İlaxır Çərşənbəniz mübarək!

Sənan Qacar / Azerbaycan

Azərbaycan xalqının ən qədim və əziz bayramlarından olan Novruz ulu yurda öz mübarək qədəmlərini basır.

  Novruz sözünün mənası “yeni gün”dür. Qədim zamanlardan Novruzun gəlişi – əmək mövsümünün başlanğıcı olaraq insanları sevindirir.

  Novruz bayramının əsas atributlarından olan çərşənbələrin dördüncüsü, sonuncusu – İlaxır Çərşənbə 2020-ci ildə 17 marta təsadüf edir.

  Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə isladır, günəşlə isidir, onu yaratmağa hazırlayır. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni» deyib buğda isladırlar.

  Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günün, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üzgü”, ikinci üçünə “doğru üzgü”, sonuncusuna isə “ilaxır çərşənbəsi” deyilirdi. Bu çərşənbələrin hamısının özünəməxsus adət və ənənələri var. Qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunlar indi qismən unudulub.

  “Kosa-Kosa” ilin axır çərşənbəsi günü icra edilir. Bir sıra sehr və əfsun ayinləri əsasında qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq onu elliklə yola salır, yeni ilin, yəni yazın ilk gününü elliklə bayram edir.

  Bütün əkinçi xalqların mövsüm nəğmələrinin və bununla bağlı mərasimlərin araşdırılmasından aydın olur ki, ümumiyyətlə, qədim insan bir fəslin qurtarıb ikinci bir fəslin başlanmasını birincinin ölməsi, daha əvvəl ölmüş olan ikincisinin isə dirilməsi şəklində təsəvvür edib.

  Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilib və beləliklə, insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşıb.

  Novruz ulu əcdadlarımızın əski bayramlarındandır, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranıb.

  Torpaq çərşənbəsini “torpaq-çillə-beçə çərşənbəsi” də adlandırırlar. O, xalq arasında “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə – suri” adları ilə də tanınır.

  Axır çərşənbə gününün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Müqəddəs Qurani-Kərimdən surələr oxunar, dua edilər. Eyni zamanda, Od çərşənbəsində tonqallar qalayar, hər ailə üzvünün adına bir dənə şam yandırar, xonçalar düzəldilər.

  Azərbaycan türklərində bir adət də budur ki, həmin çərşənbə axşamında od üstündən yeddi dəfə o yan – bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.

  Novruzun əsas atributlarından, simvollarından biri səmənidir ki, Bahar bayramını səmənisiz təsəvvür etmək qeyri-mümkündür.

  Bəzi müəlliflər öz əsərlərində “səməni” sözünü “çəmən” və “saman” sözüylə bağlayırlar.

  Səməni bolluq simvoludur. Məhsulun həmin il necə olacağını məhz səməni ilə müəyyən edirlər. Əgər səməni yaxşı bitibsə, boy atıbsa, deməli, məhsul həmin ili bol olacaq.

  İlaxır çərşənbə həm də inanc və falları ilə məşhurdur.

  Axır çərşənbə günü axşamçağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

  Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. “Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər”, – deyərlər.

  Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. “Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır”, – deyərlər.

  Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. “Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan, qismətinə çıxacaq adamı görərsən”, – deyərlər.

  Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. “Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan”, – deyərlər.

“Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər”, – deyərlər.

  Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. “Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər”, – deyərlər.

  Beləliklə, çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini göstərən hadisələrdir. Onun miladdan əvvəl başlanan qədim tarixi vardır. Yaradılışla bağlı dörd sakral ünsür haqqındakı qədim təsəvvürlərdən, xalq inanclarından, arxaik ayindən, altı günlük təqvim mifindən və yazla bağlı mövsüm mərasimlərindən qaynaqlanır.

  Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən Novruz bayramı bir ay əvvəldən xalqı böyük bayrama – Novruza hazırlayır, cəmiyyətdə nikbin ehtiyatları səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır.

  Tədqiqatlardan aydın olur ki, Novruz bayramı öz mərasimləri ilə birlikdə, zaman-zaman Azərbaycanda hakim kəsilmiş dinlərin hamısından əvvəl çox sadə təsərrüfat bayramı, yəni qışın yola salınması, yazın qarşılanması bayramı olub. Məhz buna görədir ki, xalq müxtəlif dinlərin, məzhəblərin, siyasi sistemlərin, ayrı-ayrı hökmdarların təsis etdikləri bir çox bayramları, mərasimləri unutsa da, Novruzu insanı əməyə, zəhmətə, maddi nemətləri yaratmağa çağıran təsərrüfat bayramı kimi əsrlər boyu yaşadıb.

  Azərbaycan xalqı hər il böyük həvəslə bu əziz bayramı gözləyir, onu sevinclə qarşılayır, xüsusi bir məhəbbətlə icra edir.

  Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr xalqımızın həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.

  İlaxır Çərşənbəniz mübarək, əziz Azərbaycan xalqı!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest