Gəncliyində müdrikləşən aqil Adam…
Gəncliyində müdrikləşən aqil Adam…
Böyük Nazim Hikmət deyir ki, “Mutluluk səhər işə, axşam evə tələsməkdir”.
Şeirlərindən ruhunu duyduğum, misra-misra tanıdığım, kəlmə-kəlmə ruhani dünyasını kəşf
etdiyim, yaradıcılığının, səsinin, sözünün, saf mənəviyyatının vurğunu olduğum böyük qardaşım, ailə dəyərlərini həyatındakı hər dəyərdən uca tutan Taleh Mansur və onun poetik yaradıcılığının ilham qaynağı olan vəfalı ömür sirdaşı, Fatehlə Fərəhin nur üzlü, mələk simalı Anası mənim düşüncəmdə bütün varlığıyla o mutluluğun formulu və “Ailə kiçik dövlətdir” deyiminin açarıdır… İstedadlı, azad təfəkkürlü, ruhu gözəl bu iki insanın sevgi və ilahi anlayışla bina etdiyi ailəni, özləri gənc olsalar da, həmişə gəncliyimizə örnək olaraq düşünmüşəm…
1946-cı ildə Texasda dərc olunan “The Port Artur News” qəzetində Marill Frost haqqında maraqlı bir məqalə dərc olunur. “Amerika futbolu” idman növündə qazandığı nailiyyətlərə görə o, “ən yaxşı idmançı” adına layiq görülür. Marill özü isə bu hadisəni belə şərh edir: “Mən güclü kişi deyiləm, arxamdakı qadın
güclüdür…” Nədənsə bu sətirləri qələmə aldıqca Marill Frostun o fikri mənə əziz Taleh Mansurun vəfalı ömür sirdaşını xatırlatdı…
Həmişə qeyri-ixtiyari belə düşünmüşəm ki, Taleh altına imzasını qoyduğu hər poetik parçanın doğuluş səbəbini, mənəvi güc qaynağını, ədəbi yaradıcılığının ilham mənbəyini həmişə ailəsindən və yavrularından alıb…
Nədənsə həmişə daxili bir inamla bu qənaətə varmışam ki, Talehin başına çiyin olan, arxasında dayanan zərif, qayğıkeş, təvazökar, sevgi və hüzur dolu, əlləri qızıl xanımı – ona təkcə həyat yoldaşı yox, səfasından çox cəfası olan bu həyatda gerçək ömür sirdaşı kimi arxa-dayaq olan Arxadakı Qadındı…
Arxadakı Qadın – ön cəbhəni qoruyana dayaq olan arxa cəbhədəki əsgərdir…
Arxadakı Qadın – səhnədə, öndə sadəcə əməyi görünən, özü isə fonda o möhtəşəm səhnəni yaratmaq üçün min bir əziyyətə qatlaşan rejissordu…Arxadakı Qadın – yaranışından çiyninə qorumaq missiyasını götürəndi.
Arxadakı Qadın – dünyanın bu “qaçaqaç”ında, hamının yaddaşına virus düşdüyü, haqq itirdiyi bir zamanda haqqı və ədaləti əyilməyə qoymayan, ailə dəyərlərini öz səbri, əsaləti ilə bərqərar edən mizan tərəzidi…
Arxadakı Qadın – Ailə Qalasının Qapısıdır. Dünyanın ən böyük çətinliklərinə sinə gərən, bütün eybəcərliklərin üzünə çırpılan, yaxşıların, doğruların üzünə daim açıq olan, həm də qucaq açdığını Qala kimi qoruyandı.
Arxadakı Qadın – İşıqdı… Üzünün nuruyla qaranlığı aydınlatandı…
Arxadakı Qadın – Fatehlə Fərəhin yasəmən ətirli anasıdı!
İnsanların bir aylıq karantində bir damın altını paylaşmağa təhəmmül edə bilmədiyi bir mühitin, bir toplumun içində Ailə adlanan ömür karvanını keşməkeşli yollarda büdrəməyə qoymayan, bu cür qoruyub saxlayan Sizləri tanımaq, Sizin kimi insanların – ailələrin varlığını duymaq ayrıca bir səadətdir, Əzizlərim!…
Dəyərləri itən, insanları bozlaşan bu dünyada nə yaxşı ki varlığı ilə rəngləri və işığı öləziməyə qoymayan Sizlər varsınız. Nə yaxşı Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı…
Yaradıcılıq mənim aləmimdə o qədər ali, qutsal, ülvi bir dəyərdir ki, bütün qəlbimlə inanmışam ki, şəxsiyyətində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. İnsanın şəxsiyyəti onun yaradıcılığı ilə düz mütənasibdir.
Bu mənada, mən Talehin insan kimi, ailə başçısı kimi, ata kimi ən yüksək məziyyətlərinə bələd olduğundan onun yaradıcılığı, şeiriyyatı haqqında ürəklə saatlar boyunca danışa bilərəm…
Çünki yaradıcılığın qaynağı, özəyi insanın mənəviyyatı, könül dünyasıdır…
Mirzə Ələkbər Sabirin gözəl bir deyimi var: Həqiqi Valideynin ən şərəfli bəzəyi yetişdirdiyi çoçukdur… Mübaliğəsiz deyə bilərəm ki, Taleh Mansurun Azərbaycan mühitində qazandığı bütün statuslardan ən ucası gözəl övladlar yetişdirən Ata və mükəmməl Ailə başçısı adıdır… İnsan üçün bu statusdan daha uca, ali məqam nə ola bilər ki?!Taleh Mansur Fatehlə Fərəh kimi ilahidən nur payı kimi yaraşıqlı iki yavru böyüdür ocağında…Tanrı qorusun!
Ata olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı…
Ata olmağı bacarmaq ən böyük sənətkar, ən böyük şair, ən böyük müəllim ola bilməkdi…
Ata olmağı bacarmaq bütün qəlbiylə ruhunu, varlığını övladına təslim etmək, onun yolunda özünü fəda edə bilməkdi… Taleh tanıdığım ən fədakar atalardandır…
Uca Tanrı Cənnətməkan Atasının torpağı sanı gözüdolusu övlad səadəti bəxş etsin Əziz Qardaşıma!
***
37 il bundan öncə təqvimin bu günkü tarixi 22 avqustda Talehin dünyaya gəlişi ilə Mansurovlar ailəsinə bir Nur payı əta edib Uca Tanrı… Tanrı o işığı Anasına, övladlarına, xanımına, əzizlərinə doyunca versin! Amin!
Dəyərlim Taleh, öz canımdan bildiyim, öz qanımdan bildiyim, qan bağından ötə bir doğmalıqda sevdiyim Əziz Qardaşım! Tanrı Sənə gözəl olan hər şeyi verib: Duru çöhrə, bir cüt dumduru göz və o gözlərin su içdiyi dumduru çeşmə qəlb – manqal ürək… Tanrı doğrudan da yaratdığı gözəlliklərdə təcəlla edir…Qardaşım! Nə gözəl aynasan Sən!
Bir Ananın, evin, halal bir ocağın hər üzünü öz nurlu çöhrəsində şəkilləndirən, əks etdirən Bənzərsiz bir Ayna! Həmişə saflığa, paklığa, hüzura,sayğıya Ayna ol, Əzizim! Doğulduğun günə, Halallıqdan yoğrulan Varlığına şükür!
Ustad Şəhriyarın oğlu Hadi Behcəti ilə söhbətlərimiz əsnasında atası ilə bağlı söylədiyi xatirələr uzun müddət yaddaşımda iz saldı… Hadi bəy danışırdı ki, atam gəncliyində Sürəyya adlı bir qızı sevirmiş. Sürəyya şahın yaxın ailə üzvlərindən biri ilə evləndirildikdən sonra atam Nişapura sürgün edilir. 1937-ci ildə sürgün həyatı tamama ərdikdə Nişapurdan Təbrizə qayıdır. Gəncliyi talan, ömrünün gözəl çağları tari-mar olduğundan ağır mənəvi sarsıntı keçirən atama həmin illərdə yeganə təsəlli olan və onu həyata bağlayan səbəb doğulub boya-başa çatdığı yurd-yuva, o məhəllə, ordakı adamlarla doğma ünsiyyət olub. Demək ki, Xoşginabdakı sadə və saf insanların təmənnasız sevgisiylə əhatələnən şairin ruhani ağrılarına məlhəm olubmuş doğma yurdunun adamları… Elə bu ruhani terapiyanın, bunca ilahi doğmalığın nəhayətində böyük psixoloji sarsıntılardan yaxa qurtaran Ustad Şəhriyar 1951-ci ildə türkün ana dilində ana laylası kimi həzin “Heydərbabaya salam”ı yazır… Hadi bəyi dinlədikcə, özümdə bu qənaəti yəqinləşdirirdim ki, insan nə qədər böyük mənəvi zərbələrlə diş-dişə, üz-üzə qalarsa da, ilahi doğmalıqla, sevgi teliylə bağlandığın bircə tutunaq yerin varsa, sənin qurtuluşun, xilasın var deməkdir…
Mənim həyatımdakı həmin o sevgi teli ilə, ilahi doğmalıqla sığındığım, böyük qardaş məhəbbəti ilə bağlandığım o tutunaq yerimdi Taleh Mansur…
Gözlərində kəndimin bulaqlarının duruluğunu, dilində kəndimin insanlarının bəkarətini, halallığa yuva olan köksündə, işıq yazan – işıq yayan əllərində torpağımın ətrini duyduğum mənəvi söykənəcək yerimdi Taleh Mansur…
Qan bağından daha doğma bağlılığın adıdı – can bağıdı, ruh bağıdı, könül bağıdı Taleh Mansur…Həyatımın ən ağrılı dönəmində, insanlardan alışmadığım, öyrəşmədiyim, çeynəyib uda bilmədiyim haqsızlıqlar görəndə, içimə qapanıb səssizləşəndə, ruhum yaralananda haraylamadan ürəyimin səsini duyan, könlümə hay verən, Varlığı ilə ruhani ağrılarıma məlhəm, sirdaş, qardaş, məhrəm bir dərd ortağım olub Taleh Mansur…
Məndən ötrü yurdumun bərəkət qoxuyan torpağı, göz yaşı kimi dumduru Damcılı bulağı, mərd vüqarıyla göylərə baş çəkən Göyəzən dağıdı Taleh Mansur…
Aydın düşüncəli qələmdaşım, ərklə üz tutduğum Qağam, hər məsləhətinə sayğı duyduğum adamdı Taleh Mansur…
Müşfiqə bənzəyən siması, pərişan saçları, uşaq məsumiyyətini hələ də qoruyan nurani çöhrəsi ilə elə ədəbiyyatımızdakı ən təmiz, ən saf, ən işıqlı obrazdı Taleh Mansur…
İçindəki ədalət tərəzisini əyilməyə qoymayan adil Adam…
Gəncliyində müdrikləşən aqil Adam…
Bir ürəkdə min Adam…
Misra-misra durulan Şeir Adam…
Əziz Adam! Doğma Adam! Kitab Adam! Doğuluşun mübarək!
Tanrı nurani çöhrəni Yer adamlarının nəfəsindən qorusun, Əzizim! Sən “hüsnü-xuda şairisən!” Saf ruhun elə Göylərdə olsun həmişə!
Sonsuz sayğılarla:
Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru