Genel

Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki unudulmuş ibtidai məktəbi

Mətbuata bağlılığım, bəlkə də, babamla əlaqədardır.  Babam məşhur  şairimiz Hacı Seyid Əzim Şirvaninin ən fəal şagirdlərindən birı olub. Babamın S.Ə.Şirvani və M.Ə.Sabir  haqqında bəzi  söhbətləri hələ də  yadımdadır.  Cavanlıq illərində varlı həyat  tərzi keçirən babam  80 ildən artıq ömür sürüb. Bu ömrün son 50 ilini dərzilik etməyə məcbur olub. Ruhdan düşməyib,Şamaxı “Məclis məktəbi”ndə aldığı bilik həmişə karına gəlib. Ömrünün  sonuna qədər qəzet oxuyardı, kitabla arası yox idi.

1970-ci  ilin əvvəllərindən başlayaraq S.Ə.Şirvani, M.Ə.Sabir, eləcə də  H.Z.Tağıyev və onun  həyatı, xeyriyyəçilik fəaliyyəti,  məktəb  və maarif  məsələlərinə qayğı  və himayədarlığı haqqında yazılarım bir növ nəslin ənənələrinə varislik kimi başa  düşülməlidir.  Bu  illər  ərzində   maariçilik,  məktəb, məktəb tarixi, pedaqoji  mətbuat, ədəbi əlaqələr, görkəmli din xadimləri  haqqında rus  və Azərbaycan dillərində yüz əllidən çox məqalə yazaraq bu mövzulara  marağı olan oxucuların  diqqətinə çatdırmışam.Yaxşı təəssürat və ovqat yaratmaq üçün onlardan bir neçəsinin adını xatırlatmaq istəyirəm: “London  görüşləri” (“Qabaqcıl texnika uğrunda” qəzeti – yeddi məqalədən ibarət silsilə yol qeydləri -1972-ci il), “Məclis məktəbini kim yaratmışdır?” (“Azərbaycan müəllimi” qəzeti, 23.02.1979), “Unudulmuş Ünsizadə” (“Həyat” qəzeti, 09.02.1993), “İşığ”ın ziyası”  (“Azərbaycan müəllimi” qəzeti, 03.06.1992), “Axund Molla Mustafa “(“İslam dünyası” qəzeti, 04.081993), “Tərcüman”ın təcrübə məktəbi – “Ziya” qəzeti” (“Ziya” qəzeti, 27.02.1992 ) ….

Bir neçə məqaləm görkəmli  və çox qayğıkeş jurnalist  Nəsir İmanquliyevin  redaktəsi  və uğurlu yol  arzusu  ilə işıq  üzü görüb. Bunların çoxu Bakının  sənaye və tikinti müəssisələrində işləyən əmək adamları haqqında  yazılmış  oçerk  və  ictimai-siyasi məsələlərdən bəhs edən yazılardır.    Sonralar  Nəsir İmanquliyev  məktəbinin ləyaqətli davamçılarının da qayğısını hiss etmişəm.  Bir  çox  yazılarım  “Bakı” və “Baku”  qəzetlərində  çalışan məhz  bu  varislərin  öz ştatdankənar müxbirlərinə qayğısı sayəsində oxucuların  diqqətinə çatdırılıb:  “Плохих педагогов  Г.З.Тагиев не держал ( “Баку “-04.02 1993),  “Носил  ли Г.З.Тагиев белые перчатки?” (“Баку “, 06.02.1993), “Почему  забыт Мустафа Махмудов? Отзовитесики родственники  друга и соратника М.Э.Расулзаде ,(“Баку” ,06,04.1993),  “Будет ли  школа имени Г.Зардаби”  (“Баку”,14.09.1993)…

Məni  Nəsir İmanquliyevlə Qiyasbəyovlar nəslindən olan partiya işçisi Təhminə xanım tanış etmişdi. 1974- cü  ilin  iyun ayının əvvəlləri idi. Çitadan əsgərlikdən gəlmişdim. Akademiyanın Nəsimi adına Dilçilik  İnstitutunun aspirantı idim. Laçın vaxtlarım idi, amma cibim  boş idi. Nəsir müəllim məni redaktoru olduğu “Bakı ” və “Baku” qəzetlərinə ştatdankənar  müxbir kimi işləməyə dəvət etdi: məni sənaye şöbəsinin müdirı yaxşı insan  və yaxşı jurnalist olan Səfər Məmmədova tapşırdı. Beləliklə, “Bakı”lı  və “Baku”lu  oldum

“Bakı”  və  “Baku”dakı  bir neçə yazım arxiv sənədləri  əsasında yazılıb. H.Z.Tağıyev, onun maarifçilik  və xeyriyyəçilik fəaliyyəti haqqında yazdığım yazılar  o  vaxtlar çox maraqla qarşılanmışdı. Sonralar bu mövzuya dəfələrlə qayıtmışam.
H.Z.Tağıyevin Əhmədli kəndində öz fabrikində işləyən fəhlələrinin uşaqları üçün açdığı  ibtidai məktəbə aid yazım da bu mövzudadır. 
   
XX əsrin əvvəllərində – 7  oktyabr 1901-ci ildə  Bakıda  fəaliyyətə başlayan qızlar məktəbi tezliklə  məşhurlaşmağa başladı. Məktəbin açılışı günü Bakıya Rusiya müsəlmanlarından, dini idarə rəhbərlərindən onlarla təbrik teleqramı  gəlmişdi. Qonşu ölkələrin dövlət başçıları və ömrünü məktəb və maarif  işinə həsr edən ziyalılar bu məktəbin uğurları ilə tanış olmaq istəyirdilər. 1902-ci ilın sentyabrında İran şahı Müzəffərəddin şah Avropa  səfərindən  öz ölkəsinə qayıdarkən zövcəsi ilə bərabər yolüstü  Hacı Zeynalabdin Tağıyevin müşayiəti ilə qızlar  məktəbinə gəlir. Məktəb şahın  çox xoşuna gəlir,  burada  oxuyan qızların hərəsinə hədiyyə  olaraq medalyonlu qızıl zəncir  bağışlayır. Heç kəsə borclu olmaq istəməyən H.Z.Tağıyev şaha öz ləyaqətini  göstərmək istəyir. H.Z.Tağıyev 1902-ci il noyabrın 13-də Bakı quberniyası  və Dağıstan Xalq Məktəbləri İdarəsinin  direktoruna  rəsmi şəkildə  müraciət edərək,  ona məxsus olan Əhmədli Lifli Materiallar  Zavodunun fəhlələrinin uşaqlarının yaxşı təhsil almaları, cəmiyyət üçun faydalı  vətəndaş olmaları üçün Əhmədli kəndində ibtidai məktəb açmasına icazə istəyir və bu məktubunda məktəbə  İran şahı Müzəffərəddin şahın adının  verilməsini xahiş edir. Xalq Məktəbləri İdarəsinin direktoru H.Z.Tağıyevin xahiş məktubunun məzmununu Qafqaz Təhsil Dairəsinə xüsusi məktubla xəbər  verir. Qafqaz  Təhsil   Dairəsinin hamisi 1903-cü ilin  martında  381  nömrəli  məktubu  ilə məktəbin açılışına öz razılığını bildirsə  də, nədənsə məktəbə İran  şahının adının verilməsi xahişinə məhəl qoyulmur. Çox güman  ki, bu, ölkədə gündən-günə qüvvətlənən  qarışıqlıq  və hərc-mərcliklə əlaqədar idi.

Yeri gəlmişkən qeyd edək ki, Müzəffərəddin şah (1853-1907) bəzi mənbəələrdə  yazıldığına görə, 1900-cu ildə Osmaniyyədə rəsmi səfərdə  olarkən Əbdülhəmid şahdan Azərbaycan (Cənubi  Azərbaycan- N.N.) məktəblərində türk dili tədrisinin bərpa olunmasını xahiş etmişdi.  Gürünür , İran şahının Bakıdakı Qızlar Məktəbinə səfəri də  məktəb və maarif məsələlərinin tərəqqisi yolunda görmək istədiyi yeni layihələrlə bağlı olmuşdu
Müzəffərəddin şahın Bakı səfərindən iki il sonra- 1904- cü il oktyabrın 1-də H.Z.Tağıyevin  Əhmədli kəndindəki  ibtidai məktəbinin rəsmi açılışı  olur. O vaxtlarda Bakıda rus və başqa əcnəbi dillərdə  çıxan  qəzetlərdən məktəbin açılışı haqqında ətraflı məlumat toplamaq mümkündür. Rəsmi sənədlərdə  bu məktəbin H.Z.Tağıyevin  Əhmədlidəki  Kağız-İplik və Toxuculuq Fabriki  işçilərinin uşaqları üçün açıldığı xüsusi  qeyd  edilir. Lakin burada  yaxın kəndlərdə yaşayan  yoxsul  balaları da təhsil alırdılar.

Məktəbin Nizamnaməsində burada  üç  müəllimin işləməsi nəzərdə tutulurdu. Müəllim əməyinin qiymətləndirilməsində nədənsə çox böyük fərqlər bar idi: elmi  fənlər müəlliminin əmək haqqı ildə  600 rubl, Azərbaycan dili  və  şəriət  müəlliminin maaşı isə  ildə 300 rubl müəyyənləşdirilmişdi.

1904-cü il  oktyabrın 27-də Yelizavetpol  quberniyasının Gülablı kənd məktəbinin direktoru Əbdülkərim bəy Vəlilibəyov  H.Z.Tağıyevin  ibtidai  məktəbinə direktor vəzifəsinə dəvət olunur.
Ə.Vəlibəyovun kənddən  paytaxtın kənd məktəbinə rəhbər vəzifəyə dəvət edilməsi heç də təsadüfi  deyildi. Birincisi, onun qardaşı Bakıdakı  9 nömrəli rus-tatar  məktəbində  direktor vəzifəsində işləyirdi, o,  paytaxt ictimaiyyətinin  tanıdığı, biliyinə  və savadına güvəndiyi   ziyalılardan idi. O,  1904- cü il  oktyabrın  27-də   H.Z.Tağıyevin  xahişini teleqramla Gülablıda yaşayan qardaşına  xəbər vermiş, onun  Bakıya gəlişini tezləşdirmişdi.  İkincisi, Ə.Vəlibəyov  ölkə  təhsilinin tanınmış nümayəndələrindən biri  idi. O, 1896-cı ildə Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş,  təyinatla Yelizavetpol quberniyasının  Gülablı kənd  məktəbinə direktor vəzifəsinə göndərilmişdi. 8 il Xalq Maarif Nazirliyi sistemində səmərəli fəaliyyət göstərənən Ə.Vəlibəyovun Bakıya məktəb rəhbəri vəzifəsinə dəvət edilməsi H.Z.Tağıyevin yaxınlarından biri olan, Ə.Vəlibəyovu həmyerli kimi yaxşı tanıyan Fərrux bəy Vəzirovun təklifi də ola bilərdi.

Məktəbə  Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə o  vaxtlar Bakıdakı  şəhər  məktəblərində  ehtiyat müəllim  kimi  fəaliyyət  göstərən Mirzə Abdulla Talıbzadə (Abdulla Şaiq- N.N.) dəvət olunmuş, lakin o, məktəb açılanacan Sabunçu kənd məktəbində işə düzəldiyinə görə Əhmədli kənd məktəbində işləməmişdi. İkinci təklif  Əlauddin Əfəndiyə olmuş və o, 1906-cı il sentyabrın 17-dək – Bakı Kommersiya Məktəbinə keçənədək  burada  Azərbaycan dili və şəriət dərslərini  keçmişdi. Məktəbdə bir müddət Azərbaycan dili  və şəriət  dərsləri boş  keçmiş, sonralar bu iş Rza bəy Lətifbəyova həvalə olunmuşdu. Ə.Vəlibəyovdan sonra – 1908 -ci ilin  sonunda məktəbə R.Cəfərov direktor  təyin olunub. Lakin o,  bu vəzifədə bir neçə ay işləyir. R.Cəfərovdan sonra direktorluq  vəzifəsi Vera Stefanovskaya adlı bir müəlliməyə tapşırılır. Cəmi bir neçə  aydan sonra  o  da rəhbərlikdən uzaqlaşdırılır.
Vera Stefanovskayanın yerini M.Reyn tutur.
     
1909-cu  il  yanvarin  1-nə aid  siyahıdan öyrənirik ki,  məktəbin 4 şöbəsində oxuyan  34  şagirdin    24-ü müsəlman, 10-u isə rus olub. Ancaq müsəlman şöbəsində oxuyanların sayı 7 nəfər idi. Digər  müsəlmanlar ( azərbaycanlılar–N.N.)  beynəlmiləl siniflərdə oxuyurdular.

Maraqlıdır  ki, 1909-cu ilin  sentyabrında  H.Z.Tağıyevin ibtidai məktəbininin  dörd  şöbəsində oxuyanların sayı  80  nəfərə  çatmışdı.  Burada “xalqın  böyük  ehtiyacı olan, bilməyəcəyi təqdirdə əlacı olmayan” (S.Ə.Şirvani-N.N. ) rus dili ilə yanaşı, Azərbaycan dilinin tədrisinə də böyük  qayğı göstərilirdi. Şagirdlər  əsas fənlərdən başqa, əl əməyi, nəğmə, hüsnxətt  dərsləri də  keçir, islam dininin tarixini  öyrənirdilər.

H.Z.Tağıyevin ibtidai məktəbinə aid son sənədlər 1917-ci il iyulun 27-də imzalanıb. Sənədlər  içərisində pedaqogika tariximiz üçün  maraqlı görünən materiallar çoxdur. Məktəbdə keçirilən ədəbi-bədii  gecələrin  proqramları, dərs bölgüsü və cədvəllər, müxtəlif yazışmalar bu qəbildəndir.
 1916-cı ildə məktəbin nəzdində yaşlılar üçün gecə kursları açılmış, şəhər məktəbini  bitirmiş Mir Məcid Abdullayev fəhlə-şagirdlərə müəllimlik etmişdir.
    
H.Z.Tağıyevin Əhmədli kəndindəki  ibtidai  məktəbində  keçirilən tədbirlərdə şəhərin adlı-sanlı adamları, o  cümlədən təsisçinin özü fəal  iştirak  edirdi. Məktəbin bir şox məzunları sonrakı təhsillərini şəhərin rusdilli məktəblərində uğurla  davam etdiriblər. Onlarıh adlarını tapıb üzə çıxarmaq, maarifçilik tariximizdə özünə şərəfli yer tutan  bu nümunəvi təhsil ocağının tarixini hərtərəfli öyrənmək, onun unudulmuş yubileyini keçirmək pedaqoji  ictimaiyyətimizi  ciddi  düşündürməlidir.



Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəlllimi

Pin It on Pinterest