Hər bir gün – arzudur balalar üçün…
Hər bir gün – arzudur balalar üçün…
***
Hər gün bir həyatdı, min görünüşlü…
Hər bir gün– “Mən varam”, yəni həyatdır.
Hər bir gün – arzudur balalar üçün,
Hər bir gün – uçmağa qoldur, qanaddır.
***
Çox deyim, qışqırım, ay.. məndən olmaz,
Əjdaha kimdir ki mən olan yerdə.
Sən kimsən, ay yazıq, göydən baxan var,
Bu sözü dilinə gətirmə bir də.
***
Hər bir gün -illərə bir hesabatdır,
Gördüyün işləri sadala bir-bir.
Hər bir gün-kiminsə bəxtəvərliyi,
Hər bir gün – heç kəsə bilinməyən sirr.
***
Heç kəs deyə bilməz- “bu gün də keçdi”,
Bu günün xəbəri sabah bilinir.
Həyat – həyat boyu bir keşməkeşli
Tale oyunudur heç vaxt silinmir.
***
Heç kəs yaza bilməz mən yazanları,
Mənim yazdıqlarım – mənim sözümdür.
Gözünün nurunu itirən adam
Mənim anlamımda mənim gözümdür.
***
Babamın atama məktublarında
“Nuri-didəm” idi əvvəlki sözü.
Daha məktub da yox, o söz də yoxdur,
Mobil telefondur məktubun özü,
***
Mən günü saymağa daha arifəm,
İlləri saymağın vaxtı keçibdir.
İndi günləri də saymaq – bir bəla,
Deyəsən, bəxtin də baxtı keçibdir.
***
Ocağın sönməyi, odun keçməyi-
Nəslin- fəlakəti, günün -qürubu…
Gün keçir,sabahı yeni gün gəlir.
Qəmlənmə, bax həyat,dostum, budur bu.
***
Ehey!…
Qüssələnmə, hər gün gün gəlir,
Demə ki, bugünkü çox qəfil gəlir.
Asılı deyildir heç birimizdən,
Həyatın günləri, ay,fəsil gəlir.
***
Hər gündə başlayır, il hesabatı,
Sözdür də deyirik – dil hesabatı…
Hamının hesabı və hesabatı
Vallah ola bilmir fil hesabatı.
***
Gəlin dərdən, qəmdən lap uzaq olaq,
Hər işdə,əməldə üzü ağ olaq.
Əbədi olmayan həyat yoxsa da,
Dünya- işindədir, biz də sağ olaq…
***
Demə, ovcumdadır bu dünya mənim,
Dünyanın sirrini bilmək – çox çətin..
Dünya- gözəllikdir, dünya – həyatdır,
Dünya hamınındı, dünya – hər kəsin…
***
Nazim Nəsrəddinov
Bakı,
29.05.2021