GenelKültür Sanat

Cin dərəsi –   Hekayə

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Ulucay Akif, azərbaycanlı yazıçı, 1995-ci il 14 may tarixində Bakıda anadan olub
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Magistratura  pilləsində Publisistik jurnalistika üzrə təhsil alıb.

Ulucay Akif

 Cin dərəsi

       Hekayə

Ulucay AKİF
Ulucay AKİF

 Məhəmməd körpünün üstündə qollarını aralayıb uçan adamın İsa olduğunu görəndə, birinci elə bildi ki, yuxudadır, indicə oyanacaq. Addımlarını yavaşıdıb körpüyə tərəf getdi. Gözlərini ovuşdurdu. Dağılmış körpünün üstündə əllərini yana açıb havada dayanan ağ libaslı adama diqqətlə baxdı. Bu, İsa idi!

 Yenə gözlərini ovuşdurdu. Bu dəfə lap bərk. Hələ də yuxudan oyanmadığını görüb üzünə bir-iki şillə də vurdu.

 Şillənin səsindənmi, ya nədən, İsa üzünü yavaş-yavaş Məhəmmədə tərəf çevirdi. Məhəmməd gördüyü mənzərədən qorxduğu üçünmü, yoxsa İsa ilə göz-gözə gəlməyə çəkindiyindən tez geri döndü, sürətli addımlarla evinə tələsdi. Ürəyi ağzına gəlmişdi. Heç geri baxmadan uzaqlaşdı ordan.

 Həmin gecə yuxuya gedənə kimi gördüklərini düşündü. Ürəyində dua elədi ki, bu başına gələn nə sirri-xudadırsa, elə yuxuda da ona əyan olsun.

 Amma olmadı…

 O gecə yuxusunda heç nə görmədi.

 Səhər oyanan kimi dünəni xatırladı. Özünü inandırmağa çalışdı ki, gördüyü yuxu idi. Körpünün üstündə qollarını açıb uçan İsanı yuxusunda görmüşdü.

 İşə gedəndə yenə körpünün yanından keçdi. Körpü dünən gördüyü kimi deyildi. Bircə daşı da yerindən oynamamışdı.

 Fikirləşdi ki, yəqin dünən çox yorulub. Hə. Başqa nə olacaqdı ki? Çox yorulmuşdu. Yorğun olanda adamın gözünə qarabasmalar görünür.

 Günboyu özünü narahat hiss elədi. Ağlı dünəndə qalmışdı. Axşam namazından sonra məsciddən çıxıb yeyin addımlarla evə yollandı. Evə yox, körpüyə tələsirdi.

 Uzaqdan körpünü gördü. Dünənki kimi idi. Uçmuşdu. İki sütunu qalmışdı, o da ala-yarımçıq.

 Çay qurumuşdu. Bir damcı da su yox idi. Elə bil heç olmamışdı da indiyə kimi.

 Havada hərəkətsiz dayanmış İsanı gördü.

 Yenə qorxdu, amma nə gözlərini ovuşdurdu, nə də özünü şillələdi. Bu dəfə körpüyə yaxınlaşmağa ürək eləmədi. Aralıda dayanıb nə baş verəcəyinə baxmaq istəyirdi.

 Qollarını yana açmış İsanın çəlimsiz bədənində paltar asılqandan asılmış kimi görünürdü. Asta külək paltarı havada yellədirdi.

 Çox baxmağa imkan tapmadı. İsa yenə yavaş-yavaş başını ona tərəf çevirdi. Bu dəfə Məhəmməd dişini dişinə sıxıb birtəhər özünə güc gəldi. Baxacaqdı. Nə olursa olsun, İsanın gözlərinə baxacaqdı, onun nə deyəcəyini gözləyəcəkdi.

 İsa ilə göz-gözə gələndə elə bildi ki, bu dəqiqə ürəyi partlayacaq. İsanın qan çanağına dönmüş gözləri ay işığında parıldayırdı.

 Məhəmməd donub qalmışdı yerində. Dala qayıtmaq, qaçmaq istədi, amma qımıldaya bilmədi. Ayaqları sal qaya kimi yapışmışdı torpağa. Qollarını tərpətmək istədi, bacarmadı. Qolları qurumuş budaq kimi yapışmışdı gövdəsinə.

 Qışqırmaq istədi, səsi çıxmadı.

 Hər tərəfi yara içində olan İsanın bədənindən qan yağış kimi yağmağa başladı. Çay yatağı qanla doldu bir göz qırpımında. İsa yavaş-yavaş ona tərəf uçurdu. Az qala, bağrı çatlayacaqdı.

 Gülürdü İsa.

 Elə gülürdü, elə bil göy guruldayırdı.

 Düz başının üstünə gəlmişdi. Məhəmməd İsanın paltarından süzülən qandan bir damcı dodağına düşəndə, huşunu itirdi.

 Gözlərini açmazdan əvvəl səsləri eşitməyə başladı:

 – Burnunun qanı kəsildi. Bu gün hava bürküydü. Yəqin, havadan olar.

 – İşdə də birtəhər idi. Təzyiqi də bir yandan.

 – Bütün günü telefonda o xəbərlərə, videolara baxır, pis olur. Nə qədər deyirəm ki, baxma da o şeylərə, boşuna qanını da qaraldırsan.

 – Hə, mən də deyirəm. Durduq yerə əsəbiləşir öz-özünə. Sənə lazımdı Qəzzada nolur? Hamısı siyasi oyunlardı da…

 Dostlarının səslərini bir-bir ayırd edirdi.

 Gözlərini açdı. Musa kişinin həyətindəki taxtda uzandırmışdılar Məhəmmədi. Adamlar stol arxasında əyləşib söhbət eləyirdilər. Musa kişini görmədi.

 – Gözünü açdı, şükür. Çay verək sənə də ya su istəyirsən? – soruşdular.

 – Su verin. – Məhəmməd asta səslə dilləndi.

 Bu dəm Məhəmmədin oyanmağını gözləyən Musa kişi də evdən həyətə çıxdı. Gəlib taxtın kənarında oturub əlindəki bir nəlbəki xurmanı Məhəmmədin qabağına qoydu. Məhəmməd təşəkkürünü gözlərini astaca qırparaq etdi. Musa kişi də əlini Məhəmmədin dizinə qoyub sığallamaqla cavab verdi.

 Stol arxasındakılar öz söhbətlərində idilər. Musa kişi ilə Məhəmməd bir müddət susdular. Göy üzü irili-xırdalı ulduzlarla dolu idi, elə bil onları vedrə ilə tökmüşdülər lacivərd səmaya.

 – İsanı gördüm. – Məhəmməd ancaq Musa kişinin eşidəcəyi səslə dedi.

 – Körpünün üstdə? – Musa kişi qaşlarını çatıb soruşdu. Sualından narahatlıq hiss olundu.

 Məhəmməd təəccübünü gizlədə bilmədi. Axı Musa kişi hardan bilmişdi ki, o, İsanı körpünün üstdə görüb?

 – Yəqin İsanın başında qovğa var… – Musa kişi sözünü bitirməmiş Məhəmməd bir də özündən getdi.

 Həyətə yığışanlar yenə əl-ayağa düşdü onu ayıltmaq üçün.

                                     ***

Məhəmməd həmin günün səhəri Bakıya yola çıxdı. Bundan əvvəl də bir-neçə dəfə Bakıya gəlmişdi, amma heç vaxt bu şəhərə qanı qaynamamışdı. İsa ilə eyni kəndin uşağı idilər, özlərini tanıyandan bir-biri ilə dost idilər, sinif yoldaşı idilər, birgə böyümüşdülər, bir-birlərindən ayrı keçən günləri yox idi. Birgə oynayır, birgə öyrənir, birgə böyüyürdülər. Nəinki siniflərinin, həm məktəblərinin, həm də kəndin ən ağıllı uşaqları idilər. Sinif rəhbərləri Musa müəllim də bunun fərqində idi. Onlara daha çox qayğı göstərir, daha böyük məhəbbətlə sevirdi. Onları gözünün ağı-qarası olan bircə qızı Leyladan fərqləndirmirdi.

 Bərk dostluqları olan Məhəmmədlə İsa həm də elm savaşında idilər. Yaşları artdıqca aralarındakı bu rəqabət də ciddiləşirdi. Özlərini müəllimlərinə, yoxsa Leylaya göstərdiklərini anlamaq olmurdu. Bəlkə də, hər ikisi səbəb idi bu rəqabətlərinə.

 Bığ yeri təzəcə tərləyən Məhəmməd dinə maraq salmışdı. Namaz qılır, dini kitablar oxuyur, dini söhbətlərə qulaq asırdı.

 Məhəmmədin din söhbətləri İsanı o qədər də açmırdı. Həkim olmağı qarşısına məqsəd qoymuşdu. Arzusuna da çatdı. İsa Tibb Universitetinə qəbul oldu, vədə yetişəndə Bakıya yollandı oxumaq üçün. Məhəmməd isə üsuli-fiqh elmini ən dərinliklərinə qədər öyrənmək üçün Şam, Kufə, Bəsrə, ordan da Mədinəyə kimi getdi.

Günlər ayları, aylar illəri qovaladı. Məhəmməd kəndə qayıdanda, sümükləri bərkimiş, yaraşıqlı, müdrik bir adama çevrilmişdi. Musa kişi onu görən kimi tanımışdı, həmən Məhəmməd idi. Hal-əhval tutan kimi İsanı soruşmuşdu Musa kişidən Məhəmməd. Öyrənmişdi ki, İsa da qayıdıb kəndə, bir ilə yaxındır rayonun mərkəzindəki xəstəxanada həkimlik edir. Elə həmin günün axşamı görüşdülər İsa ilə. Musa kişi evlərinə dəvət etmişdi onları. Leyla yaxşı süfrə açmışdı onlar üçün. Məhəmməd Leylanı görəndə uşaqlıq illərindəki doğmalığı hiss etmişdi. Onun necə böyüdüyünü, necə gözəl boylu-buxunlu olduğunu görüb içdən-içə sevinirdi Məhəmməd. Leylanın da gözləri gülürdü Məhəmmədə baxanda. İsa qəfil girdi darvazandan içəri:

 – Ooo kimləri görürəm, xoş gəlmisiz, şeyx həzrətləri! – deyib, Məhəmmədi qucaqladı.

 Məhəmməd niyəsə Leylada hiss etdiyi doğmalığı duymadı İsada. Elə bil başqa adam idi onu qucaqlayan. Bu arıq, hündür, saçı-saqqalı qızarmış adamı heç İsaya oxşatmadı.

 – Leyla, mənə bir dənə çay ver tez, başım çartlayır ağrıdan – deyib, Məhəmmədlə üzbəüz əyləşdi. Başladı söhbətləri. Məhəmmədi sual atəşinə tutmuşdular; harda idi, hansı şəhərlərə getmişdi, nə işə məşğul olmuşdu. Hamısını bir-bir danışdı Məhəmməd. Danışığına təmkin gəlmişdi, ləng danışırdı, sözləri bir-bir seçirdi. İsa da ona danışırdı bu illər ərzində nə etdiyini. Universiteti bitirib öz rayonlarına təyinat almışdı.

 Məhəmməd hiss elədi ki, araya girən illər onları başqa-başqa adamlara çevirib. Təkcə Musa kişi dəyişməyib, bir az qocalıb, amma həmənki adamdı. Demək olar, heç danışmırdı. Məhəmmədlə İsaya qulaq asıb hərdənbir gülümsəyirdi:

 – Hə, Məhəmməd, indi neynəmək fikrin var? – Musa kişi soruşdu.

 – Kəndin məscidində işləyəcəm, yəqin orda mənə bir iş tapılar, – Məhəmməd dilləndi.

 – Xeyirlisi olsun, yaxşı olar, – müəllimi dedi.

 Həmin gün gecəyarısına qədər söhbət etdilər. Söz-sözü gətirdi, söhbət-söhbəti – hər şeydən danışdılar. Hərdən Leyla da gəlib otururdu yanlarında. Universiteti təzə bitirib qayıtmışdı kəndə, müəllim olacaqdı. Leyla İsa ilə daha çox deyib-gülür, zarafatlaşırdı.

 Ən çox bundan narahat olmuşdu Məhəmməd, amma araya girən illəri fikirləşib, ağlına başqa nəsə gətirməməyə çalışırdı. Ondan çox İsanı görmüşdü Leyla, ona görə də daha səmimi olmalarında qəribə nəsə yox idi.

 Musa kişinin həyətindən çıxıb kəndin çınqıllı yolları ilə bir xeyli yeridilər, xeyli söhbətləşdilər. Məhəmməd ha istədi soruşsun, ürək eləmədi. Başqa söhbətlərə keçib, onu narahat edən fikri ağlından qovmağa çalışdı. Ordan-burdan danışa-danışa Məhəmmədgilin darvazasına çatdılar:

 – Get dincəl, yol yorğunusan… İstəsən, sabah bizim xəstəxanaya gələrsən. – İsa dedi.

– Yaxşı, gələcəm. Gecən xeyirə. Sevindim səni görməyimə.

 – Mən də sevindim, şeyx həzrətləri! – deyib Məhəmmədi yenə bərk-bərk qucaqladı.

 Çox keçmədi Məhəmməd kəndin imamı oldu. Nəinki bu kənddə, heç qonşu kəndlərdə, qonşu rayonlarda da üsuli-fiqh elmini onun qədər mənimsəmiş kimsə yox idi, hamı onun yanına məsləhətə gəlirdi.

 Günlər günləri, aylar ayları qovaladıqca Məhəmməd içində böyüyən eşqi daha güclü hiss edirdi. Uşaqlıq sevgisi içində böyüyüb qol-budaqlı nəhəng ağaca çevrilmişdi. Leyla da fərqində idi bunun, Musa kişi də. Heç kim də narahat görünmürdü bu sevgidən.

 Məhəmmədin bütün günləri yenə İsa ilə birgə keçirdi. Vaxt tapan kimi görüşürdülər.

 İsa da elə-belə həkim deyildi. Ölkənin bütün şəhərlərindən, elə Bakının özündən də onun yanına gəlirdi xəstələr. İşinin əhli idi, hamı şəfa tapırdı onun yanında.

                                                ***

Məhəmmədlə Leylanın toyu gözlənilməz olmadı heç kim üçün. Bütün kəndin ürəyindən idi bu toy, ən çox da Musa kişinin. Mağar quruldu, qazanlar qaynadı, süfrələr açıldı, yeməklər yeyildi, hamı deyib-güldü, çalıb oynadı. Hamıdan çox İsa canfəşanlıq etdi bu toyda. Gah şeir dedi, gah rəqs elədi, gah şabaş tökdü camaatın başına.

 Elə nə oldusa, toydan sonra oldu.

Toyun səhəri Məhəmməd başqa adama çevrilmişdi. Daşa dönmüşdü üzü, eləcə susurdu. Bıçaq vursan, qanı axmazdı. Heç kim bilmədi nə olub. Soruşmağa ürək də etmədilər. Təkcə İsa nə olduğunu öyrənməyə can atırdı. Uşaq deyildi, hiss edirdi ki, Məhəmməd onunla görüşdən, söhbətdən qaçır.

 Amma o gün Məhəmməd özü İsa ilə danışmaq istədi. Məscidə gəldi İsa, axşam namazından sonra Məhəmmədlə birgə körpünün üstündən keçib Cin dərəsinə getdilər.

  Kəndin ən səssiz, ən qorxulu yeri idi ora. Ona görə Cin dərəsi deyirdilər. Yolboyu danışmadılar. Məhəmməd qabağa düşmüşdü, İsa da dinmədən onun arxasınca addımlayırdı. Dərənin işıq görməyən yerinə çatanda dayandılar.

 – Ay Məhəmməd, de görüm, nolub axı? Nəyə gəldik bura? – İsa dözməyib dilləndi.

 – Özünü axmaqlığa vurma, yaxşı bilirsən, niyə gəlmişik! – Məhəmmədin əsəbdən əsən səsi gecəni ikiyə yardı.

 – Ay qardaş, nəyi deyirsən? Nolub axı?!

 – Leyla qız çıxmadı.

 – Nə?! Nə danışırsan sən?! Gijdəmə! Elə şey ola bilməz!

 – Dedim də sənə. Bir damcı qan da düşmədi yatağa.

 – Özü nə dedi bəs? – təəccübünü gizlədə bilməyən İsa soruşdu.

 – And-aman elədi, əlini Qurana basdı ki, qızdı, özü də bilmir, niyə belə olduğunu.

 – Mən Leylaya inanıram! Düz deyir, ola bilər belə şey. Tibbdə də var bu, ürəyinə şübhə salma. Leylanı tanımırsan? Heç vaxt elə şey eləməz! – İsa qətiyyətlə dedi.

 Məhəmməd “Sən Leylaya inanırsan, amma mən heç birinizə inanmıram!” – deyib, belindən çıxartdığı bıçağı İsanın böyrünə soxdu.

 Məhəmməd dostunun gözlərinin düz içinə baxırdı. İsanın gözlərində zərrə qorxu yox idi. Gözlərində, sadəcə, heyrət var idi. Məhəmməd bıçağı İsanın böyründən çıxarıb yerə tulladı, heç nə demədən üzünü çevirib getdi.

 Kənddə heç kim xəbər tutmadı bu hadisədən. Cin dərəsində yerdə bir damcı qan görən olmadı səhəri gün. Bıçaq da qeybə çəkildi, İsa da… Onu bir də kənddə görən olmadı.

                                                      ***

Məhəmməd İsanın Bakıda hansı xəstəxanada işlədiyini bilirdi. Tanış-bilişdən xəbər almışdı. Bakıya çatan kimi birbaşa xəstəxanaya yollandı. Vaxt itirmək istəmirdi.

 Xəstəxana qoxusu elə binanın qarşısında – taksidən düşən kimi burnuna doldu. Nifrət edirdi bu qoxuya. Utanmasa, burnunu tutub içəri girərdi.

 Qeydiyyat şöbəsindəki cavan, gülərüz qızlara yaxınlaşıb salamlaşdı:

 – İsa həkimin yanına gəlmişəm. Dostuyam. Hansı otaqda oturur?

 – Müəllim, İsa doktor məzuniyyətdədi. İki gündü yoxdu. İstəyirsiniz sizə nömrəsini verək, özünüz əlaqə saxlayın. – gülərüz qız nəzakətlə dedi.

 Məhəmməd nömrə yazılan kağız parçasını götürüb tez çölə çıxdı. Nömrəni yığdı, sonra təzədən kağızı telefonun ekranına yaxınlaşdırıb bir də yoxladı ki, səhv olmasın.

 – Alo! Alo! İsa, salam! Məhəmməddi! – Məhəmməd özü də hiss elədi ki, həyəcanlanıb, özünü toxtatdı. – Bakıya gəlmişəm. Hardasan sən?

 Çox qısa çəkdi danışıqları. İki saat sonra üçün vədələşdilər. Səməd Vurğun bağının yanındakı zirzəmi kafelərdən birinə görüş təyin elədilər.

 Məhəmməd tez gəldi. Boş masalardan birinə keçib əyləşdi. Siqaret tüstüsündən gözün gözü görmədiyi kafedə hər şey – stolun üstündəki külqabı, duz-istiot qabı, menyu kağızı, süfrə, divarlar, divardakı saat və mənasız tablolar, bir küncdə can verə-verə işləyən sərinkeş – saralmışdı. Öləziyən işıq altında hər şey çox miskin görünürdü.

 Qarnını qaşıya-qaşıya masaya yaxınlaşan ortayaşlı kişi heç nə demədən Məhəmmədin başının üstündə dayandı. Məhəmməd saata baxdı. İsanın gəlməyinə hələ var idi.

 – Sən hələki bir dənə litrlik soyuq qazlı su ver. Bir də limonu ortadan ikiyə bölüb gətir. Birazdan dostum gələcək, onda sifariş verərik. – Məhəmməd üz-gözündən bezginlik yağan kişiyə dedi.

 Kişi heç nə demədən getdi. Tezcə də geri qayıdıb heç Məhəmmədə baxmadan qazlı suyla ikiyə bölünmüş limonu stolun üstünə qoydu.

 İsa dediyi vaxtdan tez gəldi kafeyə.

 Cin dərəsindəki həmin gecənin üstündən on il keçsə də, Məhəmməd onu o dəqiqə tanıdı. Saqqalı qırmızımtıl, gözlərinin içində eyni parıltı… Bir az saçı seyrəlmişdi, amma həmin İsa idi.

 Məhəmməd ayağa qalxdı. Bilmirdi, neyləməlidi: İsayla eləcə əl verib salamlaşsın, yoxsa yanağından da öpsün? Bəlkə, bağrına bassın onu? Yox, olanlardan sonra… Ən yaxşısı, İsanın nə edəcəyini gözləməkdi.

İsa heç əl uzatmadan qollarını aralayıb Məhəmmədi bağrına basdı. Məhəmməd də onu bərk qucaqladı. Bir müddət elə dayandılar. İkisi də gözlərindən yaş gəlməsin deyə, özünü sıxdı. Heç nə demədən oturdular. İsa həmişəki kimi şən görünürdü. Məhəmməd də çalışırdı, ondan geri qalmasın.

 – Heç dəyişməmisən ha, Məhəmməd. Bir az saç-saqqalın ağarıb, amma yaxşı qalmısan.

 – Qocalırıq da.

– Əşi, olsun da. Qocalmaq uzunömürlülüyün tək yoludur. Kənddə vəziyyət necədir?

 – Kənddir də. Min ildir necəydisə, yenə elədir.

Söhbətin bu hissəsi tez keçdi, çünki Məhəmməd həmişəki kimi az danışırdı. Həm də həvəsi yox idi bu şeyləri danışmağa.

 – Əsas sən danış görüm, on ildi neyniyirsən Bakıda? – Məhəmməd soruşdu.

 Elə də çox şey sifariş verməmişdilər süfrəyə. İki pors cız-bız, təndir çörəyi, bir qazlı, bir adi su, göy-göyərti, turp, xiyar-pomidor…

 İsa lap iştahla yeyirdi. Bu suala kimi bütün fikrini yeməyə cəmləmişdi. Elə bil Məhəmmədin soruşmağını gözləyirdi. Çəngəli tavanın içinə qoydu. Çeynədiyi loxmanı udub salfetlə ağzını sildi. Siqaret yandırıb bir qullab aldı və Cin dərəsindəki gecədən sonra olanları danışmağa başladı:

 “Bakıya gəldim. Tələbə yoldaşımın öz klinikası var. Onun yanına gəldim. Sağ olsun, xəstəxanasında mənə iş verdi. İndi pul estetik cərrahlıqdadı. Mənə məsləhət gördü ki, estetik əməliyyatlara keçim. Mənim də ağlıma batdı. Nə lazımdırsa, öyrəndim. Başladım estetik əməliyyatlara. Burun, dodaq, yanaq, çənə, sinə, omba… Ağlına gələn hər şey… İnsana yeni həyat vermək kimi bir şeydi də bu. Neçə eybəcər adamı gözəlləşdirmişəm, bir adamdan başqa adama çevirmişəm. Elə dəyişmişəm ki, heç doğma anaları da görsə, tanımaz.

 Pula pul demədim. Üç evim var indi Bakıda. Şəhərin mərkəzində ikisi, bir dənə də bağ evi… üç maşın…”.

 Məhəmməd diqqətlə İsaya qulaq asırdı. Bilirdi ki, söhbətin axırı yaxşı yerə getmir. Bunu dostunun dəyişən əhvalından hiss edirdi. İsa təlaşlanmışdı:

 “Həə… Nə başını ağrıdım, işim belə əla getdi. Ad çıxardım Bakıda da. Yeni həyat qazanmaq istəyən hamı mənim yanıma gəlirdi. Tək Bakıdakılar yox, xaricdən də gəlirdilər.

 Bir gün bir xanım gəldi yanıma. Müğənniydi. Ay parçası kimi gözəl qadınıydı. Yüngülvari estetik prosedurları var idi, onları da mən eləməyə başladım. Ayda iki dəfə-filan gəlirdi yanıma. Sonra necəsə oldu… Çox gözəliydi. Müğənniydi deyə çalışırdım özümü ondan aralı saxlayım. Özün başa düşürsən də. Müğənni ilə sevgili olmaq… Nə bilim… Amma heç cür özümü saxlaya bilmədim. Aramızda eşq yarandı. Birinci fikirləşdim ki, ötəri hissdi, keçib gedəcək. Amma elə olmadı. O məni sevirdi, ya yox, bilmirəm. Tamam başqa dünyaların adamları kimiydik. Təkcə yataqda sözümüz üst-üstə düşürdü. Ancaq sevişəndə bir-birimizi başa düşürdük…”

 İsa çəkməyi unutduğu siqaretin kötüyünü külqabıda əzişdirib Məhəmmədə baxdı:

 – Sənin də başını ağrıdıram. Uzun danışdım elə bil.

 – Narahat olma. Danış… ­ – Məhəmməd həmişəki təmkiniylə dedi.

 İsa davam elədi:

 “Bu qancıx qızı qancıx köçdü mənim evimə. Mənlə yaşamağa başladı. Tez-tez dalaşırdıq. Bir də görürdün günlərlə evə gəlmirdi. Deyirdi, rayonlardadı toyda, ya qalxıb qəfil xaricə gedirdi. Mən də çalışırdım, çox baş qoşmayım. Amma elə bil sevirdim e, onu. İt kimi qısqanırdım. İçim-içimi yeyirdi ki, görəsən, hardadı, kimlədi, neyniyir…

 Bu it qızı it bir dəfə gəlib mənə dedi ki, hamilədi. Üç-dörd ay qabağın söhbətini eləyirəm sənə. Elə bil tok vurdu məni. Bütün o eşq, məhəbbət, sevgi, hamısı bir anın içindəcə yoxa çıxdı. İstədim, qalxım boğum onu əllərimlə…”

 İsa bu sözləri deyib dayandı. Təzə siqaret yandırdı. Məhəmmədə də birini verdi. Məhəmməd siqareti götürüb ağzına qoydu. İsa onun siqaretini də yandırdı. Bir-iki qullabdan sonra dərindən nəfəs alıb söhbətinə davam elədi:

 “Məhəmməd, mən bilsəydim ki, övladımın olma ehtimalı var, nəinki müğənnidən, fahişədən də uşağı qəbul edərdim…”

 İsa bu cümləni deyəndən sonra gözləri doldu. Məhəmməd əlini dostunun çiyninə qoyub bərk-bərk sıxdı, sonra sığalladı.

 İsa göz yaşı axıtmamaq üçün burnunu çəkdi:

 ”Həə… Mənim uşağım olan deyil. Tibbi cəhətdən bu mümkün deyil. Sonsuzam mən. Bildim ki, bu qancıx məni aldadır. Qovdum evimdən, rədd elədim getdi.

 İndi də bu fahişənin köhnə sevgilisi çıxıb ortaya. Köhnə əridi, sevgilisidi, saxlayanıdı, bilmirəm. Rusiyadan gəlib. Lotudu. Bəlkə, eşidərsən adını: “Təkgöz Rüfət” deyirlər. İki gündür məni axtarır. Elə-belə adam deyil e! Kriminal avtoritetlərdəndi. Məni tutduğu yerdəcə öldürəcək. Onun qorxusundan nə işə gedə bilirəm, nə evə. Şəhərdən qıraqda hosteldə qalıram iki gündü”.

 – Bəs neynəmək istəyirsən? – Məhəmməd həll olunmalı problemə çatdıqlarını görüb dilləndi. – Bəlkə, polisə deyəsən?

 – Nə polis?! Sənə deyirəm, adam kriminal avtoritetdi. Yerin dibinə girsəm də, məni tapacaq.

 – Ölkədən qaçasan, bəlkə? Ağlıma başqa heç nə gəlmir…

 – Hə. Elə mən də onu fikirləşdim. Başqa yol yoxdu. Bir-iki həll eləməli işim varıydı burda, bu gün hamısını yekunlaşdırdım. Səhər tezdən uçacam. Sonrasını da sonra fikirləşərəm.

 İsa sözünü təzəcə qurtarıb ofisiantı çağırmışdı ki, kafeyə şıq geyimli, xoş simalı bir kişi girdi.

 Açıq boz rəngdə kostyum, ağ köynək, yaxa cibində qırmızı dəsmal, qəhvəyi kəmərli iri saat, qara qaşlı gümüşü üzük, par-par parıldayan tuflilər, səliqəylə arxaya daranmış gur saçlar, tam təraşlı üz… Geyimi o qədər gözəl idi ki, kafedəki heç kim gözünü ondan çəkmək istəmirdi.

 Kişinin ətri bir göz qırpımında kafenin hər yerinə doldu. Məhəmmədlə İsaya bir qədər nəzər yetirəndən sonra, üzündə təbəssümlə onların masasına yaxınlaşdı. Sərt addımlarının səsi kafenin içində sədalanıb açıq qapıdan çölə çıxırdı:

 – Salam. Adım Rüfətdi. “Təkgöz Rüfət”, “Rufo” da deyirlər. Amma siz eləcə Rüfət desəniz, mənə daha xoş olar. – Əl verib onlarla salamlaşdı.

 İsa ilə salamlaşanda daha uzun baxdı onun gözlərinə, daha çox gülümsədi. İsanın əlləri əsirdi qorxudan.

 – İcazə verirsinizsə, əyləşim. – Deyib, yan masa arxasından bir stul çəkdi, stolun başında, Məhəmmədlə İsanın arasında əyləşdi.

 İsa dilini udmuşdu. Başını aşağı salıb gözlərini əsən dizlərinə zilləmişdi. Əlləri ilə dizlərini sıxırdı ki, bəlkə, dayana dizlərinin əsməyi, amma əlləri də titrəyirdi.

 Məhəmməd də dinmirdi, amma bu onun həmişəki halı idi. İçində narahatlıq olsa da, qorxmurdu. Toy gecəsindən sonra necə olmuşdusa, elə idi. Daşa dönmüşdü üz-gözü. Bıçaq vursan, bir damcı qan da çıxmazdı bədənindən. Gözlərini Təkgöz Rüfətin gözlərindən çəkmirdi. Heç nə demədən ona baxırdı.

 Rüfət isə daha çox İsaya baxırdı. Məhəmməd yavaş-yavaş Rüfətin təbəssümündə gizlənən pisliyi, hiyləni hiss edirdi. Sağ böyründə, pencəyin altında tapançasını da görmüşdü; gümüşü rəngdə, par-par parıldayırdı. İsa da görmüşdü tapançanı. Kafedəki hamı görmüşdü tapançanı. Hamı yoxa çıxmışdı kafedən. Təkcə üçü qalmışdı: Məhəmməd, İsa və Təkgöz Rüfət…

 Təkcə kafedəki adamlar yox, əşyalar da yavaş-yavaş yoxa çıxırdı. Masadakı qablar, çəngəllər, qaşıqlar, bıçaqlar, duz-istiot qabı… Hər şey bir-bir qeybə çəkilirdi. Stollar, stullar, külqabılar, sərinkeş… Kafe boşalırdı yavaş-yavaş…

 Təkgöz Rüfət danışdıqca ağzı köpüklənir, üzü rəngdən rəngə düşürdü… Mavi, yaşıl, qəhvəyi, yenidən yaşıl, mavi, qırmızı… Hər saniyə bir az da eybəcərləşir, qorxulu hala düşürdü. Bayaqkı xoş simalı adamdan əsər-əlamət qalmamışdı.

 Artıq kafenin divarları da uçmuşdu. Kafedə deyildilər. Məhəmməd Cin dərəsinin qaranlığını harda görsə tanıyardı. Bura Cin dərəsi idi.

 Təkgöz Rüfətin dişləri böyümüş, iki gözü birləşib bir gözə çevrilmişdi düz alnının ortasında. İsa ilə Rüfətin nə danışdığını eşitmirdi Məhəmməd. Bircə onu gördü ki, Rüfət əlini belinə atıb tapançasını çıxarmaq istəyir. Tez onun qolunu burmağa çalışdı. Bura bilmədi, amma par-par parıldayan gümüşü tapança Rüfətin əlindən yerə düşüb Cin dərəsində yoxa çıxdı. Rüfət Məhəmmədə bərk yumruq vurdu. Məhəmməd özünü itirmədi, o da birini ilişdirdi. Yumruqlar havada uçuşmağa başladı. Məhəmməd boğmaq istəyirdi Təkgöz Rüfəti. Gücü çatmırdı. Nə yerə yıxa bilirdi, nə də boğa. İsa da kömək eləmirdi ona. Eləcə qıraqdan baxırdı. İstəyirdi, qışqırsın, köməyə çağırsın İsanı, amma səsi çıxmırdı.

 Təkgöz Rüfət Məhəmmədi yerə yıxdı. Bir xeyli süpürləşdilər. Gah Məhəmməd Rüfətin üstünə çıxıb onu boğmağa çalışdı, gah Rüfət Məhəmmədin üstünə çıxıb yumruqladı. Məhəmməd tamam taqətdən düşəndə Rüfət onu üstələdi. Məhəmmədi gülə-gülə boğmağa başladı. Yenə rəngdən rəngə girirdi. İndi yaşıl rəngdə idi. Məhəmməd də göyərirdi yavaş-yavaş. Rüfət ağzı köpüklənə-köpüklənə güldükcə, Məhəmməd son nəfəsini verdiyini hiss edirdi. Bu an havada par-par parıldayan bıçağı gördü. Bu, on il qabaq İsanı vurduğu, Cin dərəsindən yoxa çıxan bıçaq idi.

 İsa bıçağı Təkgöz Rüfətin düz ürəyinə sapladı. Qan fontan kimi fışqırdı Cin dərəsində. Təkgöz Rüfət nərə çəkdi, yavaş-yavaş balacalaşıb tamam yoxa çıxdı.

 Nəfəsi genişləyən Məhəmməd gözlərini İsanın səsinə açdı:

 – Aralanın da! Yığışmayın başına! Rahat nəfəs alsın… Leylaa! Ay Leylaa! Pambıq da gətir ordan, burnunun qanı açıldı yenə…

– Hardayam mən? Nolub? – Musa kişinin həyətindəki taxtda gözlərini açan Məhəmməd heysiz-heysiz soruşdu.

Başının üstündə dayanan İsa ona baxıb gülümsəyirdi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest