Genel

Fəxrəddin Teyyub – Şeirleri

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Fəxrəddin Teyyub

Şəkildəki oğlan

İllər yavaş- yavaş ömrümü yeyir,
Şəkildəki oğlan, toyuna qurban.
Ruhumun gəncliyi, axşamın xeyir,
Çinar duruşuna, boyuna qurban.

                      ***

Yaşımın yaşından axı fərqi var,
Mən ahıl, sən cavan, necə həm yaşıq?
Hanı başındakı gur , qara saçlar?
Hanı gözündəki o nur, o işıq?

                   ***

Daş üstə yatmışam, nə yorğan, döşək,
Sönən ocaqların tüstüsü qalıb.
Şəkildəki oğlan, əl ver görüşək,
Görüm əllərinin istisi qalıb?

                   ***

Uzaqmış əlini üzdüyün yerlər,
Dəyirmanın daşı yerindədimi?
Yadında qalıbmı gəzdiyin yerlər?
Görəsən yaddaşın yerindədimi?

                   ***

Boranda, qarda da elə baharsan,
Quş olsam, demərəm verin dən mənə.
Şəkildəki oğlan, nə yaxşı varsan,
Pay ver gözündəki ümiddən mənə.

23. 10. 2023.

Söz üstündə arıyam

Mən hər kəsin üzünü ağ istədim,
Mənim qaya inadımı qırdılar.
Göy üzündə bir quş olmaq istədim,
Daş atdılar, qanadımı qırdılar.

                   ***

Demə özüm öz baxtımı yazmışam,
Tanrı yazan yazıya yol gedirsən.
Gümanların cığırında azmışam,
Can vermişəm çıxanacan yola mən.

                   ***

Şeir yazdım, havalıdır dedilər,
Sözüm ötdü, axışdılar dalımca.
Süfrə saldım, çörəyimi yedilər,
Sonra da ki, danışdılar dalımca.

                   ***

Dərsin məni, görən kimin barıyam?
Yaxamı ki, çəkməmişəm qırağa.
Yaz gələndə söz üstündə arıyam,
Şirə çəkib aparıram varağa.

                   ***

Hər gün nələr eşitmədi qulağım,
Ümid adlı köhlənimi çapınca.
Qurutdular su içdiyim bulağı,
Darıxmadım təzəsini tapınca.

04. 12. 2024.

Anaları qoruyaq

Yuxuda gördüm ki, aləm qarışıb,
Deyirlər dünyanın anası ölüb.
Xeyir heydən düşüb, şərlə barışıb,
Daha yaşamağın mənası ölüb.

                   ***

Çoxunun çörəyi daşından çıxır,
Acları görmür ki, hanı bu dünya?
Gördüm ki, tüstüsü başından çıxır,
Tonqala atıblar, yanır bu dünya.

                   ***

Həsrət qara yel tək əsib dünyadan,
Məhəbbət olmasa nə qalar yerdə?
Deyirlər analar küsüb dünyadan,
Uçaq gətirməzlər dünyaya bir də.

                   ***

Dünya yaman qalıb dəli əlində,
Gözü dağ axtarır, hamara baxmır.
Hər gün qan sovurur zəli əlində,
Qanı var, ya da yox, damara baxmır.

                   ***

Ölürəm, yaranı sarımaq üçün,
Vallah, daş, qayadı sevgisiz ürək.
Deyirəm dünyanı qorumaq üçün,
Əzəl anaları qoruyaq gərək.

27. 02. 2022.


Mən quş deyiləm ki

Açmışam təzədən həsrətə qucaq,
Hicranla baş- başa qoymusan məni.
Mən elə bilirdim sönməz bu ocaq,
Mən elə bilirdim duymusan məni.

                   ***

Pəncərən altında durdum bu gecə,
Gözlədim, işığın sönənə kimi.
Sən necə dəyişdin, ilahi, necə?!
Məni sevirdin ki, dünənə kimi.

                   ***

Çəkib qoşununu üstümə kədər,
Cəhənnəm əzabı səni anmağım.
Niyə dərd verirsən mənə bu qədər,
Xoşuna gələcək havalanmağım?

                   ***

Ələdin başıma qışın qarını,
Ağlıma gəlməzdi təklənəm bir də.
Qırdın ümidimin qanadlarını,
Mən quş deyiləm ki, tüklənəm bir də.

18. 09. 2023.

Elə bil bahardı solmayan şeir

Söz oddu, alovdu, elin malıdı,
Üşüsən, isidər düşsə şaxta, qar.
Söz körpə kimidi, doğulmalıdı,
Hıqqana- hıqqana şeir yazmazlar.

                   ***

Sızlaya, inləyə qəlbinin simi,
Sözündən könüllər coşmadısa, heç.
Söz gərək çağlaya şəlalə kimi,
Selə dönmədisə, daşmadısa, heç.

                   ***

Elə bil bahardı solmayan şeir,
Misra ətir saçır, qafiyə təzə.
Görürsən ki, ruhu olmayan şeir,
Səni yola salır gedər gəlməzə.

                   ***

Hər kəs gözləyir ki, onu öyəsən,
Gözləsə, gözünün kökü saralar.
Bilmirsən dərdini kimə deyəsən,
Töküb zəhləmizi cızma qaralar.

                   ***

Gecələr Ay kimi parlayan şair,
Sənə tac yiyəsi mükafat verə.
Oxucu zövqünü korlayan şair,
Gərək oxucuya fəzminat verə.

17. 09. 2024.


Sevgi

Baharda bağ- bağçam bəhərə möhtac,
Verir nur payından əzgilə ümid.
Tumurcuq- tumurcuq böyüyür ağac,
Hər yaşıl yarpaqda bir gilə ümid.

                   ***

Xurmam, mənəm sənə arxa, həyan da,
Alça yel əsəndə dağ sanır məni.
Bəzən tər gülləri sığallayanda,
Ömür- gün yoldaşım qısqanır məni.

                   ***

Torpağın üzündən kədər oxunur,
Kaş bir az yağaydı qar vədəsində.
Başları əyilib, yerə toxunur,
Hamilə budaqlar bar vədəsində.

                   ***

Hər qönçə, hər çiçək fikrimi çəkir,
Ləçəklər mehrimi duyur elə bil.
Gilənar gözünü gözümə dikir,
Bir xoş təbəssümdən doyur elə bil.

                   ***

Ruhum səpələnə dağa, çəmənə,
Daş- kəsək, torpaq da bilə sevgimi.
İlahi, nə olar, çox görmə mənə,
Ağaca, çiçəyə, gülə sevgimi.

21. 04. 2024.


Uçmağa qanad ver

Bu hansı vədənin sevgisidi ki,
Bəlkə unutmusan yaşımı, Allah!
Bələdin ruhumu gülə, çiçəyə,
Döndərdin bahara qışımı, Allah!

                   ***

Qanadı qırılan yaralı quşam,,
Vüsal hələ uzaq, həsrətə tuşam.
Nə səhər bilirəm, nə də ki, axşam,
Nə yaman qatmısan başımı, Allah!

                   ***

Səndən nə dilədim, dedin baş üstə,
Gəlir günüm, ayım, ilim yaş üstə.
Bitirdin dən kimi məni daş üstə,
Nə vaxt kəm vermisən naxşımı, Allah!

                   ***

Hicran şimşək kimi başımda çaxsa,
Gümanım ağlayar, halıma baxsa.
Bu sevgi quş olub uçmayacaqsa,
Uçmağa qanad ver, yaxşımı, Allah!

20. 03. 2024.


Sən oralarda ol, mən buralarda

                                            Əşrəf Veysəlliyə

Mən necə göylərdən enim, deməzsən,
Üz gülmür, açılmır eynim, deməzsən.
Neyləyim deməzsən, neynim deməzsən,
Əlini mənə ver çətində, darda,
Sən oralarda ol, mən buralarda.

                   ***

Neyləyək, bizimdi yaxşı da, pis də,
Arzular itməsin dumanda, sisdə.
Tanrı əlin qoyub çiynimiz üstə,
Qəlbimiz üşüməz boranda, qarda,
Sən oralarda ol, mən buralarda.

                   ***

Əzəldən doğmayıq, məgər yadıq biz?
Sinəmiz söz dolu, ayrı dadıq biz.
Tamahı yaxına buraxmadıq biz,
Qalmadı gözümüz dövlətdə, varda,
Sən oralarda ol, mən buralarda.

                   ***

Həsrətin qoxusu göz yaşındadı,
Hər kəsin sevdası öz başındadı.
Yerin ürəyimin düz başındadı,
Çağırsan gələrəm, olsam da harda,
Sən oralarda ol, mən buralarda.

                   ***

Qəlbində nisgilin bir gün itəcək,
Güman bitməsə də, ümid bitəcək.
Payızlar köçəcək, qışlar ötəcək,
Görüşərik gələn neçə baharda,
Sən oralarda ol, mən buralarda.

11. 10. 2024.


Gedirəm

Yarpağı solmayan söz ağacıdı,
Həsrətdən su içən naz ağacıdı.
Dərd mənim gözümdə qoz ağacıdı,
Payızdan payıza çırpıb gedirəm.

                   ***

Kədərli günlərim acıdı daha,,
Yaşım dost deyil ki, yağııdı daha.
Ömrümün daşlaşan çağıdı daha,
Qaya parçasıyam, qopub gedirəm.

                   ***

Durum köküm üstə, düşməyim heydən,
Tökülsün ovcuma bərəkət göydən.
Bəzən quş oluram dimdiyimdə dən,
Süfrəmə ruzumu tapıb gedirəm.

                   ***

Gedən, axı necə geri gələcək?
Axır ki, sözümün yeri gələcək.
Mən köçsəm, yerimə biri gələcək,
Bir həsrət ürəyə hopub gedirəm.

04. 04. 2024.

Məni

Özümü tapınca üzülüb getdim,
Mən düzə qoşuldum, düzülüb getdim.
Müştəri gözündə süzülüb getdim,
Sata bilmədilər bazarda məni.

                   ***

İşin tərs gətirsə, demək fayda var,
Bərəkət, bəxtinə düşən payda var.
Harda oyun varsa, orda qayda var.
Elə bir səhvim yox, qızarda məni.

                   ***

Həsrəti bağrıma basıram elə,
Şəklini sinəmdən asıram elə.
Mən sevinc sarıdan qısıram elə,
Axtarın azarda, bezarda məni.

                   ***

Kimə yox deyib ki, uşaq ürəyim?
Gah zəmi, gah da ki, başaq ürəyim.
Başıma bəladı yumşaq ürəyim,
Qorxuram incidə məzarda məni.

29. 12. 2023.


Məni sənə görə tanıyacaqlar

Könlümün barıdı nəvə baxışı,
Qışda da gül açır çölüm, çəmənim.
Kəsilmir nəvəmin sual yağışı,
Yağır səhər- axşam üstümə mənim.

Oyanır hər səhər çağı mənimlə,
Oynamaq istəyir, gülmək istəyir.
Dolaşır bağçanı, bağı mənimlə,
Hər gülün adını bilmək istəyir.


                    ***

Ata, darvazanı aç, deyir oğlum,
Bir boylan,qapına ağa, xan gəlir.
Kükrəyən selə bax, qaç deyir oğlum,
Üzdə hec nə qoyma, ev yıxan gəlir.

                   ***

Hay- haray qoparır ağrısa dişi,
Bəzən dolmağı var, bulud kimidi.
Gəlişi bayramdı, ancaq gedişi, 
Tufandan sonrakı sükut kimidi.

                   ***

Sən Tanrının payı, sirli qalaçam,
Körpə ürəyində söz var, söhbət var.
Mənim ürəyimə damıb, balacam,
Məni sənə görə tanıyacaqlar.

14. 04. 2024.

Nə yaman şirinmiş bu həyat, Allah

Gözəldi səhərin gözündən öpmək,
Oxşayıb Günəşin saçın daramaq.
Bağda qızılgülün üzündən öpmək,
Qırılan budağı görüb sarımaq.

                   ***

Hər kəsin əlləri yetişə vara,
Olmaya həyatda umub küsənin.
Yol alıb gedəsən qışdan bahara,
Ehtiyac qapını döyməyə sənin.

                   ***

Bəzən doludan çox boşu görmüşəm,
Kəsibdi yolumu duman da, çən də.
Suya təşnə qalan quşu görmüşəm,
Yarpağın üstündə şehdən içəndə.

                   ***

Ömrümə bir az da ömür qat, Allah,
Görə bilmədiyim yerləri görüm.
Nə yaman şirinmiş bu həyat, Allah,
Qoy neçə gün üzlü səhəri görüm.

22. 01. 2024.


Ümidim körpədi

Sönməyib kül altda hələ köz, deyim,
Bilmirəm özümə necə döz deyim.
Yaşım qoymur axı sənə söz deyim,
Sevgimi gözümdən duyasan gərək.

                   ***

Dərdi sinəm üstə sərmək istəsən,
Nisgilim ulduzdu, dərmək istəsən.
Həsrətin rəngini görmək istəsən,
Gecələr baxasan Aya sən gərək.

                   ***

Qarşıma çıxanda yenə baş axdı,
Kövrəldim, gözümdən necə yaş axdı.
Ümidim körpədi, hələ uşaqdı,
Qolların üstünə qoyasan gərək.

                   ***

Nə yaxşı varıymış bu yazı- pozu,
Sızlayan ürəyim bir mələr quzu.
Qonub əllərimə hicranın tozu,
Vüsalın şehiylə yuyasan gərək.

12. 02. 2024.

Ürək itirməkdi ana itirmək

                                         Faiq  Balabəyliyə.

Ürəyin təşnəydi elə bil dərdə,
Bəd xəbər gətirən səhərdən içdin.
Ağladı halına yerlər, göylər də, 
Hamının içdiyi zəhərdən içdin.

Hicrandan qırılar qanad da, qol da,
Qəlbini dərd oxu dəlib keçəcək.
Ana məzarına gedən bir yol da,
Ruhunun içindən gəlib keçəcək.

Ucadan ucasan qüssə tacınla,
Daha indən belə quş olacaqsan.
Bilirdim, sızlayan ağrın, acınla,
Bir gün gəlib mənə qoşulacaqsan.

Əl çəkmir ömürdən kədər axır ki,
Nə vaxt əriyəcək duman, çən soruş.
Bu elə yara ki, elə ağrı ki,
Kəsilər, kəsilməz həsrətdən soruş.

Ümid köhlənini çapa bilməzsən,
Çətindi bir dünya dərdi ötürmək.
Ha gəz, ömür boyu tapa bilməzsən,
Ürək itərməkdi ana itirmək.

        20. 03. 2024.

Dünyaya gəlməyin sirrin biləsən

İstəmirəm işin dərinə düşə,
Hahaqdan alova, oda düşəsən.
Etdiyin yaxşılıq yerinə düşə,
Özgə süfrəsində yada düşəsən.

                   ***

Duyğumu könlümə dirək bilirəm,
Bəxtimi güldürər zaman görəsən?
Ümidin yuvası ürək, bilirəm,
Harda gecələyir güman görəsən?

                   ***

Ömrün üstündəki qaşıdı naxış,
Doğma bir veribsə, beşin yad verib.
Bəzən görürsən ki, bir isti baxış,
Uçmağa adama qol- qanad verir.

                   ***

Zəhmətin işığı düşsün hər paya,
Kimsədən gözləmə sənə bal verə.
Arzunu qoymağa yerin olmaya,
Qarşına çıxanın bir çuval verə.

                   ***

Həyat kitab kimi oxunmaz asan,
Birin bilməyəndə, birin biləsən.
Gərək gecə- gündüz baş sındırasan,
Dünyaya gəlməyin sirrin biləsən.

23. 03. 2024.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest