GenelGüncelKırım TarihiKültür SanatTürk Dünyası

Elman Quliyev: İsmayıl bəy Qaspiralı həyatı və yaradıcılığından səhifəfələr (1851-1914)

Nazim Nəsrəddinov: Professor Elman Quliyevin İsmayıl bəy Qaspıralı haqqında elmi məqaləsindən sətirlər

İsmayıl Qaspiralının ölüm xəbəri təkcə Krımda deyil, bütün türk dünyasında, o cümlədən Azərbaycanda
da kədər hissi ilə qarşılanmış, ölümündən iki gün sonra xatirəsinə həsr olunmuş şeirlər müxtəlif qəzet və
jurnallarda davamlı olaraq dərc olunmağa başlamışdı. Əlabbas Müznibin “Qiymətli atamız İsmayıl bəy
Qasprinskinin vəfatı münasibətilə” (“Bəsirət” qəzeti, 13 sentyabr, 1914), “Sevgili atamız İsmayıl bəy”
(“Dirilik” jurnalı, 16 sentyabr, 1914), Məhəmməd Hadinin “Kəbəyi-müəllayi-ür- fanın qurbanı böyük
İsmayıl bəy” (“İqbal” qəzeti, 14 sentyabr, 1914), Əmin Abidin “Dühayi-əzimimiz İsmayıl bəy Qasprinskinin
vəfatı münasibətilə” (“İqbal” qəzeti, 17 sentyabr, 1914), Əli Səttarın “Ustadi-əzim İsmayıl bəy Qasprinskinin
ruhu əğdəsinə ithaf’ (“İqbal” qəzeti, 17 sentyabr, 1914), Əlipaşa Səbur Hüseynzadənin “Ustadi-əzəm İsmayıl
bəy Qasprinskinin ruhuna ithaf’ (“İqbal” qəzeti, 18 sentyabr, 1914), Əhməd Cavadın “Qasprinski üçün”
(Gəncə, 22 sentyabr, 1914), Ziya Axundza- də Lənkəraninin “İsmayıl bəyin ruhuna” (“İqbal” qəzeti, 26
sentyabr, 1914), Molla Mahmud Çakər Naxçıvaninin “Ustadi-erşadımız böyük İsmayıl bəy” (“İqbal” qəzeti,
30 sentyabr, 1914), Hüseyn Cavidin “İsmayıl bəy” (“Məktəb” jurnalı, 21 oktyabr, 1914) şeirlərində İsmayıl
bəy Qaspiralının ölümünə təəssüf edilməklə yanaşı, bir millət fədaisi kimi xatırlanır, əməlləri yüksək
qiymətləndirilir, adının əbədiyaşar olacağına ümidlər bəslənilir. Məsələn, Məhəmməd Hadi onun ölümündən
üç gün sonra “İqbal” qəzetinin 14 sentyabr 1914-cü il tarixli sayında dərc etdirdiyi “Kəbəyi-müəllayi-ürfanın
qurbanı böyük İsmayıl bəy” adlı şeirində İ.Qaspiralmm millət yolunda xidmətlərinə yüksək dəyər verir,
fikirlərinin milləti parlaq gələcəyə aparacağına inam nümayiş etdirir:
Verdin həyat bizlərə, öldün özün sənin,
Millət göz açdı, gərçi yumuldu gözün sənin.
Həp ruhdur ki, şəkli-soxənində sözün sənin,
Topraqlara bürünsə də parlar yüzün sənin.
Sən söndün isə jikirlərin bərqərardır,
Tabəndə qəlblər sanaparlaq məzardır…
…Xəlq anlasın deyə o tənin bəyanını,
Çox zəhmət ilə xəlq edərək “Tərcüman”ını,
Vəkf eylədin bu qövmə cavanlıq zamanını,
Göstərdin iştə fikri həqiqətfəşanını!
Sən söndün isə jikirlərin bərqərardır,
Tabəndə qəlblər sanaparlaq məzardır…
Hüseyn Cavid “İsmayıl bəy” şeirində (“Məktəb” jurnalı, 21 oktyabr, 1914-cü il) İ.Qaspiralının xidmət
və ideyalarının türk millətinin həyatında oynadığı rolu poetik şəkildə belə mənalandırıb:


Ismayıl bəy, o bir böyük türk idi,
Bir günəşdi Krım üfüqlərindən,
Parlayıb ətrafı nura qərq etdi.
Yıldızlar yaratdı şəfəqlərindən.


Ismayıl bəy türkyurduna şan verdi,
Öksüz-ölgün millətinə can verdi…
…İsmayıl bəy ölməz, yaşar, həpyaşar,
Tarixlərdə, könüllərdə dillərdə.

Böyük ruhu yüksək göylərdən aşar
Böyük adı yad olunur hər yerdə!
İsmayıl bəy türkyurduna şan verdi,
Öksüz-ölgün millətinə can verdi…


İsmayıl Qaspiralının bütün ictimai-siyasi, ədəbi-bədii fəaliyyəti bir konsepsiya olaraq millətinin taleyi
ilə bağlanmış, mənsub olduğu millətin gələcəyi ilə bağlı “nə etməli” sualına cavab tapmaqda əhəmiyyətli rol
oynamışdı. 63 illik mənalı ömrünün 33 ilini türk-islam dünyasının vacib problemlərinin həllinə həsr edən,
“dildə, fikirdə, işdə birlik” ideyasının reallaşmasına var gücü ilə çalışan İsmayıl Qaspiralının bədiipublisistik yaradıcılığının və ictimai fəaliyyətinin ana xəttində milli idealların təbliği və tətbiqi dayanır.
İsmayıl Qaspiralı yaradıcılığının şah əsəri olan “Tərcüman” mənsub olduğu türk xalqının ictimai-siyasi
və mədəni həyatında dirçəliş rolunu oynamaqla yanaşı, görkəmli şəxsiyyətin irəli sürdüyü “dildə, fikirdə,
işdə birlik” ideyalarının reallaşmasında güclü təsir vasitəsinə çevrilmişdi. Böyük ideyalar carçısı İ.Qaspiralı
mütərəqqi fikirlərin həyata keçməsində, heç şübhəsiz, bədii ədəbiyyat və publisistikanı daha əhəmiyyətli
hesab edirdi. İ.Qaspiralıya görə hər bir milləti millət kimi tanıtmaqda din və ədəbiyyatın rolu
əvəzolunmazdır. Bu mənada İ.Qaspiralının ədəbiyyatsız xalqları “vəhşi tayfa” adlandırması təsadüfi
görünmür. “O, belə hesab edirdi ki, bədii əsər hər şeydən əvvəl geniş xalq kütləsinin arzu və istəklərinin
ifadəçisi və düşüncələrinin tərcümanı olmalıdır” (Xeyrulla Məmmədov).
İsmayıl Qaspiralı türk dünyasının böyük şəxsiyyəti, ideoloqu olmaqla yanaşı, ilk növbədə nasir və
publisist kimi məşhurdur. Onun yaradıcılığında roman və hekayələri mühüm yer tutur.
İsmayıl Qaspiralı Avropa və Afrika ölkələrini səyahət edən eyni bir qəhrəmanın macəraları əsasında
silsilə romanlar yazmış, bunları “Tərcüman” qəzetində çap etdirmişdi. “Firəngistan məktubları”, “Darürrahat
müsəlmanları”, “Sudan məktubları”, “Qadınlar ölkəsi” və “Molla Abbas Franseviyə təsadüf : Gül Baba
ziyarəti” əsərləri eyni qəhrəmanın Molla Abbasın iştirak etdiyi müxtəlif romanlar silsiləsidir. Silsiləyə daxil
olan ilk əsər “Firəngistan məktubları”dır. Roman 1887-1889-cu illərdə “Tərcüman” qəzetində “Molla
Abbas” imzasıyla dərc edilmiş, az vaxt keçmədən ayrıca kitab halında çap olunmuşdu. Qeyd etdiyimiz kimi
“Firəngistan məktubları” əsərinin baş qəhrəmanı Daşkəndli Molla Abbasdır. Onun vətənindən Fransaya
gəlməsi, oradan İspaniyaya getməsi, başına gələn əhvalatları hekayə etməsi əsərin məzmununu təşkil edir.
Əsərdəki hadisələr bilavasitə Molla Abbasın dili ilə nəql olunur. Əsərin əvvəlində Molla Abbas özü və
səfərinin məqsədi haqqında belə məlumat verir: “Daşkənddən səfərə çıxanda iyirmi iki yaşında idim.
Atamdan qalmış mal və sərvətlə nə qədər dolaşsam da yetərli idi. Özüm harda, vətən və yurd orda olacaq
kimi tək başına bir gənc idim. Səyahət, elm və bilik üçün nə qədər uzaqlarda olsam da ardımca baxıb qalacaq
yox idi. Orenburqdan keçib Moskvaya gəldim. Burada gördüklərim və Ka- zanlı tanışlarımdan anladığım
məlumata görə Firəngistan qayət könlümə düşdü, bu ölkələri görməyə həvəs etdim. Bir də ki, əski kitabda
Avropada zamani ərəb və türkdən qalmış əzizlər və ziyarətlər olduğunu bilib, bunları ziyarət etməyə murad
etdim. Bu halda Ades (Odessa) şəhərinə gəldim”. Molla Abbasın səfər zamanı məqsədinə uyğun olaraq
Macarıstanda “Gül Baba” (Macarıstanda XVI əsrdə Osmanlı türklərindən qalmış bir bəktaşi şeyxinin
türbəsi), Fransada “Qırx əzizlər” adlı (732-ci ildə İslam ordusunun Fransadan geri çəkilərkən şəhid olmuş
əsgərləri üçün tikilmiş məqbərə. Hazırda onun mövcud olub-olmaması məlum deyil.) müqəddəs ocaqları
ziyarət etməsi barədə əsərdə məlumat verilir. Romanda Molla Abbasın Odessada teatr tamaşasına baxarkən
firəng qızı Jozefin ilə tanışlığı və ondan Fransa haqqında məlumatlar alması bilavasitə baş qəhrəmanda hələ
Avropanı görmədən Avropa təəssüratlarının yaranmasına, onun Avropaya olan meylinin artmasına böyük
təsir göstərir. Molla Abbasda şərq yox, Avropa marağının güclənmə səbəbi də əsərdə bu tanışlıqla
əlaqələndirilir: “Bir həftə keçdi. Bu günləri həp firəng qızı ilə keçirdim. Firənglər və Firəngistan haqqında
mənə məlum etdiyi əhvalatlara görə firəng qövminin diqqətəlayiq və təəccüblü olduğuna şübhəm qalmadı.
Belə ki, Jozefinlə tanış-biliş olunca islam ölkələrini ziyarət etməzdən əvvəl yabançı ölkələri gəzib, görüb,
anlamağa qayət həvəsli oldum”. Göründüyü kimi, Molla Abbasın bir tərəfdən kazanlı tanışlarından, digər
tərəfdən də firəng qızından Avropa haqqında eşitdikləri onun bu diyara getmək həvəsini nəinki artırmış, eyni
zamanda “firəngin diqqətəlayiq və təəccüblü” cəhətlərinə meylini gücləndirmişdi.
Hadisələrin inkişafı zamanı biz Molla Abbasın Jozefınlə nigah bağladığının şahidi oluruq. Molla Abbas
dünyaya gələcək övladlarının müsəlman kimi tanınmasını vacib şərt hesab edir. Molla Abbasın bu fikrini
müəllif əsərdə milli və islami məqsəd kimi dəyərləndirir. Lakin əsas məqsəd Molla Abbasın Avropaya doğru
səyahəti zamanı keçdiyi ölkələrdə gördüyü hadisələr və onlara münasibətində açıqlanır.
Rusiya, Ukrayna, Polşa, Qalitsiya, Almaniya, Macarıstan torpaqlarından keçərkən Molla Abbasın
keçirdiyi hisslər, bu ölkələr haqqında onda yaranan təəssüratlar olduqca orijinal təsirə malikdir. Xüsusən
alman və macar elm, təhsil, mədəniyyəti onda heyrət doğurur. Zəngin kitabxanaların, modern təhsil
sisteminin olmasını müəllif qəhrəmanının dili ilə cəmiyyətin inkişaf təməli kimi səciyyələndirir.
İ.Qaspiralıya görə “elm, mərifət günəş işığı kimidir. Cümlə aləmə aydınlıq və qüvvət verir.” Əslində bu
fikirlərdə öz maarifçi görüşlərini əks etdirən İ.Qaspiralı xalqların tərəqqisi-ni elm və təhsildə görərək
millətinin də bu yolu tutmasını arzulayır. Əsərdə Molla Abbasın Vyana şəhərində görkəmli türkoloq
Vamberi ilə görüşü maraqlı tərzdə təqdim olunur. Müəllif Vamberinin Türküstanda tarixi abidələri tədqiq
etmək marağının və ora gəlişinin bir səbəbini də məhz onun özünün və mənsub olduğu macar xalqının türk
əsilli olması ilə bağlayır. Düzdür, əsərdə Vamberinin Türküstana getməsinin başqa bir səbəbi də açıqlanır:
“Rəvayətə görə Vamberi dərviş qiyafəsinə girib Türküstanı dil kəşfi üçün dolaşmamış. Bu adamı bu tərəfə
ingilis höküməti yollamışdır. Bu səyahət zamanı ruslar Ağməscid və Evliyata qalalarını alıb Kokand və
Daşkənd tərəfə gəlməkdə imişlər. İngilislər qısqanclıq və daha ziyadəsi Hindistanda malik olduqları
ölkələrdən qorxub Rusiyanın Türkistana irəliləməsindən xoşlanmayıb Türküstan durumunu anlamaq
istəmişlər. Bir türlü şübhə olmamaq üçün ingilis casusu yollamayıb, venqriyalı Vamberini yollamışlar.
Vamberi İrandan, Xivədən keçib Buxaraya yetmişdir.” Əsərdə səslənən bu fikirlərdə müəyyən tarixi faktların
sadalanması ilə yanaşı, türk mənəvi-mədəni tarixinin qədimliyinin təsdiqi də dayanır. Bir qədər əvvəldə
adlarını sadaladığımız Avropa ölkələrində Molla Abbasın türk tarixi abidələrini axtarması, həmsöhbət
olduğu şəxslərdən bu günkü qərb mədəniyyətinin əsasında dayanan bir sıra İslam mənəvi dəyərlərinin
mövcudluğu ilə əlaqədar məlumatlar eşitməsi türk-müsəlman təsirinin təkcə Şərqə yox, həm də Qərbə
nüfuzundan xəbər verir. Əsərdə Molla Abbas çox hadisələrlə üzləşir. O, Parisə gəldikdən sonra Jozefini
boşayır. Müsyo Şalon adlı tanınmış bir şəxslə tanış olur. Onun qızı Marqaritaya fars və türk dillərindən dərs
keçir. Avropa mədəniyyəti, təhsil sistemi, əxlaq, ailə və məişət tərzi barədə bu şəxslərlə söhbətlərində Molla
Abbas Şərqin nə qədər geri qaldığını açıq-aşkar duya bilir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest