Genel

Hər bir gün – arzudur balalar üçün…

Hər bir gün – arzudur balalar üçün…
***

Hər gün bir həyatdı, min  görünüşlü… 
Hər bir gün– “Mən varam”, yəni həyatdır.
Hər bir gün – arzudur balalar üçün,
Hər bir gün – uçmağa qoldur, qanaddır.

***

Çox deyim, qışqırım, ay.. məndən olmaz,

Əjdaha kimdir ki mən olan yerdə.

Sən kimsən, ay yazıq, göydən baxan var,

Bu sözü dilinə gətirmə bir də.


***
Hər bir gün -illərə bir hesabatdır,
Gördüyün işləri sadala bir-bir.
Hər bir gün-kiminsə bəxtəvərliyi,
Hər bir gün – heç kəsə bilinməyən sirr.
***
Heç kəs deyə bilməz- “bu gün də keçdi”,
Bu günün xəbəri sabah bilinir.
Həyat – həyat boyu bir keşməkeşli
Tale oyunudur heç vaxt silinmir.
***
Heç kəs yaza bilməz mən yazanları,
Mənim yazdıqlarım – mənim sözümdür.
Gözünün nurunu itirən adam
Mənim anlamımda  mənim gözümdür.
***
Babamın atama məktublarında
“Nuri-didəm” idi əvvəlki sözü.
Daha məktub da yox, o söz də yoxdur,
Mobil telefondur məktubun özü,
***
Mən günü saymağa daha arifəm,
İlləri saymağın vaxtı keçibdir.
İndi günləri də saymaq – bir bəla,
Deyəsən, bəxtin də baxtı keçibdir.
***
Ocağın sönməyi, odun keçməyi-
Nəslin- fəlakəti, günün -qürubu…
Gün keçir,sabahı yeni gün gəlir.
Qəmlənmə, bax həyat,dostum, budur  bu.
***
Ehey!…

Qüssələnmə, hər gün  gün gəlir,
Demə ki, bugünkü çox qəfil gəlir.
Asılı deyildir heç  birimizdən, 
Həyatın günləri, ay,fəsil gəlir.
***
Hər  gündə  başlayır, il hesabatı,
Sözdür də deyirik – dil hesabatı…
Hamının hesabı və hesabatı
Vallah ola bilmir fil hesabatı.

***
Gəlin dərdən, qəmdən lap uzaq olaq,
Hər işdə,əməldə üzü ağ olaq.
Əbədi olmayan həyat yoxsa da,
Dünya- işindədir, biz də sağ olaq…

***

Demə, ovcumdadır bu dünya mənim,
Dünyanın sirrini bilmək – çox çətin..
Dünya- gözəllikdir, dünya – həyatdır,
Dünya hamınındı, dünya – hər kəsin…

***
Nazim Nəsrəddinov

Bakı,

29.05.2021

Pin It on Pinterest