“Dəli yığıncağı”nın düşündürdükləri – Səma Muğanna
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi
Səma Muğanna
“Dəli yığıncağı”nın düşündürdükləri
Gizli qalmış həqiqətlər və susmuş ədalət. Axı niyə? Ədalət və həqiqət niyə bir araya gəlib bu bəşəriyyəti qorumağa çalışmır? Necə bu qədər insanın işgəncə, acı çəkməsinə razı olur? Yoxsa razı olmur da, sadəcə susub öz hücrələrinə çəkilirlər? Axı bu sualların cavabı nədir? Bu sualların cavabı niyə tapılmır? Həqiqət və ədalət nə zamana qədər gizli qalacaq? Bu gözlərin altında gizlənmiş kədər qarışıq xoşbəxtliklər danışmalıdır o insanların nə yaşadığını… Belə bir ifadə var, elə yeri gəlmişkən söyləyim: “Həqiqət nə qədər acı olsa da, şirin yalandan yaxşıdır”. Bəli, həqiqət ədalətin, dürüstlüyün bir qoludur. Onun qolunu-qanadını qırıb sındıranlar isə təəssüf ki, elə insanlardır. Biz dünyanın ədalətsizliyini elə fani dünyada görüb günahlandırırıq, əslində isə o ədalətsizliyin ən böyük günahkarları insanlardır. Ədalət hər zaman gizli qalıb, qalacaq da. Çox az bir hissəsi ola bilər ki, parçaları birləşdikdə o həqiqəti tapa bilərik… Təəssüf edirəm ki, insanlar bu parçaları dəryaya atıb, özləri də bu ədalətdən qaçmaq üçün onların tərəflərində olmayanları günahlandırırlar…
Bu hadisələrlə dəfələrlə rastlaşmışam, hətta şahidi olmuşam. İnsan şahid olmadığı, yaxud yaşamadığı hadisələri bu cür təsvir edə bilməz, qələmə ala bilməz-deyərlər. Qəribədir ki, mən ən kiçik hadisədən də təsirlənərək qələmimin sözünə sığınıram, eynən indi olduğu kimi. Qələmim şahiddir ki, ədalətsizlik, şirin yalanlar daim öndə olub. Necə ki, siyah-bəyaz, yaxud gündüz-gecə bir-birinə ziddirsə, heç vaxt bir-birlərinə qovuşa bilməyiblərsə, həqiqətlə yalan da belədir…
Akademik Milli Dram Teatrında zövqlə izlədiyim böyük mütəfəkkir, publisist, dramaturq və yazıçı Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərinin səhnələşdirməsində aşkar olaraq həqiqətləri bir daha müşahidə etdim. C.Məmmədquluzadənin qələminin sözü daim xalqın yaşadığı gerçəkləri təsvir etməklə yanaşı, ən kiçik nüansları da əsərlərində o qədər dərin, düşüncəli və açıq şəkildə təsvir edib ki, bu gün tamaşanı izlədikdə o nüanslara çox diqqət etdim və təbii ki, bu məni çox düşündürdü. Düşündürməklə bərabər, gizli yolların açarını da tapmaq üçün ən yaxşı vasitəyə çevrildi. C.Məmmədquluzadə yaradıcılığında daim bu problemlərə çox toxunub, lakin bu problemlərin həlli XX əsrdən dövrümüzə qədər hələ də tapılmayıb, tapılsa da, çox az bir hissəsi. Cəlil Məmmədquluzadə Azərbaycanda qadınların və kişilərin hüquq bərabərliyinin ideologiyasının əsasını qoymuş ictimai xadimdir. Dediyim kimi, yazıçı qələmə aldığı problemləri o qədər açıq-aşkar ifadə edib ki, mən dünən izləyərkən, hətta əsərlərini oxuyarkən bu sübutların canlı şahidi olmaqla yanaşı, özümdə bir nəticə çıxardım. Təəssüf edirəm ki, qadın və kişi problemləri, hüquqların pozulmasına aid qanun-qaydalar hazırlansa da, yenə də davam etməkdədir və yazıçı da bu duyğulara qələmində yer verib.
Yenə bu hadisələrlə qarşı-qarşıya qaldığımız “Dəli yığıncağı” tamaşası sağalmayacaq yaralarımızı, unudulmayacaq dərdlərimizi xatırlatdı. Azərbaycan qadınlarına edilən zülm, xəyanət və gizlənmiş həqiqəti bir daha izlədim. Öncəliklə onu qeyd edim ki, aktyorlar rolunu elə məharətlə canlandırırdılar ki, mən heyranlıqla onları izləyir və yenidən o dövrün insanlarının yaşadıqlarını kəşf edirdim. 2 saat ərzində izlədiyim tamaşa mənə çox xatirələri, canlı şahidi olduğum hadisələri xatırlatdı. Təəssüf ki, insanlar həqiqəti içindən fırtına qoparıb bağıraraq söylədikdə “dəli” adını alır! Ağıllı insanı dəli edən də elə o həqiqətləri gizlədən cahillərdir. Əslində, o insanlar dəli deyil, sadəcə ədaləti, acı gerçəkləri hayqırmaq istədikləri üçün onlar dəli adlanır. Onları susdurmağa çalışırlar, zülm verirlər. Bu, illər boyu davam edib, edir də.Boğulmuş həqiqət, yaşayan şirin yalanlar. Elə dünyanı idarə edən də xəyanət və yalan birliyidir. İnsanları bir-birindən qoparan, parçaları bir-birindən ayıran şirin yalan və xəyanət dostluğu. Bir-birinə o qədər bərk sarılıblar ki, onları ayırmaq qeyri-mümkündür. Yalnız onları ayıran bir qüvvə ola bilər. O da bu dəlilər! Sizlərin “dəli yığıncağı” dediyiniz, əslində isə həqiqəti, ədaləti, dürüstlüyü bağıraraq, içdən söylənən insanlardır. Molla Abbas çox yaxşı söyləyib. O fikri eşitdikdə, sanki qəlbim, ruhum paramparça oldu. Deyir ki, axı niyə bu müsəlmanlar şəriyyətdən, namusdan uzaqdırlar? Bəli, insanlar bu fikirlərdən qaçmağa çalışır! Həqiqəti söyləyəndə Fazil Dadaş qardaşı Molla Abbası və onun övrəti Pırpız Sonanı dəli adlandırır! Ancaq Molla Abbas bilir və söyləyir ki, qəlblərdə kəsafət tüstüsü insanları boğur! O insanlar da o dumanın, tüstünün təsiri altında ovsunlanıb! Xəyanət və yalanın tüstüsü altında ovsunlanıb ki, bəşəriyyət bu həqiqətlər qarşısında susur… Bəli, “Dəli yığıncağı” təkcə tamaşa yox, o dövrün səhifələrini vərəqləyib necə yaşadığımızı sübut edən və haqqa, ədalətə, dürüstlüyə səsləyən insanların acı fəryadıdır…