Kültür SanatTürk Dünyası

Dövlət Azərbaycan xalqı üçün müqəddəs bir ənənədir

“Hər bir xalq öz tarixində arzuladığı ən böyük milli ideal onun dövlət quruculuğundan başlayır. Və bu dövlət quruculuğuna, istiqlaliyyətə gedən yolda təbii ki, tarixi şərait yaranmalıdır. Bunun üçün də xalqı öndə aparan insan olmalıdır”. Bunu SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.

S.Talıblı bildirib ki, Azərbaycan tarixində 1988-ci illərdən başlayaraq bir sıra hadisələr baş verdi: “Bu azərbaycanlıların İrəvandan, tarixi torpaqlarından köçürülmə məsələsi, Dağlıq Qarabağda baş verən hadisələrdir və SSRİ hakimiyyətinin birbaşa Azərbaycanda sosial-istisadi, mədəni, milli zəmində Azərbaycana qarşı ayrıseçkilik məsələləridir. Kommunist ideologiyasının Azərbaycanda bir sıra sahələrə ögey münasibətidir. Azərbaycan xalqı da bu və Qarabağ hadisələri ilə bağlı olaraq mitinqlərə, milli azadlıq hərəkatının başlanmasına təkan verdi. Bu milli azadlıq hərıkatında Azərbaycan xalqının bütün zümrələri bir ürək, bir yumruq kimi birləşdilər. SSRİ hakimiyyəti də bütün bunları nəzərə alaraq Azərbaycanda müxtəlif variantlarla təxribatlar, daxili iğtişaşlar törətdi. Buna misal olaraq Sumqayıt hadisələrini qeyd etmək olar. Bu kimi təxribatlar yığılaraq bir başa gəlib çıxdı “Qanlı Yanvar” hadisələrinə. O dövrdə çoxları inanmırdı ki, SSRİ hakimiyyəti, SSRİ-nin dövlət təhlükəsizlik komitəsi və SSRİ-nin silahlı qüvvələri Azərbaycan xalqı üzərinə birbaşa qoşun yeridər. Lakin xalq gördü ki, SSRİ hakimiyyəti birbaşa Azərbaycan xalqının Milli azadlıq hisslərini Qarabağ məsələsini və özünün milli istiqlaliyyəti məsələsini qanla boğdu. Qanlı yanvar hadisəsi sonrasında Azərbaycanda bütün xalq meydanlara axışdı. Və Azərbaycan xalqı öz şəhidlərini ehtiramla, şəhidlərin şanlarına layiq şəkildə dəfn etdi. Qanlı yanvar hadisələri tək Bakıda yox, Lənkəran və Neftçalada da baş verdi. SSRİ hakimiyyətinin bunları etməkdə məqsədi xalqın milli azadlıq hissini boğmaq və o dövrdə ermənilərin başladığı Azərbaycana qarşı ərazi iddialarına dəstək olmaq idi. Bu da bizim tarixi İrəvan torpaqlarından azərbaycanlıların köçürülməsi ilə nəticələndi”.

Tarixçi əlavə edib ki, SSRİ dağıldıqdan sonra bir sıra MDB ölkələri ilə yanaşı Azərbaycan da öz dövlət müstəqilliyinə nail oldu: “Ali Sovet iclaslar və referendum keçirdi. “Siz müstəqil Azərbaycan Respublikasının Dövlət müstəqilliyi və Konstitusiya aktı ilə razısınızmı”? yazılı vərəqlər paylanırdı insanlara. Təbii ki, xalqın 95 faizi Azərbaycan Respublikasının dövlət müstəqilliyinə səs verdi. Bununla da Azərbaycan öz müstəqilliyini əldə etdi. Bu müstəqilliyi bütün xalq sevinclə və coşqu ilə qeyd etdi. Uzun zamandır arzusunda olduğumuz müstəqil Azərbaycana qovuşduq. O zamanlar Naxçıvanda da bu böyük sevinclə qarşılandı, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən də xüsusilə qeyd olundu. Azərbaycan və Naxçıvan Ali Sovetindən SSRİ sözü çıxarıldı. Bundan sonra Azərbaycan beynəlxalq təşkilatlara üzv oldu. İlk öncə İslam Əməkdaşlıq təşkilatını, sonrakı illərdə BMT-ni qeyd etmək olar”.

S.Talıblı həmçinin qeyd edib ki, dövlətlərin bizim müstəqilliyimizi tanıma sırasına baxsaq ilk olaraq təbii ki, canı-qanı bizlə bir olan qardaş Türkiyə, daha sonra Rumuniya və digər dövlətləri misal gətirmək olar: “Bunlara baxmayaraq yenə də o dövrdə Azərbaycan Respublikasında bir sıra məsələlər qalırdı. İstər daxildə, istərsə də xarici aləmdə Azərbaycan dövlətinə qarşı basqılar vardı. Buna görə də idarəetmə sisteminin formalaşdırılması, dövlətin atributlarını, ordu quruculuğunu həyata keçirmək, eyni zamanda sosial-iqtisadi sahələri və ən əsası Əsrin Müqaviləsi-yəni Azərbaycanın neft strategiyasını inkişaf etdirmək, Azərbaycan təhsilində bir sıra reformlar həyata keçimək lazım idi. Bununla bağlı xüsusilə o dövrdə qeyd etmək lazımdır ki, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan xalqına və dövlətinə məhəbbətini artırmaq üçün sistem formalaşdırmaq, onların dövlətimizlə əlaqələrinə hərtərəfli dəstək vermək, eyni zamanda onların yaşadıqları ölkələrdə Azərbaycan haqqında məlumatlar vermək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Burada milli mətbuatı xüsusilə qeyd etmək lazımdır, çünki milli mətbuatın, milli kadrların yaradılmasına və Azərbaycan dövlətini xaricdə layiqincə təmsil edən bir sıra dövlət qurumlarının formalaşdırılmasına ehtiyyac vardı. Lakin 1992-1993-cü illərdə dövlət idarəetmə sistemində müəyyən problemlər vardı. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dünya dövlətlərinə Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının mədəniyyətini, tarixini dərindən bilməsi bir çox sahələrdə özünü göstərdi. Azərbaycanda Əsrin müqaviləsi imzalandı. Bununla da Azərbaycan bir çox dövlətlərin və Azərbaycanın maraqları həmin müqavilədə öz əksini tapdı”.

Belə bir ifadə vardı ki, “Əsrin müqaviləsi Azərbaycanda təhlükəsizliyin qarantıdır”.

Sonda isə gənc alim vurğulayıb ki, bəzi regional qonşu dövlətlər də Azərbaycanın daxili işlərinə qarışmaq istəyirdi.” Lakin Heydər Əliyevlə diplomatik oyun oynamaq çox çətin bir məsələ idi. Çünki Heydər Əliyev region dövlətlərdə baş verən siyasi-ictimai və iqtisadi məsələləri dərindən bilirdi. Həmin dövlətlərin bütün məslələrindən yaxşı xəbərdar olan böyük diplomat, böyük şəxsiyyət idi. Bu gün hər bir Azərbaycan vətəndaşı üçün böyük fəxrdir ki, biz müstqil Azərbaycan Respublikasının vətəndaşıyıq. Və müstəqil dövlətimizilə də fəxr edirik. Heydər Əliyev siyasi kursu da cənab prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İlham Əliyev Azərbaycanda aparılan dövlət siyasəti ilə bağlı danışarkən qeyd etmişdi ki, bizə xaricdə dövlət adamları deyirlər ki, Azərbaycan Respublikasının xarici siyasət kursu balanslaşdırılmış və mehriban siyasət kursudur, lakin cənab Prezident belə bir fikir irəli sürdü ki, bizim xarici siyasətimiz Azərbaycan xalqının milli maraqlarına xidmət edən bir siyasət kursudur. Bu onu bildirir ki, dövlət-xalq birliyi var. Dövlət Azərbaycan xalqı üçün müqəddəs bir ənənədir. Bizim tarix boyu dövlətçilik ənənələrimiz olub. Bu müstəqil Azərbaycan Respublikasının dövlət atributlarında da öz əksini tapır”.

Aysel Məmmədova

Pin It on Pinterest