Genel

Gülnarə Cəmaləddin Şiirleri

Nazim Əhmədli, şair,

 “Kırımın sesi qazetesi”nin Azərbaycan təmsilçisi.

Şairə Gülnarə Cəmaləddin Yardımlı rayonunda anadan olub. Sumqayıt Dövlət Universitetini bitirib. 1996- cı ildən AYB Sumqayıt bölməsində məsləhətçi kimi fəaliyyət göstərib.2017- ci ildən AYB Sumqayıt bölməsinin sədridir. ”Qəhvə rəngi” adlı şeirlər kitabının müəllifidir.

ANAMIN ÜZÜ KİMİ

Uşaqkən
mən hər gecə səni yuxumda görürdüm,
Allah,
bir də anamın üzünü.
Süd rəngindəydi Yer,Göy.
Və hər dəfə
sənə uzatdıqca əllərimi
qeyb olurdun uzaqlarda.
Körpə tabutumu atıb tutduqca günahlar
dövrəmdə rəqs edirdi şeytanlar.
Ağlayırdım
Mələklərin göz yaşları
axırdı yuxularıma
Anamın südü kimi.
Uyuyurdum
Və hər gecə

səni yuxumda görürdüm
Anamın üzü kimi.
KÜLƏKLƏR SƏRXOŞ VƏ MÜRGÜLÜ

Küləklər
Sərxoş və mürgülü.
Sənsizlik
Səssizlik qədər qorxulu.
Qarşımda
kasıb adamın ölümü kimi
utancaq bir gecə.
Yolüstü kafedə
alçaldılmış eşq,
satılıq bir qadın.
Anlamaz adamın gözündə
Cakondanın əksi kimi qiymətsiz.
Sonu
atılmış əşya kimi
tozlu və miskin.
Və sonra eşqə dair yazılmış
dadlı bir şeir parçasını dinləmək
əxlaqsız adamın
təmizlik fəlsəfəsini dinləmək qədər
zülümm,

Z-Ü-L-Ü-Ü-M!
İçimdə tər və zərif,
Gözəl və tikanlı bir çiçək
Nə yaxşı
sən mənim deyilsən,
Gülümm,
G-Ü-L-Ü-Ü-M!

YAŞA

Ağırdı
Adamların üzünə baxa- baxa,
utanmadan masal kimi
söylədiyi yalanları
ninni kimi dinləmək.
Ağırdı
dost minnətini çiynində daşımaq
dost cənazəsindən.
Ağırdı
yalan qoxusu dolursa canına
udduğun bir udum havadan,
içdiyin bir içim sudan.
Gözlərin
yalandan alışırsa sevməyə,

Dodaqlar
yalandan alışırsa gülməyə.
Sinəndə ürək soyuyub dönürsə daşa,
Bacara bilirsənsə,
barışa bilirsənsə,
bu daş parçasıynan
YAŞŞA!

MÜHARİBƏ DÖVRÜNÜN QADINI

Mənim sevgi yaşımda
yağmalandı məmləkətim
əsir oldu
ümidlərim,
arzularım.
Qırmızı tabutda güldü
qara bəxr üzümüzə.
Mən o yaşda
sevgi nəğmələri oxumalıydım,
bəyim!
Oxumadım.
Yağmalanmış vətənimin fəryadını dinlədim.
Güllələnmiş bayrağımı
gülə tutdum.

Ağlamadım,
inləmədim.
Üsyan dolu şeir yazdım
sevgi,
həsrət nğmələri dinləmədim.
Mənə güc verdi o yaşda
düşmən məfhumunu anlamağım.
Mən o yaşda
duymalıydım
gəncliyin dadını.
Duymadım,
bəyim,
duymadım.
Hər ölən əsgərlə ölür
müharibə dövrünün qadını!

ADAMI ALLAH AĞLAMAZ

Nə bahardı,nə payızdı,
Üst- başı torpaqdı,tozdu.
Bu dünya qarımış qızdı,
Söz dedim gözü yaşardı.
Keçdi çiçək vaxtı keçdi,
Taleyindən baxdı keçdi,

Çiyinlərdə taxtı keçdi,
Ağladı,Allah,ağladı!
Adamı ana ağlayar,
Adamı bacı ağlayar,
Adamı
Allah saxlayar,
Adamı
Allah ağlamaz!

ADAMLAR DÜNYANI SALDI GÖZÜMDƏN

Dünya gözəl idi üzünə qalsa,
Dünya nağıl idi sözünə qalsa,
Onunla dost idim düzünə qalsa
Adamlar dünyanı saldı gözümdən.


Yalan başa keçdi,düz düzdə qaldı,
Su dibə çəkildi,lil üzdə qaldı,
Yaxşı nə gördümsə o üzdə qaldı
Adamlar dünyanı saldı gözümdən.


Hər şeyin yaxşısın bilirdim onda,
Ağrıya- acıya gülürdüm onda,
Ölürdüm dərdindən ölürdüm onda,

Adamlar dünyanı saldı gözümdən.

BÜTÜN SEVƏNLƏRİN ALLAHI EYNİDİ

Bütün sevənlərin Allahı eynidi,
Dinləri ayrı olsa da.
Bütün sevənlər Allah rizasına sevir,
Bütün ayrılanlar
Allahın əmriylə ayrılsalar da.
Bütün sevənlərin duası sevgidi.
Bütün unudanların dərgahı
Göy üzü olmasa da…

SƏN BELƏCƏ GÖZƏLSƏN

Dünya qan çanağıdı
Qarışma
Bu viranədə dərdə
Alışma
Sən beləcə gözəlsən
Gözəl qal
Adam olmayanlarla yarışma…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

One thought on “Gülnarə Cəmaləddin Şiirleri

  • Kadir ACI

    Kutluyorum hocamı. Esen günlere yelken açmak üzre…

Yorumlar kapatıldı.

Pin It on Pinterest