GenelGüncelKültür Sanat

Hasar – Kəramət Böyükçöl

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Kəramət Böyükçöl

Hasar

 Hekayə

Ağlım kəsən gündən dünyada gözlə görünən və görünməyən nə varsa, hamısı ilə aramda hasar olduğunu hiss elədim. Əvvəlcə atam, anam, bacı və qardaşım, sonra qohumlarım, dostlarım hasar oldu. Ailə qurandan sonra həyatımda arvad, qayınana, qayınata, qayın, baldız hasarları hörüldü. Oğlum və qızım böyüdükcə gözlərimin qabağında kərpic-kərpic hasara çevrildilər.

Yol getdiyim yerdə tez-tez dayanmaq istəyirəm. Elə bil bir əlim o biri əlimi qəbul eləmir. İki qanmaz əlin arasında qalmışam. İkisi də tək yaşamaq istəyir. Ayaqlarım da eyni vəziyyətdədir. Elə bil bir ayağım o birinə demək istəyir ki, sən dayan, mən bu yolu tək yerimək istəyirəm. Ayaqlarım da yola getmir. Gecələr yerimin içində o üzə-bu üzə o qədər çevrilirəm ki, yorğanımla döşəyim yerini dəyişir. Döşək yorğan kimi üstümə sərilir. Onlar da yola getmir. Yorğanla döşəyin arasında qalmışam.

Göyə çıxmaq istədim, Allah hasar idi.

Yerə düşdüm, qanun hasar idi.

Zahid Xəlilov küçəsində kirayə ev tutub tək yaşamağa başlayandan bəri isə sükutla qabaq-qabağa qalmışam.

O gün qohumlarım kənddən dalbadal zəng elədilər ki, başını orda islat, burda qırxdır. Nə qədər elədim, səbəbini bildirmədilər. Elə dedilər ki, durma gəl. Əvvəlcə elə bildim kimsə rəhmətə gedib. Ona görə məni belə təcili çağırırlar. Xəstə bildiyim qohumların adlarını dəftərə yazdım. Ürək, təzyiq xəstələrinə bir-bir zəng elədim. Gördüm hamısı sağ-salamatdır. Telefonda Qəbələ qozu kimi dingildəyirlər. Arada qəsdən özüm də güldüm. Gördüm bunlar məndən bərk gülür. Bir lətifə danışdım. Lap şıdırğı güldülər. O saat bildim ki, ölüm hadisəsi deyil. Burda nəsə ayrı bir əməl var.

Evi yır-yığış eləyib boyat yeməkləri soyuducuya qoyanda qəfil barmağımı dişlədim. Nə olsun ölüm yoxdur. Dayım oğlu təzə maşın alıb. Bəlkə aşırıb, yüngül yaralanıb? Götürüb ona da zəng elədim. Gördüm bu da lap fındıq kimidir. Özü də Zaqatala fındığı. Yerimə yenicə girmişdim, qəfil ağlıma gəldi ki, yəqin bunların başını orda islat, burda qırxdır sözü mənim saqqalımın, bığımın, üstəlik saçımın şələ kimi olduğuna işarədir. Yəqin məni ələ salırlar.

Səhər tezdən Lökbatan dairəsindən birbaşa kənddə getdim. Həyətə düşən kimi hamı ilə bir-bir görüşüb hal-əhval tutdum.

Biri məni o yana dartdı:

– Sənə qız tapmışıq, gəl evlən.

Biri bu yana dartdı:

– Bilirsən ki, oğlum təkdir, onu əsgərlikdən saxlatdırmaq istəyirəm.

Gördüm ortalıqda başa dəyəsi bir söhbət yoxdur. Ya da məsələni hələ açıb ağartmağa cürət eləmirlər. Hələ məni nəyəsə uyğunlaşdırırlar. İstəyirlər ki, söhbət tam təbii şəkildə öz yolu ilə getsin.

Kiçik bibim gəlib qoluma girdi:

– Gəl gedək bu gecə bizdə qal.

Əmim:

– Yox, bizdə qalacaq.

Kiçik əmim bir az yuxarıdan getdi, məni ayaq-baş süzüb dedi:

– Bu nə saqqaldır, bu nə saçdır? Bilmirsən bizdə belə şeylərə pis baxırlar? Özün də deputat olmaq istəyirsən.

Böyük əmim ayağını lap yerə dirədi:

– Gedək saqqalını qırxdıraq, pulunu da mən verirəm.

Kiçik əmim:

– Mən özüm bərbərdən yaxşı düzəldirəm, keç bizim həyətə.

Elə bu vaxt atam zəng elədi:

– Nə olub, nə hadisə baş verib? Səni təcili kəndə niyə çağırıblar? Hamı sağ-salamatdırmı?

Qohumlarımızın yanında ucadan dedim:

– Hələ bilmirəm, maşından düşəndən bəri saqqalımın davası gedir.

Atam da saqqalımdan narazıdır deyə heç nə demədi, telefonu adboy verdi.

Böyük bibim məni kənara çəkdi:

– Kəriş, sən Əlini tanıyırdın də, başına dönüm.

– Əlbəttə, bir yerdə oxumuşuq. İstəyirsən zəng edim, gəlsin.

– Yox, eləmə, başına dönüm, eləmə.

– Əliyə nə olub ki?

Bir az ucadan, bir az da həyəcanla təkrar elədim:

– Əliyə nəsə olub?

Hamı başıma yığıldı.

– Deyin də, Əliyə nə olub?

Bibim bir az ağlamsınaraq astadan dedi:

– Əli dəli olub. Başına hava gəlib.

– Necə yəni dəli olub?

– Anası bizə gəlmişdi. Dedi, Əli Kərişi soruşur.

– İndi Əli hardadır?

– Kəndin kənarında yaşayır. Süpürgəlikdə.

– Elə çöldə? Çölün düzündə?

– Yox, kənd tərəfə hasar çəkib. Hasarın dalındadır. Bu tərəfə baxmır. Deyir, kəndə nifrət eləyirəm.

Böyük bibim əllərimi ovcuna aldı, bir az ovuşdurdu. Barmaqları cod idi, qabarlar əlimi cızırdı.

– Bilirsən, Kəriş, başına dönüm, biz ən çox səndən nigaranıq.

Saqqalımı sığallayır:

– Əli də saqqal saxlayırdı. Eynən səni kimi gur, şəvə bir saqqal. Qorxuruq ki, birdən sənin də başına hava gələr. Get əminlə saqqalını qırxdır.

– Nə danışrsız? Saqqalın buna nə dəxli var?

– Kəriş, qurban olum, saqqal adamın nə kədərləndiyini göstərir, nə də sevindiyini. Adamı qara örtüyə bürüyüb hər şeydən təcrid edir. İnsan təklənir. Sonra da Əli kimi təklənib hasarın dalında qalır – bibim də atam kimi danışır, ağzından çıxan hər sözə fəlsəfi məna yükləyir – Saqqal adamın içinin aynasıdır, başına dönüm. Bibin sənə qurban, saqqalını qırxdır. Saqqal əvvəl adamın içində hasara çevrilir. Fərqlilik adamı hər şeydən ayırır, evdən-eşikdən perik salır.

Bibim eynən atam kimi səsinin qalxıb enməsində nöqtəni, vergülü elə duzlu qoyur ki, az qala Mirzə Kazım bəyin saqqalına da şübhə eləyəsən.

– Saqqal üzə qəm-kədər, gizlilik gətirir, təbbəssümü gizlədir, sonra onu birdəfəlik üzdən silir.

Bibimin marksist fəlsəfəsinin əlindən güclə çıxıb kəndin kənarındakı Süpürgəlik deyilən yerə getdim. Əlinin çəkdiyi hasar uzaqdan görünürdü. Hasar yüzlərlə adamın birləşməsindən əmələ gələn bir qaraltıya oxşayırdı. Hasarın kənd üzündə Əlinin atası Məmməd dayı əlləri qoynunda dayanmışdı. Kişi neçə ay idi ki, evinə gedə bilmirdi. Oğlunu hasarın bu üzünə keçirmək istəyir, ancaq bacarmırdı.

– Hasarı Əli özü hörüb, çiy kərpicdən – Məmməd dayı dedi – düz xətt kimi. Uzunluğu on beş metr, hündürlüyü iki metrdən çoxdur. Kəndi görmək istəmir. Kənd tərəfə baxmır. Səni arzulayırdı. Keç gör, bəlkə deyəcəyi var.

Məni görən kimi Əli hasarın o başına qaçıb divara sığındı.

– Gəlmə, gəlmə – dedi.

Sanki məni tanımır, xatırlamırdı. Saqqalı lap uzanmışdı. Adı ilə də çağırırdım, cavab vermədi. Neçə ay idi ki, burada tək yaşayırdı. Yanında balaca hisli çaydan, iki su şüşəsi, iki-üç dənə qab-qacaq, yarıyacan yeyilmiş çörək vardı. Hasarın Əli tərəfində qara bir it çənəsini qabaq ayaqlarının üstünə qoyub yatır, kənd tərəfindən isə Məmməd dayının hönkürtüsü eşidilirdi. Heç kim hasarın o biri üzünə keçməyə cəsarət etmirdi.

Əli həyatındakı hasarları uçurub qurtarana kimi arıqlayıb əldən düşmüş, çöpə dönmüşdü. Çuxura düşmüş gözləri quyunun dibindəki su kimi parıldayırdı. Öz-özünə nəsə danışır, ancaq sözləri düzgün tələffüz edə bilmir, ağzından köpük daşırdı. Ona yaxınlaşdıqca addım-addım geri çəkilirdi. Bir az da irəli getsə, kəndi görəcəkdi. Divar qurtaranda Əli kəndi görməsin deyə əlləri ilə üzünün sol tərəfini tutdu. Arxasını kəndə çevirib sükutla qabaq-qabağa dayandı. Sükut son hasar idi. Bir addım da atsa, Əli qəbrə düşəcəkdi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest