlərini əhatə etməsi ilə bağlıdır. Belə bir göstərici ümumxalq nailiyyətidir. 2020-ci ilin sentyabr-noyabr, 44 günlük Vətən müharibəsinin zəfər gününə, 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatına qədər kimin ağlına gələrdi ki, külli-Qarabağ, Şərqi Zəngəzur son qarışına qədər 30 il mənəm-mənəm deyən düşmənin sonuncu qulduruna qədər təmizlənəncək, Ermənistanın silahlı qüvvələrinin, eksperimist, seperatçı ünsürlərin başı dəmir yumruqla əziləcək. Azərbaycan vətəndaşları, qaçqın-köçkün bacı-qardaşlar sürətlə qurulub dirçəldilən dədə-baba torpaqlarına dönəcək və qalib bir ölkənin vətəndaşları kimi seçki məntəqəsinə gəlib istədikləri namizədlərə səs verəcəklər. Belə bir zəfər platformasının, qalibiyyət himninin müəllifi Azərbaycan xalqı, milli ordumuz və müzəffər Ali Baş Komandan İlham Əliyev idi. İnsanlar onun apardığı hərtərəfli və uğurlu siyasəti dəstəkləyərək, həm də məhz qürurlu qələbə həqiqəti dəyərləndirərək sanki vəfa borcunu yerinə yetirərək seçki məntəqələrinə axın edirdilər. Məhz yuxarıda qeyd olunan 3 amilin (XALQ, ORDU, RƏHBƏR) ahəngdar qovşağının yekununda azadlığına qovuşan Qarabağda sülhün, asayişin, fundamental quruculuğun, doğma torpaqlarda onilliklər boyunca gözlənilən məskunlaşmanın sarsılmaz təməli qoyulmuşdu.

Davam edək. Azərbaycan Respublikasının Konstitusiyasına, seçki məcəlləsinə istinadən prezident seçkiləri prosesinə qoşulan BAMF 35 ilə yaxındır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, dövlətçiliyin, demokratik dəyərlərin qorunması, didərgin düşən insanların qayğı və çətinliklərinin önlənməsi, Qarabağda 30 ilə yaxın bir müddətdə mövcud olmuş katastrofik reallığın, acı həqiqətlərin beynəlxalq ictimaiyyətə, dünya mediasına çatdırılması kimi bir çox vacib məsələlər uğrunda çalışmalarda ön sırada yer alan təşkilatlardan biridir. Təbii ki, biz ölkəmizin həyatında baş verən ümumxalq əhəmiyyətli prosesə aktiv, aydın və vahid proqramla qoşulduq. Qısaca olaraq deyə bilərəm ki, komandamızın mövcud siyasi-ictimai vəziyyəti öncədən təhlil etməsi, seçki öncəsi hazırlıqlar, prezidentliyə namizədlərlə bağlı zəruri bilgilərin nəzərdən keçirilməsi, təşviqat kampaniyası, yerli və beynəlxalq məlumatların ümumiləşdirilməsi missiyamızı fəal və konstruktiv icra etməyimizə imkan verdi.

Azlığından və ya çoxluğundan asılı olmayaraq sayılan hər bir səsə rəğbətlə yanaşmaq lazımdır. Sadə bir misal; qalib namizəddən sonra hörmətli Zahid Oruca verilən 2,17 faiz, Fazil Qəzənfəroğluna verilən 2 faizə yaxın səs minlərlə seçicinin səsi deməkdir. Bütün hallarda isə İlham Əliyevin mütləq qələbəsi –  92,8 faiz təşkil edən yekun rəqəm ədalətin, demokratiyanın, xalqın inamının və layiqli namizədə bəslənən etibarın təntənəsi, 20 ildən çox bir müddətdə ölkəyə rəhbərlik edən şəxsin yorulmaz əməyinə, qətiyyətli addımlarına, dünyada örnək olan Azərbaycan reallığının yaradıcısına verilən qiymətdir. Biz təşkilatın növbədənkənar prezident seçkilərinə aid yekun hesabatda böyük məmnunluqla indiyə qədər görünməmiş izdihamlı seçici fəallığını qeyd etdik. Göstərdik ki, seçki prosesi şəffaf, obyektiv şəkildə keçirilmiş, səsvermədə layiqli iştirak üçün hər kəsə dolğun şərait yaradılmışdır. Seçki prosesində seçkilərin nəticələrinə təsir edə bilən heç bir qayda pozuntusu aşkarlanmayıb. Müşahidəçilərimiz tərəfindən, ümumən, Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, seçki hazırlığı və təşkilatçılığı yüksək qiymətləndilmişdir.

3. Yenidən yekdilliklə prezident seçilən İlham Əliyev 2024-cü il fevralın 14-də Azərbaycan Respublikasının Milli Məclisində geniş və əhatəli, məzmunlu, cəmiyyəti maraqlandıran bütün təməl sualların cəmini cavablandıran, yekunları və perspektivləri əks etdirən nitq söylədi. Yazının əvvəlində bu barədə ətraflı danışacağımızı qeyd etmişdik. Həmişə olduğu kimi prezidentin proqram mahiyyətli çıxışı həm daxili, həm də xarici auditoriyanın diqqətini ciddi şəkildə cəlb etdi. Yeni mərhələdə də “Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyünün qorunması üçün” var gücünü sərf edəcəyini bəyan edən İlham Əliyev, 2003-cü ildə verdiyi bütün vədlərin yerinə yetirildiyini, əldə edilmiş nailiyyətlərin mənbəyinin Azərbaycan xalqı, xalqın öz rəhbərinə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığı olduğunu bildirir, “biz böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik,” – deyir.

Bəli, məhz elə bu fundamental səbəbdən 2020-ci il sentyabr ayının 27-də alovlanan 44 günlük Vətən Müharibəsinin sonunda Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, dövlət başçısının dediyi kimi, 300-dən çox şəhər, kənd azadlığına qovuşdu. “Ancaq müharibə olmaya da bilərdi”, “əgər Ermənistan və onun xaricdəki havadarları beynəlxalq hüquqa əməl etsəydilər”, “BMT-nin dörd qətnaməsini qulaqardına vurmasaydılar”. Halbuki Azərbaycan münaqişənin həllinin bütün etaplarında danışıqlara sadiq idi. Qələbəmizi şərtləndirən başlıca amillərdən biri Azərbaycan ordusunun döyüş hazırlığı, qəhrəmanlıq ruhu ilə bağlıdır. Elə bu səbəbə görə ordumuz müharibənin bütün əməliyyatları zamanı yalnız irəli getmişdi. İşğalçıların özlərinin dediyinə görə, 44 günlük müharibədə erməni ordusunundan 12 mindən çox hərbçi fərarilik etmişdi. Halbuki Azərbaycan tərəfindən bir nəfər də olsun döyüş meydanını tərk edib qaçmamışdır.

Hamının ortaq olduğu yekdil rəyi Prezident İlham Əliyev bir daha xatırladır: “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir.”

İlham Əliyev seçkiyə Xankəndində qatıldı. Dediyi kimi, o, ölkənin hər bir yerində səs verə bilərdi, lakin tam ədalətli, düzgün olaraq buranı seçdi. Yeri gəlmişkən tale elə gətirdi ki, mənim də bir vətəndaş kimi Xankəndidə səs vermək şansım yarandı. Həmin an keçirdiyim hisslər sözlərlə ifadə etmək çox çətindir. Ömrünün yarıdan çoxunu vətən həsrəti ilə keçirən birisi üçün bu hisslər yəqin ki, yaşadığı həyatın ən yaddaqalan anlarından biri idi. Mən əzab-əziyyətlər görən, öz qanından olanları gözü qarşısında itirən, köklərinə bağlı ocağı söndürülən bir nəslin nümayəndəsi kimi uzun illər bu anın yükünü özümdə daşıyacağam. Qalib Azərbaycanın gələcəyinə Xankəndidə, bəli bizim azad Xankəndidə səsimlə səs olmağa çalışdım. O yeri ki, tarixin bəlli illərində bu məskəni Qarabağ xanlığının banisi Pənahəli xan salmışdı. O yerdə ki, 1980-ci illərdən antiterror əməliyyatına qədər erməni quldurları buranı şeytan yuvasına çevirmişdilər. Qarabağı Azərbaycandan ayırmaq xülyası oradan “pərvazlanırdı”.

Prezidentin  nitqindən indi iqtibas edəcəyim cümlələr mərasimin iştirakçıları tərəfindən gur alqışlarla qarşılanır, o iki cümlə belədir: “Orada verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan mismar idi”.

Prezident yeni dövrün başlandığını elan edir. O əmindir ki, yeni mərhələnin böyük nailiyyətləri olacaq. Dəqiq hədəf, ali məqsəd güclü Azərbaycandır. Çünki ədalət tərəzisi əyilən dünya əvvəl-axır güclə hesablaşır. Lap hesablaşmasa belə, güc gücdür, çəkisini itirmir. Söhbət əzələ nümayişindən deyil, xalqın, millətin, dövlətin halal, qanuni haqqının təminatlı qorunmasından gedir…

“Ona görə də, –  cənab Prezident bildirir, – növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin gücləndirilməsi olacaq. Bütün hallarda Azərbaycanın dövləti siyasəti beynəlxalq hüquqa əsaslanacaq. Təsadüfi deyil ki, dövlət büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir, bununla yanaşı Qarabağ və Şərqi Zəngəzurun bərpası da vəsaitlərin sərfi baxımından prioritetdir.”

İlham Əliyev, faktiki olaraq üçüncü dünya müharibəsinə çox yaxın olduğumuz bir şəraitdə güclü hərbi sənaye kompleksinin yaradılması, sərhədlərimizin etibarlı şəkildə qorunması (…“Sərhədlərimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin”) zamanın çağırışı, müasir dövrün tələbidir. “Ölkə daxilində risklər yoxdur, bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır,” –  deyə Prezident açıq şəkildə bəyan edir. Yalnız milli birlik, milli dəyərlərin təsiri ilə yetişdirilən müasir gənclik, həmrəylik, vətəndaş cəmiyyətinin inkişafı, güvənli şəkildə qorunan sərhədlərimiz yeni uğurların təminatçısı ola bilər.

Bu gün Qarabağ və Şərqi Zəngəzur nəhəng quruculuq, dirçəliş meydanıdır. Nə yazıq ki, çox insan mina qurbanına çevrilib, həyatını, yaxud sağlamlığını itirənlər var. Bununla belə ərazilər mənfur düşmənin yeraltı xəyanətindən xilas edilir; 120 min hektara yaxın ərazi təmizlənib. Əhalinin təhlükəsizliyi təmin olunduqca, həyat şəraiti yaradıldıqca azad edilmiş yurdlara əbədi qayıdış sürətlənir. İndiyəcən 5400 keçmiş köçkün beş yaşayış məntəqəsinə göndərilib. İlin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min insan yerləşdiriləcək. Böyük Qayıdış proqramının birinci mərhələsində – 2026-cı ildə dədə-baba yurdlarına dönənlərin sayı 140 min nəfərə çatacaq. Hazırda erməni vandallarının xarabazara çevirdiyi torpaqların yarasına məlhəm qoyulur. Orada bütün sosial infrastruktur əsaslı şəkildə yenidən qurulur: xəstəxanalar, məktəblər, idman obyektləri, yollar, 130-dan çox tunel və körpü inşa edilir. İqtisadiyyatın  hərtərəfli inkişafı, yoxsulluğun minimum həddə endirilməsi, xarici iqtisadi və beynəlxalq münasibətlər, insanların sosial rifah halının yaxşılaşdırılması,  iş yerlərinin açılması, gəlirlərin artımı, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi kimi vacib həyati problemlərə toxunan, perspektivləri, həll yollarını göstərən Prezident İlham Əliyevin çıxışının son cümlələrini həyəcansız oxumaq olmur. Bu fikirlər hər bir vətəndaşın qəlbini inamla, yaradıcı-qurucu ruhla, həmrəylik hissləri ilə, işıqla doldurur: Biz bu günAğdamdayıq, Füzulidəyik Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, XankəndidəyikBu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək!”

Fəxr hissi ilə qeyd etmək istərdim ki, qurucusu və rəhbəri olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondu yarandığı ilk gündən Qarabağ və onun ağır taleyinə həmdəm olmağı özünə ali missiya olaraq seçmiş və bu yolda inamlı addımlar atmışdır. Biz Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əsas və dayanıqlı QHT partnyoru olaraq son 20 il ərzində 12,500 hektardan artıq ərazini mina və partlamamış hərbi sursatlardan təmizləmiş və xalqımızın istifadəsinə vermişik. 30 illik işğal dövrü başa çatdıqdan sonra Qarabağın 220-dən çox kəndində tədqiqat işləri aparmışıq. Ümumilikdə 10 rayonda 250.000-dən çox soydaşımızın mina təhlükəsi üzrə maariflənməsinə nail olmuşuq. Bu gün də öz imkanlarımızı və potensialımızı Qarabağın inkişafına, onun çiçəklənməsinə və parlaq gələcəyinə səfərbər edirik. Biz bu torpaqlara qayıdışa inancı hər zaman yüksək olan vətəndaş cəmiyyəti təşkilatı olaraq bundan sonrakı dövrdə də mütərəqqi quruculuq və bərpa yolu keçəcəyimizə sonsuz inanırıq. Biz bu yola inanaraq, inandığımız liderin yanında ilahi bir güc ilə toplaşaraq çıxdıq və dayanmadıq.

4. Gün var əsrə bərabər… Dəyərli sözlər çoxmənalı olur, onları yalnız məcazi mənada yozmaq heç də mükəmməl yanaşma deyil. 20 ildən çox müddət ərzində Azərbaycana birmənalı olaraq uğurla rəhbərlik edən İlham Əliyevin beşinci dəfə prezident seçkilərinə qatılması və parlaq qələbəsi təqvimin sadə bir gününə – 2024-cü il fevral ayının 7-sinə hüdudsuz zaman miqyası və tarixi mahiyyət qazandırır. İlham Əliyev 20 il ərzində Azərbaycan xalqının bütün nailiyyətlərinin təşkilatçısıdır. Bu fikirləri istəkli oxucularla bölüşərkən illərin o tayından Ulu Öndərimiz  Heydər  Əliyevin dönə-dönə təsdiqlənən sözlərini eşidirəm:

“O, yüksək intellektli, praktik düşüncəli, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev və Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirmək Azərbaycan dövlətinin inkişafı, xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəynizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm…”

Bu gün hər birimiz Ümumilli Liderimizin böyük etimadının sözbəsöz doğrulduğunun şahidiyik…

İnkişaf – təbii, iqtisadi, sosial, siyasi, mədəni, mənəvi təkamülün, keyfiyyətcə dəyişmənin adıdır. Azərbaycan xalqının yüzillikləri əhatə edən tarixi yolundakı inkişaf mərhələlərini kimsə dana bilməz. Məsələ burasındadır ki, iyirmi il ərzində Azərbaycan xalqı və İlham Əliyevin müştərək müəllifliyi ilə əldə olunmuş yekunları yalnız inkişaf göstəriciləri saymaq azdır. Çünki o, kifayət qədər möhtəşəm milli inkişafla bərabər, müasir Azərbaycan İntibahının müəllifidir. Belə müəlliflik səlahiyyəti ciddi şərtlər daxilində mümkün ola bilir. Məncə ilk şərt odur ki, İlham Əliyev dövlət rəhbərliyinə başlayan ilk günlərdə Ulu Öndərin yoluna, ümumxalq sədaqətinə üz tutdu və belə seçim dünən də, bu gün də Azərbaycanın hərtərəfli, qlobal uğurlarının müasir, milli və ideoloji əsaslarını təmin edir. İlham Əliyev dövlətin qüdrətinin ideal şəkildə qorunması baxımından xalqın ləyaqətini, milli heysiyyətini, vətəndaşlıq düşüncəsini bərpa edən tarixi şəxsiyyətdir. Sübut günümüzün reallıqlarıdır; Azərbaycanın dövlət müstəqilliyi tam, dönməz, əbədi bərqərar olmuşdur. Milli iqtisadi inkişaf beynəlxalq səviyyədə nümunədir. Azərbaycanda ərazi bütövlüyünü, ölkənin sərhədlərini qorumaq qüdrətinə malik ordu yaradılmışdır. Sosial-infrastruktur quruculuğunun həm maştabı, həm keyfiyyəti, həm də görülən işlərin sürəti heyrətamizdir. İyirmi il ərzində müvafiq mərhələ ardıcıllığı ilə əhalinin həyat şəraiti yüksəlmiş, insanların təhlükəsizliyi, asayiş təmin olunmuş, hüquqi dövlət möhkəmlənmişdir.

Bu gün ölkənin beynəlxalq nüfuzu bərabər hüquqlu əməkdaşlığa əsaslanır. Müstəqil Azərbaycanın heç bir dövlətdən və qüvvədən asılılığı yoxdur. İlham Əliyevin uğurlu rəhbər obrazını tamamlayan səciyyəvi göstəricilər sayılanlarla bitmir, bunlar barədə təhlilçilər, icmalçılar, ekpertlər beynəlxalq miqyaslı politoloqlar, jurnalistlər, sadə insanlar hər gün söz açır, danışır, yazırlar. Əsas məsələ odur ki, İlham Əliyevin uğurlu siyasətinin bəhrəsi Azərbaycan xalqına məxsusdur!

Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, şair-publisist, Əməkdar mədəniyyət işçisi
Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, şair-publisist, Əməkdar mədəniyyət işçisi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest