Hədiyyə Şəfaqət – Şeirlər
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Hədiyyə Şəfaqət
Şeirlər
BƏZƏN
İndi mənim halımın hal olmayan yeridir
Gözümün göz, əlimin əl olmayan yeridir
Şəhərin sükutunu pozur qanad səsləri
Hardasa işıq yanır,
Hardasa işıq sönür
Daha neçə yarpağın son nəğməsi səslənir
Neçə adam gecədən keçib evinə dönür..
***
Uzaq çöllərdən gələn bir xışıltı, əsinti
Deyir hardasa Tanrı dizini yerə qoyub
Mənim qəlbim həm orda, həm burda gizli -gizli
Sevişməyə soyunub – sözünü yerə qoyub..
***
Sönüb məbədlərdəki son şamlar, son dualar
Səhər hər şey yenidən səslənəcək, Sevgili
Hardasa göy sularda qağayı iddialar
Gün işığından qaçıb gizlənəcək, Sevgili..
***
Sən bax pəncərənizdən
Bax, göz dolusu bax, bax…
Gözünün şüşəsindən asılan təsviri sil
Görsən də, görməsən də günəş yenə doğacaq
Günəş yenə batacaq… bu sənə məlum deyil..
***
Bizə hələ çatmayıb son diləyin həniri
Yastığının içinə dolan qoru yerə at
Bir udum nəfəs deyil bu günahın sehiri
Səni bir qara daşa döndərəcək nəhayət..
***
Kimsə əlini qoyub ürəyinin üstünə
Gizlətsin göz yaşını payızlanan yağışda
Unutsun bu dünyanın əməli nə, qəsdi nə
Pıçıldasın:
-İlahi, onu mənə bağışla..
***
Gülümsə,
Bəzən insan heç kimi bağışlamır…
KÖLGƏ KİMİ
..Bir səs keçir qəlb evinin aynasından – kölgə kimi…
Bir yer çökür ürəyə ən yaxın yerdən – torpaq kimi
Bir çığ düşür göydən yerə, yerdən dibə
Belə ayrılıq görməyib hələ heç kim
– Yaradanın ürəyindən qopmaq kimi..
***
Uzadır Tanrı əlini, ürəyinin parçasına
Milyon illik qələminə, milyon illik fırçasına
Milyon illik sükutunu yollayır yol axtarmağa
Bircə kəlməyə sığışan evinə kimdir yığışan?..
***
Gecənin ağ donundadır otağından çıxan mələk
Ayağının altı boşluq, qanadının üstü boşluq
Ovuc-ovuc buz suların içinə qarışan fələk
Hardasa ocaq yandırılır, nəfəsində isti boşluq..
***
Çevrilir bir vərəq daha, oxunur son sirri sözün
Dodaqların arasından süzülüb səbrə bükülür
Tanrı bilir ürəyindən qopan yerlər ağrılara harda dözür
O yerə işıq göndərir və o yerdə dan sökülür…
BİR SƏS DOĞAR
Bir səs doğar qaranlığın içində
Bir səs doğar – səni, məni, Tanrını
Əllərini toxundurar torpağa
Sarı rəngin içindəki çağrışın
Canı düşər bətnimdəki sevgiyə..
***
Nə gəl deyə, nə get deyə səslərəm
Nə dur deyib saxlayaram yolundan
Mənim sevgim azadlığın özüdür
Zəncir olub cingildəməz qolunda..
***
Pəncərəmdən o üzdəki işıqlar
Gah böyüyər, gah kiçilər, qoy olsun
Ürəyimin dərin dərin yerində
Bir sızıltı qərib qərib incinər..
Çiçəklərə baxıb yaşayacaqsan
Səssiz səssiz çiçəklənər çiçəklər..
***
Yeddi qatlı qırx qapıdan keçmisən
Dəli könlüm, məbədində şam yanır
Bu dünyadan əl çəkəndən heçmi sən
Düşünmədin, yerində kim oyanır..
***
Ağac bitdi – Sən uçan yer pir oldu
Çiçək açdı sən ölən yer, çöl oldu
Gözlərinin işım-işım qarası
Bu qaranlıq gecələrə el oldu..
***
Gedənlərin hara çıxsın cığırı
Sənin əlin dəyən yerdə çay daşıb
Ayaqların dəyən yerdə göy enib
Bundan belə neyləyəcən sağ qalıb
Neyləyəcən kədərlənib, sevinib..
***
Yum, gözünün içindəki sirri yum
Sus səsinin içindəki gizlini
Mən hər gecə Səni çəkib içimə
Bağlayıram qapısını bətnimin…
HEÇ KİM GÖRMƏZ
Heç kim görməz qanadını bu qaranlıq şəhərin
Amma.. o uçub gedir.
Üstünə kölgə enir evlərin, küçələrin
Suları daşa dəyir
Arzuları torpağa
Adamı… keçib gedir..
***
Heç nə edir ən dərin sualının cavabı
İkini birə vurur, candan doqquzu çıxır
Qanadı ağır-ağır toxunur əllərimə
Yerdə qalan nədirsə, səssiz-səmirsiz yuxu..
***
Göyündən bir səs enir iyinin yaxasına
Biri ağ
Biri qara… köynək… nə köynək olur?
Cingildəyib tökülür hardasa güzgülərin daş dəyən sinəsində
Dualar
Göynək olur..
***
Mən bu uçan şəhərin qərib sahibəsiyəm,
Nə o tanıyır məni
Nə mən onu… qoy olsun
Kim kimin ürəyində daha çox uçacaqsa
Gecənin köynəyini qoy elə o soyunsun…
SÜKUT SÜKUT İÇİNDƏ
Sükut sükut içində
Canımdan bir can qopub
Qopanda düşman qopub
Dönəndə aşiq dönüb..
***
Qarşımda yol görünüb – gözlərimi yummağa,
Tanrı, Tanrı çırpınıb üstünü soyunmağa – içindən
mən çıxmışam..
***
Uçmuşam,
dayanmışam…
Uçmuşam,
darıxmışam..
***
Çöllərin tozu qalıb ayağımın ucunda
Son xəbəri gətirib baxıram qərib-qərib…
Deyib yuxularda səs, deyib:
Bu yol, bu da sən
Enmə aşağı,
enmə!
Sevinmə,
gəl sevinmə,
səni bir qadın doğur – aşağıda, dünyada,
Səni bir kişi sevir…
Bax gör hələ nələr var..
***
Çağır,
Ey yerin – göyün sahibi, məni çağır
Bax gör o qadın necə ağrıyır – nə gəlirsən?
Gör o kişinin əli necə toxunur sənə,
Necə, nə ağır -ağır..
***
Tanrı,
Sənin səbrinin sükutu nə soyuqdur..
***
..Ağ-ağ inciçiçəyi kimidir,
başaşağı,
arabir gülümsəyir gözlərimin işığı…
öldürür o qadını, unudur o kişini
Pıçıldayır astaca:
-İlahi,
yoxdur qara,
İlahi,
qara
yoxdur!
HƏSRƏT
Qopub öz içinə tökülür adam
Qopur, ovuc-ovuc torpağa dönür
İtir uzaqlarda sevinc gün kimi
Gözlər yağış tutmuş yarpağa dönür.
***
Ayağı tozluqda möhür buraxır
Gedir ağır – ağır kədər yolçusu
Arxada xaraba şəhər buraxır
Hədər ümidlərin hədər yolçusu.
***
Heç nə məhvərinə qayıda bilmir
Heç nə doldurmayır, çatlar böyüyür
Ölüm yuxusundan ayılda bilmir
Dünyayla arada qatlar böyüyür
***
Elə bilirsən ki, gözünə baxan
Əllərin toxunan adam – vətəndir
Elə bilirsən ki, sənsiz darıxan
Səssizcə oxunan adam – vətəndir..
***
Sonra bir qaranlıq yolayrıcında
Tapırsan özünü uçuq ev kimi
Qəlbində bir sükut.. əbədi sükut
Çökürsən boşluğa qara div kimi..
***
Olursan
Olursan olmayan adam..
İNDİ
İndi mənim halımın hal olmayan yeridir
Gözümün göz, əlimin əl olmayan yeridir..
***
Şəhərin sükutunu pozur qanad səsləri
Hardasa işıq yanır,
Hardasa işıq sönür
Daha neçə yarpağın son nəğməsi səslənir
Neçə adam gecədən keçib evinə dönür..
***
Uzaq çöllərdən gələn bir xışıltı, əsinti
Deyir, hardasa Tanrı dizini yerə qoyub.
Mənim qəlbim həm orda, həm burda gizli – gizli
Sevişməyə soyunub – sözünü yerə qoyub..
***
Sönüb məbədlərdəki son şamlar, son dualar
Səhər hər şey yenidən səslənəcək, Sevgili
Hardasa göy sularda qağayı iddialar
Gün işığından qaçıb gizlənəcək, Sevgili..
***
Sən bax pəncərənizdən
Bax, göz dolusu bax, bax…
Gözünün şüşəsindən asılan təsviri sil
Görsən də, görməsən də günəş yenə doğacaq
Günəş yenə batacaq… bu sənə məlum deyil..
***
Bizə hələ çatmayıb son diləyin həniri
Yastığının içinə dolan qoru yerə at
Bir udum nəfəs deyil bu günahın sehiri
Səni bir qara daşa döndərəcək nəhayət..
***
Kimsə əlini qoyub ürəyinin üstünə
Gizlətsin göz yaşını payızlanan yağışda
Unutsun bu dünyanın əməli nə, qəsdi nə
Pıçıldasın:
-İlahi, onu mənə bağışla..
***
Gülümsə,
Bəzən insan heç kimi bağışlamır…
DUA
Sancılmış gecənin qəlbinə ölüm – ox kimi
Unutmuş adamlar gecənin dilini lap çoxdan
Ovuclarımda gündüzdən qalan günəş işığı – qırmızı moruq kimi
Sən sənsizlikdən doğulmusan, ilahi,
mən qəlbimdəki soyuqdan – anamız yoxdur..
***
Yoxdur laylasının içindəki o qara saçlı qadın, o ağ saçlı qadın – ağı deyə..
Düşmüşük yaxasından bətnimizin – qaranlıqdan ağa çıxmışıq
Ömür dediyimiz yoldur, yolçuluqdur, qəribçilikdir – kimsə özünü yandırır – durna çırağı deyə
Biz özümüz özümüzdəyik, ilahi, biz özümüz özümüzdən qırağa çıxmışıq..
***
Səpələ bu könül məmləkətinin üstünə yanım – yanım yanmağımı dua əvəzi
Qoyma gözümdən bir damla yaş torpağa dəyməmiş qurusun
Kim ki “Ah!”-deyəndə Allahı çağırır, çağırsın, sarısın yaralı əlləri cuna əvəzi
Əllər Allah qarşısında, bəndə qarşısında başımızı yerə əyməmiş qurusun..
***
Al bu axşamın evinin üstündən ay işığını, ilahi, yolun görünməyənini ver
Duanın deyilməyənini ver, üsyanın eşidilməyənini..
Mənim günahımı özünə götür
Həqq yoxdur – nə axtardığımız yerdə, nə axtarmadığımız yerdə, yenə də verirsənsə özgə libasına bürünməyənini ver
Qonağı qapının o üzünə, ilahi, gecəni – gündüzü əbədi məbədinə, aşiqləri son mənzilinə ötür..
ASILAR QƏLBİMDƏN YÜK KİMİ ƏLLƏR
Asılar qəlbimdən yük kimi əllər
Nə yer yer, nə göy göy olar, sevdalı
Kimsə susan yerdə kimsə höllənər
Kimsə məhvərindən çıxar
Qayıtmaz
Kimsə səssiz-səssiz ölər, sevdalı..
***
Nə dərin quyudur,
Uçduqca ha uç
Bağından açılan ulduz kimiyik
Bir gün çaxılmağa yer axtaranda
Elə havadaca əriyənlərik..
***
Bir sınıq budaqdan ağac göyərdən
Bağbana tutunub dayanmadıqmı
Hördüyü ipləri çözələməyə
Yatıb
Düyün-düyün oyanmadıqmı..
***
Bəs nədir bu odun çöl davaları
Kösöy davaları, qor davaları
Düşdüyü yerdəki korun-korun his
Yandırıb atdığı nər adamların
Kəfən davaları
Gor davaları..
***
Adımı “yoxdu” qoy, “heç gəlmədi ” qoy
Mən elə içimdən əriyim gedim
Bir udum nəfəsdir insan həyatı
Nə etsəm səsimin susduğu yer var
Qapın var
Qapında kiriyim gedim..
***
Sevdalı!
Qəlbimdə bir yara yanır
Su quş dimdiyində
Quş Qaf dağında
Mənim bu yerlərdən üzülür əlim
Ayağım açılır Savab dağında..
***
Asılar qəlbimdən yük kimi əllər
Nə yer yer, nə göy göy olar, sevdalı
Kimsə susan yerdə kimsə höllənər
Kimsə məhvərindən çıxar
Qayıtmaz
Kimsə səssiz-səssiz ölər, sevdalı…
GÜNAH
Dili-dodağı qurumuş çölün sinəsindən
Ah qopur
Nəm əllərin, nəm çiyinlərin qadın sevgisindən
Günah qopur
Bağlı qapıların arxasında hənirti gözləyir
Kişi kürəyi
Gah barmaq uclarında döyünür, gah saç aralarında
Tanrının ürəyi…
Arxasınca baxmamaq lazımdır gəlməyənlərin
Yoxdurlar…
Bəlkə günahdan, bəlkə qadın sevgisindən,
Bəlkə də özlərindən qorxdular…
Ən gözəl duaların ovuclanıb içildiyi yerdəydi eşq
Gizli-gizli…
Olmadısa olmadı, öldüsə öldü, susdusa susdu hər şey
Bilmirəm
Bilmirəm…
VARMI
Varmı könlümüzün məhrəm yerində
bir su damcısına bərabər səda?
Süzürmü çöllərin qıyıq gözləri günəşi üfüqdə itən məqamda..
***
Hanı təbəssümün yarpaq yaşılı nigaran mənası, harda gizlənib
Hanı hamımızın ürəyindəki gözləyən səssizlik, çıxıb gedibmi?
Hər şeyi yaradan, quran, dağıdan
O güc etdiyini yenə edibmi..
***
Usta, gəlişin də gedişin də sirr,
Düzdüyün daşların layları oynaq
Sözlərin dilindən çıxmaz ki, amma
Dünyanın boşluqda yayları oynaq..
***
Suya toxunanda dodaqlarımız yanar, yanğınını su deyər bizə
Yolların uzaqda itdiyi yerdə bir yolçu səslənib dur deyər bizə
Yenə dayanmarıq..
***
Çatıb oyanmarıq ağ yuxuların sonunda, dərindir getdiyimiz yer
Bizi kəlmə-kəlmə yeyən aləmin
dibidir gözlərdən itdiyimiz yer..
***
Hərənin dünyası bir tərəfdədir, heç bir səbəb yoxdur qəzəb çəkməyə
Heç kimin dünyada yoldaşı olmur,
Susmaqdır ən gözəl sevgi də, dostum,
Yəni kədərlənmə, yəni ağrıma,
bircə ölülərin yaddaşı olmur,
Bircə ölülərdir əzab çəkməyən..
ÖLÜM
Keç ağ xəyallarınla gecənin ortasından
Göm-göy suları yatır gölün
Yuxusundakı adamları unudub.
Tozsuz cığırlarında nə bir ayaq izi var
Nə bir yolçu həniri
Ən uzaq məbədlərin qapısını kol tutub.
***
Bom-boz bozarıb çölün çiçəksiz torpaqları
O bəlkə canlanacaq
Canlanacaq
Yenə də.
Göy ovcunun içində göz kimi, qapaqları qapanmadan, o üzdə bir ulduz uçub gedir
Bir ulduz
Eh
Kimə nə..
***
Çay yatağı ən gözəl sularını dəfn edib baxır qarşı sahilə
Baxır, susur quanqlar..
Boşluğun bu üzündən o üzünə səslənib
Çağırmaqda nə məna
Bu sevgini kim anlar.
***
Quş uçuşu ağırdır, kəpənək olmaq yetir
Zamanı saxlayanda eşidilir ən kiçik
Çırpıntı
Aram-aram.
Çaxılmağa yeri yox
Uçub getməyə göyü
İndi ölüm gərəkdir
Qırılmış qanadların sahibinə,
Vəssalam…