EYNULLA SADIQ – Şeirlər
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
EYNULLA SADIQ
Şeirlər
ÇIXAM DAĞLARA
Alam qılıncımı, gələm qeyrətə,
Döyüşə-döyüşə çıxam dağlara.
Şəhid köynəyini bayraq eyləyib,
Ağlaya-ağlaya taxam dağlara.
***
Qoşa bulaq olam – gözləri nəmli,
Çağlayam durmadan, oxuyam qəmli.
Qürbətə getməyəm, qürbət sitəmli,
Dağlardan başlayam, axam dağlara.
***
Dərdlərim dərd içrə min-bir əmsallı,
Gəzirəm yurdumu məcnun misallı,
Yapışam daşına mamır timsallı,
Yanar ürəyimi sıxam dağlara.
***
Eynullayam, dərdə meydandır sinəm,
Xəcalət danışam, xəcalət dinəm…
Doğma qəbristanda heykələ dönəm,
Gözümü qırpmadan baxam dağlara.
SALAM SÖYLƏDİM
Başımı qaldırıb baxa bilmədim,
Qəlbimdə dağlara salam söylədim.
Yanğısın söndürdüm təşnə dilimin,
Mərcan bulaqlara salam söylədim.
***
Birdən yada düşdü kənddə xoş anlar,
Burda gözəlliyə nəğmə qoşanlar.
Təmtəraqlı idi toylar, nişanlar,
O ötən çağlara salam söylədim.
***
Eynulla, xəyallar keçdi başımdan,
Qayalar silinməz qan yaddaşımdan.
Uçdu bir xınalı kəklik qarşımdan…
Köhnə oylaqlara salam söylədim.
LAYLAY, A LAYLAY
İllər uzunudur qaysaq tutmayan,
Sağalmayan yaram laylay, a laylay.
Özünü aldadan yazıq ürəyim,
Sənə minnətdaram, laylay, a laylay.
***
Ərşə bülənd olan ahım, amanım,
Məkkəsin itirmiş dinim, imanım,
Bir anda qeyb olan davam, dərmanım,
Tapılmayan çaram laylay, a laylay.
***
Yaralı xəyalın məskəni göylər,
Gedəni yolundan ah-naləm əylər;
Əyləyib dərdini yolçuya söylər,
Mənə xoş gün haram, laylay, a laylay.
***
Möminəm, həsrətəm əziz Qurana,
Bağbanam, bağlarım qalıb virana.
Sızılaram, səs-sədam çatmaz bir yana,
Kökdən düşmüş taram, laylay, a laylay.
***
Eynulla yaşayır ağır zülümdə,
Qorxum yox, gələrsə bir gün ölüm də.
Soluxub, sovulub bağda gülüm də,
Bülbül deyil, saram, laylay, a laylay.
DOPDOLUDUR SİNƏM, MƏNƏM
(Laçınımla xəyali görüş)
Silmisənmi yaddaşından?
Tanımadın, mənəm, mənəm…
Bir qocalmış didərginin
Saçlarında dənəm, mənəm.
***
Mən saralmış bir varağam,
Gözdən, könüldən irağam,
His bağlamış bir çırağam,
Qıyma, qoyma sönəm, mənəm.
***
Ömrüm qəmli hekayətdir,
Unudulmuş rəvayətdir.
Çəkdiklərim kifayətdir,
Dopdoludur sinəm, mənəm.
***
Sinəndən gül dərəm yenə,
Məzar üstə sərəm yenə;
Deyəm ki, hay verin mənə,
Ay dədəm, ay nənəm, mənəm.
***
Eynullanın haqq səsisən,
Sevincinin zirvəsisən,
Məkkəsisən, qibləsisən,
Yurdum, yuvam, binəm, mənəm.
Eynullayam, mənəm, mənəm.
MANQURTAM DAHA
Hisslərim ölübdür, canım qalıbdır,
Mən insan deyiləm, manqurtam daha.
Gəzməkdən ayağım yağır olubdur,
Vallah, heyim yoxdur yol yortam daha.
***
Gözlərim qurumaz cüt bulaq kimi,
Qürbət qırdı bizi yatalaq kimi…
Qəfil duracağam tərs ulaq kimi,
Axı gücüm çatmır yük dartam daha.
***
Mayda köç başladı – qara yaz oldu,
Yolumu gözləyən qar, ayaz oldu,
Taledən qismətim, payım az oldu,
İnanma çoxalam, mən artam daha.