Günel Balakişi
Nazım AHMEDLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Günel Balakişi
İmkansız sevgi
Sən mənim ən böyük günahım oldun,
Hamının yanında üzüm qaradır.
Mənə aid olan nə varsa, aldın
və bu iliyədək sızan yaradır.
* * *
Rəbbim bağışlarmı etdiklərini?
Səni ucaltdıqca, hörmətdən düşdüm.
Qarşıma aldığım sevdiklərimi,
Sənə dəyişdikcə, özüm dəyişdim.
* * *
Geriyə baxıram, itirdiklərim…
Vicdan yarasısan, əzab verirsən.
Mən durub yerimdə sayaqladıqca,
Sən öz həyatına davam edirsən
* * *
Yandırıb yaxırsan, rəvadırmi bu?
Çırpıram sinəmi yumruqlarımla,
Imkansız sevgimi,göz yaşlarım, yu,
Çıxart ürəyimdən, apar onunla!
Bir qızın xəyalı
Bir payız da gəlib keçdi ömrümdən,
Mən yenə sənsizəm, mən hələ sənsiz.
Dəlitək sevilmək keçir könlümdən,
Gözləyirəm səni səssiz-səmirsiz
* * *
Qönçə ikən solan nakam taleyin,
Son nəfəsdə son duası kimisən
Gec olmadan çıx gəlki,xöşbəxtliyi
Bircə kərə tanıyım,görüm kimsən?
* * *
Gözümdə canlanır bəyaz gəlinlik,
Geyinsəm nə qədər gözəl olaram?
Gecələr təsəlli verib özümə,
Nağıllar uydurub yuxulayıram.
* * *
Xəylımda ev qururam, işıqlı,
Fəqət, boşluqdayam, ana deyən yox.
Qucağım illərdir körpəyə həsrət,
“Ağ atlım” gələrmi, hələ bilən yox?!
Mən səni belə bilməzdim
Bu dünyada ən sevdiyim,
Gəncliyimi, sağlığımı, eşqinə qurban verdiyim,
Harda olsam, usanmadan təriflədiyim, öydüyüm,
Çiy süd əmib, insanlarda vəfa yoxdur, deyirdilər
Kim desə də mən deməzdim,
Mən səni belə bilməzdim!
* * *
Hamıdan özəl bildiyim,
Hər kəlməni, hər sözünü şeir tək əzbərlədiyim,
Yastığıma düşən saçının telini saxladığım, gizlədiyim,
Sən saçımı ağardanda xatirələr acı-acı gülürdülər.
Yatsam, yuxumda görməzdim,
Mən səni belə bilməzdim!
* * *
Özümdən çox güvəndiyim,
Gözlərimdən itənədək gedişini izlədiyim,
Şaxtada, tufanda, yağışda, qarda,
Yollarını titrəyərək gözlədiyim,
Sən gedəndə,o yollar da, buludlar da,
sənə üsyan edirdilər.
Heç səndən mən gözləməzdim,
Mən səni belə bilməzdim!
* * *
Körpə kimi bəslədiyim,
Adına min ad qoşaraq şirin-şirin səslədiyim,
Əllərimi tellərinə, yanağına gəzdirib əzizlədiyim,
Sən yox idin və bu əllər yanağımdan göz yaşımı silirdilər.
Bilsəydim, heç sevməzdim,
Mən səni belə bilməzdim!
İstəmirəm
Gəlməyini istəmirəm,
Artıq, unutmuşam səni,
Son gedişin tarixini,
Nə yadımda saxlamışam
Nə də qayıdasan, deyə,
Oturub yas saxlamışam!
* * *
Üç gün çəkdi ilk gedişin,
Sonra bir ay, üç il getdin
və getdikcə getmələrə adət etdin.
* * *
Necə qorxurdum, İlahi…
Birdən qayıtmazsan, deyə.
Mən ürəyimdə sevərkən,
Sən ürəyində gülürdün mən dəliyə?
* * *
Gəlməyini istəmirəm.
Sənin qoyub getdiyindən,
Nə əsər, nə əlamət var.
Gözlərimin nəmlərindən
Dağılmışam tavan-tavan,
Uçunmuşam divar-divar.
* * *
Nə mən acam, nə sən yavan,
Gözün aydın, qocalıb tərk etdiyin cavan.
Elə uçub getmisən ki,
Ömür kimi,
Gəlməyini istəmirəm.
Qorxuram ki,
Qorxuram ki, bu dəfəki gəlişinlə
Mən gedərəm
Ölüm kimi.
Gəlməyini istəmirəm,
İstəmirəm!!!
Bizim üçün darıxmışam
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Sənə elə möhtacam ki, bu aralar…
Duysan….
Görsən….
Dönərsənmi?!
* * *
Elə yorub həyat məni…
Bilirsən ki, ağlamaqdan utananam.
Utanmaqdan keçib daha,
Hönkür-hönkür ağlayıram,
Göz yaşımı silərsənmi?
* * *
Hamı məndən üz çevirib,
Doğmalarım düşmən olub,
Qəlb sirdaşım,
Ürək dostum,
Bilsən, necə təklənmişəm?
Gəlib mənə ürək-dirək verərsənmi?
* * *
Baş götürüb getməyə də yerim yoxdur,
Satılmışam…
Dağılmışam….
Ruhum ölüb.
Mən, savaşdan sonra qalan xaraba bir yurd olmuşam.
Mənə həyat verərsənmi?
* * *
Gənc deyiləm,
Daha canda can qalmayıb.
Oxşadığın saçlarımı görməyəli çox ağarıb.
Bir zamanlar mənə dərman təkcə səndin…
İndi, hər yeməkdən əvvəl…
Sonra…dərman!
Eşitsən ki, bir xəstən var,
Gəlib ona dəyərsənmi?
* * *
Hər gün qonaqsan yuxuma.
Ruhum, gecə olan kimi sənə gəlir
Nə olarki, sən, gerçəkdə mənə gəlsən,
Qucaqlasan….
Mən də sussam, qayğılardan uzaqlaşsam,
Səndə qalsam….
Yenə məni əvvəlkitək sevərsənmi?
* * *
Bizim üçün darıxmışam,
Şeir yazsam gələrsənmi?
Nəzakət xala
Nəzakət xala,
Uşaq vaxtı qapını döyüb qaçmışdım.
Sənsə hiddətlənib, qarğış etmişdin
“Gözün qapıda qalsın, bala”
* * *
Mən o vaxtdan qorxub elə gizlənmişdim,
Ən çox ürəyim əsmişdi, deyə,
ən çox onu gizləmişdim.
Elə çırpınırdı,
elə bilirdim,sinəmdən çıxacaq….
Balaca ovcumu köksümə sıxıb
Ürəyimi bərk-bərk bağlamışdım.
* * *
Sonra böyüdüm…
“O” gəldi.
Döydü, açdım,qaçdı.
* * *
Gözüm yolda qaldı.
Nəzakət xala,
Göylərdən məni görürsənsə,
Bağışla!
* * *
Ona denən, qayıtsın.
Qarşıdan qış gəlir.
Üşüməsin…
Gəlsin, girsin ürəyimə
Qapını bağlasın!
Qürbət
Sağlığında mənə qürbəti qadağan edən,anam,
vəsiyyətini pozmalı olacam.
Sən gedəli onsuz da buralar soyuq,
Hansı dildə danışsam, anlayanım yox.
* * *
Sevgisizlik desən,dibinə qədər.
Mən səni qoyub getməzdim.
İndiki getdin, məndən bu qədər.
* * *
Buralarda üşüməyim kifayətdir,
Bir az da gedim oralarda üşüyüm
Onsuz da…
Anasızlığın başqa adı, QÜRBƏTDİR.
Qucağım o boyda olaydı ki
Qucağım o boyda olaydı ki,
Bütün uşaqlar sığaydı ora.
Qoruyaydım uşaqları
Tufanlardan, boranlardan
Əllərimlə isidəydim,
Heç bir uşaq üşüməzdi ayaqyalın,
Heç bir uşaq itirməzdi müharibədə ayaqların.
* * *
Qucağım o boyda olaydı ki,
Qoruyaydım uşaqları yalanlardan,
Özüm yalan danışaydım.
Danışaydım nağıllardan,
* * *
Deyəydim ki, bu dünyada
Xeyir şərə qalib gəlir.
Qoruyaydım uşaqları
gerçəklərdən,olanlardan.
tıb gedən atalardan, analardan
Deyəydim ki, sənin atan qəhrəmandır.
Uyudardım qucağımda yetim qalan körpələri
Deyəydim ki, yum gözünü, anan sağdır.
* * *
Qucağım o boyda olaydı ki,
Bütün uşaqlar sığaydı ora.
Qoruyaydım uşaqları ac yatmaqdan
Qoruyaydım uşaqları bu dünyadan.
ADAMLARDAN…
Gözlərindən ölür qadın
Bəs, deyirlər ölənlə ölmək olmur?
Gözlərindən ölməyə başlayır qadın.
İnsanın üzünün Günəşi gözdür.
Gözlərindən sönməyə başlayır qadın.
* * *
Göz yaşı axdıqca quruyur, dözmür.
Gözlərindən solmağa başlayır qadın.
Bəs,deyirlər ölənlə ölmək olmur?
Ölür qadın, gözlərindən ölür qadın.