Dünya şöhrətli İsmayıl bəy Qaspıralının – İsmayıl ibn Mustafanın “Tonğuc” məcmuəsi-140 və yaxud Kırım tatarlatının ilk sanballı mətbuat dərgisinin bayramı

Türk dünyasının fazillərindən biri olan Şamaxılı  Hacı Səid Əfəndi Ünsizadəni (1842,Şamaxı-1903,İstanbul)  özünə müəllim sayan  Kırım tatarı İsmayıl bəy Qaspıralının — İsmayıl ibn Mustafanın “Tonğuc” məcmuəsinin 140 yaşı tamam olur. 

“Tonğuc”-XIX əsrin II yarısında Qafqazın baş şəhərinə-Tiflisə işıq və ziya dalınca gedən Azərbaycanın maarifpərvər ziyalıları Səid Əfəndi və Cəlaləddin Əfəndi qardaşlarının öz şəxsi mətbəələrində qanadlandırdıqları və pərvazlandırdıqları, cəmi dörd səhifəlik türkdilli ilk məcmuədir.

Mənə elə gəlir ki,bu mətbu orqan haqqında  türkdilli və rusdilli tədqiqatçıların deyəcəyi sözlər hələ çoxdur.

İlk və yeganə nömrəsinin materialları İsmayıl ibn Mustafa (İsmayıl bəy Qasprinski N.N.) tərəfindən 8(20) türkdilli və rusdilli may 1881-ci ildə
( fi 20 şəhri cəmadiyülaxir səneyi-islamiyyə 1298 ) Bağçasaray şəhərində imzalanaraq, “Tonğuc” (“ilk,birincı, pioner” mənasına uyğundur -N.N.) adı ilə “Ziya” mətbəəsində çap olunmaqdan ötrü Tiflisə-Ünsizadə qardaşlarına göndərilmişdir.

Məcmuə – Qafqaz Senzor Komitəsinin razılığı ilə cəmi bir həftədən sonra “Ziya” mətbəəsində çap olunmuşdur.

“Tonğuc”un belə qısa bir müddətdə işıq üzü görməsinin əsas səbəbi İ.Qasprinskinin hökumət dairələrindəki nüfuzu ilə  ilgili idi.

İsmayıl bəy Qasprinski Bağçasaray şəhərinin rəisi kimi səmərəli fəaliyyət göstərir, rus və türkdilli mətbuatda (“Ziya” qəzetində) Rusiya müsəlmanlarının həyat və məişəti, məktəb və maarifçiliklə bağlı problemləri haqqında məqalə və risalələrlə çıxış edirdi.

“Tonğuc”un çap üçün məhz Tiflisə göndərilməsi təbii idi. Tiflis-Qafqazın paytaxtı sayılırdı.Burada güclü ədəbi mühit yaranmışdı.

Tiflis- bir çox ziyalıların özlərinə yaşayış və iş yeri seçdikləri, doğma saydıqları, yaradıcılıq şəraiti, işgüzarlıq mühiti olan şəhər kimi tanınırdı.Türk dünyasının dahilərindən biri olan M.F.Axundovun ömrünün ən maraqlı, millət və xalq üçün uğurlarla dolu olan həyatı bu şəhərdə keçmişdi.

İsmayıl bəyin atası Mustafanın da Tiflislə bağlılığı var idi. O, bu şəhərdə Qafqaz Canişinliyində M.F.Axundzadə ilə bir yerdə bir müddət tərcüməçi işləmişdi.

Hökumət yanında sözü keçən,yaxşı işləri dəyərləndirməyi bacaran və rəvaclandıran , dövrünün ən böyük aydınları olan şeyxülislam Əhməd bəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə bu şəhərdə, dini vəzifənin onlara verilən imkanları daxilində səmərəli maarifçilik fəaliyyəti göstərirdilər.

M.Ş.Vazeh, A.Bakıxanov, İ.Qutqaşınlı kimi XIX əsr Azərbaycan maarifçılərini də Avropaya tanıdanTiflis ədəbi və icti mai-siyasi mühiti olmuşdur.

Həsən bəy Zərdabinin də həyatında bu şəhərin və onun ən nüfuzlu tədris müəssisəsi olan klassik gimnaziya olmuşdur.

Həsən bəy Məlikzadə (1875-1877-ciillərdə Bakıda nəşr olunan  ”Əkinçi” qəzetinin redaktoru ) Tiflisdəki Real Gimnaziyanı qurtarandan sonra Moskva Universitetinə daxil olmuş, ali təhsilli mütəxəssis kimi məhz bu şəhərə qayıtmışdı.

İ.Qasprinskinin Tiflisdə sözü keçən, dar gündə ona kömək göstərməyə gücü və qüvvəsi çatan, qələminə inandığı və güvəndiyi çoxlu əqidə və məslək dostları var idi.

Onlardan biri də “Qafqaz” qəzetinin 5 mart 1881-ci il tarixli 50- ci nömrəsində dünyanın məşhur mətbəə və tipoqrafiya sahibləri Franklin və Qutenberqlə müqayisə edilən Səid Əfəndi Ünsizadə idi.

İ.Qasprinskinin Ünsizadələrlə tanışlığı və maarifçilik əməkdaşlığı 1879-cu ilin əvvəllərindən başlanır.Zaqafqaziya Əhli-Təsənni İdarəsində işləyən Səid Ünsizadənin Qafqaz rəhbərliyinə yazdığı ərizəyə əsasən 1878-ci il dekabrın 6-da ona 1879-cu il yanvarın 1-dən “Ziya”adlı qəzet çıxarmağa icazə verilir. S.Ünsizadə çıxaracağı qəzetin əvvəlcədən hazırlanmış proqramını özünü qələm əhli sayan ziyalılara göndərir.

 Özünü qələm əhli sayan aydınlardan biri də İsmayıl bəy Qasprinski idi. O,”Tonğuc”un ilk səhifəsində özünü məhz belə tanıdırdı: “Sahibi-qələm İsmail ibn Mustafa”.

İsmayıl bəy Qasprinskinin “Ziya”dakı ilk məqaləsi qəzetin 7 noyabr 1879-cu il tarixli 42-ci nömrəsində dərc olunmuşdur. “İsmail Mirzə ” imzalı müəllif (İsmayıl bəy Qasprinski- N.N.) “Bağçasaraydan göndərilən məktub” adı ilə verilən bu yazıda iki-üç milyondan ibarət olan Rusiya tatarlarının ədəbiyyatsız və qəzetsiz olduqlarına təəccüblənir.

İsmayıl bəy Qasprinski yazının bu yerində birincı, ədəbiyyatın adını çəksə də, mətbuatdan daha ətraflı  danışır:

“Ğazetə məmləkətin lisanıdır. Ğazetələr millətə mühafiz ola bilürlər.

Ticarət və hər cins islahat sırasında ( cərgəsində-fərqləndirmə,izahat , çox güman ki, S.Ünsizadənindir-N.N.) yolgöstərici ola bilürlər.

Qissəsi,( yəni gödəküz ) qəzetəsiz və ədəbiyyatsız millət sağər , kor, dilsiz adamə bənzər.

Bu halda “Ziya”ğəzetəsi nəşr olunmasının çox faidəli, iftixarlı iş olduğundan ziyadəsilə xoşnud olduq.

“Ziya”ğəzetəsinin gündən-günə ilərü (irəli) getməsini istəyiriz (istəyirik) və məful (adət etmiş-N.N.) edəriz.

Bundan sohra bəz-bəz “Ziya” ğəzetəxanəsinə məktub və ğeyri kağızlar göndərməgi kəndimizə borc ediriz”.

Sonuncu cümlədəki “məktub və ğeyri kağızlar” ifadəsi çox maraqlı görünür. Biz “Tonğuc”un bu “ğeyri kağızlar”dan birı olması qənaətinə gəlir və söhbətimizi davam etdiririk.

İ.Qasprinski “Tonğuc”un “Sözi-əvvəl”ində(“Ön söz”də-N.N.) yazırdı:

“Bundan əvvəl taş basma ilə işbu əsəri- acizanəmizi nəşr etmək istəmişük isək də murad hasil olmadığından bu dəfə Tiflisdə Ünsizadə həzrətlərinin basmaxanəsində nəşr etməyə qərar verdük.Hər tazə iş kibi bizim çolpa və çəlimsiz əsərimiz dəxi bir xeyli müzakirələrə səbəb oldu”.

“Tonğuc”un yaranma illərində Bağçasarayda qəzet, jurnal və kitab çapı üçün mükəmməl mətbəə olmadığı üçün İ.Qasprinski Rusiya müsəlmanlarına deyəcəyi sözləri daha tez çatdırmaq istəyir, maarifçilik görüşlərini hamıya ucadan , var qüvvəsi ilə bəyan etməyə can atırdı. “

“Sözi-əvvəl”də oxuyuruq:

” …hər nə ki yazar isək, ğərəzimiz cümlə ilə müzakirədir.Məsələn,şimdiki üsul yaşamamızın islahə möhtac bin türli nöqsanımız vardır.
Əxlaqca neçə türlü dəvalara möhtac illətlərimiz var.
İştə bunları müzakirə etməli. İslahinə,dəfinə,çarəsinə yol aramalı.

Ara-sıra bunun kibi sual (məsələ)ləri meydanə qoymaq ilə bərabər lisani-tatariyyənin işlənməsinə, ilərüləməsinə çalışmaq istəriz.

Usta və qələmkar degil isək də, vətənimizin yerişüb gələn (bəlkə də yeriyərək gələn-N.N.) gəncləri qələm və fünun ərbabı, əməl və ğeyrət sahibləri olurlar.

Hüsni- zənnilə baltalama qələmimizi ələ alub çahar (fəlsəfədə dörd ünsür: torpaq,su,hava və od ) açmayə niyyət elədük.

Böylə olduqca qüsurlarımıza baqılmasun: çala-çala öydərirüz (öyrədirik-N.N.)deyilən kibi .

Bizim qələmimiz odun isə də, gənc vətəndaşlarımız odunları qələm edüb cümlə faidəsinə çalışurlar ümidindəyiz.

Kəndimizə gəlincə göstərildigi yolda cüzi faidə edə bilsək nəfsimizcə kəmali-mükafat hesab edəriz”.

Yeri gəlmişkən onu da deyək ki, İsmayıl bəy Qaspirinski Tonğucun nəşrinə qədər Ünsizadə qardaşları ilə rubəru ünsiyyətdə olmamışdır.

Bunun sübutu odur ki,  İmayıl bəy    Səid və Cəlal Ünsizadə  qardaşlarını  oxuculara  Şamaxılı yox,Tiflis zadəganları kimi tanıdırdı.

“Tonğuc”un ön söz kimi verilən “Sözi-əvvəl”ini məcmuənin baş yazısı, İ.Qasprinskinin yazı, üslub , əqidə və məslək manifesti kimi başa düşmək olar.

“Tonğuc”un dili  – türk ədəbi dilinin gözəl üslublu nümunəsi kimi diqqəti cəlb edir.Buradakı başlıqıar da, вшдшт бумшл ыштефлышыш вfolklor materiallarından istifadə bacarığı da göstərir ki,İsmayıl bəy Qaspirinskinin  türkdilli yazı üslubu onun “Ziya”da dərc olunan ilk məqaləsindən sonra  artıq xeyli zənginləşmişdir.


Məcmuənin “Ziyayi-Qafqasiyyə” adlı yazısı şagirdin ustasına təşəkkürünə oxşayır. Bu yazı xələfin sələfinə minnətdarlığıdır:

“Qışın şiddətində günəş görünüb fəqirləri qüvvətləndirdiyi kibi,”Ziya”nın nəşri dəxi neçə müsəlmanları məmnun elədi.

Dövlətimizdə az-çox hər millətin ədəbiyyatı, basmaxanaları bə qəzetələri olduğu halda, biz müsəlmanların nə qəzetəsi bə nə bir basmaxanəsi var idi.

Amerika keyikləri (kik də oxumaq olar, geridə qalmış tayfa kimi də başa düşmək olar- N.N.) kibi cahıllik dəryasınə talmaqda idik, lakin üç sənədən bəri  Tiflis zadəganlarından (müəllif yanılır,Ünsizadələr Şamaxı şəhərindəndirlər-N.N.) Səid və Cəlal (əslində Cəlaləddindir-N.N.) Ünsızadələrin himməti və ğeyrəti ilə Tiflisdə “Ziyayi-Qafqasiyyə” (əslində “Ziya”dır, “Qafqasiyyə” sözü “Ziya”ya sonradan əlavə olunub-N.N.) bənam bir tatar ğəzetəsi nəşr olunmaqdadır.

Bunun kibi işi meydanə gətirmək hər nə qədər güc və müşkül isə də “Ziyayi-Qafqasiyyə” ğəzetəsi qiyafət və hürufatca və ğəzetədə basıldığı bəndlər xəbərlərcə ilərüləməkdə olduğu aşkar olub, gənc müsəlmahlar beynində böyük məmnuniyyət hasil etmişdir”.

Müəllif xalqın tərəqqisində mətbu sözü yüksək qiymətləndirirərək, yazır ki,

“ədəbiyyat və ğəzetə xəlqin sədası və lisanıdır. Gözü pərdəli və qulağı təpalu olanlara böyük dəvadır…(üç nöqtə burada məqsədəyönlü şəkildə nəyinsə buraxılmasıdır-N.N.).Bu səbəblərə görə (Ünsizadə ) dutduğı şərif və əziz işlərinin daim məmnuniyyətindən maəda, işinin ilərüləməsini hər vəcə ilə etməliyiz. Bu da ərbabi-qələmin yazması ilə oxumaq bilənlərin ğəzetəni alub oqumaq ilə meydanə gələ bilür”.

“Tonğuc”dakı””Ziyayi-Qafqasiyyə” “məqaləsini qissədən hissə kimi də başa düşmək olar.

Başqa sözlə, burada “Qızım, sənə deyirəm, gəlinim,eşit” zərbi-məsəli yada düşür.

İ.Qasprinski qəzetçiliklə məşğul olanları və ya olmaq istəyənləri S.Ünsizadədən nümunə götürməyə çağırır.

Bizcə, bu məqalə “Qafqaz” qəzetində S.Ünsizadənin və “Ziyayi- Qafqasiyyə” qəzetinin əleyhinə yazılmış məqalələr silsiləsinə cavab kimi yazılmışdır.(bax: “Qafqaz” qəzeti,1881-ci il, N 39;50;55).

18 fevral 1881-ci ildə V.V.Bezobrazov tərəfindən başlanan müzakirədə xoş sözlərlə yanaşı, iftira və böhtanlar da var idi.Qəzet redaktoru kimi S.Ünsizadə rus dilini yaxşı bilməməkdə təqsirləndirilir, ədəbi dilin normalarını korlamaqda günahlandırılırdı.Əslində əsas məsələ S.Ünsizadəni nüfuzdan salmaq, onun gündən-günə güclənən marifçilik fəaliyyətini gözdən salmaq idi.

Müzakirədən bir neçə gün sonra “Ziyayi-Qafqaziyyə”nin narın və rizə hürufatı daha aydın və oxunaqlı yazı xətləri ilə dəyişdirildi. İki aydan sonra “Tonğuc” işıq üzü gördü, İ.Qaspirinski dostunu bədxahların böhtan və iftiralarından qurtardı.

“Tonğuc” məcmuəsindəki yerləşdirmə ardıcıllığına görə üçüncü məqalə

“Şöyləmidir, degilmidir? “

başlığı ilə verilmişdir. Burada müəllifin onu düşündürən suallarına cavab axtarmaq heç də həmişə tələb olunmur. Müəllif sual tərzində dediklərini özü mənalandırır, oxucunu düşünməyə, nəticə çıxarmağa məcbur edir, bəzən də onu cəmiyyətdə hələ də öz həllini tapmayan prollemli məsələləri dərindən araşdırmağa çağırır.

Maraqlıdır ki, “Tonğuc”un bu məqaləsi “Ziyayi-Qafqasiyyə” qəzetinin 1881-c- ildəki 17-ci nömrəsində olduğu kimi dərc edilmişdir. O da maraqlıdır ki,”Tonğuc”un dili ortaq türk dilində yazılmış əsər kimi çox düşündürücüdür.

Bizim fikrimizcə, ortaq türk dili məsələsində birincilik Səid Əfəndi Ünsizadəyə məxsusdur. İ.Qasprinski bu işdə onun layiqli ardıcılıdır.

“Şöyləmidir, degilmidir?” məqaləsi üstü örtük ibarələrlə, Ezop manerası ilə yazılmışdır:

“Ulu vətənimiz dövləti-Rusiya iki parçadır,(Rusiyeyi-Avropa),digəri (Rusiyeyi-Aziya).Rusiyeyi-Avropa Qafqas və Dağıstan ilə bərabər on beş vilayətdə (ğuberniyda) beş milyona qədər müsəlman vardır.Bunların əksəri tatar türki qəbiləsindən olub, lisanları dəxi yeklisandır (bir dildir-N.N.). Şöylə ki təkləmdə anlaşa bilürlər və cümləsi üçün bir lisani-ədəbiyə qullanması küc degildir.

Qazanda yazılan bir kağız Orenburqda, Şəkidə, Bağçasarayda oqunub, anlaşıldığı kibi , Bağçasarayın qələm ibarəsi dəxi ol tərəflərdə lazımınca keçə bilür. Lakin nə yazı bilirüz, nə də oqumaq istəriz!”

İ.Qasprinski xalqın geridə qalmasının əsas səbəbini maarif və mədəniyyət məsələlərinə biganəlik göstərilməsində görür:

“Hər kəs milləti əcnəbi bulub, vətəni karvansara görüb, boğazı və nəfsi üçün bildiyinə görə çalışır, turtunur durar.Vətən və millət nədir ,tərəqqi və islahiyyət nədir, mədəniyyət və insaniyyət fazilləri nədir, heç xəbərləri yoq kibidir! Üstü örtük söyləməyi biz bilməriz.Şöylə ki, bizcə, şimdiki üsul yaşamamız üç hərəkətdən ibarə kibidir. Çolpa-çolpa çalışmaq, qabul- qabul yaşamaq.Bəqtbəvəqt yuxlamaq! Və əlhasil!

Yaşamamız insaniyyət şənincə degildir.Və lakin fəna halımız təsdiq olunur isə nöqsanlarımız aşkar olsa, islahiyyət yolları müzakirə olsa, millət ilərüməsi üçün ağniyalar və zadəganlar və millətə məhəbbəti olan zatlar yəvaş-yəvaş ğeyrətə gəlüb millətin hər sərdə ilərüləməsinə çalışurlar zənn edəriz.

Rusiyada bəhri-millət irəlüləməkdədir. Bizləri, əlimizi, ayağımızı,gözümüzü kim bağladı? Supa ilə əllərimiz iş üçün,başımız fikir üçün degilmidir? Dövlətimiz bizi ilərülədikimizi və rahətimizi istəyür, biz müsəlmanlara bunca ixtiyarlar (pravalar) bəxşiş etmişdir.Cümlə divanları, məktəbləri dəxi açmışdır. Kəndimizə gəlincə cərvətkar zadəganlarımız, ağniyalarımız çoxdur.  Böyük sərmayəli tüccarlarımız az degildir. Şöylə ki, ğeyrətə gəlür isük ilərüləmək üşün alətimiz var kibidir. On beş, igirmi sənə əvvəl bizlər kibi gerüdə olan latışlar, yəhudilər, qəraimlər aralarından şimdi neçə xocalar, zabitlər,nazirlər, advaqatlar, makanaçılar çıka bilür, səbəb nə ki bizlər də bunlar kibi çalışmayaq?”

Məcmuənin 3-cü və 4-cü səhifələrində yerləşdirilən “Almazıstan səyahətnaməsinin müqəddiməsi” adlı yazı da diqqəti cəlb edir.

Gözəl təbiət təsviri ilə zəngin olan bu bədii parça İ.Qasprinskinin bədii söz ustası kimi məharətli olmasından da xəbər verir:

“Günlərdən bir gün səbah erkən Bağçəsəray civarında Beşikdağ üstünə çıxub seyri-ətrafı təmaşeyi- bəhar elımədə idim….. Önümdə avər rəngi əcəm xəlisi kibi çiçəkli çöllər döşənmiş, bir tərəfdə qəleyi-xərabatı neçələrin kəmalının zəvalının şahidi sanasan deyirəm ki, “Bana baq, dünyaya baq”, digər tərəfdən Gencə dağı sevdigi ilə iltifat edər kibi səbah ruzgarı ilə quşların nazik səsləri qarışub mollaya şükranə münacatı kibi tatlı-tatlı ötürdi”…

“Tonğuc” məcmuəsinin sonuncu ( 4 -cü ) səhifəsindəki materialların hamısı gənc nəslin, mübtədi (ibtidai) sinif şagirdlərinin mütalıə mədəniyyətinin yüksəldilməsinə yönəldilmişdir.

Buradakı lətaif, gülməcə və məsəllər türk dili anlaşılan ölkələrdə maraqla qarşılanır.
İ.Qasprinskinin “Ziya” mətbəsində çap olunan ikinci məcmuəci “Şəfəq”dir.

“Ziyayi-Qafqasiyyə” qəzetinin 27 avqust 1881-ci il tarixli 25-ci nömrəsində verilmiş “İxtar”da (xatırlamada, bildirişdə -N.N.) oxuyuruq:

Ziya”nın bugünkü nüsxəsilə göndərilən “Şəfəq” nam məcmuə keçənlərdə mətbəəmizdə təb və nəşr olunub “Ziya”nın keçən dəfə öz vəqtində çıxmağına mane olduğu üçün…məzkur məcmuədən bir nüsxə möhtərəm müştərilərimizə göndərilmişdir”.

“Tonğuc” məcmuəsi də “Ziyayi-Qafqasiyyə” qəzetinin oxucularına məccani göndərilmişdir.

***

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

27.05.2021 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest