Genel

Fəxri Müslüm Şiirleri

Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

Fəxri Müslüm


Sayın Rəcəb Teyyub Ərdoğana


Didərgin ruhlar da, oyandı bu gün,
Üstümüzdə Tanrı, Göy andı, bu gün,
Könül zirvələrə dırmandı bu gün,
Yaşa, var ol, Rəcəb Teyyub Ərdoğan.

Bu yol, Gültəkinə, Meteyə çəkdi,
Tanrı dağlarında ətəyə çəkdi,
Unutqan yurdlara, qitəyə çəkdi,
Yaşa, var ol, Rəcəb Teyyub Ərdoğan.

Ömür, puçurlayıb, qol-qanad açdı,
Qürur da, Günəşə, Ayına çatdı,
Səbir də, ox atan yayına çatdı,
Yaşa, var ol, Rəcəb Teyyub Ərdoğan.

Göydəmir atlarda nal təzələndi,
Cığır təzələndi, yol təzələndi,
Pərən-pərən Türkdə, hal, təzələndi,
Yaşa, var ol, Rəcəb Teyyub Ərdoğan.

Neçə Alparslana, özə qayıtdın,
Itmiş çəlimlərə, izə qayıtdın,
Sönmüş ocaqlara, közə qayıtdın,
Yaşa, var ol, Rəcəb Teyyub Ərdoğan.

Böldün kədərləri, böldün dərdləri,
Saf-çürük edib də, neçə mərdləri,
Candan əziz tutdun ulu yurdları,
Yaşa, var ol, Rəcəb Teyyub Ərdoğan.

Səhf sözün unvanna əriştə kəsdin,
Çırpıb sifətinə, hər işdə, kəsdin,
Kəndir, kələfini örüşdə kəsdin,
Yaşa, var ol, Rəcəb Teyyub Ərdoğan.

Bilirəm, qarşıda günlər gözləyir,

Düşmən baxışları, kinlər gözləyir,
Uğurlu, uğursuz ünlər gözləyir,
Bu uğur, Türkündü!
Yaşa, var ol, Rəcəb Teyyub Ərdoğan.

Üzdə Çavuşoğlun, Ulus Akar var,
Düşməni sıxar var, yadı sıxar var.
Önündə açacaq,
Hələ, neçə-neçə yaz var, bahar var,
Yaşa, var ol, Rəcəb Teyyub Ərdoğan.

Ayı doğmamış gecə kimiyəm
Ayı doğmamış gecə,
Günəşi boğulmuş gündüz kimiyəm,
yarı zülmət, yarı boz.
Xəyalımla birgə sürünnəm boz-boz!
Sürünnəm, dərviş çuxalarının
daşa-kəsəyə ilişən ətəyinin
tikişi sökülmüş saplarının ucunda.
Sürünnəm, zaman-zaman, özümdən,
özümə qapalı qalmış cığırların,
yolların qırağında, bucağında.
Sürünnəm, qəzəbindən, hirsindən
soyuqlamış, buz bağlamış çalınçarpaz duyğularım,
yuvalanar xəyalımın kölgəsində,
canımın, bir küncündə,
və məcburdu, çırtım-çırtım od qoparsın,
köz qoparsın,
sahibsiz, it ürən yurd yerlərində,
için-için göynəyən, üşüyən,
şəhid düşmüş ruhlarmızı isitməyə.
Tanrı dağlarının diklərində
Dikəlib, zəhmli-zəhmli, ağır-ağır ulayan
göy üzünə bayrağımı, türklüyümü
və məni daşıyan bozqurd kimiyəm.
Torpağımın sinəsinə həşərat kimi daraşıb,
bərəkətimə haram qatan çaqqalları püsgürtməyə.
Elə, boğulub səsimdə, nəfəsimdə sıralanar,
çaqqal dişlərinə ilişib qalmış ümidlərin

qərib-qərib səssizliyinin əsir ömürü,
boyunu bükük, çiçək ömürü, gül ömürü.
Deyəsən zamanıdı, köpük verir çaylar, nəhrlər,
daşır okeanlar, daşır dənizlər.
Indi, bizim zamanımızdı, Allahım,
güc qat gücümüzə,
yonaq dırnaqlarını göydəmir atlarmızın,
səfərbər olaq məmləkət savaşına,
yurd savaşına, Allahım.
İndi, bizim, özümüzə, qayıdan vaxtımızdı.
Biz, özümüzə qayıdanda, böyük oluruq,
ucalıb, uca oluruq, Allahım.

Doğum günümün pozitiv şeiri
Salam, a, dağların, qərib düşmüşü,
Dəryazağız yazda doğulan adam.
Dodaq qapadığı buz bulaq üstdə,
Şehdən, balağından nəm yağan adam.

Zamanın süzgəci dəyirmansayaq,
Daşında dövr edib, üyünən adam.
Sərhədlər, içində xançal yarası,
Qəzəbdən göynəyən, iynəyən adam.

Şeytanlar gizlicə cansız mikrobu,
Qılınca çevirib oyun çıxartdı.
Quduz itlər kimi, çaqqallar kimi,
Dərd də, üzə durub, dişin ağartdı.

Bayır-baca bağlı, üzə, sifətə,
Özü, öz içində yaşayan adam,
Duman qərib-qərib köç edib getdi.
Qubarı, könlündən, başlayan adam.

Kirpiklər tavana dirənib qaldı,
Yolların bu başı, o başı kəsik.
Ayaqlar mənzildə vaxtın ölçüsü,
Gecənin danüzü, obaşı, kəsik.

Xəyal da, təsbehin dənələri tək,
Elə, dənələnib, dağılıb gedir.
Insanlar hər yerdə taleysiz kimi,
Iki bir, üç bir, soğulub gedir.

Yaşamın mübarək, ömrün mübarək,
Dünyanı içində gəzdirən adam.
Heç nə qalmadı ki, tərifə, sözə,
Özünü, özündən bezdirən adam.

Ağac puçurlayıb, boy atıb getdi,
Biz, kökü budadıq, soyu budadıq.
Bilsək də, üst qatın bizə dəxli yox,
Günəşi budadıq, Ayı budadıq.

Var olan yol-iz də, qapanıb qalıb,
Sükunət çökübdü böyür, başına.
Üşüdü içimdə xatirələr də,
Soyuqluq gətirdi, çölün daşına.

Ömürdü, ya gündü, o yana deyil,
Nidası, nöqtəsi, vergülü vardı.
Nəşi yerə bağlı, ruh, göyə bağlı,
Ovub, ovxarlayan, tər gülü vardı.

Salam, a, dağların bozu, bozağı,
Özü, öz dərdinə hoy verən adam.
Doğumun mübarək, yaşın mübarək,
Günün güneyindən, boy verən adam.

Salam, a, dağların, qərib düşmüşü,
Dəryazağız yazda doğulan adam.
Dodaq qapadığı buz bulaq üstdə,
Şehdən, balağından nəm yağan adam.


Qarabağ
Bu divarı, bu buxarı nəm tutdu,
Kövrəkliyi, bu ovxarı qəm tutdu,

Beynimizi zəhər tutdu, dəm tutdu,
Özgələrə yol-iz oldu Qarabağ.

Qəribliyin beli bükük üzündə,
Dolxusunub ala bulud gözündə,
Dadı-tamı heç qalmadı sözün də,
Canımızda söz-söz qaldı Qarabağ.

Günəş yarı, Ayı yarı göyündə,
Dərdi dağ tək qalaqlandı öyündə,
Heç açılmır hər yasında, düyündə,
Gözgörəcə göz-göz oldu Qarabağ

Körükləndi oda döndü kürəklər,
Öz yağında yağa döndü ürəklər,
Çatdırmadı, boşa çıxdı kürəklər,
Yanar dağ tək köz-köz oldu Qarabağ.


Eləsi var uğur bildi işini,
Uğur bildi caharını, şeşini,
Araqlayıb,
Hərdən-birdə çöpə tutdu dişini,
Ömür-günnə yüz-yüz qaldı, Qarabağ.

Sular durdu, ölü düşdü balığı,
Yurd yerindən didərgindi xalıqı,
Kara gəlmir nə bayatı, nə ağı,
Sinələrdə,
Biz-biz xal tək, biz-biz qaldı Qarabağ.

Ot yerinə dərdi göydü yaylağın,
Gülü göydü hər səyanın, hər ağın,
Gülü göydü hər danlağın, qınağın,
Yad əllərdə,
Beş oyuldu, yüz oyuldu Qarabağ.

Qara basıb sınmaq bilmir tilsimi,
Yaşmaqlanıb Nəbatısı, Gülsümü
Dəmə tutdu hər tarında hər simi,
Seygah üstdə

Heykəlləşib buz-buz qaldı, Qarabağ.

Qara gözün qarasında eşq ölü,
Neçə mərdin damarında məşq ölü,
Dərd içirir Ağdərənin dağ gölü,
Yüz arzudu, yüz xəyaldı Qarabağ.

Üzü bəri gəldiyimiz yol incik,
Küskünlükdən dağlar incik, yal incik,
Dan üzünün bənövşəsi, gül incik,
Hər yoluğa yüz qıyıldı Qarabağ.

Yaz qarışıb, bahar itgin, yay itgin,
Işə bax sən, ox atmağa, yay itgin,
Mərd sayağı hoylanmağa , hoy itgin,
Gec oyandı, gec ayıldı Qarabağ.

Başımın üstündə vətən görünər
Başımın üstündə vətən görünər,
Nə var, danüzündən, ertən görünər,
Dünəni, bu günü, dən-dən görünər,
Elə, şamanından, uludan belə.

Dərd alıb yadları, varıb, çıxammır,
Haqq da, səngər kimi, yarıb çıxammır,
Kini, zəncir-zəncir, qırıb çıxammır,
Düşdüyü acıdan, bəladan belə.

Könül yaylımlanıb, yayından keçər,
Hal-əhval dizüstə, oyundan keçər,
Payızın sonuncu ayından keçər,
Leysan yağışından, doludan belə.

Yalan yol aldıqca, haqqa, hesaba,
Qəzəbdən yoğrulur, bu el, bu oba,
Elə, böyüdkcə bu dərd, bu qada,
Gülündə hallanar, xalıdan belə.

Yada bax, çəp ağız, söz, əyri düşər,
Danışdıqca doğru, düz, əyri düşər,
Ocağı ocaq döy, köz əyri düşər,
Çırpılan Köçəri, Yallıdan belə.

Bir zorun gəlsə də, hər it, itbasar,
Ağzının yelini, daş, qaya kəsər,
Onsuz da, bozqurddan türkə meh əsər,
Çinin, çin səddindən, Boludan belə.

Bilirdim, bu təkər şinində durmaz,
Bir gün dəli ağıl, qınında durmaz,
Yada oxun çəkər, yayında durmaz,
Uca divarından, Qaladan belə.

Başımın üstündə vətən görünər,
Nə var, danüzündən, ertən görünər,
Dünəni, bu günü, dən-dən görünər,
Elə, şamanından, uludan belə.


Hulusu Akar Paşam
özül özgürlüyü bilgədən gələr
qədim uluslardan bölgədən gələr
səsi neçə neçə ölkədən gələr
Hulusu Akar Paşamın

elə gündoğanı tanrı dağı var
qurdağız cənglərə bağlı bağı var
qalxan qılıncının solu sağı var
Hulusu Akar Paşamın

çanaqqala dimdik alnından keçər
ağrısı açısı canından keçər
neçə şəhid qanı
qarışıb qanına qanından keçər
Hulusu Akar Paşamın

çəkinməz kimsədən sözü üzədi
hər işi əməli haqqa düzədi

yolu yolağası
yeni cızılacaq təzə izədi
Hulusu Akar Paşamın

içində bir dərin dövlət yaşayar
içində türk adlı millət yaşayar
qüruru danüzə zəfər daşıyar
Hulusu Akar Paşamın

özül özgürlüyü bilgədən gələr
qədim uluslardan bölgədən gələr
səsi neçə neçə ölkədən gələr
Hulusu Akar Paşamın

Gəlirik
Nə yaxşı, oyandı, bozqurd ruhumuz,
Biz, omuz-omuza, yenə, gəlirik.
Çoxdan səsləyirdi anıt daşları,
Vaxtın gündəminə, günə gəlirik.

Gözləyir, yaddaşın gizlin qatları,
Gözləyir, bozqırın yovşan otları.
Gözləyir, darıxır,
Zəfərə nallanmış köhlən atları,
Yalmanına, sinə-sinə, gəlirik.

İçimiz, çölümüz çoxdan hayqırır,
Dolub da hayqırır, haqdan hayqırır,
Daralmış zamandan, vaxtdan hayqırır,
Elat-elat, binə-binə, gəlirik.

Qarsıdı canımız qoradan keçdi,
Qanı gözənməmiş, yaradan keçdi,
Ələndi ələkdən, uradan keçdi,
Iti, qurdu, yenə-yenə, gəlirik.

Buludlar əl edir, duman bozarır,
Karvan ləngidikcə, zaman bozarır,
Günəşə bax, qalxıb çeşdə, qızarır,

Güneyinə, dönə-dönə, gəlirik.

Tanrıya bağlıyıq, göyə bağlıyıq,
Verdiyi taqətə, heyə bağlıyıq,
Halal yurd, yuvaya, öyə bağlıyıq,
Haqq bilən imana, dinə, gəlirik.

Şükürlər, qat basmış izlər açılır,
Sinə, körük-körük, közlər açılır,
Qitədən-qitəyə,
Ulduz tək parlayan gözlər açılır,
Türk, turan olub da, önə gəlirik.

Nə yaxşı, oyandı, bozqurd ruhumuz,
Biz, omuz-omuza, yenə, gəlirik.
Çoxdan səsləyirdi anıt daşları,
Vaxtın gündəminə, günə gəlirik.

Bir bütöv olacaq Turana qədər
Yenə də, buludlar çözülmək bilmir,
Yağan yağışına, borana qədər.
Düşüb sımsırığı yernən sürünür,
Dağdan, dərəsindən arana qədər.

Sinir, meh ağzında, cökə yarpağı,
Açmadı könülü, şərin, şər bağı,
Yenə, təkələnib,
Dünyanı başına tökərək yağı,
Burnunun üstündən vurana qədər.

Arxa bax, hardasa, çökdü axını,
Dəhnə də, dağılıb, sökdü hər yanı,
Dəyirman da, boşa, çəkdi çarxını,
Suçuyu, cuarı, sorana qədər.

Hər iş, axın, axın, şərə yönəldi,
Oyunçu əlində zərə, yönəldi,
Allahın qəzəbi yerə yönəldi,

Önündə diz çöküb, durana qədər.

Anlaya, anlaya, lap, qana-qana,
Sanki, vər çəkiblər yurdda hər yana,
Dönüb düzəngaha, dönüb xırmana,
Bağı, bağatına, barına qədər.

Indi də, çəkilmir öndən, önsüzlər,
Şeytan qulaqlılar, dindən, dinsizlər,
Soyunda soysuzlar, dəndə, dənsizlər,
Bir bütöv olacaq, Turana qədər.

Yenə də, buludlar çözülmək bilmir,
Yağan yağışına, borana qədər.
Düşüb sımsırığı yernən sürünür,
Dağdan, dərəsindən arana qədər.

Daha, yetmiş üçdə yaş da, söz almır
Arzular, qayğılar qarışar biraz,
Enişlə, yoxuşla yarışar biraz,
Dünyayla beləcə, barışıb biraz,
Zamana daşındım, günə daşındım.

Yaylımlı günlərim arxada qaldı,
Daha, əvvəlim də, arxa da, qaldı,
Çəkildi gözümdən arx, ada qaldı,
Elə, özə, dönə, dönə, daşındım.

Çox döngələr keçdim, tini sevmədim,
Çox əngəl gətirən yönü sevmədim,
Buluddan qaralan günü sevmədim,
Ağ, ağ, dumanına, çənə daşındım.

Yaddaşımdan, boz, boz, qurdlar uladı,
Acılar hayqırdı, dərdlər uladı,
Daşı daş üstdə yox, yurdlar uladı,
Mən ömrümə, binə, binə, daşındım.

Tox oldum, qaçmadım vara, dövlətə,
Haqq üstdə yeriyib, vardım dövlətə,
Dik durdum, sınmadım hər bədöy itə,
İlə, günə, künə, künə, daşındım.

Zamanın havası, yolu dəyişdi,
Elə, qalmağalı, qalı dəyişdi,
Könlümün gülşəni, gülü dəyişdi,
Sanki, qürubuna, önə daşındım.

Sərhəddə, səddimdə, vergül azalmır,
Yadlar vaxtımızı hər il, az, almır,
Daha, yetmiş üçdə, yaş da, söz almır,
Elə, yavaş, yavaş, qına daşındım.

Arzular, qayğılar qarışar biraz,
Enişlə, yoxuşla, yarışar biraz,
Dünyayla beləcə barışıb biraz,
Zamana daşındım, günə daşındım.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

One thought on “Fəxri Müslüm Şiirleri

  • Fahri Müslüm

    Şeirlərimin ” Kırımın səsi” dərgisində çapına görə Azərbaycanın tanınmış şairi, qardaşım Nazim Əhmədliyə və baş redaktoru başda olmaqla qəzetin bütün əməkdaşlarına dərin təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Var olasınız!

Yorumlar kapatıldı.

Pin It on Pinterest