GenelGüncelKültür Sanat

Hamı gedir Mersinə, siz gedirsiniz tərsinə…”

Nazım AHMETLİ

Kırımınesi Gazetesi

Azerbaycan Temsilcisi

Tofiq Məlikli

Azərbaycan və Rusiya ədəbiyyatşünası, şərqşünas, tərcüməçisi, kültüroloqu, yazarı. İçtimai xadim. Filologiya elmləri doktoru, professor,Azərbaycanın əməkdar elm xadimi.

“Hamı gedir Mersinə, siz gedirsiniz tərsinə…”


Çox qəribə bir zamanədə yaşayırıq.



Ağız deyəni qulaq eşitmədiyi, sözün  dəyərdən düşüb devalvasiyaya uğradığı, böyük-kiçiklik münasibətlərinin get-gedə pozulduğu, professionallığın, peşəkarlığın yavaş-yavaş yox olduğu, “burda mən, Bağdadda kor xəlifə” prinsipinin həyat tərzinə çevrildiyi, söz azadlığının söz azğınlığına çevrildiyi bir dövrdə, yaşamın hər üzünü görən insanlar getdikcə biganələşməyə, özünüqoruma instinktinə dayanaraq təhqir, yalan, qeyri-professional yazıları oxumamağa, eşitməməyə, onlara reaksiya verməməyə çalışırlar.

Meydanı boş görən “ağzı göyçəklər” isə bundan istifadə edib, məsuliyyətsiz, elmi həqiqətdən uzaq, qəribə, anlaşılmaz  fikir və  düşüncələrini, bəzən də tutarsız, yanlış  siyasi və ideoloji görüşlərini müxtəlif yollarla topluma anqaje etməyə çalışırlar. Bəzən də başqa ölkələrdə gedən prosesləri, gerçəyi təhrif edən “böyük” yazarlarla müsahibələr çap etdirərək, ictimaiyyəti yanıltmaq istəyirlər.

Yeni ilin ilk günlərində “525-ci qəzet”də Xanəmirin Əli Heydər Haqsal və Ayişə Nəbinin Özgə Səna Bigəç Çav adlı iki türk yazıçısı ilə apardıqları müsahibələri oxudum.Əsas məsələyə keçmədən öncə, yanlış anlaşılmaması üçün,  bir nöqtəyə toxunmaq istəyirəm. Bir türkoloq, bir ədəbiyyatçı kimi məni yazarların ideologiyaları, hansı cərəyana mənsub olub-olmamalarından çox, onların sənətkarlıqları, ədəbiyyata gətirdikləri   yeniliklər, estetik dəyərlər maraqlandırıb. Bu baxımdan, ideologiyalarını  paylaşmasam da, mənim üçün Məmməd Akif də, Nəcib Fazil Kısakürək də Türkiyə ədəbiyyatının böyük şairləridir. Bunu deməkdə məqsədim budur -yaradıcılıqlarına bələd olmadığım üçün hörmətli Əli Heydər bəyin və Özgə xanımın yaradıcılıqlarına toxunmayacağam. Bu müsahibələrdə  onların Türkiyə ədəbiyyatı tarixinə baxışları, son 100-150 ildə Türkiyənin sosial-ictimai həyatında baş vermiş problemlərə verdikləri qiymətləri, dəyərləndirmələri, çağdaş türk ədəbiyyatında “bizdən başqa kimsə yoxdur” kimi iddiaları diqqətimi çəkdi. Yuxarıda adı keçən bu iki müsahibəni oxuduqdan sonra, 50 illik Türkiyə uzmanı kimi, bu ölkənin ədəbi, mədəni, siyasi problemlərini incələyən yüzdən artıq əsərin, o cümlədən,  “Türkiyə ədəbiyyatı tarixinin” yazarı kimi, Əli Heydər Haqsal və Özgə Sənanın bəzi fikirlərinə münasibət bildirmək ehtiyacı duydum.

Əli Heydər bəy Tənzimatdan sonraki türk ədəbiyyatının inkişaf (onun fikrincə tənəzzül) yolunu görün necə dəyərləndirir: “Tənzimatdan sonra  həyatımıza qərb düşüncəsi və mədəniyyəti daxil oldu. Bununla birlikdə yeniliklər də gəldi. Məsələn, roman, hekayə, pyes, qəzet, dərgi kimi. Bunların, əlbəttə, müsbət tərəfləri olduğu kimi mənfi  təsirləri də oldu. Pozitivizmin gəlməsiylə metafizik dünyadan uzaqlaşıldı. (?) Şinasi, Namiq Kamal, Tofiq Fikrət, Abdullah Cevdətdən sonra, xüsusilə də 1928-ci ildən sonra Zəkəriyya Sərtəl və Nazım Hikmət ilə materialist sol düşüncə sənəti önə keçdi. 1960-cı  ildən sonraya isə marksist sol ədəbiyyatın zirvə dövrü deyə bilərik. O da çox keçmədən bir tıxanma yaşadı, hələ də yaşayır. Marksist, estetik materialist (?) və maddiyyatçı olduğundan tam mənası ilə tərəfdar tapmadı. O düşüncə  çökdükdən sonra gerçəkçi-realist marksist estetik və ədəbiyyat sahəsi olduqca daraldı. Dünənin solçuları bu gün  liberal oldular. Buna sağçılıq ilə solçuluğun birləşməsi də deyilə bilər. Bunlar da  qərbdən gələn anlayışlardır. Bunların görüşüb dostlaşmaları təbiidir”.

Hörmətli oxucu! Yəqin ki, sizdə, mənim kimi, bu bəyin ancaq suallar doğuran, rebuslara bənzəyən sözlərini anlamadınız.  Fəlsəfi terimlər oyununu bir kənara qoysaq, yazıçının “Pozitivizmin gəlməsiylə metafizik dünyadan uzaqlaşıldı” sözləriylə nə demək istədiyini təhmin etmək olar, anlamaq yox. Bilindiyi kimi, fəlsəfi cərəyan olan pozitivizm XIX əsrin 30-cu illərində formalaşmışdır. Həmin cərəyanın banisi fransız filosofu O.Kontun (1798- 1857) fikrincə, əsas məsələ fəlsəfə ilə elmin qarşılıqlı münasibətini incələmək və elmlərin təsnifatını yaratmaqdır. Eyni vaxtda meydana gələn Tənzimat hərəkatıyla pozitivizmin heç bir əlaqəsi yox idi. Bu səbəbdən nə Şinasi, nə Namiq Kamal, xüsusilə də nə Tofiq Fikrət  Türkiyə ədəbiyyatına pozitivizmi gətirə bilməzdilər.

Əli Heydər bəyin üzülərək demək istədiyi yəqin ki, budur: Tənzimatdan sonra çağdaşlaşma, yeniləşmə və inkişaf  sürəcinə girən türk ədəbiyyatında, bəzi  gələnəklərin, o cümlədən, dinin ədəbiyyata təsirinin azalmasından narazıyam.  Əli Heydər bəyin əsas narazılığı isə “1928-ci ildən sonra Zəkəriyya Sərtəl və Nazım Hikmət ilə materialist sol düşüncə sənətin” Türkiyədə önə keçməsiydi. Əvvəla onu qeyd edək ki, qəzetəci, jurnalist olan Zəkəriyyə Sərtəlin ədəbiyyatla birbaşa əlaqəsi olmayıb. Qaldı Nazim Hikmətə, o həqiqətən Türkiyədə toplumcu ədəbiyyat kimi tanınan gerçəkçi, realist ədəbiyyatın qurucusu və lideri olmuşdur. Yalnız Türkiyədə deyil, bir çox ölkələrdə ədəbiyyatlarını təmsil edən Yaşar Kamal, Əziz Nesin, Orxan Vəli, Fazil Hüsnü Dağlarca, Orxan Pamuk və başqaları bu toplumçu  ədəbiyyatın nümayəndələridir. Əli Heydər bəyin anlaşılmaz gah “Marksist, estetik materialist (?) və maddiyyatçı gerçəkçi”, gah da “realist marksist estetik və ədəbiyyat sahəsi” kimi qəribə adlar verdiyi  toplumcu ədəbiyyatın “tıxandığını”, “tərəfdar tapmadığını”söyləsə də, (burada soruşmaq istəyirəm – 55-60 il tıxanma olurmu?) bu ədəbiyyat Türkiyədə əsas  axın, tendensiya olaraq qalmaqdadır. Doğrusu, bu yazarın “dünənin solçuları bu gün  liberal oldular. Buna sağçılıq ilə solçuluğun birləşməsi də deyilə bilər” sözləriylə nə demək istədiyini başa düşmədim. Liberal iqtisadiyyatın nə olduğunu bilirəm, ancaq  boynuma alıram, liberal ədəbiyyatdan xəbərim yoxdur.

Əli Heydər bəyin,  “Çağdaş türk ədəbiyyatında bu gün hansı cərəyanlar, meyllər özünü  göstərir  və hansılar  ön sıralardadır?” sualına  verdiyi cavab da çox qəribədir. Onun dediyinə görə, çağdaş türk ədəbiyyatında bütün  cərəyanlar  yox olub gedib, sadəcə “İntibah ədəbiyyatı cərəyanı olduqca güclü şəkildə davam edir”. Maraqlıdır, bu ədəbiyyat nə zaman meydana çıxıb, ideya-estetik dəyərləri nədir? Bu suala Əli Heydər bəyin  cavabı belədir: “Şeir sənətinin bütün imkanlarından  istifadə edən Sezai Qaraqoç ilə başlayan bir İntibah ədəbiyyatı dövrü var. Bu, indi Türkiyədə ön plana keçib. Həm millətimizin öz dəyərlərindən, həm də mədəniyyətimizin və İslam düşüncəsinin bütün imkanlarından yararlanır. Bu, bir yenilənmə dövrüdür. Yeni bir dil və üslub ilə güclü bir çıxışdır”.  Sezai Qaraqoç  Əli Heydər bəyin inkar etdiyi XX əsrin 50-ci illərində formalaşmış modernist “İkinci Yeni” şeir cərəyanının tanınmış nümayəndələrindən biri olmuş, sonraları şeir anlayışını islam düşüncəsinə bağlamış, bir neçə maraqlı əsərin müəllifi olmuşdur. Səzai Qaraqoçun adını İntibah ədəbiyyatı deyilən cərəyana bağlamaq olarmı? Bilmirəm. Anlaşılan “yeni dil və üslub” yaratmaq istəyən bu cərəyan osmanlı ədəbiyyatını dirçəltmək niyyətindədirlər. Yaxşı, bu yeni dil, osmanlı dilimi olacaq, yoxsa başqa bir dil?  Bugünkü Türkiyədə osmanlıca bilən nə qədər adam var? Yoxsa ərəbcənin, farscanın və türkçənin qarışımından yeni bir Osmanlıcamı, yeni bir divan ədəbiyyatımı yaradılacaq? 

Əli Heydər bəyə görə, “Divan şeirinin son təmsilçisi Yahya Kamaldır. Ondan sonrası yoxdur artıq”. Bunun da günahkarı bilirsinizmi kimdir? Türkiyə Cümhuriyyəti! İnanmırsınız, onda oxuyun, görün bu 33 kitabın yazarı nə deyir: “Türkiyə Cümhuriyyətinin quruluşunda irqçilik ideyası mərkəzə yerləşdirildi, bu yolla da divan şeir ənənəsi tərk edildi”.  Bu məntiqsız sözlərdən sonra Əli Heydər bəyin hansı yuvanın quşu olduğu ortaya çıxır. Yox olmaqda olan, 14 ölkə tərəfindən parçalanmaq istənilən Osmanlı imperatorluğunun qırıntıları  üzərində  Mustafa Kamal paşanın rəhbərliyi ilə qəhrəman türk xalqının qurduğu və bu gün dünyanın iqtisadi baxımdan gəlişmiş 16-cı ölkəsi olan Türkiyə Cümhuriyyətinə  “irqçilik ideyasına” dayanan bir dövlət deyən insanın etnik türk  olması şəxsən məndə şübhə yaradır. Çünki heç bir xalq, heç bir etnos özü-özünə irqçi deməz. Bu, bir-birini tutmayan söz axını, bir siyasi doktrinin, yazarın şüuru altına yansıyan cəfəngiyyatdan başqa bir şey deyil.

Çox acınacaqlıdır ki, misralarının bəzən 13-cü əsr şairi həzrəti Mövlananın, 18-ci əsr şairi Şeyx Qalibin, bəzən də 11-ci əsr şairi Ömər Xəyyamın nəfəsini hiss etdirdiyi deyilən, “öz”ünü keçmişdəkilərə həsr edən” gənc intibahçı şair Özgə Səna da bu fikri başqa şəkildə təkrarlayır: “Osmanlının son dövrlərinə çatan, Cümhuriyyətin ilk illərini görən, inqilablara (Atatürkün həyata keçirdiyi inqilablara – T.M) şahidlik və yançılıq edən professor Cahid Tanyol, ”Türk ziyalısı olaraq hamımız aldandıq” deyir. Türk ədəbiyyatı da eyni sarsıntıdan mənfi yöndə təsirləndi”.

Türkiyə türkçəsində, yanlış yola düşənlər haqqında belə  bir deyim işlədilir: “Hamı gedir Mersinə, sən gedirsən tərsinə”. Mənə elə gəlir ki, özlərinə intibahçılar deyənlər də tərsinə gedirlər. Yolları açıq olsun!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest