GenelGüncelKültür Sanat

Coşqun Xəliloğlu – Qısa Hekayələr  

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Coşqun Xəliloğlu

Qısa Hekayələr                                                  

 Ekskursiya

      Sonuncu dərsin qurtarmasına az qalmış müəllim üzünü şagirdlərə tutub:

      – Sabah istirahət günüdür. İstəyirəm fəal, bacarıqlı uşaqlardan beş-altı nəfərini ekskursiyaya aparım. Məqsədim odur ki  həm təbiətin qoynunda olasınız, həm də həyatı dərindən öyrənəsiniz . Amma burada hər şey könüllülük əsasında olmalıdır. Odur ki,  kim ekskursiyaya getmək istəyir, əlini qaldırsın.

     – Ekskursiya haraya olacaq? –  Uşaqlar yerbəyerdən soruşdular.

     – Ekskursiyaya gedənlərin sayını dəqiqləşdirək, sonra gedcəyimiz yerin adını biləcəksiniz. –müəllim cavab verdi. 

     Sinfimizdə oxuyan qızlar tərəddüd etsələr də oğlanların hamısı razılıqlarını bildirdilər. Uşaqların da maşallah, nə az-nə çox düz on yeddi nəfəri oğlan idi. Deyəsən müəllim bunu gözləmirdi. “Yox bu lap çox oldu” – deyib, əlavə etdi:    

     – Seçimi özüm edəcəyəm.                                                                                

     Müəllim daha boy- buxulu və sağlam görünən altı nəfərin adını çəkdi və dərsdən sonra onların qalmasını tapşırdı. Qəribə burası idi ki sinifdə oxuyan əlaçı şagirdlərdən heç birinin adı, ocümlədən, mənim də ekskursiyaya gedənlərin arasında adım yox idi. Nə qədər xahiş etsəm də müəllim adımı siyahıya əlavə etmədi. Zəng vuruldu, sinifdən çıxdıq. Mən və ekskursiyaya getmək istəyən dostlarım pərt halda evimizə getdik. Müəllimin dərslərini yaxşı oxuyan şagirdlərini ekskursiyaya aparmaması bizə çox pis təsir etmişdi.

     Bazar ertəsi dərsə gedəndə ekskursiyaya gedənlərdən iki nəfəri ilə elə yoldaca qarşılaşdım. Bir günün içində onların yaxşıca qaraldıqları diqqətimdən yayınmadı. Salamlaşandan dərhal sonra özümü saxlaya bilməyib dedim:

     – Maşallah, ekskursiyanız, deyəsən, yaxşı keçb, – dedim

    Sülhəddin bic-bic gülümsünərək:

     – Yaxşı da sözdür, həm gəzdik, həmdə işlədik. –əlini açaraq ovcunun suluqlanmış içini göstərdi.

     Qafar dözməyib bir az  da hirsli səslə:

     – Biz də o bəxt haradandır ki, bizi ekskursiyaya aparsınlar.  Kür çayının o biri sahilindəki axmaza müəllim üçün qamış biçməyə getmişdik.

     Şənbə günündən bəri üzümdə olan pərtlik bir anda əriyib getdi.

                           ŞÜBHƏ

   Qatarla ezamiyyətə  gedirdim. Kupe yoldaşım Dünyamin kişi söhbətcil, xoşbəniz bir adam idi. Biz yola körpü salmaq üçün ordan-burdan söhbət edirdik. Yol yoldaşım başına gəlmiş maraqlı bir əhvalat danışdı.        

   …Sovet dönəmində tikinti idarələrinin birində müdir işləyirdim. Səhər planlaşdırılmasından sonra adətim üzrə kabinetdə oturub gündəlik işlərlə məşğul idim.  Birdən katibə qapını açıb:

   –Dünyamin müəllim, yanınıza gələn var,  Sizi görmək istəyir, –dedi.

   Mən, –Qəbul günü gələr, bu gün işim çoxdur, –dedim.

   Katibə çıxdı və tez də içəri qayıtdı:

   –Yenə xahiş etdi ki, onu qəbul edəsiniz. Deyir, mütləq görüşməliyəm, çox vacib işim var.

   Mən tərəddüdlə:

   –Yaxşı, de  gəlsin.

   Qapıdan içəri səliqə ilə geyinmiş, üzü tər-təmiz qırxılmış, saçları zövqlə daranmış, boy-buxunlu, 35-40 yaşlarında, ciddi görkəmli bir kişi daxil oldu. Düşündüm ki, çağırılmamış qonaq heç də təmiz niyyətlə gəlməyib. Allah evini  yıxmışlar yəqin yenə məndən döşəyiblər yuxarılara. Gələn ya “Xalq nəzarəti”ndəndir, ya da “KQB”-dən. Yadıma birinci olaraq aylıq plan düşdü. Yerinə yetirmişik, ürəyimdə sevindim. Bəlkə əmimoğlunun adına aldığım maşının mənə məxsus olduğunu biliblər…Ya da həyat yoldaşıma srağa gün ad günündə hədiyyə etdiyim bahalı briliyant qaşlı üzükdən xəbərdardılar. Olmaya Mərdəkanda tikdirdiyim bağ evi haqqında nəsə məlumat alıblar. Yox, yox. Birdən… Birdən məndən düz iyirmi yaş kiçik bir qadınla qeyri-rəsmi yaşadığımdan duyuq düşərlər ha…

   –Xoş gəlmisiniz, –mən özümü güclə topladım. Ona əyləşmək üçün yer göstərdim.

   –Sağ olun! –Səsindəki rəsmiyyətdən fikrimdə yanılmadığımı təsdiqlədim. Yazıblar, özü də möhkəm yazıblar. Dünən nazirlikdəki dostum üçün üç kub taxta materialı göndərmişdim. Yəqin yolda tutulub. Cəhənnəmə ki… Özümü ələ almağa çalışdım. Keçən dəfə də belə bir iş olmuşdu. Bir təhər razı saldım. Olmasın iki-üç ayın qazancı.

   Düyməni basıb katibəyə iki stəkan çay gətrməyi tapşırdım.

   –Çay içmirəm, sağ olun, –razılığını bildirdi.

   “Hə, çay içmir. İşlər şuluqdu. Yəqin ciddi yoxlama aparacaq”.

   —Dünyamin müəllim, bilirsiniz, niyə gəlmişəm…

   Sözünü ağzında yarımçıq qoydum:

   –Əcəb eləyib gəlmisiniz, həmişə Siz gələsiniz, –demişdim ki, gözlərim şalvarının ütüsünə sataşdı. İllərlə həsrətini çəkdiyim, indi-indi yerimi bərkitdiyim müdir kreslosu gözümdən düşdü. İşləyəndə də belə vəzifədə işləyəsən e… –həsəd hissi keçirdim.

   Dəqiqələr saat kimi uzun görünürdü. Kürəyimdən tər damcıları axdığını hiss etdim.Bu zaman alnımda da tər muncuqları olduğunu başa düşdüm. Cib dəsmalını çıxarıb üz gözümü silməyə başladım.Onun qürurlü, məğrur baxışları altında özümün kiçildiyimi, yumağa döndüyümü hiss edirdim.

  –Müəllim,  hamı Sizdən…

   İnanın ki, bu sözləri eşidəndə az qaldım özümdən gedb yerə yıxılım. O, sözünə davam elədi: –razıdır. Ona görə də Sizdən xahiş eləməyə gəlmişəm. Doğrusu deməyə də utanıram.

   Yüz faiz məni dolayır. Arxayındı ki, məni həbs etdirəcək. Güclə eşidiləcək səslə “buyurun” dedim.

   –Mən məktəbdə müəllim işləyirəm. Dünənki külək vaxtı pəncərəmiz açıq qalıb, şüşələri sınıb. Gəldim ki, mümkünsə, mənə kömək edəsiniz.

  –Yaxşı, gözləyin. –Dərindən nəfəs alaraq müavinimə zəng edib müəllimə kömək etməsini göstəriş verdim.

 Müəllim təşəkkür edib kabinetdən çıxdı. Mən isə hələ də özümə gəlməmişdim.

                                          S əhv

   Hər səhər məktəbə gedəndə səliqə ilə geyinmiş, gülərüz bir kişi ilə rastlaşırdım. Yolun xeyli hissəsini yanaşı gedirdik. Bu kişi çox mehriban və söhbətcil idi. Dərslərimi necə oxuduğumu soruşar, bəzən suallar da verərdi.

Bir dəfə Gülağa dayı ilə tanış olduğumu valideynlərimə bildirəndə atam:

   –Hə, çox yaxşı adamdır– dedi.

   Belə mərifətli adamla tanış olduğuma görə çox sevinirdim

   Yay tətilinə buraxıldıq. Kənddə yaşadığımğzdan oynamaqla yanaşı ata-anama ev işlərində kömək də edirdim. Biz mal-qara saxlayır, toyuq-cücə bəsləyirdik. Çoxlu qazımız var idi. Onlar evimizdən bir az kənarda otlayır, axşama yaxın ya özləri qayıdır, ya da mən gedib gətirirdim

   Bir gün rayon mərkəzində yaşayan bibimin xəstələndiyini eşitdik. Gedib bibimə dəydik, axşama yaxın evə qayıtdıq.

   Evə çatar-çatmaz anam dedi:

   –Ay bala, bax gör qazlarımız  haradadır?

   Tez qazlarımızı axtarmağa getdim. Onlar çox zaman yaxınlıqdakı  balaca bir axmazda olurdular. Axmaza yaxınlaşanda qazların bir yerə toplaşdıqlarını, qəribə səslər çıxartdıqlarını gördüm.Tez onları saymağa başladım. Biri çatmırdı. Təkrar saydım. Doğrudan da biri yox idi. Ətrafa baxdım. Bir az aralıda bir nəfərin axmazın dayaz yerindən qamış biçdiyini gördüm. Çox sevindim:

    – Salam, Gülağa dayı.

    – Salam, Əhməd!  Nə axtarırsan?

    – Qazımızın biri yoxdur.Çoxdan buradasınız?

    – Hə, amma qaz görməmişəm.

   Nədənsə onun səsinin titrədiyini hiss etdim. Elə bu an biçilmiş qamışın üstünə tökülmüş qan ləkələri diqqətimi cəlb etdi. Bir az yaxına getdikdə qamışın altında nəyinsə ağardığını gördüm. Lap qaz qanadına oxşayırdı. Qamışı araladım. Səhv etməmişdim.

   Qazı qaldırdım, onun kəsilmiş başından hələ də qan axırdı.

   Başımı qaldıranda Gülağa dayını yerində görmədim. Ağlaya –ağlaya qazlarımızı həyətə gətirdim. Əhvalatı valideynlərimə danışdım. Amma onlar mənə dedilər ki, sən yəqin səhv etmisən, axmazda gördüyün Gülağa ola bilməz. O elə adam deyil.

   Daha nə deyəcəkdim ki… Deməli, kiçiklər kimi böyüklər də səhv edirlər.

                           SƏNUBƏR XALA

    Avtobus dayanacağında adamların içərisində Sənubər arvadı gördüm. Tez üzümü çevirib tinə keçdim.

 Altı-yeddi yaşım olardı. Səhərdən axşamadək kəndimizdəki Söyüdlü gölün yanında  oynayırdıq. Hər gün kolxoz idarəsinin süpürgəçisi Sənubər arvad bizim yanımızdan keçib işə gedərdi. Hər dəfə məni görəndə üzümdən öpər, başımı sığallayardı. Sonra ciblərini eşələyər,mənə konfet verərdi .Onu o qədər çox istəyirdim ki, bir gün görməyəndə darıxırdım.

    Atam kolxoz sədri idi. Necə oldusa qəflətən xəstələndi. Müalicə olunsa da səhhəti get-gedə zəiflədi. Ona görə də ərizə verib sədrlikdən çıxdı. Qonşumuz gombul Əlağanın atası Vahid  kişini sədr qoydular.

   Atamın işdən çıxmasından beş-altı gün keçmişdi. Yenə də göl qırağında oynayırdıq. Birdən Sənubər xalanın bizə yaxınlaşdığını gördüm. Elə sevindim ki…  Neçə gün idi ki, bu şirindil,  mehriban arvadı görmürdüm

Əlağa ilə yanaşı dayanmışdım. Sənubər xalanı qucaqlamaq üçün yüyürdüm. “Xala, haradaydın?” –dedim. Gözlədiyimin əksinə, həyatda ilk dəfə gördüyüm baxışlarla,  mənə nifrət bildirən üzlə rastlaşdım.

   –Çəkil yolumdan, mən sənin xalan deyiləm, məni əli ilə itələdi. –Əlağa, mənim balam gəl bəri, –o,təzə sədrin oğlunu qucaqladı, üz-gözündən öpdü. Cibindən çıxardığı noğulları onun ovcuna basdı. “Xala sənə qurban, indi get oyna” –deyib çıxıb getdi.

                                  ŞALVAR

                         ( El-oba söhbətlərindən)

   Bir kənddə iki qardaş yaşayırd. Böyük qardaşın adı Qüdrət, kiçiyinki Sakit idi. Valideynləri vəfat edəndən sonra böyük qardaş ata-analarından qalan var-dövlətə sahib oldu. Kiçik qardaşa isə heç nə vermədi.

   Sakit evin bütün ağır işlərini görür —ot biçir, odun doğrayır, mal-qara otarırdı. Əvəzində isə qardaşı ona bir qarın çörək verirdi.

   Qüdrət çox paxıl idi. Üz-gözündən sanki zəhər tökülürdü. Qardaşı bütün günü işləməsinə baxmayaraq Qüdrət ondan narazı idi. Sakit isə xeyirxah idi, kənddə çoxları onun xətrini istəyirdi. Xeyirdə-şərdə iştirak edər, öz köməyini qohum-qonşudan əsirgəməzdi.

   Bir gün kənddə toy idi. Sakit də dəvətlilər arasında idi. Toy sahibi Sakitin yaxın dostu idi. Getmək lazım idi. Sakitin isə yaxşı pal-paltarı olmadığına görə qanı qaralmışdı. Çox götür-qoydan sonra böyük qardaşından utana-utana toya geyinmək üçün şalvar-köynək istədi. Qüdrət qaşlarını çatdı. Ağır-ağır, saysız-hesabsız paltarlarının içərisindən çoxdan geymədiyi bir şalvar və bir köynək seçərək qardaşına verdi.

   Sakit mağara girəndə dostları, tay-tuşları onu sevinclə qarşıladılar. Axı, Sakit deyib-gülməyi, gözəl rəqs etməyi, tay-tuşları ilə şirin-şirin zarafat etməyi bacarırdı. Getdikcə  məclis qızışırdı.  Qara zurnanın səsi ərşə bülənd oldu. Mağarda iynə atsaydın yerə düşməzdi. Bütün kənd toya tamaşaya gəlmişdi. Qüdrət də burada idi. Cavanlar bir-bir rəqs edir, öz məharətlərini göstərirdilər. Növbə Sakitə çatdı. Onun oynaq  və şən rəqsi hamının  xoşuna gəldi. Yerbəyerdən “Əhsən.” “Halal olsun” nidaları ucaldı. Xoş sözlər Sakiti daha da həvəsləndirirdi. O, elə şövqlə, çılğınlıqla rəqs edirdi ki…

   Qardaşının səsi Sakiti ildırım kimi vurdu:

  –Ə, bəs deyil?  Şalvar cırıldı ki…

   Hamı dönüb Qüdrətə baxdı. Sakit isə sanki yerə mıxlanmışdı. Handan hana özünə gəlib, pərt halda məclisi tərk elədi.

   Sakit o gündən xəta törətmiş adam kimi dostlarından uzaq gəzirdi. Hətta o, toylara da getmirdi. Günlərin birində yaxın dostlarından biri Sakiti toyuna dəvət etdi. Mütləq getmək lazım idi. Amma yenə də geyinməyə babat paltarı olmayan Sakit ”üzünə üz qaralığı çəkib” qardaşına üz tutdu.

   Qüdrət:

–Sənə toyda geyinməyə şalvar və köynək verirəm. Amma bir şərtlə, toyda oynamamalısan. Yaxşı?

   – Yaxşı. – Sakit cavab verdi.

   …Dostları nə qədər cəhd etsələr də Sakit rəqs etmək istəmirdi. Hamı mat qalmışdı. Toyların yaraşığı olan bu cavan nə üçün meydana çıxmır? Məclis həqiqətən də qızışmırdı. Hamı Sakitin oynamağını istəyirdi. Sakit isə qardaşının zəhmli sifətini gözlərinin önünə gətirərək onun tapşırığına əməl edirdi. Bəyin atası Sakiti rəqsə dəvət edəndə sakit nə edəcəyini bilmədi. Toy sahibinə – ağsaqqala hörmətsizlik etsinmi? Yoxsa?

Birdən Qüdrətin gur səsi eşidildi:

   – Ayə. Oyna da… Şalvar cırılar, cəhənnəmə cırılsın. Vallah, xətirinə dəymərəm.

   …Qara zurnanın səsi mağarı başına götürmüşdü…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest