Genel

Doktor Morqerin laboratoriyası – Uraqan Abdullayev

Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Uraqan Abdullayev
Doktor Morqerin laboratoriyası
                                              Hekayə

İçəri daxil oldu və morqdakı ölülərin siyahısına baxdı. Görəsən, bu dəfə özü üçün kimi seçəcəkdi, ona buradakı ölülərdən hansı lazım olacaqdı? Bəlkə də, həmişəki kimi, bu siyahıya da lazımsız insanları yığmışdılar. Yenə də bu insanları dirildib hər biri ilə söhbət etməli, hər birinin həyatını öyrənməli idi.

Meyitlərə doğru addımladı. Görəsən, bu gün ilk hansını seçəcəkdi? Bir meyitə yaxınlaşıb mələfəni tam çəkdi. Bu, lopabığ, qalınqaş, girdəsifət, dolu bədənli və yekəqarın bir polis içşisi idi. Morqer əlini lopabığın başına çəkdi. Meyitin başına Morqerin əlinin dəyməsi ilə Polisin ayılıb dik atılması bir oldu. Polis gözünü qaranlıq bir otaqda açmışdı. Görə bildiyi tək şey Morqerin bəyaz xalatı idi. Baş verənləri xatırlamağa çalışsa da, bura necə düşdüyünü anlaya bilmirdi:

– Bu nədir? Mən haradayam?

– Burada sualları biz verərik, – Morqer dedi.

– Nəyə görə? Bura haradır? Mən haradayam?

– Ölmüşdün. Səni biz diriltdik. Necə bir həyat yaşadığın bizə çox maraqlıdır.

– Məndən nə istəyirsən?

– Öz həyatını danışmağını istəyirik.

– Elə isə danışa bilərəm. Ancaq bir dəqiqə… Mən ölmüşəm?

– Bəli, çoxdan ölmüsən.

– Bəs bura haradır?

– Bura bir laboratoriyadır. Özümüzə lazım olan insanları seçirik. Ona görə hər şeyi düzgün danışmalısan.

– Yaxşı, – polis dedi və öz həyatını danışmağa başladı. – Mən əla həyat keçirən polis işçisi idim. Həyatda elə bir çətinliklə üzləşməmişdim. Həyat mənə çox rahat görünürdü… Rüşvət insanın şərəfini, vicdanını əlindən alsa da, ona yaxşı həyat bəxş edir. Cinayət üstündə tutulan insanları onların pulunu taladıqdan sonra buraxmaqdan daha rahat bir iş ola bilməz. Tək çətinlik onları bu cinayətlərə özümüzün sövq etməyimizdə olurdu. Ancaq bu da bizə heç bir maneə törətmirdi. Bizə işləyən, camaatı bədbəxt edən adamlarımız hələ də var.

Morqerin polisə bir dəfə toxunmağı ilə onun bədəni solğunlaşdı. Doktor onu uzadıb üstünü mələfə ilə örtdü. İkinci meyitə yaxınlaşdı. Mələfəni endirmədən ayaqlarına baxdı. Onun qadın olduğunu anlamışdı. Mələfəni aşağı çəkdi. Ağ xalatlı, qırmızı və uzun saçlı, gözəl döşləri olan ideal bədənli bir qadın gördü. “Kaş ağlı da gözəlliyi qədər ecazkar olaydı”, – doktor öz-özünə dedi və qadının qırmızı saçına sığal çəkdi. Qadının solğun bənizi yenidən həyat rəngi aldı, yavaşca gözlərini açdı. Çox ehtiraslı görünürdü. Morqerə baxıb gülümsədi, əli ilə saçını daraqlayaraq dedi:

– Salam-m-m. Mən haradayam?

– Tibb məntəqəsindəyik. Daha doğrusu, morqda.

– Burada nə işimiz var, bura niyə gəlmişik?

– Bir az tək qalmaq üçün…

Bu sözlər qadının çox xoşuna gəldi. Yanında onunla tək qalmaq istəyən birisi dayanmışdı. Başını qaldırmadan soruşdu:

– Bəs bura necə gəlmişəm? Xatırlamıram.

– Bax, gözəl xanım, bura necə gəlməyin önəmli deyil. Önəmli olan sənin bu morqda olmağındır. Biz bizə lazım olan insanları axtarırıq.

– Bəs bunun qarşılığında mənə nə verə bilərsiniz? – deyə qadın gülümsədi.

– Bunu hələ deyə bilmərəm.

– Yaxşı, elə isə başlayaq.

– Bir az özün haqqında danış. Ancaq hər şeyi olduğu kimi danış ki, səni düzgün qiymətləndirə bilim.

– Mən dövlət xəstəxanasında işləyən bir tibb bacısı idim. Maaşım yüksək olmadığından, xəstələri verdikləri pula görə qiymətləndirirdim. Sözün açığı, heç vaxt oxumağa həvəsim olmayıb. Bütün imtahanlardan pulla keçmişəm.  Hələ o vaxtdan mənimçün lazımlı olan gözəlliyimin və kişiləri başdan çıxaran bədən quruluşumun olması idi. Yəni əsas məsələ gözəl görünmək idi mənimçün. Çox vaxt yanıma gələn xəstələrə də hansı dərmanı verəcəyimi bilmirdim. Varlı bir nazirin oğlu ilə eşq həyatı yaşayırdım. Daha doğrusu, məni o saxlayırdı…

Bunu demişdi ki, Morqer qadının saçına sığal çəkdi. Qadın yavaşca gözlərini yumdu. Daha onda heç bir həyat əlaməti görünmürdü. Mələfə ilə qadının üstünü örtdü. Digər meyitlərə doğru addımladı və təsadüfən birisini seçdi. Mələfəni endirdikdə keçəlbaş, yaşlı bir kişi gördü. Kişi məhkəmə hakiminin paltarını geyinmişdi. Morqer onun başına bir dəfə toxunmaqla hakim paltarı geyinmiş kişi oyandı və başını qaldırdı:

– Bura haradı belə?

– Məhkəmə… Ancaq bu dəfə sualları biz verəcəyik.

– Nəyi bilmək istəyirsiniz?

– Bilmək istəyirəm, yaşadığınız müddətdə nə işlə məşğul olmusunuz.

– Mən ölmüşəm?

– Bunu hələ dəqiq bilmirik. Bu sizin nələri danışmağınızla bağlıdır. Həqiqətləri deməlisiniz ki, sizi düzgün mühakimə edə bilək.

Başqalarını mühakimə etməyə alışmış yaşlı hakim nəfəsini dərib sözə başladı:

– Mən məhkəmə hakimi idim. Bacardığım qədər mühakimələri düzgün yürütməyə çalışırdım. Lakin araya pul girəndə düzgün mühakimələr yürütməkdə çətinlik çəkirdim. Pul nə deyirdisə, onu etməyə məcbur qalırdım. Çox vaxt istəmədən haqsız qərarlarla kasıbları bədbəxt, pulluları isə xoşbəxt etmişəm…

Kişi bunu demişdi ki, Morqer onun başına toxundu. Bununla da hakim əbədi olaraq gözlərini yumdu. Doktor hələ də istədiyi adamı tapa bilməmişdi. Amma öz işindən imtina edə bilməzdi. Yavaşca daha bir meyitin mələfəsini çəkdi. Arıq, uzunbaş bir oğlan gördü. Oğlanın geyimi heç də səliqəli deyildi. Deyəsən, əsl küçə uşağı idi. Görəsən, oğlan hansı işlə məşğul olmuşdu, hansı yolun yolçusu idi? Bunu öyrənməyin tək yolu vardı. Oğlanın nəbzinə yavaşca toxundu. Oğlan yerindən dik atıldı:

– Mən haradayam?

– Günahları Xatırlatma Şöbəsində.

– Yəni ölməmişəm?

– Hələ dəqiq bilmirik. Bu sənin cavablarından asılıdır.

– Nəyi bilmək istəyirsiniz?

– Danış görək, həyatda nə işlə məşğul olmusan, nələr eləmisən?

Oğlan fikirlərə dalaraq öz hekayəsini danışmağa başladı:

– Çox çətin həyatım olub. Xəstə anamı sağaltmaq üçün uşaqlıqdan oğurluğa başladım. İmkanımız zəif olduğundan, məktəbə belə gedə bilmirdim. Bir müddət sonra anam xəstəlikdən dünyasını dəyişdi. Mənim əliəyriliyim isə dəyişmədi. Daha buna öyrəşmişdim. Sonra isə məni tutub oğurluq üstündə polis şöbəsinə apardılar. Polis burada mənimlə bir razılığa gəldi. Razılaşmaya əsasən mən insanlara böhtan atmalı, onları zibilə salmalı idim. Kiçik fırıldaqlarla böyük işlər görməli idik…

Özünə lazım olan cavabı alan Morqer oğlanın nəbzinə toxundu. Bununla da oğlan daha heç bir söz deyə bilmədi. Vaxt azalır, Morqerin səbri tükənirdi. Cəmiyyətdə belə lazımsız insanlar olduğuna görə təəssüflənirdi. Növbəti meyitə tərəf yaxınlaşdı. Mələfəni çəkdi. Qarşısında bahalı kostyum geyinmiş, iyirmi-iyirmi beş yaşlı atletik bədən quruluşuna malik oğlan vardı. Oğlana toxundu. Oğlan öz evində, isti yatağında ayılıbmış kimi gərnəşdi. Asta-asta başını qaldırdı. Sanki kimsə onu şirin yuxudan oyatmışdı. Morqerə baxıb laqeydcə ondan soruşdu:

– Sən kimsən? Mən haradayam?

– Əbədi yuxular diyarında, – deyə Morqer gülümsədi.

– Bura necə düşmüşəm?

– Öldükdən sonra hər kəs bura düşür.

– Yox, gərək atama deyim ki, məni buradan çıxarsın.

– Səni buradan heç kim çıxara bilməz.

– Niyə?

– Səni buradan ancaq biz çıxara bilərik.

– Bəs necə?

– Bununçün sən bizə hər şeyi düzgün danışmalısan. İstəsən belə, yalan danışa bilməzsən. Sənin həyatını görə bilirik.

Oğlan qorxa-qorxa Morqerə baxdı. Sonra üzünü çevirib nəfəsini dərdi və danışmağa başladı:

– Mən nazir oğluyam. Atamın sayəsində bəy kimi yaşamışam. Atam isə bu pulları heç də halal yolla qazanmamışdı. Əksinə dövləti talayaraq xalqın sərvətini mənimsəmişdi. Atamın verdiyi pulları hara istəsəm, ora xərcləyərdim. Çoxlu qadınlarla yatmışam. Axırıncı dəfə xəstəxanada işləyən bir qadını saxlayırdım. Çox ehtiraslı qadın idi. Maşında yanımda oturmuşdu. Mənsə özümü ona göstərmək üçün sürəti artırdım. Bu zaman qarşıma bir axmaq çıxdı. Sanki özünü maşının qabağına atmışdı. Mən onu vurmamaqçün sükanı sağa burdum. Bu zaman yolun kənarında dayanan bir qadını vurdum. Ancaq bir dəqiqə… Mən axı ölməmişdim…

Morqer cümləsini tamamlamağa imkan vermədən nazirin oğluna bir daha toxundu. Oğlan susdu. Daha heç bir söz demədi. Oğlan ölməmişdi. Bu insanlardan heç biri ölməmişdi. Əsl həyatda hər biri yaşayırdı. Yaşadığımız həyatda bu insanlardan hər birini görə bilərik. Ölən onların sadəcə beyinləri idi. Nəfəs alsalar da, yaşadıqlarını düşünərək yaşamırdılar. Əksinə, yaşayan insanları bədbəxt edib onların həyatını qaraldırdılar.

Morqer sonuncu insana – yaşamağa layiq olan həmin şəxsə yaxınlaşdı. Mələfəni aşağı çəkdiyi zaman ədəbli geyimdə şabalıdı saçlı bir qadın gördü. Qadın, güman ki, bütün ömrünü halal zəhmətlə keçirmişdi. Morqer qadını oyadıb onunla söhbət etməli idi. Ancaq digərlərindən fərqli olaraq qadına toxunmağa belə əli gəlmirdi. Nə edəcəyini düşünürdü. Qadına baxdı. Gözlərini yumdu. Sanki qaranlıqda qadının məsum gözlərindən başqa heç nə görmürdü. Onunla necə danışacağını və ona ölüm xəbərini necə verəcəyini özü də bilmirdi. Morqer gözlərini açdı. Qadın Morqerin gözlərinə baxırdı. Sanki bir az qorxmuşdu. Harada olduğunu anlamağa çalışırdı. Bütün cəsarətini toplayıb Morqerdən soruşdu:

– Bura haradır? Mən haradayam?

– Bura bir imtahan otağıdır, – Morqer cavab verdi.

– Məndən nə istəyirsiniz?

– Bütün həyatını danışmağını… Neylədiyini və xatırladığın son anı…

– Mən ölmüşəm?

– Təəssüf ki, hə.

– Bəs mən bura niyə gəlmişəm?

– Bura hər kəs gəlir. Hər günahla, hər xatirə ilə, hər həyatla və hər ölümlə… Bunun əsasında sənə bir qiymət veriləcək və səni hara göndərməli olduğumuzu dəqiqləşdirəcəyik.

Qadın Morqerə inamla baxmağa başladı. Sanki qorxacaq bir şey qalmamışdı. Ölümü insanlarçün ən qorxusuz şey sayırdı. Əsas olan insanın nə üçün yaşadığı və nə üçün ölümə getdiyini anlaması idi.

– Mən məktəbdə işləyən bir müəllimə idim. Bacardığım qədər şagirdlərimə düzgün yol göstərməyə, onları pis əməllərdən çəkindirməyə çalışırdım. Təhsil insana çox şey qazandıra bilər. Ancaq şagirdlərimə ilk növbədə insan kimi insanlıq uğrunda mübarizə aparmalı olduqlarını xatırladırdım. Savadla insan həyatda istədiyi nöqtəyə qalxa bilər. Önəmli olan zirvəyə çatdıqdan sonra nələr edəcəyidir. İnsan keçmişini unutmamalı, gələcək uğrunda çalışmalı və digər insanlara kömək etməlidir. Xatırlayıram ki, axırıncı dəfə məktəbdən çıxdıqdan sonra evə getməkçün dayanacaqda gözləyirdim. Bu zaman uzaqdan yüksək sürətli bir maşının gəldiyini gördüm. Cəld qalxıb yaxınlıqda olan uşaqları yoldan uzaqlaşdırdım ki, onlar üçün təhlükəli olmasın. Axırıncı xatırladığım isə maşın üstümə gələrkən sonuncu uşağı itələyərək qəzadan uzaqlaşdırmağımdır.

Bundan sonra qadın heç bir söz demədi. Morqer susmuşdu, nə danışacağını özü də bilmirdi. Boş-boş danışıb qadına təsəlli vermək yerinə, susurdu.

– Məni hara yollayacaqsınız?

– Siz bizə lazım olan insansınız, – deyə Morqer gülümsədi. – Bundan sonra sizinçün hər şeyin yaxşısı olacaq. Gedəcəyiniz yerdə heç bir pislik olmayacaq. Savadlı, gözəl xasiyyətə malik, mehriban insanlarla birlikdə yaşayacaqsınız. Sizi cənnətə yola salırıq. Təbrik edirəm. Siz əsl bizə lazım olan insansınız…

– Demək, cənnətə gedirəm, – qadın fikirləşərək dedi. – Bəs olmaz ki, cənnətə getməzdən qabaq yaşadığımız dünyanı cənnətə çevirməyə çalışaq? Pislikdən uzaq, gözəl bir həyata başlayaq. Bacardığımız qədər yaxşılıq edib çətin vəziyyətdə olan insanlara kömək əli uzadaq? Onda yaşadığımız həyat daha gözəl olmazdımı? Niyə hamı cənnətə düşməyi gözləyir, amma heç kim dünyanı cənnətə çevirməkçün çalışmır?

Müəllimə gülümsədi. Morqer də ona baxıb təbəssüm etdi və dedi:

– Kaş həyatda hamı sizin kimi düşünəydi. Dünyanın sizin kimi insanlara ehtiyacı var. Ancaq vaxtdır, siz cənnətə getməlisiniz.

– İcazə verin, bir xahiş edim.

– Buyurun.

– İstərdim, yenidən başlayım. Mən cənnətə getməyi yox, bu dünyanı cənnətə çevirməyi seçirəm.

Morqer qadına baxıb düşündü. Ortalığa sükut çökdü. Nəhayət, o, sözə başladı:

– Həqiqətən, dünyaya geri qayıtmaq, hər şeyə yenidən başlamaq istəyirsiz?

– Bəli, – deyə qadın başı ilə təsdiq etdi.

– Yaxşı, biz təklifinizi qəbul edirik. Siz yenidən doğularaq həyata başlayacaqsınız. Zehniniz sıfırlanacaq və heç nə xatırlamayacaqsınız.

– Bəs mənim prinsiplərim? Mən prinsiplərim uğrunda yenidən mübarizə apara biləcəyəmmi?

– Bəli, – deyə Morqer gülümsədi. – Bununçün mələklərimiz sizə kömək edəcək. Bu zaman qarşınıza çıxacaq yaxşı insanları mələk, pisləri şeytan kimi qəbul edəcəksiniz. Bir şeyi də yaxşı başa düşəcəksiniz ki, bəzi həyatlar ölümdən də zəhərlidir. Bəzi ölümlər isə bütün həyatlardan daha dəyərlidir. Məni izləyin.

Qadın oturduğu yerdən qalxıb Morqerin ardınca getdi. Bir az addımladıqdan sonra Morqer dayandı. Qarşılarında üç qapı vardı. Sol qapı qaranlıq idi. Sağ qapıda bəmbəyaz aydınlıq, nur vardı. Ortadakı qapı rəngbərəng idi. Rənglər dəyişir, gah qaralır, gah da yenidən aydınlanırdı.

Morqer qapıları göstərərək qadına dedi:

– Solda gördüyünüz qapı cəhənnəmdir. Əməlləriniz kirli və qaranlıqdırsa, sizi ölümdən sonra əzablarla dolu zülmət gözləyir. Buranı qaranlıq edən isə işığın və aydınlığın olmamasıdır. Bura cəhənnəmdir. Günahlarımızı xatırladıqca peşmanlıq çəkəcəyimiz həmin yerdir. Cismimiz deyil, ruhumuz alışıb yanacaq. Ancaq ölməyəcəyik. Bitməsi üçün nə qədər yalvarsaq da, bitməyəcək bu qaranlıq gecələr… Sağdakı qapı cənnətdir. Par-par parıldayır. Ora yaxşılıqlarla doludur, nur saçır və bəmbəyazdır. Yadınızda saxlayın ki, dünyada bütün rənglər dörd rəngin – göy, qırmızı, yaşıl və sarı rənglərin birləşməsindən yaranır. Ağ rəng isə bütün rənglərin parıltısıdır. Ortadakı rəngləri tez-tez dəyişən qapı isə dünya, yaşadığımız həyatdır. Oranın rənglərinin qaralması da öz əlimizdədir, o qaranlığı işıqlandırmağımız da… Etdiyimiz yaxşılıqlarla gözəlləşir dünya… Dediyim bu sözlər yadınızdan çıxmayacaq, zehninizin dərinliklərində, şüuraltınızda həmişə var olacaq.

Qadın Morqerə baxdı. Morqer heç kimə yalan danışmamışdı. Bura morq idi. Bura Günahları Xatırlama Şöbəsi idi. Bura məhkəmə idi. Sanki şirin bir yuxu idi və ən əsası əsl imtahan idi. Qadın Morqerin də bir mələk olduğunu anlamışdı. Üzünü çevirib qapılara baxdı. Yavaşca ortadakı qapıya yaxınlaşdı. Qapıdan girəndə son dəfə çevrilib Morqerə baxdı. Artıq qadın Morqeri tanımasa da, Morqer qadını həmişə xatırlayacaqdı…

Müəllif: Uraqan Abdullayev

Əlaqə: 055-283-40-10

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest