Günay Nəriman – Şeerler
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Günay Nəriman
Mən hardan biləydim?
Mən hardan biləydim körpə uşaqkən,
Kağıza çəkdiyim o cızma-qara,
Sonradan alnıma həkk olunacaq.
Kağıza saldığım bütün qaralar,
Yığışıb bəxtimi qaraldacaqmış.
Mən hardan biləydim çilli qurbağa,
Onu susdurmağa atdığım daşı,
Qalxıb göy üzündən atacaq mənə.
O qədər olacaq başımın daşı,
Başdaşım atdığım o daş olacaq.
Mən hardan biləydim boğduğum quşun,
Ahı bir gün gəlib məni tutacaq.
Günahsız böğulan o quşcuğaz tək,
Ruhum çırpınaraq candan çıxacaq.
Yalandan paslanmış üzümü mənim,
Qara torpaq örtüb, ağardacaqmış.
Mən hardan biləydim, hardan biləydim?
Torpağın yuduğu o ağ üzümü,
Geydiyim ağ kəfən qaraldacaqmış.
Niyə daşa dönmüsən?
Sən ki məni içində
Böyüdüb, adam etdin.
Məni böyütdüyünə
İnsafın böyüyəydi,
Atıb getməzdin belə.
Bəlkə Tanrıya inad
Dünyaya gətirmisən?
Heç özün də bilmədən,
Yoxsa etməzdin belə.
Səni mələk sanırdım,
Bu yerlərin mələyi.
Üz çevirib getmisən,
Səsimə səs vermədən.
Gəl bax, böğuluram mən.
Quru nəfəs vermədən
Üz çevirib, getmisən.
Yerlər sənə dardımı?
Ay göylərin mələyi.
Nə olar bircə “hay” ver,
Məni ki daş doğmadı,
Niyə daşa dönmüsən?
Buz bağlayıb ürəyin,
Əlimi üşüdürsən.
Nəfəsimi dondurub,
Dilimi üşüdürsən.
Cavab ver, suallarım
İçimdə buz bağlayıb.
Məni bir mələk doğdu,
Məni ki daş doğmadı,
Niyə daşa dönmüsən?
Can borcu
Ətəyin yaman gödəlib,
Yapışa da bilmirəm.
Üzün də dönüb məndən
Gözlərini görmürəm.
Küsmüsən xəbərim yox,
Səbəbini de bari!
Ayağına çağırma!
Günahsızam gəlmirəm.
Divanımı qurmusan,
Cəzam ağırdır yəqin.
Canımdamı gözün var?
Yox, yox, hələ çox erkən,
Canımın can borcu var,
Onu sənə vermirəm.
Sənsiz yaman ölürəm.
Böyük günahlarımın balaca savabısan,
Günahında qovrulub, savabında yandığım.
Mənim ən böyük cəzam sənsizliyim boydadır,
Ən şirin cəzam da sən, dilindən adandığım.
***
Mənmi səni yaratdım, sənmi məni, bilmirəm?
Bircə dənə bildiyim sənin varlığınla mən,
Nəfəs alıb-verirəm.
Hərdən də nəfəsimi elə yaman kəsirsən,
Yaradanım da sənsən, yaşadanım da sənsən.
***
Varsan deyə mən varam, uzaqlarda naçaram,
İki üzlü həyatın biri sən, biri ölüm.
Mən də sənin kimiyəm, sənsizliyə düçaram,
Sənsiz yaman ölürəm, ay sənə qurban olum.
OLACAQ
Gözumun yaşıyla qazdığım çuxur,
Cismimin əbədi evi olacaq.
Gözumə atılan bir ovuc torpaq,
Ucalıb həqiqət dağı olacaq.
***
Şeytan lənətinə gəlmiş qadınlar
Şeytansız dunyaya mələk doğacaq.
Butun ağrılarım xislət dəyişib,
Sonsuz cənnətimin kefi olacaq.
***
Alıb Yaradanın hökmun əlindən,
Butun insanlarım xoşbəxt doğacaq.
Aylı gecələr də, odlu Gunəş də,
Gunlərin birində mənim olacaq.
TƏRS DÖNƏCƏK BU DÜNYA
Çevirəcəm oxunu,
Tərs dönəcək bu dünya.
Enişdən başlayacaq çaylarının axarı,
Yoxuşa töküləcək.
İnsan qoca doğulub,
Körpələşib öləcək.
Məzlumu tapdalayan,
Şux olan qamətin də
Ahımdan büküləcək.
Lazımsız kağız kimi
Səni ovub bükəcəm.
Ovcumun içi boyda
Olacaqsan a dünya,
Oynadacam əlimdə
Səni oyuncaq kimi.
Balaca top eyləyib,
Atıb-tutacam səni.
Məni illər uzunu
Atıb- tutduğun kimi.
Bəzən də atıb məni,
Tutmağı unudurdun.
Elə möhkəm dəyirdim
Yerlərin göy üzünə.
İndi atıram səni,
Yalvar,yıxıl dizimə!!!
AXTARIR
Dənizə atılan daşa dönmüşəm,
Bir ömür axtarsan tapa bilməzsən.
Tapsan da sən məni neynəyəcəksən?
Mən özüm-özümü tapa bilmirəm.
Dilim qıfıl vurub lal hisslərimə
Bir “açar” sözünü tapa bilmirəm.
Tapsan da sən məni neynəyəcəksən?
Dili lal,
Gözü kor,
Ağılı dəm-dəm.
Söylə beləsini neynəyəcəksən?
Dərddən manqurtlaşıb,
Xəyalı hərdəm.
Elə hey itirir,
Axtarır hərdən.
O nəyi axtarır, niyə axtarır?
O kimi axtarır, nədən axtarır?
Əbədi dünyaya gedən axtarır
Bir tabut salamı göndərmək üçün.
Söylə beləsini neynəyəcəksən?
Yerin göbəyini tapıb kəsəcək,
Vaxtsız anasından ayırmaq üçün.
Qarınqulu olub ürək yeyəcək,
Ürəyinin dərdi azdı deyəsən
Dərdinin qarnını doyurmaq üçün.
O ki dərdlərinin yurd anasıdı,
İstəməz balası acından ölə.
Axtarır, axtarır,
O dərd axtarır,
Dərdinin qarnını doyurmaq üçün.
Söylə beləsini neynəyəcəksən?
O ki sevincini yellərə verib.
Bəzəkli-düzəkli dərdi axtarır,
Dərdinin gözünü doyurmaq üçün.
YAĞIŞ YAĞIR ÜSTÜMƏ
Yağış yağır üstümə,
Bu yağan yağışdımı?
Bəlkə günahlarımdı
Səmadan axıb gəlir.
Bəlkə, bəlkə…
Edəcəyim günahı
Əvvəlcədən görüb o,
Yumaq üçün tələsir.
Bu yağan yağışdımı?
Gözyaşımdı deyəsən.
Bir zaman buxar olub
Çəkilmişdi göylərə.
Göz yaşı axıtdığım
O dərdli günlərimi
Xatırlatmağa gəlir.
Damcısını döndərib,
Kiçik köz parçasına
Qığılcıma bənd olan
Mənim heysiz cismimi
Alovlatmağa gəlir.
Yağış yağır üstümə
Hər damlası dəlib keçir bədənimi.
Güllələnən adam kimi
Çırpınıram, can verirəm.
Canı mənə Tanrı verib,
Mən yağışa Can verirəm.