Əlizadə Nuri – Şeirlər
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Əlizadə Nuri
Şeirlər
Özünü yüksəkdən atan qızcığaz
Ölüm sərgisinə bir can çıxartdın…
Öldün, ölümü də haldan çıxartdın.
Hansı mələk səni yoldan çıxartdı-
Özünü yüksəkdən atan qızcığaz?
***
Biz necə ovudaq bu boyda yası?
Su da soyutmazmış, ay su sonası.
Nə azmış yer ilə göyün arası-
Özünü yüksəkdən atan qızcığaz?
***
Tanrının tikdiyi köynəyi seçdin,
Nəyi seçməliydin, gör nəyi seçdin…
Seçdin, ölməyə də göyləri seçdin-
Özünü yüksəkdən atan qızcığaz.
***
Bu gün gəlincikdin, sabah gəlindin,
Ölüm, canın yansın, gəlhagəlindi…
…Bəlkə yaxamdakı sənin əlindi-
Özünü yüksəkdən atan qızcığaz?!
***
Həyat bir quyuymuş- çoxmuş qatları…
Bu həyat yolunda diz də qatlanır.
Sən kimdən almışdın o qanadları-
Özünü yüksəkdən atan qızcığaz?
***
Çapdı öz atını, şeytan düşmədi,
Sənə bu girdiyin meydan düşmədi.
Dünyada nə varsa, göydəndüşmədi-
Özünü yüksəkdən atan qızcığaz.
***
Duz yükü var imiş düz ilqarın da,
Rəngi qaralarmış yerdə qarın da.
Bir kaman ağlayır yuxularımda
Özünü yüksəkdən atan qızcığaz.
***
Sənə kim toxundu-niyə yıxıldın?
Çiçək üstündəki şehə yıxıldın…
Göydən yıxılmadın, göyə yıxıldın-
Özünü yüksəkdən atan qızcığaz.
***
Səbəb soruşsalar- “lalam” deyərsən,
Ayın yanağında xalam, deyərsən.
Məndən də tanrıya salam deyərsən
Özünü yüksəkdən atan qızcığaz.
Çəkdim ciyərimə tütün dünyanı…
Canımdan o qədər sular axıb ki-
Mənim ağrılarım dərinə düşüb.
Yerinə düşməyib nə demişəmsə,
Nəyi deməmişəm- “yerinə düşüb”.
***
Uşaqlar zər yığır suyun üzündən…
Yenə tər tökülür yayın üzündən…
Yeriyib öpərdim ayın üzündən
Qorxdum göy üzünün şərinə düşüm.
***
Çəkdim ciyərimə tütün dünyanı…
Mən necə düz keçim bu tin-dünyanı?
Neynim, ikiəlli tutum dünyanı-
Ki dünya bir dəfə əlimə düşüb?!
Sevgi
Hələ sevgi deyil bir yastığa baş qoymaq,
Sevgi-qəfəsdən dartınıb,
çırpınan bir quş olmaqdı.
Sevgi işıq xətti keçməyən yerdə də
Cərəyana qoşulmaqdı…
Hərdən laldı,
Bəlkə ləldi?
Həm Tanrıdı sevgi
həm Tanrıya açılmış əldi…
Sevgi bu dünyadan da əvvəldi!
…Sevgi! Biz sənsiz
ayna kim qırılmış ayıq,
qurumuş çayıq,
İçində bayquşlar ulayan
bir xarabayıq…
…Sevgi elə çətirdi ki,
Ən gur yağışda da islanmamaqdı.
Sevgi- quru bir ağacda
Sonuncu yaşıl budaqdı.
…Sənin bir adın SEVGİ,
bir adın Günəşdi, qadın.
Sənin günəşdən fərqin
Hər gün DOĞMAĞINDADI…
…Bilirsən qadın,
mən indi bilmişəm ki,
Sən mənim hər yanı minalanmış həqiqətimsən-
Sənə toxunmaq
minalanmış sahəyə girmək qədər
qorxulu imiş…
Mən indi bilmişəm ki,
Sevgi süni nəfəs aparatına
qoşulmaq kimi
Son çıxış yolu imiş…
…Sevgi ağdı,
Sevgi dağdı,
Sevgi ömür boyu
Şüşə qırıntıları üzərində gəzib
amma ayaq üstə qalmaqdı!
…Bəlkə Tanrı özü eşqdi?
Bəlkə sevgi elə Haqdı?
Sevgi-ayrı şəhərlərdə
Eyni vaxtda darıxmaqdı…
Sənə ulduzlardan bir ev qurardım…
Bilsəydim harada ağlamısan sən,
Tapıb göz yaşını ləl eyləyərdim.
Küllə oynamaqdan xoşun gəlirsə
Daşı da yandırıb kül eyləyərdim…
***
Ömür azaldıqca, arzular artır,
Mən sənə qədərəm… yoxdu ki ardım.
Sənə ulduzlardan bir ev qurardım-
Ayı pəncərəndə tül eyləyərdim.
***
Ayrılıq düyünmüş,- yar, aça bilsən,
Bu yol yol gedirmiş harasa, bilsən…
Sənin əllərinə yaraşa bilsə,
Dünyanı bir dəstə gül eyləyərdim…
Yadında qalan qədərəm…
Günah sənsən, günahkar mən,
Cəza almış can qədərəm.
Bütün qanımı içmisən-
Yerdə qalan qan qədərəm…
***
Nə ağırmış şərtin, allah
Bu bəşər nə şərdi, allah.
Dünən bir şəhərdim, allah
Bu gün xaraban qədərəm.
***
İtkim- azaldığım deyil,
Verdiyim… aldığım deyil.
…Yanında qaldığım deyil-
Yadında qalan qədərəm…
Dua
Balıqçı toruymuş ömür deyilən,
Hamı öz torunu yığıb gedəcək.
Bəlkə bu sevinclə şəkil çəkdirim?-
Onsuz da bir azdan çıxıb gedəcək…
***
Yaxşı ki, bu gecə səhərə çıxdı,
Bağrı çatlamadı bu tənhalıqdan.
Hamı bir dəryaya tor atıb durub
Qızıl bəxt istəyir qızıl balıqdan.
***
Mən yerə asiyəm, göylər də uzaq,
Nə yaxşı ruhumun göy atları var.
Məni bu dünyada tapmaq çətindi
Tapacaq-kimin ki, qanadları var.
***
Bu yolu nə yaman uzun çəkiblər-
Yolun yarsında yorulur hamı.
İndi ürəyindən sınır adamlar
İndi çörəyindən vurulur hamı.
***
Qaldı şair başı dar ağacında-
O cavan saçlara indi dən düşür.
İlahi, bu dünya bir damla yaştək
Bəlkə də haçansa gözündən düşüb?!
***
Bəlkə son tövbədi sonuncu nəğmə,
Bəlkə son axşamdı elə bu axşam?
Bu dünya- qərib bir şəhər kimidi
Mən də bu “şəhər”də azıb qalmışam…
***
Nə yaxşı, dilimə toxundu adın,
Başladım adından həya etməyə.
İlahi, nə yaxşı lal doğulmadım-
Nə yaxşı,dilim var dua etməyə!
***
O üzdə nə varsa, görə biləydim,
Bir gün açılaydı göyün yaxası.
İlahi, bir dəfə üzünü göstər-
Adamlar bilmir ki, hara yıxılsın…
Payız serenedası
Görən qalmadı ki yağışın altda-
Görən o sərçəyə bir dam aldılar?
Getdim bir ağaca salam verməyə
Yarpaqlar yüz yerdən salam aldılar.
***
Özümü payızın üstünə atdım,
Uzaqdan bir çay da gözə dəyirdi.
Körpə göyərçinin ağ dimdiyində
Bir buğda dənəsi gülümsəyirdi…
***
Bir qızın saçları axırdı çaya,
Bu saça qoşulub çay axacaqdı.
Qızın gözəlliyi bəlkə bir azdan
Bu axan çayı da saxlayacaqdı…
***
…Ağzına su alıb, susub dəniz də,
Mən necə dindirim dənizi indi?
Gördüm bir ağıllı suya daş atır
Görəsən neynəyir dəlisi indi?!
***
…Gecədən sübhədək yağdı bu yağış
Görən o qumrular sevişə bildi?
Görən neynədi o islanmış çiçək-
Öz yaş paltarını dəyişə bildi?!..
Daş
Daş altda ilan var, daş üstə yalan,
Mən hansı üzünə çevirim daşı?
Sirrimi bir daşa pıçıldamışam-
Bu daş sirr saxlayar, ya sirrim daşı?
***
Yolum hara düşsə, daşa sarıyam,
Bəlkə daş atan da bir şeytan olsa?!
Qorxma, sevdamızın daş hasarıyam-
Onu qoruyacam, daş atan olsa.
***
Çoxu yaşamır ki, çevrilir ancaq-
O halı torpaqdı, bu halı daşdı.
…Əlini bir daşa çəkib getmisən-
O gündən bu daş da bahalı daşdı!
Mən qırıq simlərin təranəsiyəm…
Güllə olmasam da, güllə səsiyəm,
Bir solnuş bağçada gül həvəsiyəm…
Qırılmış simlərin təranəsiyəm-
Dinləyə bilənə mükafat düşür.
***
Bu axan suyun da öz ahəngi var…
İndi at da yoxdu, boş üzəngi var.
Hamının yanında əcəl zəngi var-
Hamının payına bir saat düşüb.
***
Günə girmədim ki görünüm deyə,
Sürmədim bu ömrü sürünüm deyə.
…Ayın işığına bürünüb deyə-
İlahi, o daxma nə abad düşüb?!
Haçansa bizə də and içəcəklər
Bir gün açacağıq sirr pərdəsini,
Qurtarıb dünyanın yalanlarından.
Bir gün göz yaşına dönərik biz də,
Düşərik bir qızın yanaqlarından…
***
Qoşulub gedərik əsən yellərə,
Yarpaqlar arxadan əl eyləyəcək.
Kimsə çağıracaq bizi yanına,
Kimsə uzaqlardan “gəl” eyləyəcək.
***
Torpaq olacağıq bir gün, nə oslun, –
Haçansa bizə də and içəcəklər.
Üşüyən çocuqlar ocaq qalayıb
Bizim üstümüzdə isinəcəklər.
***
…Bir gün ulduzumuz sönsə səmada,
Biz də yer üzündə sönə bilərik.
Həyata dönməyi demirəm, ancaq,
Bir gün xatirəyə dönə bilərik…