GenelGüncel

Durnabalığı və Pişik

İ.A.Krılovdan  bir tərcümə: Durnabalığı və Pişik təmsili və yaxud “Müsibət oluruq biz,səhv düşəndə yerimiz” (Qabil)



“Ziya” qəzetinin dili” (1879-1884) mövzusunda dissertasiya işi yazanda milli mətbuatımızın bir çox dəyərli nümunələrini də araşdırmalı olurdum. Mən əmin idim ki, bu materiallar elmi işimi daha da sanballı edəcək, bu mövzuda yazılanlardan fərqli bir iş görüləcəkdir. Oxuduğum hər bir ərəb əlifbalı mətbu orqan çox-çox nəsnələrdən xəbər verirdi. Qəzet və jurnallardakı, arxiv sənədlərindəki bir sıra materiallar ədəbi dilimizin formalaşması yollarının tədqiqində yeni-yeni istiqamətləri meydana çıxarırdı. Bəzən öz əsas elmi işimi unudub, tapdığım materiallar əsasında elmi və elmi-publisistik yazılar yazıb çap etdirirdim. Qəzet və jurnalların yaxşı qonorar verdiyi vaxtlarda bu həm də gündəlik zərurətə çevrilmişdi. Bir faktı dəqiqləşdirmək üçün o vaxtkı ölkənin – SSRİ-nin baş şəhərlərindəki arxiv və kitabxanalarda işləmək üçün həvəslə işləməyə gedirdim. Topladığım materiallardan hələ də istifadə edirəm.

Mən “Ziya” və “Ziyayi-Qafqasiyyə”ni, “Kəşkül”ü ilk dəfə Leninqradda və Tiflisdə oxumuşam.

Sonralar oxuduğum ən maraqlı qəzet 1911-1912-ci illərdə Bakıda Azərbaycan dilində çap olunan “İşıq” qəzetidir. Bu qəzeti oxuyanlar az, tənqid edənlər isə çox idi. Sonralar məlum oldu ki, tənqid edənlərin çoxu bu qəzeti görmədikləri üçün onu  hətta jurnal hesab edirmiş. Tarix dərsliklərinə də “İşıq” şagird və tələbələrə jurnal kimi təqdim olunurdu. Halbuki “İşığ”ın elə  birinci səhifəsində  onun “еженедельная газета” -həftəlik qəzet olması iri şriftlərlə göstərilirdi. “İşığ”ın redaktoru Xədicə  xanım Əlibəyova milliyyətcə tatar olsa da, Azərbaycan dilində  danışmağı və yazmağı çox gözəl bilir, tibbə aid yazılarını, eləcə də baş məqalələri məhz bu dildə, həyat yoldaşı şəkili Mustafa bəy Əlibəyovun ana dilində- Azərbaycan dilində  yazırdı.

Qəzetin 8 oktyabr 1911-ci il tarixli  9-cu nömrəsində dərc olunmuş “İdarədən ixtar” (bildiriş-N.N.) yazısı redaktorun Azərbaycan dilinə yüksək qiymət verməsi hər bir insanda yüksək qürur hissi yaradır: “Qəzetəmizə xəbər və məqalə yazanlardan razılıq edib, artıq təveqqe eləyirük ki, yazılarını hökmən mümkün olduğu qədər öz ana dilimizdə yazub, ərəb və fars, osmanlu ləfzləri işlətməsünlər, çünki oxucularımızın çoxi ğəzetəmizin dilindən şikayət edürlər və vərəqlərin hər iki üzi yazılmaməlidir. Ana dilində yazılmayan məqalələr hərgiz dərc olunmməyəcəkdir”.

Jurnalda bəzən rus dilində də materiallar verilirdi. Bu materialların da Xədicə xanım tərəfindən yazıldığını güman edirik. Belə ki, onun təhsil dili rus dili idi. O həm ibtidai məktəbdə, həm də Tiflisdəki Olqa Mamalıq  (mama-ginekoloq)   İnstitutunda rus dilində təhsil almışdı.

“İşıq” uşaqların tərbiyəsinə, ədəbiyyata, təbabət və evdarlığa dair XANIMLAR qəzetəsi olsa da, burada qadınlarla yanaşı, zükur(erkək) müxbirlər də var idi. Zükur  müxbirlərdən biri Bakı rüşdiyyə (реальная школа) məktəbininn şagirdi Əli Yusifzadə idi. O, qəzetdə tərcüməçi-şair kimi fəaliyyət göstərirdi. Ə.Yusifzadənin ilk yazlsı qəzetin 5 fevral 1911-cui il tarixli 3-cü nömrəsində dərc olunmuşdu. Qəzetdə “İkinci kotan” adlı təmsilin İ.Krılovdan tərcümə olunduğu göstərilsə də, əslində, bu, K.D.Uşinskinin “Detskiy mir” dərsliyindən götürülmüşdür.

Ə.Yusifzadənin qeydsiz çap etdirdiyi “Balıq və Pişik” təmsili (N 15;  30.04.1911) İ.A.Krılovun məşhur  “Durnabalığı və Pişik” əsərinin təcüməsi idi. Yeri gəlmişkən qeyd edək ki, H.Qaradaği, A.Şaiq, R.Əfəndizadədən sonra rüşdiyyə məktəbi tələbəsinin bu mövzuya müdaxiləsi  böyük cəsarət idi. Mən də 24 il bundan əvvəl İ.A.Krılovun bu təmsilini tərcümə etməyi qərara aldım. Tərcüməm “Günəş” jurnalının o vaxtkı məsul katibi hörmətli dostumuz Vasif Quliyevin köməyi və qayğısı ilə “Günəş” jurnalının 1993-cü ildəki 5-7-ci nömrəsində çap olundu. Jurnalın redaktoru rəhmətlik Nəriman Qoca oğlu Süleymanov (15.08.1930-15.04.1995) da tərcüməni bəyənmişdi.

Kiçik redaktə ilə həmin şeiri  oxuculara ünvanlayıram.

Mənfəətdən xali olmadığı üçün  onu da bildirirəm ki,təmsildəki Durnabalığı surətinin nprototipi məşhur dəniz admiralı Çiçaqov Pavel Vasilyeviç (1767-1849 ), Pişiyin prototipi isə  general-feldmarşal  Qolenişev-_Kutuzov Mixail İllarionoviçdir.

(5(16).09.1747-   16(28).04.1813).

Şeirin əsas ideyası budur ki,insan bacardığı işdən yapışmalı,çörək çörəkçiyə verilməlidir.Başqa sözlə,həyatda  insanın yeri səhv düşəndə o, öz  mənliyini itirir, xalq şairi Qabilin təbirincə desək,müsibət oluruq biz,gərəksiz oluruq  biz,  korşalırıq biz.

 

************

İvan Krılov (1768-1884)

“Durnabalığı və Pişik” (1813) təmsili

Rus dilindən tərcümə edən – Nazim Nəsrəddinov

Çəkməçinin çörəkçi,
Çörəkçinin çəkməçi
Olması nə yamandır!
Sınanılıb min dəfə,
Demirəm sözgəlişi,
Getmə belə gedişi.
Əl çalarlar, gülərlər,
Səni dəli bilərlər.
Aqillərə qulaq as.
Məslətətin, öyüdün
Hikmətinə söz olmaz.
***
Bir gün Durnabalığı
İstədi ömür sürsün
Dostu Məstan sayağı.
Xahiş etdi Məstandan
Onu ova aparsın.
O da kəsəyənlərin
Ürəyini qoparsın.

Görən, Durnabalığı
Niyə düşüb bu fikrə?
Başa düşmək çətindi,
Paxıllıqmı,həsədmi?
Ayırd elə gəl indi.
Bəlkə balıq yeməkdən,
Ürəyi bulanırdı.
Nəsə… Durnbalığı
Özünə güvənirdi,
Özünə inanırdı.

Məstan dedi:–Özünü
Salma çətin işə  sən.
Hər işin –öz ustası..
Düşmə dilə-dişə sən…
…Nə isə…Çox danışıb,
Bir-birini yordular.
Axırda razılaşıb,
Siçan  ovlamaq üçün
Zirzəmiyə vardılar.
Məstan üçün zirzəmi
Göydəndüşmə kimiydi.
O,buranın yiyəsi,
Mütləq hakimi idi.

…Bəli, hərə bir yanda
Ovunu gözləyirdi.
Məstan adəti üzrə
Pusquda dayanaraq,
Siçanı izləyirdi….

Uğurlu keçdi ovu,
Neçə-neçə siçana
Çəkdi yaman dağ Məstan.
Baş çəkməkçün dostuna,
Qaçdı onun yanına
Kef-damağı çağ Məstan.
Birdən gözü sataşdı
Heydən düşmüş dostuna.
Miyoldadı Məsməsi:
–Aman ,  nə olub buna?
Məstanı çox qorxutdu
Peşəsini dəyişən
Dostunun  əsməcəsi.
–Aman! Durnabalığı,
Hanı sənin başına
Bu oyunu açanlar!
Bu nə halət,bu nə hal,
Səni belə sürüyüb,
Quyruğunu kim yeyib?

Var gücünü toplayıb,
Zərərdidə dilləndi:
–Bu oyunu açanlar
Siçanlardır, siçanlar….
Bığlarını buraraq,
Çox fikrə getdi Məstan.
Dedi –Saxla yadında,
Meymundan dülgər olmaz,
Balıqdan siçantutan…
Qayıt, qayıt sulara,
Sən hara, siçan hara….
Məstan dostun aparıb,
Atdı yenə nohura.

Ədəbiyyat
1.İ.Krılov.Təmsillər.Bakı. Şərq-Qərb,2006.-144səh.
2.Əfəndiyev Rəşid bəy.Seçilmiş əsərləri.Bakı.Şərq-Qərb .2006.-120 səh.
3.”Günəş” jurnalı, N 5-7, 1993.  Səh.18.

Pin It on Pinterest