FƏRQANƏ SƏFƏRLİ – Hakim, Şair
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
FƏRQANƏ SƏFƏRLİ
Həkim, şair
“Dua çərpələngi” və “Avqust laləsi” adlı şeir
kitablarının müəllifi.
Şeirlər
Gəlirəm
Yerin pis əməlindən
Üşüyürəm, İlahi –
Göydə bir ocaq qala,
Qızınmağa gəlirəm.
***
Çiynimdəki hörüklər
Mələklərə yol açıb –
Dəftərimi bilməkçün
Arınmağa gəlirəm.
***
Qaranlıq peşimandı,
Qardaş bilib işığı –
Kəfənin iç üzünə
Sarınmağa gəlirəm.
***
Biz uçmaq vərdişini
Doğuluşdan itirdik –
Bir kəpənək belində
Barınmağa gəlirəm.
Sevgi valsı
Gəl, rəqs edək səninlə,
Mələklər savab yazsın
Çiynimizdə ritmlə…
Gəl, üzümüz ölümə
Dözək hər bir zülmə.
Zaman şərə qarışsın,
Gecənin işıqları
Gözümüzdən alışsın…
Tərləsin əllərimiz
Valsın şən notlarında.
Büdrəsin ayağımız
Zər qırçınlı donumda.
Cismim ağırlıq etsin,
Sol qoluna əksimi –
Oynayaq sənin ilə
Ölümsüzlük rəqsini.
Əvəzlik
Cümləmdə şəxs əvəzliyi axtardım,
Yerinə qoymağa…
Nə sən deyə bilirəm,
Nə də mən varam
Biz olmağa.
Ürkək – ürkək ayrılırıq
Üç nöqtədən biri qalır.
Dizə kimi yalın qalan
Bu xoşbəxtlik
Fikrə dalır.
Tuturam boz hekayəmin
Soldan 5 – ci barmağın
Ötürürəm qaranlığa
Pozuram
gündən saymağın.
Ümid qarğış çantası
Allahın ətəyinə
Boşaltdım çanta-çanta
Şifahi qarğışları…
Alın yazım olmadı,
Göy üzünə həvalə.
Əzbərlərini pozmur
Bildiyim alqışların…
Bir Şahməran vurmuşdu
Yerin əncər qatında
Köklü diləklərimi…
”Yolçu yolunda gərək”-
deyib asdım çiynimə
Yaşlı ümidlərimi…
Yorulmuşuq neçəmiz…
Görən, hardan baxasan
Adəmin həyatına?
Elə hey səmt yozuruq,
Yerin yeddi qatına.
***
Cəhənnəm mələkləri,
Bezibdi əlimizdən.
Torpağın toxum payı
Kök atıb dərdimizdən.
***
Bu yer qoşa budaqdı
Birindən bar almışıq.
Çoxu ürəyə düşüb,
Özümüz tək qalmışıq.
***
Hərdən sınaq tapmışıq,
Göylərin cığırında.
Dəhşət görüb azmışıq
Dünyanın axırında.
***
Şirin yuxu qaçırmaq,
Gözlərə tələ deyil.
Bir kəpənək uçurmaq
“Təkamül” hələ deyil.
***
Seyrələn buludlara
Çətir tutmaq peşəmiz.
Günah adi günahdı
Yorulmuşuq neçəmiz.
***
Yaşamaq asan işdi,
Ölmək çətinə dönüb.
Anası bəşər olan
Övlad yetimə dönüb.
Beş nömrəli palata
Beş nömrəli palata:
Burda bir xəstə yatıb –
Canı möhkəm yansa da,
Ruhu rahatlıq tapıb…
Onun can otağında
Bir pəncərə, dörd divar
Və
Gözləriylə ağ divara yazdığı
Qara sualları var…
“Ciyərim nə rəngdədi,
Qəlbimdə qan hardadı?
Beynimə gedən yolun
Qapıları burdadı?!”
Deyib sıxdı köksünü,
Həkimin gözlərində
Axtarırdı özünü…
…Gecə çox ağır keçdi,
Basıldı qara düymə.
Dərdindən o söylədi
Növbədəki həkimə…
Səhər beş dəqiqəlikdə
Verildi bu məlumat:
“Beşinci palatanı
Evə yazın tam rahat…”
Diaqnoz:
Ruh adamı,
Xəstəliyi sevgidi –
Onun yeri bura yox,
Sevdiyinin evidi.
Dünyanın qırağında
Alabaxta səs salır,
Dünyanın qırağında
Günəş qərib boylanır,
Yerində,bucağında.
***
Üzülüb üzüm beli,
Şərab olanda lili,
Mövsümlərdən ən zili,
Yanılır ocağında
***
Ölənlər yuxu hörüb,
Günü gecəyə bölüb,
Ay gündüzdən üz görüb,
Dad qalıb damağında.
***
Arılar gülə bəstə,
Oxunub bal şikəstə,
Sünbülü saçı üstdə ,
Kəsiblər darağında…
***
Sevgi eşqin qızıdı,
Dünyanın tarazıdı
Həyat ömrün nazıdı
Ölümün sorağında.
Gün yeri
Qeybə çəkir sözümü,
Yaddaşlmın gün yeri.
Gecə yeri sualdı,
Nidalıdı dan yeri.
***
İslah olur xitabım,
Ulu Tanrıdan bəri.
Toz hesablı kitabın,
Oxunulur dərd-səri.
***
Keçir yeddi qatından,
Kamal çağında dəri.
Bezi keçmişə düşür,
Üzünə çıxır zəri.
Cəzalı qəza
Ömrümü qoymuşam atın belinə,
Yüyənini tuta bilmirəm
Amma.
Çalışıram ayaq-ayağa verim,
Nə edirəm, çata bilmirəm
Amma…
Bu at keçib zamanımın üstündən –
Həm yorğası,
Həm dördnalı cəzadı.
Hərdən dizləri üstə dincəlməyi,
Yatmış arzularım üçün qəzadı…
Bu qəzamla hüzuruna gəlmişəm,
Ey Allahım, babalımı de,
Bilim.
Mən qulunam, bəlkə tərsə dönmüşəm –
Tərs haramdı,
Halalımı de, bilim.
Soyuqsan
Əsmə külək yerinə,
Xəzri kimi soyuqsan.
Rəfimdə toz bağlamış,
Kitablarım kimisən,
Oxunmamış qalıbsan.
Düşmə xəta yerinə,
Mərdimazar gəzənlər
Səni günahkar görər.
Döymə taxta qapımı,
Cəftəsi qırılarsa,
Əlini yarı bölər…
Sonra deyərsən – Sarı,
Qanayan yaramı da.
Mən də andım üstünə
Deyərəm – Çözüm barı
Bu qansızan ilqarı…
Qanı görüb qorxarsan,
Gizlənərsən gecədə.
Bir kor yarasa gəlib,
Dəyər sənə küçədə…
Süzülər yağış kimi,
Soyuq tər dabanına.
Birdən baxıb görərsən,
Gerçəklər dağda qalıb,
Çatıbsan Aranına.