Hələ, sabaha çox var – Nazim Əhmədli
hər kol bir qaraltıdı,
hər gecə bir səksəkə;
kimsə dartır ruhumu,
şəklimi çəkə-çəkə;
***
içimdə səngər qışı,
çölüm qan ağlıyırmış;
ilahi, heç bilmirdim,
dağlar da laxlıyirmış;
***
buludlar çəkilməyib,
bir yanı uçuq qalıb;
gəldiyim göy üzünün
qapısı açıq qalıb;
***
qara dalğalar gəzir,
dənizin yaxasında;
dünya dağılır hələ,
fələyin yuxusunda;
***
kim nə çəkir, kim bilir,
hərənin öz dərdi var;
bir gecənin içində,
saçlarıma yağdı qar;
***
deyən, yol da uzanır,
hələ, sabaha çox var;
dağların arasından
işıldayır bulaqlar.
02.01.2021.Bakı şəhəri.