Fəxrəddin Əsəd – Adsız şeirlər
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Fəxrəddin Əsəd
Adsız şeirlər
Dəniz limanında,
səhərin boz dumanlığında,
uğursuz ovdan qayıdan
yorğun balıqçıya oxşayıram.
Vaqif Səmədoğlu daha çox
dumanlıqdan çıxmış
“Venesiyalı tacir”ə.
Üzümə baxsa da
heç nə sormayıb susdu.
Elə mən də susdum,
üzə də vurmadım
onun xəyal olduğunu.
****
Öylə yorğunam,
öylə küskün,
nə zor, nə zor bilirsənmi birdənəm,
birdən-birə adam
küləyin oynatdığı çılçırağın işığında
payız havasına düşə,
bir solğun yarpağa dönə.
Döydüyü qapılarda
üzünə qara sevdanın soyuğu çırpıla!
Dur qapını bağla,
pəncərəni çəkib ört –
xatirələrim üşüdər səni!
Öylə yorğunam,
öylə küskün,
nə zor, nə zor bilirsənmi birdənəm,
birdən-birə adam
küləyin oynatdığı çılçırağın işığında
payız havasına düşə,
bir solğun yarpağa dönə.
Döydüyü qapılarda
üzünə qara sevdanın soyuğu çırpıla!
Dur qapını bağla,
pəncərəni çəkib ört –
xatirələrim üşüdər səni!
****
Uçub getdi mənim durnam,
uçub getdi, görəmmədim.
Ona isti yuva lazım,
isti yuva verəmmədim.
Hara uçub getdi görən,
o yer buradan yaxşımı?
Dalınca düşüb qalxıram
ömrün bu sərt yoxuşunu.
Hey, hey durnam, telli durnam,
eh, o harda, mən harada.
Bir səs gəldi – durna səsi,
Sönüb getdi də arada…
****
Bir dəlinin bir cücüylə
saatlarla oynadığı tək
öz taleyimlə oynadım
səni sevə-sevə.
Dəlini kim anlar ki,
dəlidən nə anlar ki?
Baxanlar da
üzünü çevirib gedər.
Lakin yaddaşlarda
bu sevgidən bir cücü qalar.
Və bir cücüylə
saatlarla oynayan dəli…
****
Bu nə sevda,
bu nə tale,
bu nə səsdir,
səhərəcən haraylayır –
İsaq, Musaq tapdınızmı?
Eşidənlər lap yüz dəfə,
min dəfə eşitsə də
quşdu deyə saya salmaz,
çox desək də belə qalmaz –
yazı yazan belə yazdı!
İydə ağacının altında da
Ayrılığın yox əlacı!
****
Kəpənəklər uçur
uşaq evinin bağında,
kəpənəklər uçur xəyal-xəyal.
Ah, nola
bir günlüyə,
bir saatlığa da olsa
tanklar, təyyarələr oyuncaq ata dönə!
Gözlərində parıltı,
içində – ürəyində
göyərçin kimi çırpınan işıq,
o qara küçüyün dalınca qaçan qızçığaz
ayrılıq xofunu unuda.
Nə düşmən onu görə,
nə fələk ona qıya.
Dodağında nəğmələr
oynaya, hey oynaya.
****
Bir mühacir həyatı yaşayıram burada,
nə gələnim, nə gedənim var.
Tanış ünvanların qatarları tək
ötüb keçir ömürdən
üzücü gün, ay.
Hərdən-hərdən pəncərəmdə gülümsəyir Ay –
bir az girdə,
bir az yumru.
Elə bil evdən qaçıb
küçədə veyillənən uşaqdı –
üzü kirli, gözləri dumduru.
****
Kimdi elə o qışqıran,
indicə oyadacaq qar quşlarını?!
Sonra da illər öncə,
O quşların dalınca qaçan uşağı…
****
Aynalar
əski aynalar deyil.
Daha çox
teatr tamaşalarını işıqlandıran
yorğun gözləri yada salır…
****
Ağaclar maddım-maddım baxır üzümə,
sentyabr səhəri yağış qoxuyur.
Mən qadağan edən gündən
səndən gələn zəngləri
qumru quşları sənin səsinlə oxuyur.