İki döyüşçü anası dedi ki…
Vəli İlyasov
İki döyüşçü anası dedi ki…
Bu günlər xalqımızın ən böyük bayramıdır. Otuz illik Qarabağ həsrətinə birdəfəlik son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və xalqın güclü dəstəyi ilə müzəffər ordumuz işğalçı Ermənistanı diz çökdürüb torpaqlarımızı azad etdi.
Vətəni yağılardan xilas edənlər arasında əslən laçınlı olan iki qardaş-Əhməd və Fərid Mirzəyevlər də var idi. Əhməd 2020-ci ilin yayında Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirsə də əli heç bir işə yatmırdı. Çünki Ermənistanın işğalçı qoşunları Azərbaycanı yeni müharibə ilə hədələyir, Tovuz istiqamətindən tez-tez hücumlar edirdi. Gərginləşən vəziyyət sentyabrın 27-də müharibəyə çevrildi. Əhməd Mirzəyev həmin günlərdə könüllü olaraq döyüşə getdi. Ağdam-Füzuli istiqamətindəki amansız döyüşlərdə iştirak etdi. Cəbhə yolları onu Şuşanın azad edilməsi vuruşmalarına qədər apardı. İgid döyüşçülərimizlə çiyin-çiyinə vuruşan sıravi Əhməd özü də qorxmazlıq və igidlik nümunəsi göstərdi.
Ailənin digər oğlu Fərid isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirəndən bir il sonra Vətənə olan borcunu vermək üçün hərbi xidmətə gedib. Bu, 2020-ci ilin qaynar Tovuz hadisələrinin törədildiyi günlərə təsadüf edirdi. Sıravi əsgər Fərid Mirzəyev Tovuzdan döyüşlərin daha sərt getdiyi Tərtər-Goranboy cəbhəsinə göndərildi. Orada erməni işğalçılarına qan udduranların cərgəsində Fərid də vardı. Müharibənin ilk günlərində Fəridin xidmət etdiyi hissənin kəşfiyyatçıları Murov kimi əlçatmaz bir yüksəkliyi cəmi dörd günə alıb ay-ulduzlu Azərbaycan Bayrağını onun zirvəsində ucaltdılar. Bu, Azərbaycan Ordusunun ilk böyük uğuru oldu. Sonra Suqovuşan azad edildi, qələbələr sıralandı…
Əhməd və Fərid Mirzəyev qardaşları müharibənin sonuna qədər vuruşdular. Evlərinə qalib əsgər kimi qayıtdılar. Döyüşçü qardaşların anası Ağgül xanım deyir ki, iki oğlunun müharibədə iştirak etməsi, torpaqlarımızın azad olunmasında göstərdikləri xidmətlər bir ana kimi məniçox qürurlandırır. Qeyrətli oğul Vətənə dar gündə lazımdır.
Əlbəttə, düşmən çəpəri olan belə qorxubilməz qəhrəman oğullarla bütün Azərbaycan xalqı fəxr edir.
*****
Mirzəyev Fərid- Tovuz döyüşlərinin də iştirakçısı olan qalib əsgər daha sonra Vətən müharibəsində cəbhənin Ağdərə – Goranboy istiqamətində və Murovdağ zirvəsinin alınması uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olmuş, 44 günlük müharibənin sonuna kimi döyüş yolunu Kəlbəcər istiqamətində davam etirdirmişdir. 2020-ci ilin oktyabr ayında həqiqi hərbi xidməti başa çatmaq üzrə olan Bakı Dövlət Universiteti məzunu döyüşçü-əsgərimiz müddətdən artıq 8 ay işğaldan azad olunmuş Kəlbəcər rayonunda hərbi xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
“Qarabağ Azərbaycandır!”
Mirzəyev Əhməd-Həqiqi hərbi xidmətini cəmi iki ay idi başa vuran Vətən müharibəsində könüllü olaraq iştirak edən döyüşçümüz ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında xüsusi xidmətləri olan “N” saylı hərbi/hissənin tərkibində ən yüksək strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsində iştirak etmişdir. Vətən müharibəsi iştirakçısı əsas döyüşçü heyəti ilə birlikdə Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, tabeliyində olan əsgər və döyüşçülərinin təlükəsizliyini mümkün qədər təmin etməyə çalışaraq, h/hissə qarşısında qoyulan tapşırıqları və öz vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirən Azər İsmayılovun rəhbərliyi altında cəbhənin ən qaynar nöqtələrində Füzulidən Şuşaya kimi şanlı döyüş yolu keçmiş,ən mürəkkəb və uğurlu hərbi əməliyyatlarda iştirak edərək 44 günlük Vətən müharibəsinin ilk günündən sonuna kimi haqq işimiz uğrunda döyüşən və bizə Zəfər bəxş edən qəhrəmanlardan biri olmuşdur. Azərbaycan Dövlət İqtisad Universiteti məzunu olan Mirzəyev Əhməd torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi yüksək hərbi xidmətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”,”Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi
Şuşa