Hərə öz yerini yaxşı biləndə…
İlim var, ayım var əsrə bərabər,
Heç nəyə bərabər günlərim də var…
Şirin xatirələr, şirin duyğular
Ömrün hər anında, günlərində var.
***
Mənim təriflərə ehtiyacım yox,
Təki ürəyimdən gəlsin avazım.
Yolun əyrisi də, düzü də olur,
Mənim nə haqqım var, yolumu azım?
***
Bilirəm, nadanlar- adam deyillər,
Niyə hələ qalıb belə veyillər?…
Adamın alçağı alçaqlıq deyil,
Gərək pislənilsin alçaq meyillər…
***
DÜNYA gəlir gedir, Süleyman yoxdur.
Adam var, zatında din, iman yoxdur.
Bu günün işini vaxtında gör ki,
Vallah, sabaha da heç güman yoxdur.
***
Salam ver, salam al, salamat ol ki,
Yaşasın həyatda tərəzi, ölçü.
Dünənki bildirçin qartal olanda
Öl ki, ölsün, getsin elə dünənki.
***
Sözü düz deyirəm, söz oynatmıram,
Ocağın içində köz oynatmıram.
Gedirəm, gəlirəm, yöz yoou ilə,
Nüktəgirlik edib göz oynatmıram.
***
Yadıma düşəndə qırx ilin sözü,
Hələ axtarıram doğrunu, düzü.
Sabaha ümidin itməsin deyə
Gərək ümid olsun ümidin özü.
***
Ömür gəlir keçir, heç nə soruşmur,
Elə illər var ki, ilə qovuşmur.
Bəzən dediyin söz tarixə düşür,
Söz var ki, o sözə bir quruş düçmür.
***
Yaşa, yaşamağın günah deyilsə,
Yaşamaq yanmaqdır…yanmaq!…Nə isə….
Dünya beş-on günə düzələ bilər,
Hərə öz yerini tanıya bilsə.
Nazim Nəsrəddinov.
28.10.2019