GenelGüncel

Hüseyn Cavidin “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti – Atakişiyeva Həcər

Hüseyn Cavidin “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti

Atakişiyeva Həcər

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri olan “İblis” pyesini 1918-ci ildə yazmışdır.Dramaturqun pyesi ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “İblis” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur.Hüseyn Cavidin “İblis” pyesində maddi zənginlik üçün ruhlarını şeytana satan insanların aqibəti təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “İblis” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavid yaradıcılığının bədii-estetikasının bütün özəlliklərini bu əsərdə görürük. “İblis” pyesiAzərbaycan mədəniyyətinin dərin tarixi qatlarını özündə ehtiva edir. Ədib əsərdə romantik bədii düşüncənin, fəlsəfi lirikanın orijinal nümunələrini yaratmışdır. Hüseyn Cavidin “İblis” pyesi onun yaradıcılığını bədii növ, janr və forma cəhətdənzənginləşdirmişdir. Dramaturqun əsərdə yüksək bədii sənətkarlığı, dərin emosionallığı açıq-aşkar görünür. Əsərdə ümumbəşəri problemlər qaldırılmışdır və milli bədii fikir tariximizdə mühüm yer tutmuşdur. Ədibin “İblis” faciəsinin mövzusu İstanbul həyatından alınmışdır. Dramaturq əsərdə İblis və Mələk adlı mifik obrazlar yaratmışdır. Əsər İblisin məmnun qəhqəhələrlə dediyi monoloqu ilə başlayır.

Dəryalara hökm etmədə tufan,

Səhraları sarsıtmada vulkan,

Sellər kibi aqmaqda qızıl qan,

Canlar yaqar, evlər yıqar insan…

Hüseyn Cavid “İblis” pyesində insanlığaqarşı olan bu dəhşəti, fəlakəti, vəhşəti, zəlaləti bəşəriyyətin bəlası sayır. Əsərdə Mələk adlı mifik obraz bəşəriyyətdə olan bütün vəhşiliklərin, cinayətlərin, xəyanətlərin,fəlakətlərin günahkarı kimi İblisi görür. Onun insan oğlunu yolundan çıxarıb, fəlakətlərə düçar etdiyini söyləyir. Əsərdə İblisin şiddətli, məğrur qəhqəhələr  içində özünün tərifi verilir.

Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim,

Həp Xaliqə təsbih idi, təhlil idi virdim,

İlk öncə mələklər bəni təqdis ediyordu,

Adəm kibi bir sayğısız axır ləkə vurdu.

Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım,

Allah ilə bir zikr edilir namü nişanım.

Hüseyn Cavid “İblis” pyesində mədəni vəhşəti, zülmü, cinayəti, fəlakəti, xainliyi pisləyən, əsər boyu bəşəriyyətə insanlıq duyğusu, vicdanlı olmağı məsləhət bilən Arif axırda özü İblisə qul olur. O, silah, qurşun, qızıl imtahanından keçə bilməyib, nəfsinin köləsinə çevrilir. Ədib İblisin bu sözləri ilə dində, məzhəbdə dəhşətin hakim olduğunu bildirir.

Hər din ilə, məzhəblə, siyasətlə cihanda

Hər fırtına qopmuşsa, əvət, bən varam orda.

Hər yerdə ki, vardır əzəmət, qəhr ilə dəhşət,

Hakimdir o yerlərdə şu qarşındakı xilqət.

Hüseyn Cavid “İblis” faciəsində Şərqdəki abidlərin, Qərbdəki rahiblərin, qazi olub fitnələr icad edənlərin, mürşid olub aləmi bərbad edənlərin iç üzünü ifşa edir. Ədib bu fikirləri ilə din adından istifadə edənləri tənqid və ifşa edir.

Bəzən olurum bir papa!

Cənnət satarım bən,

İsa dirilib gəlsə də qorqar qəzəbimdən.

Bəzən olurum bir çoban, azadə bir insan,

Bəzən olurum zülmü fəsad aşiqi sultan.

Hüseyn Cavid “İblis” pyesindəxəyal ilə həqiqəti, fəlakət ilə əmin-amanlığı, xeyir ilə şəri, elm ilə cəhaləti vəhdətdə təqdim edir. İblisin sözlərinin əsiri olan Arif əsəbi və xırçın hərəkətləri ilə İblisə uyub, bir çox cinayətlərə bais olur. Ədib çılğın və qorqunc İblisin hər ölkədə, hər diyarda, hər evdə, viranədə, hər bütxanada, meyxanadə olduğu fikrini söyləyir. Hər kəsin İblisi dinlədiyini, lakin ona nifrət də etdiklərini bildirir. İblis məğrur qəhqəhələr ilə hər kəsin ona aciz qul olduğunu, insanların pəncəsindəəzilib, qıvrılıb, məhv olduqlarını söyləyir. İblis insanlara rəhbərlik edən qan püskürən, atəş savuran kinli kralları, şahları, ulu xaqanları, qızıl və qadın düşkünü olanları, min hiylə quran tülkü siyasətçiləri, hər an məzhəb çıxaran, yol ayıran din xadimlərini, xalqı soyan əyanları, bütün fitnəkar şərləri, zülmü, xəyanəti yer üzünün həqiqi İblisi sayır. Dramaturqun “İblis” pyesi İblisin aşağıdakı sözləri ilə bitir. Ədib cümlə xəyanətlərə bais, hər kəsə xain olan insanı yer üzünün İblisi adlandırır.

İblis nədir? – Cümlə xəyanətlərə bais…

Ya hər kəsə xain olan insan nədir? – İblis!..

Hüseyn Cavid irsinin ən kamil nümunəsi olan “İblis” pyesi daim araşdırmaçılar tərəfindən öyrənilmişdir. Əsərdə dahi dramaturq bəşəri problemlərə toxunmuşdur. Hüseyn Cavid irsinindünyada layiqincə təbliğ olunmasında “İblis” pyesinin mühüm rolu vardır. Dahi dramaturqun yaradıcılığının ən yüksək zirvəsi olan “İblis” pyesinə bütün tədqiqatçılar həssaslıqla yanaşmışlar. Hüseyn Cavidin “İblis” pyesinin dünyanın bir çox ölkələrində səhnəyə qoyulmasında, bir çox dillərə tərcümə olunub, nəşr edilməsində əsərin bədii gücünün yüksək olmasının böyük rolu vardır. “İblis” faciəsi Hüseyn Cavid irsinin tanınmasında və çox yüksək qiymətləndirilməsində mühüm əhəmiyyətə malikdir. “İblis” əsəri dramaturqun Azərbaycan ədəbiyyatı tarixinə bəxş etdiyi növbəti həqiqi dəyəri olan bir əsərdir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest