Gündüz İsmayılov, RAMAZAN – VƏHDƏT VƏ QARDAŞLIQ AYI

Nazim Əhmədli, şair-publisist,

“Kırımın sesi qazetəsi”nin Azərbaycan təmsilçisi.

Gündüz İsmayılov Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

RAMAZAN – VƏHDƏT VƏ QARDAŞLIQ AYI

İbadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyildir. Çünki dinimizin əsas məqsədi təkcə ibadət edən insan yetişdirmək yox, cəmiyyət, dövlət və ailə üçün faydalı olan, fərdilikdən daha çox, ictimai maraqları güdən və həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. Bu isə birlik və həmrəyliyə təkan verən qardaşlıq anlayışının cəmiyyətdə hansı səviyyədə yayılmasından və qəbul edilməsindən asılıdır. Bu baxımdan sülh, əmin-amanlıq ayı olan Ramazan cəmiyyətdə vəhdət və qardaşlıq anlayışlarının təbliği üçün həm böyük potensiala malikdir, həm də gözəl fürsətdir.

Şübhəsiz, güc birlikdən yaranır, birlik isə milli-dini nəticədir. Bu nöqteyi-nəzərdən bütün hallarda dəyişməz bir həqiqət var: biz cəmiyyətimizdə güclü birlik və qardaşlıq atmosferi formalaşdırmaq imkanına sahibik. Çünki həm müqəddəs kitabımız Quranı-Kərimin birlik və bərabərlik çağırışları, həm milli dəyərlərimiz, həm də xalq kimi ortaq xarakterik keyfiyyətlərimiz həmrəy olmağımız və birliyimizi gücə çevirməyimiz üçün böyük mənəvi bazis ola bilər.

Həmrəylik bizim üçün əsas şüar məqsədi deyil, son hədəfə – müqəddəs amala çatmağımız üçün əvəzedilməz, alternativsiz vasitədir. Çünki imperiyalar arasında bölüşdürülmüş, dəfələrlə təcavüzə məruz qalmış xalqımızın layiq olduğu kimi yaşaması, bir sözlə, böyük gələcəyimiz güclü həmrəyliyimizdən keçir. Bu baxımdan Ramazan həmrəyliyimizə  – böyük uğura apara yolda bizə güclü təkan ola bilər.

İslamda qardaşlıq anlayışının sərhədləri təkcə ailəni yox, demək olar ki, cəmiyyətin bütün təbəqələrini əhatə edir. Hətta bir çox hallarda İslamdakı din qardaşlığı qan qardaşlığı anlayışını üstələyir. Deməli, dinimizin qardaşlıq anlayışına münasibəti bu məsələyə ənənəvi münasibətdən xeyli fərqlidir.

İslama görə, cəmiyyət eyni mənəvi və maddi dəyərləri paylaşan, ümumi maraqlar naminə vahid mövqedən çıxış edən böyük ailədir. Onun üzvləri sosial və mədəni statuslarından asılı olmayaraq, qardaşdırlar. Ən əsası, onlar aralarındakı qardaşlıq münasibətlərinə görə təkcə cəmiyyət və qanun qarşısında yox, həm də Allah dərgahında məsuliyyət daşıyırlar.

Qurani-Kərimdə müsəlmanları birliyə və həmrəyliyə çağıran, aralarındakı  münasibətləri yalnız qardaşlıq prinsipi ilə tənzimləməyə təşviq edən kifayət qədər ayə var. Həmin ayələrdən birində – “Ali-İmran” surəsinin 103-cü ayəsində buyurulur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayəsini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız”.

İslam tarixində qardaşlığın ən gözəl nümunələrinə Peyğəmbərimiz Həzrət Məhəmmədin zamanında rast gəlinmişdir. Müsəlmanlar Həzrət Məhəmmədi təkcə Yaradanın göndərdiyi peyğəmbər yox, həm də qardaş kimi qəbul etmişlər. Peyğəmbərimiz də öz növbəsində onlarla qardaş kimi davranmış və bu sahədə ən gözəl örnək özü olmuşdur. O, hədisi-şəriflərindən birində buyurmuşdur: “Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm verməz, düşmənə təslim etməz. Din qardaşının ehtiyacını ödəyənin Allah da ehtyacını ödəyər. Müsəlmanın bir sıxıntısını aradan qaldıranın  Allah da qiyamət günündə sıxıntısını aradan qaldırar. Bir müsəlmanın ayıbını örtənin, Allah da qiyamətdə ayıblarını örtər”. Peyğəmbərimizin başqa bir hədisində isə: “Müsəlmanın (din) qardaşına təbəssümü də sədəqədir” – buyrulmuşdur.

İslamda müsəlmanın din qardaşını sevməsi təkcə mənəvi borc sayılmır. Buna dinimizdə həm də inanc və iman məsələsi kimi baxılır. Çünki Peyğəmbərimiz buyurur: “İman etmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə iman etmiş olmazsınız”. Başqa bir hədisdə isə o, müsəlmanları canlı orqanizmə bənzədir: “Möminlər bir-birlərini sevməkdə, mərhəmətdə, şəfqətdə bir bədən kimidirlər. Bədənin bir üzvü narahat olduqda, digər üzvləri də bu iztiraba ortaq olarlar”.

İslamdakı qardaşlıq anlayışını cəmiyyətin yalnız müsəlman təbəqəsinə aid etmək də doğru deyildir. Əgər hansısa cəmiyyətdə müsəlmanlarla yanaşı, digər dinlərin mənsubları mehriban yaşayırlarsa, onların ortaq dəyərləri və maraqları varsa, deməli, qardaşlıq anlayışı onları da əhatə edir. Bunun ən gözəl örnəyi Azərbaycan xalqı və Azərbaycan cəmiyyətidir.

Tarix boyu Azərbaycan ərazilərində müxtəlif dinlərin və xalqların nümayəndələri birgə, mehriban qardaşlıq və dostluq şəraitində yaşamış, onların fərqli inanclara mənsub olmaları bu qardaşlığa zərrə qədər də xələl gətirməmişdir. İslam Vətənimizdə yayıldıqdan sonra bu qardaşlıq daha da möhkəmlənərək, xalqımızın mənəvi dəyərinə, cəmiyyətimizin inkişafı üçün əsaslı zəminə və ölkəmizdəki sabitliyin zəmanətinə çevrilmişdir. Deməli, bu gün hər birimizin üzərinə düşən bir vəzifə var: gələcəyimiz və rifahımız naminə qardaşlığımızı qorumalı və daha da möhkəmləndirməliyik.

Qoy Ramazan bunun başlanğıcı və müjdəçisi olsun!!!  

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest